24.09.2020 12:06
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Ermənistan PKK-dan terrorçu idxal edir
 
23.09.2020
SABAH, Türkiyə
 

  “DQR” “parlament”i köçürməyə hazırlaşır
 
23.09.2020
Eurasianet.org, ABŞ
 

  Ermənistan-Azərbaycan münaqişəsi: növbəti müharibə?
 
23.09.2020
EURACTIV, Aİ
 

  Azərbaycan: milli-mənəvi dəyərlərin qorunduğu, dini tolerantlığın təmin edildiyi ölkə
 
22.09.2020
PARHLO, Pakistan
 

  Anna Akopyan: sülh haqda danışan, lakin müharibəyə üstünlük verən birinci xanım
 
22.09.2020
DAILY SABAH, Türkiyə
 

 
 
Azərbaycanda yəhudiyə niyə heykəl qoyublar?

 
 



THE JERUSALEM POST, İsrail
02.12.2019


Müəllif: Seymur Məmmədov (“EurAsiaAz” beynəlxalq ekspert klubunun direktoru, Azərbaycanda fəaliyyət göstərən Vzglyad.az xəbər agentliyinin baş redaktoru)

Bu yaxınlarda Bakıda Azərbaycanın milliyyətcə yəhudi Milli Qəhrəmanı Albert Aqarunovun şərəfinə ucaldılmış heykəlin açılış mərasimi keçirilib. Mərasimdə ölkənin hərbi-siyasi sahəsini təmsil edən rəsmilər, deputatlar, yəhudi icmasının üzvləri və sadə insanlar iştirk edib.

Müsəlman aləmində yəhudi qəhrəmana heykəl ucaltmış ilk ölkələrdən biridir Azərbaycan. Son zamanlar barbarların yəhudilərə məxsus abidələri dağıtdığı, təhqir etdiyi haqda xəbərlər tez-tez eşidilir. Azərbaycanda isə yəhudilər də daxil olmaqla, bütün etnik azlıqlara hörmət edilir, mehriban münasibət göstərilir. Bu, əvvəllər də belə olub, idi də belədir.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi 1988-ci ildə alovlanıb. O zaman Azərbaycanda yaşayan yəhudilər də daxil olmaqla, müxtəlif etnik azlıqların nümayəndələri doğma vətən uğrunda könüllü olaraq mübarizə aparmağa hazır olduqlarını nümayiş etdiriblər. Onlardan biri də Albert Aqarunovdur. Tank döyüşünü mükəmməl bilən Aqarunov vətənpərvərliyi, cəsarətilə fərqlənən döyüşçülərdən olub.

Albert Aqarunov doğulduğu torpaq uğrunda döyüşməyin vacib olduğunu düşünürdü. Məhz bu üzdən o, müharibə başlar-başlamaz, könüllü olaraq cəbhəyə yollanmışdı. Albert müharibədə düşmənin çox sayda canlı qüvvəsini və zirehli texnikasını məhv etmişdi.

Bir müddət sonra o, tank komandiri təyin edilir və Şuşaya (bu gün bu şəhər Ermənistan silahlı qüvvələrinin işğalı altındadır) göndərilir. 1992-ci il mayın 8-i səhər komandir Ağababa Qasımovun əmrilə Albert Aqarunov Şuşada son döyüşünə çıxır. Həmin döyüşün qısa xülasəsində yazılıb ki, “tank bölməsinin komandiri Albert Aqarunov Ağababa Qasımovla birgə əsas tankla böyük məharətlə manevr etdikdən sonra atəş mövqeyinə çıxdı və düşmən tankına atəş açdı”.

Onlar tezliklə düşmənin ikinci tankını da məhv edirlər. Amma Aqarunov manevr zamanı həyatını itirmiş silahdaşlarının ətrafa səpələnmiş cəsədlərini görür. Bu zaman o, tankdan düşərək, sükan arxasında oturmuş şəxsə həlak olmuş silahdaşlarının üzərindən keçməməsi üçün yol göstərir və... erməni snayperi tərəfindən vurulur.

Albert Aqarunovun ölümündən sonra azərbaycanlı əsgərlər zirehli texnikaların üzərinə “Albert” yazmışdılar.

Azərbaycan prezidentinin 1992-ci il 7 iyun tarixli, 833 saylı fərmanı ilə Albert Aqarunov ölümündən sonra Azərbaycan Milli Qəhrəmanı adına layiq görülüb. O, Bakıdakı Şəhidlər Xiyabanında dəfn olunub.

Albert Aqarunovun təhsil aldığı 154 saylı orta məktəbə onun adı verilib, burada onun büstü qoyulub. Albertin adı yəhudilərin sıx yaşadığı Qırmızı qəsəbədə də əbədiləşdirilib.

Bütün bunlarla yanaşı, yəhudi qəhrəmana abidənin ucaldılması, dünyada dağ yəhudilərinin ilk muzeyinin Azərbaycanda yaradılması ölkəmizdəki yüksək mədəniyyətin, tolerantlığın, Azərbaycan-İsrail dostluğun rəmzi də sayılmalıdır. Azərbaycandan İsrailə köçmüş yəhudi immiqrantlar bu gün İsrail cəmiyyətinin bütün sahələrində vacib rol oynayır. Onlar azərbaycanlılarla yəhudilər arasında körpüdür. Odur ki, iki ölkə arasındakı uğurlu əməkdaşlığın güclü təməl üzərində dayanması təəccüblü deyil. Bu təməl Azərbaycanla İsrail arasında 1992-ci ildə qurulmuş əlaqələrdən əvvəl xalqlarımız tərəfindən atılıb.

Bu gün ölkələr arasında ikitərəfli siyasi münasibətlər inkişaf edir. Bununla yanaşı, Azərbaycan İsraildə səfirlik açarsa, bu əlaqələr daha da inkişaf edər, daha güclü olar.

Qeyd etdiyimiz kimi, dünyada dağ yəhudilərinin ilk muzeyi Azərbaycanda açılıb, müsəlman aləmində yəhudi qəhrəmana heykəl ucaltmış ilk ölkələrdən biri Azərbaycandır. Ölkəmizdə yerləşən qədim Qırmızı qəsəbə isə İsrail hüdudlarından kənarda yəhudilərin kompakt yaşadığı bəlkə də yeganə qəsəbədir. Belə olan təqdirdə Azərbaycan İsraildə səfirliyik açmaq haqda niyə düşünməsin? Ümid edirəm ki, dünyada tolerantlığın və multikulturalizmin mərkəzlərindən olan Azərbaycan İsraildə səfirliyi olan dövlətlərin də cərgəsinə qoşulacaq.

(İngilis dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: THE JERUSALEM POST

 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2020, WorldMedia.az