06.04.2020 02:41
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Azərbaycanlı millət vəkili Türkiyədə taksi sürücüsünün qurbanı oldu!
 
05.04.2020
SABAH, Türkiyə
 

  FOTOREPORTAJ| Bakı: Təbrizlə qardaşlaşmış gözəl şəhər
 
04.04.2020
Aznews.TV, İran
 

  FOTOREPORTAJ| Azərbaycan koronavirus təşvişindən necə yayındı – Ukrayna üçün dərs
 
02.04.2020
LB.ua, Ukrayna
 

  Səfir: “İnformasiya-kommunikasiya texnologiyaları Azərbaycanda inkişafın aparıcı qüvvəsidir”
 
02.04.2020
OUTSOURCING JOURNAL, Almaniya
 

  “Çin hökuməti və xalqı epidemiya ilə mübarizədəki köməyimizi unutmayıb”
 
01.04.2020
China.com.cn, Çin
 

 
 
MÜSAHİBƏ| Azərbaycan insan alverilə məşğul olanların önünü kəsir

 
 



EurActiv, Aİ
18.11.2019


Müəllif: Georgi Qotev

Azərbaycan Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov “Euractiv” nəşrinə bildirib ki, Azərbaycanın qanunsuz miqrasiya üçün tranzit ölkəyə çevrilməsi ehtimalı yoxdur. Çünki Azərbaycan hökuməti beynəlxalq insan alveri şəbəkələrinin ölkədən keçən marşrutdan istifadəsinə imkan vermir.

Azərbaycan Dövlət Miqrasiya Xidmətinin Qərb təhsili almış (Harvard Universiteti daxil olmaqla) rəisi Vüsal Hüseynov Brüsseldə “Euractiv” nəşrinə müsahibə verib. O, bu vəzifəyə 2018-ci ilin aprelində təyin edilib. Hüseynov əvvəllər Azərbaycan Parlamentinin deputatı və Avropa Şurası Parlament Assambleyasının üzvü olub.

Vüsal Hüseynov Brüsselə Belçika Krallığının miqrasiya üzrə rəsmilərilə görüşmək, Anlaşma Memorandumu imzalamaq məqsədilə səfər etmişdi. Burada o, Avropa Komissiyasının Ədliyyə və Daxili İşlər Xidmətinin rəsmilərilə də görüşüb.

Hüseynov müsahibəsində deyib ki, Azərbaycan Dövlət Miqrasiya Xidməti vizaların müddətinin uzadılması, qısamüddətli və uzunmüddətli yaşayış icazələrinin verilməsi, iş icazəsi, vətəndaşlıq, həmçinin Avropa İttifaqına (Aİ) üzv ölkələr və digər dövlətlərlə imzalanmış müvafiq sazişlərə əsasən readmissiya məsələlərinin həllilə məşğul olur. Eyni zamanda, bu qurum qeyri-qanuni miqrasiya ilə mübarizə aparır. Hüseynovun sözlərinə görə, onun rəhbərlik etdiyi qurum ölkədə miqrasiya uçotunu da aparır.

“Aİ ilə Azərbaycan günü-gündən daha çox yaxınlaşır”, - deyə V.Hüseynov bildirib. Onun sözlərinə görə, bu, turizm sahəsinə də aiddir. İndi, Aİ Azərbaycan vətəndaşları üçün əsas səyahət istiqamətlərindəndir: “Odur ki, dövlət orqanları vətəndaşların səyahət zamanı hər hansı çətinlik yaşamaması üçün əlindən gələni edir”. Məhz bu məqsədlə Azərbaycanda “ASAN Viza” adlanan elektron viza tətbiqi istifadəyə verilib. Bu xidmət əcnəbilərə 3 saat, bəzən daha qısa müddət ərzində viza əldə etmək imkanı verir.

Azərbaycan Dövlət Miqrasiya Xidmətinin rəisi bu sahədəki problemlərlə bağlı suala cavabında Aİ ölkələrinə səfər etmək istəyən Azərbaycan vətəndaşları üçün vizanın əldə edilməsi prosesində irəliləyişlərin olduğunu söyləyib: “Bu proses əvvəllər daha çətin idi”.

Müvəqqəti və ya daimi yaşama icazəsinə gəlincə, Azərbaycan əcnəbilərin qeydiyyat prosedurunu sadələşdirmək üçün davamlı tədbirlər görür. O, misal kimi “Migaz” mobil tətbiqinin istifadəyə verilməsini göstərib. Tətbiq Hüseynovun öz mobil telefonunda da var. O, tətbiqin istifadəçilər üçün çox rahat olduğunu bildirib.

Readmissiya haqqında suala cavabında V. Hüseynov deyib ki, ölkəsilə Aİ arasında readmissiya haqqında saziş 2014-cü ildə imzalanıb. O vaxtdan Avropa İttifaqı ölkələrindən 1300 Azərbaycan vətəndaşı readmissiya olunub: “Azərbaycan vətəndaşlarının readmissiyası beynəlxalq sazişə uyğun olaraq, Aİ-yə üzv ölkələrin sorğuları əsasında həyata keçirilir. Bu günədək 3000 sorğu cavablandırılıb, digərlərinə isə baxılır”.
“Vizasız gediş-gəliş həyata keçirmək istərdik. Amma bu, təkcə bir ölkədən asılı deyil. Bununçün bütün tərəflərin güclü iradə göstəsməsi lazımdır”, - deyə Hüseynov qeyd edib.

Vüsal Hüseynov üçüncü ölkələrdən Azərbaycana miqrasiya ilə bağlı müraciətlərin olub-olmdığı haqda sualı da cavablandırıb. O, Əfqanıstanın adını çəkib: “Bəzi əfqanlar sığınacaq üçün Azərbaycana müraciət edir. Müraciətinə müsbət cavab verilən əfqanlar ölkəmizdə qalır”.

Azərbaycan vasitəsilə Qərbə getməyə çalışan immiqrantlar haqda da danışan V.Hüseynov vurğulayıb ki, buna əsasən Banqladeş və Şri-Lanka kimi Cənub-Şərqi Asiya ölkələrinin vətəndaşları cəhd göstərir.

İnsan alverilə məşğul olan beynəlxalq cinayətkar dəstələrin fəaliyyətinə gəlincə, Hüseynov belə halların çox olmadığını, olanların isə müəyyənləşdirildiyini, lazımi tədbirlərin görüldüyünü söyləyib: “Azərbaycanda təhlükəsizlik tədbirləri yaxşı təşkil edilib. Belə halların aşkarlanması üçün kifayət qədər imkanlarımız var. Əlbəttə bu, bir az preventiv xarakter daşıyır. Odur ki, Azərbaycanı tranzit ölkə kimi istifadə etmək niyyətində olanlar bilirlər ki, belə imkanlar çox məhduddur. Azərbaycanda hüquq-mühafizə sistemi çox güclüdür. Bəlkə də, belə qüvvələ Avropaya səfər planı ilə bağlı xəritəyə baxan zaman Azərbaycanı mümkün marşrut kimi nəzərdən belə, keçirmirlər”.
“Qanunsuz miqrant axını ilə üzləşən Avropa ölkələrinə hansı məsləhət verə bilərsiniz?” sualını V.Hüseynov belə cavablandırıb: “Avropa İttifaqı potensial miqrantların Aİ-yə qanunsuz gəlişi, sığınacaq üçün müraciət etdiyi halda hansı risklərlə üzləşə biləcəklərinə dair maarifləndirmə tədbirlərini artıra bilər. Miqrantların əksəriyyəti sığınacaq üçün müraciət etdiyi zəngin Avropada çox yaxşı yaşayacağını düşünür. Onlar bir gün təyyarəyə mindirilib geri göndərilə biləcəklərini ağıllarına gətirmirlər”.

(İngilis dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: EurActiv

 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2020, WorldMedia.az