24.09.2020 12:40
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Ermənistan PKK-dan terrorçu idxal edir
 
23.09.2020
SABAH, Türkiyə
 

  “DQR” “parlament”i köçürməyə hazırlaşır
 
23.09.2020
Eurasianet.org, ABŞ
 

  Ermənistan-Azərbaycan münaqişəsi: növbəti müharibə?
 
23.09.2020
EURACTIV, Aİ
 

  Azərbaycan: milli-mənəvi dəyərlərin qorunduğu, dini tolerantlığın təmin edildiyi ölkə
 
22.09.2020
PARHLO, Pakistan
 

  Anna Akopyan: sülh haqda danışan, lakin müharibəyə üstünlük verən birinci xanım
 
22.09.2020
DAILY SABAH, Türkiyə
 

 
 
Yəhudi liderlər Azərbaycandakı multikulturalizmi alqışlayır

 
 



Jns.org, ABŞ
21.11.2019


Müəllif: Eliana Rudi

Bu günlərdə Azərbaycanda Dünya dini liderlərinin Sammiti keçirilib. Toplantıya 70 ölkəni təmsil edən 400-dən çox nümayəndə qatılıb. İki gün davam etmiş sammitdə sivilizasiyalararası və konfessiyalarası əməkdaşlığın əhəmiyyəti, həmçinin dini liderlərin terrorçuluq, ekstremizm və ksenofobiya ilə mübarizədəki rolu müzakirə edilib.

Bu, Dünya dini liderlərinin II Sammiti idi. İlk belə sammit hələ 2010-cu ildə təşkil edilmişdi.

Tədbirin açılış mərasimində çıxış edən Azərbaycan prezidenti İlham Əliyev xalqının qlobal multikulturalizmin beynəlxalq modelinin yaradılmasındakı, insanlar arasında həmrəyliyin təşviqindəki rolundan bəhs edib: “Əsrlər boyu ölkəmizdə bütün dinlərin, bütün etnik qrupların nümayəndələri bir ailə kimi sülh, mehribanlıq, dostluq, qarşılıqlı anlaşma şəraitində yaşayıb”.

O, hesab edir ki, dini və milli dözümlülük hər bir insan üçün əsas dəyər olmalıdır. Azərbaycan prezidenti dini, etnik, məzhəb zəminində münaqişələrin yaşandığını, qarşıdurmaların, müharibələrin baş verdiyini, qardaş qanının axıdıldığını xatırladıb, bundan narahatlığını dilə gətirib: “Biz bu istiqamətdə öz səylərimizi birləşdirməliyik”.

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə 40 ildir ki, bu quruma rəhbərlik edir. Yeri gəlmişkən, bu il onun 70 yaşı tamam olub. Sammitin açılış mərasimində o da çıxış edib. Paşazadə dinlə dövlət arasında münasibətlərdən, mədəniyyətlərarası, dinlərarası əməkdaşlığın inkişafından, sülhün qorunmasından, həmçinin multikulturalizm ideyalarının təbliğindən danışıb: “Multikulturalizm bizim həyat tərzimizdir. Bu milli-dini birlik ideyası ölkəmizdə dövlət siyasəti səviyyəsində həyata keçirilir. Bu gün keçirilən bu möhtəşəm sammitin əsas məqsədi beynəlxalq sabitliyə və təhlükəsizliyə ciddi təhdid olan ksenofobiya, islamofobiya, xristianofobiya, antisemitizm kimi halların qarşısının alınması üçün siyasi, ictimai və dini liderlərin birgə səylərinin artırılmasının, qlobal dialoqun gücləndirilməsinin vacibliyinin bir daha bəyan olunmasıdır”.

Allahşükür Paşazadə vurğulayıb ki, informasiya-kommunikasiya sahəsindəki müasir texnologiyalar, sosial şəbəkələr, kütləvi media vasitələri nifrət çağırışlarını bütün dünyada genişmiqyaslı sistemə çevirir: “Qlobal miqyasda nifrət çağırışları sabitliyinin pozulması, hərbi və soyqırım cinayətlərinin törədilməsi ilə nəticələnir”. O, nifrət çağırışlarının ictimaiyyət üçün təhlükə olduğunu vurğulayıb: “Odur ki, bu Sammit beynəlxalq ictimaiyyət üçün müstəsna əhəmiyyət kəsb edə bilər”.

Yeri gəlmişkən, Qafqaz Müsəlmanları İdarəsi tədbirə iudaizm, islam, xristianlıq, buddizm, hinduizm, zərdüştlük və s. din təmsilçilərini dəvət etmişdi. Tədbirə qatılanlar İlham Əliyevlə Allahşükür Paşazadənin multikulturalizm və dini tolerantlıqla bağlı fikirlərini bölüşdüklərini bildirib, dini nifrətə və təqibə son qoyulmasına çağırış ediblər.

Eyni fikri Əsas Amerika Yəhudi Təşkilatlarının Prezidentləri Konfransının icraçı sədr müavini Malkolm Honlayn da təkrarlayıb. O, deyib ki, insanları ayıran deyil, birləşdirən dəyərlərin vurğulanması vacibdir: “Din insanları ayırmalı deyil, birləşdirməlidir”.

Sammitin iştirakçısı Coni Mur tədbirlə bağlı təəssüratlarını “JNS” nəşrilə bölüşüb: “Azərbaycan bizə ümid verdi. Bu üzdən Azərbaycana təşəkkür edirəm. Bu ölkə bizdə dünyamızın daha yaxşı məkana çevriləcəyi, dinin dünyamıza bəla deyil, xeyir-dua verəcəyinə ümid yaradır. Dindən insanları ayırmaq üçün deyil, birləşdirmək üçün istifadə etmək lazımdır”.

Coni Mur Azərbaycanda şiələrlə sünnilər, həmçinin pravoslavlarla yevangelist xristianların birlikdə ibadət etdiklərini söyləyib: “Bu ölkədə yəhudi icmasına da böyük dəyər verilir. Onlar cəmiyyətdə əvəzedilməz rol oynayır”.

Nyu-Yorkda yaşayan ravvin Eli Abadi də Azərbaycanın multikulturalizmə və dialoqa böyük əhəmiyyət verdiyini söyləyib. “Biz hamımız – yəhudilər, müsəlmanlar, xristianlar, buddistlər, hinduslar və sair din nümayəndələri buradayıq. Buraya dünyada baş verən dəyişikliklərə təsir göstərmək üçün toplaşmışıq. Düşünürəm ki, biz öz aramızda sülh toxumları səpməklə, insanlar arasında barışığa nail ola bilərik”.

“Mən sammitə insanlar arasında ünsiyyətin qurulmasına, ümumi dil tapılmasına, hər bir dini qrupun razılaşacağı təməl prinsiplərin müəyyənləşdirilməsinə töhfə vermək üçün qatılmışdım”, - deyə Eli Abadi qeyd edib: “Mən Livanda anadan olmuşam və orada yaşamışam. Livanda müsəlmanlar, yəhudilər, xristianlar birdirlər. Odur ki, mən sədlərin dağıdılması yollarını bilirəm. Birgəyaşayış anlayışının necə inkişaf etdirilə biləcəyi haqda haqda fikirlərim var”.

Yəhudilərin müsəlman və xristian liderlərlə ünsiyyəti

Simon Vizental Mərkəzini təmsil edən Abraham Kuper deyib ki, Atlantik okeanının hər iki tərəfində antisemitizmin artdığı dövrdə Azərbaycan ümid adası təsiri bağışlayır: “Bu ölkə həqiqətən nümunədir. İbrahimi din nümayəndələrinin həqiqətən bir-birinin qayğısına qalacağı təqdirdə, tolerantlığın, qarşılıqlı hörmətin necə uğurlu nəticələr verə biləcəyinin canlı nümunəsi Azərbaycandır”.

O xatırladıb ki, Fransa, Almaniya və Skandinaviya ölkələrində yaşayan ravvinlər yəhudilərə ictimai yerlərdə kipa taxmamağı və ya Davud ulduzunun əks olunduğu rəmzlərdən istifadə etməməyi məsləhət görürlər: “Məsələn, Nyu-York küçələrində yəhudilər zorakılığa məruz qalır, hər bir yəhudi qurumu silahlı mühafizəçilər tərəfindən qorunur, sosial mediada zorakılıq təşviq olunur. Dünya liderlərinin II Sammiti isə yəhudi liderlərin Səudiyyə Ərəbistanı, Fars körfəzi ölkələrindən, həmçinin Asiya və Avropadan olan müsəlman və xristian liderlərlə ünsiyyəti üçün unikal imkan yaradıb. Məsələn, toplantıda Qüds Sefardi ortodoks baş ravvini Şlomo Amar Küveyti təmsil edən nümayəndənin yanında əyləşmişdi”.

Abraham Kuper şeyxə Qüdsdə hazırlanmış şofar (qoç buynuzundan hazırlanan, dini ayinlərdə istifadə edilən yəhudi musiqi aləti – WM) hədiyyə edib. “Qoy bu hədiyyəm bizi laqeydlik hissindən uzaqlaşdırsın, münaqişələr zamanı bizə cəsarət versin, yəhudi xalqının və insanlığın işıqlı gələcəyilə bağlı sarsılmaz ümidimizin rəmzinə çevrilsin”, - deyə o, bildirib.

(İngilis dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: Jns.org

 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2020, WorldMedia.az