Müəllif: Şildo Jefrar
Futbol üzrə Azərbaycan çempionatının 12-ci turunda Bakının “Neftçi” klubu öz meydanında növbəti qələbəsini bayram edib. Bu oyunda klubun haitili üzvləri Soni Mustivar ilə Donald Qerye də fərqləniblər. Lakin Mustivar rəqib qapısına yol tapıbsa, təəssüf ki, Qerye matçın son dəqiqələrində avtoqola imza atıb.
“Neftçi” turnir cədvəlinin son pillələrində qərarlaşan “Qəbələ” ilə qarşılaşmaya “Keşlə”yə ötən turdakı məğlubiyyəti unutdurmaq üçün çıxmışdı. Matçın 17-ci dəqiqəsində klubun haitili futbolçusu Soni Mustivar hesabı açaraq, komanda yoldaşlarına rəqib qapısına qol vurmağın yolunu göstərib. 24-cü dəqiqədə Ömər Buludov hesab arasındakı fərqi artırıb. Matçın 35-ci dəqiqəsində fərqlənən Haiti əsilli Steven Josef-Monroz hesabı 3:0-a çatdırıb. Bununla da o, paytaxt klubunun fasiləyə böyük üstünlüklə yollanmasına şərait yaradıb.
İkinci hissədə qonaqlar öz oyunlarını xeyli yaxşılaşdırsalar da, qapılarından 4-cü topu da buraxıblar. Oyunun 90+2-ci dəqiqəsində Vangelis Platellas fərqlənib. Lakin final fitinin səslənməsinə bir neçə saniyə qalmış (90+5-ci dəqiqədə) Haiti yığmasının cinah yarımmüdafiəçisi Donald Qerye topu öz qapısına göndərib. Bununla da o, qonaq komandanı biabırçı məğlubiyyətdən xilas edib.
Bu qələbə Bakı klubunun turnir cədvəlində ikinci pilləyə yüksəlməsinə imkan verib. Aktivində 21 xal olan “Neftçi” lider “Qarabağ”dan 6 xal geri qalır.
Azərbaycan Premyer Liqasının dekabrın 1-də keçiriləcək növbəti – 13-cü turunda Soni Mustivar, Donald Qerye və komanda yoldaşları səfərdə “Səbail”in qonağı olacaqlar.
(Fransız dilindən tərcümə - WorldMedia.Az)