18.02.2020 13:14
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Paşinyan sübut etdi ki, dövlət başçısı kostyumu əyninə çox böyükdür
 
18.02.2020
Hraparak, Ermənistan
 

  Münxendə söz dueli: qalib hansı tərəf oldu?
 
17.02.2020
The USA Tribune, ABŞ
 

  VİDEO| Azərbaycan prezidenti İlham Əliyevdən Ermənistanın baş nazirinə tarixi şillə!
 
17.02.2020
HABER GLOBAL, Türkiyə
 

  Münxen konfransı Əliyevlə Paşinyanı yaxınlaşdırmadı
 
17.02.2020
NEWS.ru, Rusiya
 

  Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması dünya birliyinə müraciət edib
 
16.02.2020
Seoul City, Cənubi Koreya
 

 
 
Azərbaycanda dağ yəhudilərinin məskunlaşdığı qəsəbəyə səfər

 
 



Jns.org, ABŞ
27.11.2019


Müəllif: Eliana Rudi

Azərbaycanın Quba rayonundakı Qırmızı qəsəbədə yaşayan yəhudilər “dağ yəhudiləri” adlanır. Əhalisinin əksəriyyəti müsəlman olan Azərbaycanda yaşayan yəhudilərin təxminən yarısı bu qəsəbədə məskunlaşıb. Ölkənin şimalında, Rusiya ilə sərhədə yaxın yerləşən Qırmızı qəsəbə İsrail və ABŞ hüdudlarından kənarda yəhudilərin kompakt şəkildə yaşadığı yeganə kənddir.   

Azərbaycan antisemitizmin olmadığı azsaylı ölkələrdəndir. Burada yaşayan yəhudilər deyir ki, onlara qarşı təqiblərin adi hal olduğu indiki dövrdə, yəhudilər daxil olmaqla, bütün dini azlıqları müdafiə edən Azərbaycan tolerantlıq oazisidir.

Qubada 3 sinaqoq var. Onlardan birinə –  “Altı günbəz” sinaqoquna baş çəkirik. Elə bu sinaqoqlar da ölkənin dini azlıqlara nə qədər azadlıq verdiyinin göstəricisidir. Yeri gəlmişkən, bu günlərdə Bakıda Dünya dini lidelərinin II Sammiti keçirilib. Tədbirə Qafqaz Müsəlmanları İdarəsinin dəvətilə qatılmış bir qrup yəhudi lider də daha sonra Qırmızı qəsəbəyə yollanmış, orada “Altı günbəz” sinaqoquna baş çəkmişdi.

ABŞ, Avropa və əhalisinin əksəriyyəti müsəlman olan bir çox ölkədən fərqli olaraq, Azərbaycandakı sinaqoqların qorunması üçün silahlı mühafizəyə, yaxud yüksək texnologiyaların tətbiq edildiyi təhlükəsizlik sistemlərinə ehtiyac yoxdur. Bundan başqa, dünyanın bir çox ölkəsində sinaqoqa daxil olan zaman insana yəhudi kimliyinə malik olub-olmadığı haqda suallar verilir. Qubada isə bununçün insanlardan yalnız bir şey tələb olunur: ayaqqabılarını çıxarması. Sadəcə, bu sinaqoqda qadınlar üçün ayrıca məkan olmadığından, qadınlardan içəri girməzdən əvvəl başlarını örtmələri xahiş edilir.

Bu günlərdə bu sinaqoqdakı günorta və axşam ibadətlərində təxminən 25 nəfər iştirak etmişdi. Təxminən 10 oğlan uşağı isə Berlinin Mərkəzi Ortodoks Sinaqoqundan olan ravvin İçhak Erenberqin xeyir-duasını almaq üçün növbəyə dayanmışdı. “Burada uşaqları görürüksə, bu, gələcəyin rəmzidir”, - deyə Erenberq  o zaman ivrit dilində bildirmişdi: “İbrahim peyğəmbərin yolu ilə gedin. Yəhudi olmaq üçün onun adət-ənənəsinə əməl edin”.

Görünür dağ yəhudiləri məhz belə edir. Yeri gəlmişkən, Azərbaycan Dağ Yəhudiləri İcmasının sədri Milix Yevdayev “Jewish Journal” nəşrində dərc edilmiş məqaləsində yazmışdı ki, Azərbaycandakı yəhudilər üçün Şabbatı Qırmızı qəsəbədə keçirmək sanki evlərinə qayıtmaq deməkdir: “Azərbaycan minilliklər ərzində yəhudilərin vətəni olub və yəhudilər bu ölkədə hər zaman ümidlə yaşayıb”.

M.Yevdayev xatırladır ki, Azərbaycanda məskunlaşmış yəhudilərin həyat şəraiti hər zaman digər ölkələrə köçmüş yəhudilərinkindən daha yaxşı olub: “Qalanlar ən yaxşı halda İsrailə qayıda bilib, bəzilərisə romalılar tərəfindən qətlə yetirilib, İspaniyaya köçməyə məcbur olub, 1930-1940-cı illərdə isə Avropada Hitlerin həyata keçirdiyi vəhşiliklərdən əziyyət çəkiblər”.

Tolerant xalq

Bu qəsəbəyə Qırmızı qəsəbə adı buradakı evlərin damlarının qırmızı rəngdə olduğu üçün verilib. Yəhudi icmasının burada məskunlaşmasına gəlincə, tarixçilər yəhudilərin buraya təxminən 2600 il əvvəl gəldiyini deyir. Sakinlərin özlərisə iddia edir ki, dağ yəhudiləri bu bölgəyə 2800 il əvvəl, yəni Yerusəlim və Birinci məbədin Babil hökmdarı Navuxodnosor tərəfindən eramızdan əvvəl 586-cı ildə dağıdılmasından 150 il qabaq köçüblər. Daha sonra isə yəhudilər İran imperiyasının, həmçinin Monqol imperiyasının və müsəlman imperiyalarının tutduğu ərazilərdə məskunlaşıblar.

Qırmızı qəsəbə rəsmən 1742-ci ildə salınıb. Həmin vaxt Qubanın azərbaycanlı müsəlman lideri yəhudi icmasına burada heç bir təqibdən qorxmayaraq, şəhər salmağa icazə veribmiş. Bu gün bu regionda təxminən 8 min yəhudi yaşayır. Onların əksəriyyəti dağ yəhudiləridir.

Azərbaycana XX əsrin əvvəllərində gürcü yəhudiləri, XIX əsrin sonlarında və İkinci Dünya müharibəsi zamanı isə aşkenazi yəhudiləri də köçüb. Beləliklə, bu gün Azərbaycanda ümumilikdə 30 min yəhudi yaşayır. Ölkədə 7 sinaqoq var. Yəhudilər Qırmızı qəsəbədən başqa, Bakıda, həmçinin paytaxtın yaxınlığında yerləşən Sumqayıt şəhərində və Oğuz rayonunda yaşayırlar.   

M.Yevdayev hesab edir ki, regionda ekstremist zorakılığın, bütün dünyada isə antisemitizmin artdığı dövrdə, Azərbaycan yəhudilərinin qeyri-adi tarixi nadir uğurlardan biridir və bu, mühüm əhəmiyyət kəsb edir.

Ümumiyyətlə, Azərbaycandakı mədəniyyətləarası və dinlərarası dialoqun tarixi əsrlərə uzanır. Məsələn, bu ölkə bir zamalar şimalında yerləşən, yəhudi krallığı olan Xəzər xaqanlığı ilə əlaqələr qurubmuş. Xəzər xaqanlığı hələ 8-13-cü əsrlərdə mövcud olub.

Cənubdan şiə dövləti olan İran, qərbdən sünni dövləti olan Türkiyə ilə həmsərhəd Azərbaycan sözün əsl mənasında, multikulturalizm və dinlərarası dialoq adasıdır. Onun Konstitusiyasında irqindən, dinindən, milli kimliyindən, cinsindən asılı olmayaraq, bütün vətəndaşlara bərabər hüquq və azadlıqlar tanınır. Yeri gəlmişkən, Azərbaycan prezidenti İlham Əliyevin rəhbərliyi altında ölkədə tolerantlığın, dinlərarası dialoqun təşviqi üçün böyük maddi vəsait xərclənir. Nəticədə yəhudi icması da istər Qırmızı qəsəbədə, istər onun hüdudlarından kənarda daha da çiçəklənməyə başlayıb.

“Biz tolerant xalqıq. Azərbaycanda hər bir etnik qrup sülh şəraitində yaşayır və onlara hörmət edilir”, - deyə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Azərbaycana səfər etmiş yəhudi nümayəndə heyətilə noyabrın 13-də keçirdiyi görüşü zamanı bildirib. O, ölkəsində dini münaqişənin olmadığını söyləyib: “Tolerantlığın təşviqi dövlət üçün prioritetdir”. 

M.Qurbanlı əlavə edib ki, Azərbaycanda dini inanca deyil, insanlığa qiymət verilir: “Məsələn, yəhudilər Azərbaycanda kipa taxaraq gəzə bilir. Heç kəs onlardan niyə kipa taxdıqlarını soruşmayacaq və narahat etməyəcək. Azərbaycan yəhudiləri özləri deyir ki, bura İsraildən sonra onların ikinci evidir. Onlar Bakıda özlərini təhlükəsiz və azad hiss edirlər”.

(İngilis dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: Jns.org

 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2020, WorldMedia.az