05.04.2020 12:34
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  FOTOREPORTAJ| Bakı: Təbrizlə qardaşlaşmış gözəl şəhər
 
04.04.2020
Aznews.TV, İran
 

  FOTOREPORTAJ| Azərbaycan koronavirus təşvişindən necə yayındı – Ukrayna üçün dərs
 
02.04.2020
LB.ua, Ukrayna
 

  Səfir: “İnformasiya-kommunikasiya texnologiyaları Azərbaycanda inkişafın aparıcı qüvvəsidir”
 
02.04.2020
OUTSOURCING JOURNAL, Almaniya
 

  “Çin hökuməti və xalqı epidemiya ilə mübarizədəki köməyimizi unutmayıb”
 
01.04.2020
China.com.cn, Çin
 

  Dağlıq Qarabağda keçiriləcək qeyri-qanuni seçkilər ləğv edilməlidir!
 
31.03.2020
Eurasia Review, ABŞ
 

 
 
FOTOREPORTAJ| Tanımadığınız Azərbaycan qurmanlar üçün ən gözəl istiqamətdir

 
 



Delicious, Avstraliya
14.11.2019


Müəllif: Kassandra Çarlik

2020-ci ildə səyahət etməyi planlaşdırırsınız? Kassandra Çarlik sizə Azərbaycanın qurmanları niyə cəlb etdiyindən danışacaq.

Bu gün kəşf edilməmiş, mətbəxinin sirr olaraq qaldığı çox az ölkə var. Onlardan biri Azərbaycandır. Lakin o, artıq qurmanların “radar”ına düşüb. Kassandra Çarlik Şərqlə Qərbin kəsişməsində yerləşən bu ölkənin mətbəxinə aid təamları dadıb.

Qədim İpək Yoluna bağlı Azərbaycanın tarixi əsrlərə uzanır. 11 iqlim tipindən 9-na bu ölkədə rast gəlinir. Bu, nə deməkdir? Burada ağlagəlməz məhsullardan təxminən 4000 növdə yemək hazırlanır. Yəni Azərbaycan mətbəxi çox müxtəlif, çox rəngarəngdir.

Beləliklə, çantanızı toplayın, xarici pasportunuzu götürün...

Plov

Düyüdən hazırlanan yeməklərə dünyanın demək olar ki, bütün ölkələrinin mətbəxində rast gəlinir. Azərbaycanda isə gündəlik menyulardan tutmuş, bayram menyularınadək hər yerdə düyü yeməyi tapacaqsınız. Bu ölkədə bişirilən plov növlərinin sayı... 200-dən çoxdur. Yalnız 1 növ plov dadacaqsınzsa, bu, Şah plov olmalıdır. Onun dadı görünüşü qədər ləzzətlidir. Təsəvvür edin: plovun üzərinə quru meyvələr düzülür, onun hazırlanmasında zəfərandan, şabalıddan istifadə olunur, düyünün üzərinə qoyulmuş quzu əti isə ağızda əriyir. Üstəlik, bütün bunlar lavaşa bükülür və kərə yağı ilə sobada bişirilir. Ən maraqlı an? Yemək hazır olduqdan sonra xırçıldayan lavaşı kəsmək və onun içərisindəkiləri qaba boşaltmaq. Şah plovu sifariş etməmiş acdığınıza əmin olun.

Çörək

Azərbaycandakı kafe və restoranlarda təzə çörəyin olmadığı stol tapmaq mümkün deyil. Burada demək olar, bütün xörəklər çörəklə yeyilir. Bir sözlə, Azərbaycanda təndir çörəyi ən arzulanan qidadır (yaxud qlutenlə bağlı problemi olanların kabusudur). Təndir çörəyi həqiqətən, çox ləzzətlidir. Qabda qalan yeməyi təndir çörəyi ilə sıyırmaq... İmkanınız varsa, onun hazırlanmasını da izləyin və görün ki, xəmiri qaynar təndirin divarına necə yapışdırılır.

Yeri gəlmişkən, Azərbaycanda yuxa və qara çörək də məşhurdur.

Tez hazırlanan yeməklər

Çox acmısınızsa, xəngəl sifariş edin: qalın parçalara bölünmüş xəmir suda bişirilir. Sudan çıxarıldıqdan sonra onun üzərinə əridilmiş kərə yağı tökülür, soğanda bişirilmiş quzu əti və qatıq əlavə olunur.

Xəngəlin vegeterian növü də var. Onu süfrəyə quzu ətilə deyil, soğan və kartofla verirlər.

Tez hazırlanan yeməklərdən biri düşbərədir. Kiçik xəmir parçası az miqdarda mal əti ilə doldurularaq, suda bişirilir. Deyirlər ki, yaxşı aşbazın hazırladığı düşbərənin 16 dənəsi 1 qaşığa yerləşməlidir.

Nəhayət, çığırtma. Kərə yağında bişirilmiş toyuq. Üzərinə zəfəranla yumurta da əlavə olunur. Bir boşqabla çətin kifayətlənəsiniz.

Cız-bız

Fikrimcə, Azərbaycanın ənənəvi yeməkləri arasında ən gözəl ad budur. Onu sırf adını çəkmək üçün belə, sifariş etməyə dəyər. Üstəlik, cız-bız çox dadlı və tutumludur. Amma o, Azərbaycan mətbəxinin digər yeməkləri qədər cəlbedici deyil.

Bu yeməyin hazırlanmasında qoyun əti və kartofdan istifadə olunur. Əgər onu özünüz hazırlamaq qərarına gəlsəniz, mətbəxi qoxunun bürüyəcəyinə hazır olun. Yeməyin boşqabda qalmış hissəsini təndir çörəyilə sıyırmağı unutmayın...

Qəlyənaltılar

Hər bir ölkəyə səfər zamanı qəlyənaltılar xüsusilə aktual olur. Getdiyiniz ölkənin mətbəxilə bağlı fikrinizi ilk olaraq oradakı qəlyənaltıların dadı, keyfiyyəti formalaşdırır. Azərbaycanda qızardılmış böcəklərlə və ya naməlum heyvanların müxtəlif hissələrindən hazırlanmış yeməklərlə rastlaşmayacaqsınız. Əksinə, burada qəlyanaltılar çox ləzzətlidir. Məsələn, lavaşdan hazırlanan yumşaq, müxtəlif növ qutablardan zövq alacaqsınız. Qutab Türkiyə mətbəxinə aid gözləmə yeməyinə oxşayır.

Qutabın hazırlanmasına gəlincə, xəmirin içərisinə göyərti, boranı və ya çəkilmiş qoyun əti doldurulur. Qısa vaxtda hazır olan qutabın üzərinə əridilmiş yağ çəkilir. O, süfrəyə qatıq və sumaxla verilir.

Fermentləri çoxaldan qidalar   

Azərbaycanda tərkibində probiotiklərin olduğu qidalardan çox istifadə olunur. Məsələn, əkər yeməklərin yanında qatıq verilir. Azərbaycan mətbəxində bir çox yemək ətdən hazırlanır və yağlı olur. Odur ki, qatıq həzm prosesinə yardım edir, sumax turşuluğu artırır.

Yeri gəlmişkən, dovğa tam qatıqdan hazırlanan yeməkdir. Onu həm isti, həm də soyuq halda yemək olar. Dovğanln hazırlanmasında düyüdən, noxuddan, turşəng ilə şüyüd kimi göyərtidən istifadə edilir.

Yüngül, duzlu içki olan ayran isə iştahı artırmaq üçün içilir. İsti havada o, həm də susuzluğu yatırır, sərinlik gətirir. Digər içkilərdə əksinə, daha çox şəkər olur.

Sonda, əgər pendir sifariş etsəniz, sizə mütləq motal pendiri gətirəcəklər. Bu pendirin hazırlanmasında südü heyvan dərisinin içərisində qıcqırdırlar. Motal pendirinin unikal qoxusu var.

Tərəvəzlər

Azərbaycana səfər etmisinizsə, tərəvəz yeməmək şansınız yoxdur. Münbit torpaqları sayəsində bu ölkənin meyvə-tərəvəzi boldur. Deyirlər ki, burada torpağa necə gəldi atılan budaq belə, bitir.

Kafe və restoranlarda kələm, badımcan, pomidor, acı bibər turşuları kimi ideal seçimlər var. Bununla yanaşı, bir qab tərəvəz salatı sifariş verə bilərsiniz. Üstəlik, yeməklərin yanında xiyar-pomidor, göyərti də verilir.

Yerli bazara baş çəkin. Ora qurmanlar üçün əsl cənnətdir.

Piti

Yolunuz vaxtilə Azərbaycanın paytaxtı olmuş Şəkiyə düşsə, mütləq pitinin dadına baxın. O, bu regionun ən məşhur yeməyidir. Piti gildən hazırlanmış xüsusi qablarda bişirilir. Bu qaba “dopu” deyirlər.

Şəkidə az qala hansı evə daxil olsanız, kömürün üzərində piti hazırlandığını görəcəksiniz. “Dopu”ya qoyun əti, qoyun piyi, noxud, tərəvəzlər, şabalıd və zəfəran atılır. O, təxminən 8-9 saat bişir.

Pitinin həm də ənənəvi yemək üsulu var: bulyon qaba tökülür, onun içərisinə sumax əlavə olunur və çörək doğranır.

“Dopu”da qalmış ət və tərəvəzlər sonra yeyilir.

Əsl dolmanı kəşf edin

Nı vaxtsa əsl dolma yediyinizi düşünürsünüz? Bir daha fikirləşin. Azərbaycanda dolmanın... 400-dən çox növü var. Onların əksəriyyəti qoyun əti, müxtəlif göyərtilər, soğan və kərə yağı ilə hazırlanır.

Azırbaycandasınızsa, yarpaq dolmasını mütləq dadın. Onu çəkilmiş qoyun ətini üzüm yarpağına bükərək hazırlayırlar. Yarpaq dolması süfrəyə qatıqla verilir.

“Üç bacı” dolması isə pomidor, badımcan və bolqar bibərinin içərisinə çəkilmiş ətin doldurulması ilə hazırlanır. Onun ləzzətindən doymayacaqsınız.

Yeri gəlmişkən, Azərbaycanda əksər evdə ət maşını var. Çünki dolma bu ölkənin milli yeməyidir. Odur ki, peşəkar aşbazlar, həmçinin evdar xanımlar onun hazırlanmasına ciddi yanaşır. Dolma həqiqətən ləzzətli yeməkdir.

Barbekyu yemək istəyirsiniz?

Azərbaycanı əbəs yerə “Odlar yurdu” adlandırmırlar. Buradakı əksər həyət evində kömür və manqal var. Doğrudur, ölkə mətbəxində vegeterianlar üçün də yeməklər az deyil. Lakin Azərbaycan ət yeməkləri sevən insanlar üçün əsl cənnətdir. Məsələn, qoyun əti və toyuqdan hazırlanan, ədviyyatların əlavə edildiyi lüləkabab çox dadlıdır. Onu lavaşa bükərək yeyirlər.

Mütləq dadına baxılmalı olduğunuz xörəklər arasında sac da var. Bu yemək ətlə müxtəlif tərəvəzlər xüsusi sacda bişirildiyi üçün belə adlanır. Yemək süfrəyə də hazırlandığı sacda verilir. Yeməyin tez soyumaması üçün sacın altına isti kömür də qoyulur.

Çay vaxtı

Azərbaycanda əslində hər zaman çay vaxtıdır. Burada ətirli çay içmək sanki bir ayindir. Ondan qaçmaq mümkün deyil. Hər yeməkdən sonra süfrəyə şirniyyatla çay verilir. Azərbaycanda insanların günü də çay dəmləməklə başlayır. Günün birinci yarısı, yaxud günortadan sonra bir fincan çay içmək insanı sanki cavanlaşdırır.

Narahat olmayın, buradakı çay mərasimlərində qətiyyən sıxılmayacaqsınız. Azərbaycanda hər bölgənin özünəməxsus çay adət-ənənəsi var. O, müxtəlif bitkilərdən də dəmlənir. Ənənəvi çay isə belə hazırlanır: ilk növbədə su samovarda qaynadılır, daha sonra o, dəmlənmiş çayla birlikdə qum saatına bənzər stəkanlara süzülür. Xüsusi dizayna malik bu stəkana “armudu stəkan” deyilir. Maye bu stəkanın yuxarı hissəsində daha tez soyuyur, aşağı hissə isti qalır.

Burada çayı qəndlə içməyə macal tapmayacaqsınız. Çünki onu süfrəyə ən müxtəlif şirniyyatlarla, mürəbbə və cemlə verirlər. Yeri gəlmişkən, Azərbaycanda hazırlanan mürəbbə ilə Avstraliyada hazırlanan mürəbbə arasında fərq var. Azərbaycan mürəbbələri daha şirin olur. Burada müxtəlif meyvələrdən, güllərdən, hətta qozdan belə, mürəbbə hazırlanır. Azərbaycanın ən məşhur mürəbbələrdən biri giləmeyvə (xüsusilə gilas) mürəbbəsidir. Onun möhtəşəm dadını ifadə etmək çox çətindir. Qızılgül ləçəklərindən, həmçinin heyva, əncir, qarpız, hətta qozdan hazırlanan mürəbbələrin dadından zövq alacaqsınız...

Paxlava

Şirniyyat mövzusunu davam etdirək. Azərbaycanda paxlava yeməmək günah olardı. Yalnız şirniyyatlarını dadmaq üçün gərək Azərbaycanda bir neçə həftə qalasan. Paxlavanı mütləq dadın. O, ənənəvi yunan və türk paxlavalarından fərqlənir. Azərbaycanda paxlava xəmirdən hazırlanmış 8-16 yuxanın üst-üstə düzülməsilə bişirilir. Hər qatın arasına çəkilmiş qoz və bal əlavə edilir. Hazırlanmasında şəkər tozu və kərə yağından da istifadə olunan paxlava çox dadlıdır.

Yeri gəlmişkən, yuxarıda adını çəkdiyimiz Şəki unikal şirniyyat olan halvası ilə də məşhurdur. Şəki halvası o qədər ləzzətlidir ki, Azərbaycan boyu səfər zamanı özünüzlə xeyli halva götürmənizi məsləhət bilirəm. O, düyü unundan hazırlanmış xəmir qatlarının üst-üstə qoyulması ilə bişirilir.

Şəki paxlavasına isə çəkilmiş fındıq və zəfəran əlavə olunur. Əlbəttə ki, şəkər də öz yerində.

İçkilər

Azərbaycanla qonşu olan Gürcüstan şərabları ilə tanınır. Amma Azərbaycan da xüsusi şərab növlərilə məşhurlaşıb. Yerli şərablardan “Mədrəsə”nin adını çəkmək olar. Doğrudur, Azırbaycandakı bütün şərab zavodlarını gəzib-dolaşmaq bir qədər çətindir. Amma onların əksəriyyəti ictimaiyyətə açıqdır.

Bakıda rahat məkan olan “Kefli” şərab barına baş çəkin. Burada nar şərabının belə, dadına baxa bilərsiniz.

Yerli əhalinin şərbət və kompot kimi spirtsiz içkilər içdiyini də görəcəksiniz. Bənövşəyi rəngli reyhan kompotunun dadına mütləq baxın.

(İngilis dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: Delicious

 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2020, WorldMedia.az