18.02.2020 13:15
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Paşinyan sübut etdi ki, dövlət başçısı kostyumu əyninə çox böyükdür
 
18.02.2020
Hraparak, Ermənistan
 

  Münxendə söz dueli: qalib hansı tərəf oldu?
 
17.02.2020
The USA Tribune, ABŞ
 

  VİDEO| Azərbaycan prezidenti İlham Əliyevdən Ermənistanın baş nazirinə tarixi şillə!
 
17.02.2020
HABER GLOBAL, Türkiyə
 

  Münxen konfransı Əliyevlə Paşinyanı yaxınlaşdırmadı
 
17.02.2020
NEWS.ru, Rusiya
 

  Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması dünya birliyinə müraciət edib
 
16.02.2020
Seoul City, Cənubi Koreya
 

 
 
FOTOREPORTAJ| TANAP qaz kəmərinin Transavropa hissəsinin açılışı

 
 



Actualite-news.com, Fransa
03.12.2019


Müəllif: Ümit Dönməz

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib ki, TANAP vasitəsilə hər il 16 milyard kubmetr Azərbaycan qazı Türkiyə və Avropaya çatdırılacaq.

Türkiyə və Azərbaycan prezidentləri ötən şənbə günü strateji qaz kəməri sayılan TANAP-ın Avropa ilə birləşən hissəsinin açılışını ediblər. Bu münasibətlə təşkil olunmuş mərasim Türkiyənin şimal-qərbində, Yunanıstanla sərhəddə yerləşən Ədirnə vilayətində baş tutub.

Ərdoğan deyib ki, “Enerji İpək yolu” adlandırılan bu layihə Türkiyə ilə Azərbaycan arasında uzun tarixə malik dostluğun rəmzidir. “TANAP vasitəsilə 16 milyard kubmetr Azərbaycan qazının Türkiyə və Avropanın istifadəsinə verilməsi arzumuz gerçəkliyə çevrilir”, - deyə o, bildirib. Ərdoğan deyib ki, TANAP Azərbaycandan Avropaya uzanan 3500 kilometrlik enerji dəhlizinin ən önəmli hissəsidir.

Ərdoğanın sözlərinə görə, Türkiyə bu layihənin başa çatdırılması ilə regionun rifahına töhfə vermək niyyətindədir: “Biz TANAP ilə ölkəmizin enerji ehtiyacını təmin etməklə yanaşı, Avropanın enerji təhlükəsizliyinə də töhfə verməyi hədəfləmişik. Bu meqalayihədən Bolqarıstan, Yunanıstan, Şimali Makedoniya, Albaniya, Serbiya, Bosniya və Herseqovina da faydalanacaq”. Prezident bunun regional layihə, eyni zamanda, sülh layihəsi olduğunu xüsusi vurğulayıb. Onun sözlərinə görə, TANAP bu mərhələyə Türkiyə ilə Azərbaycanın qarşılıqlı inama söykənən əlaqələri sayəsində gəlib çatıb.

İlkin mərhələdə bu layihə çərçivəsində ildə 16 milyard kubmetr qaz nəql olunacaq. Gələcəkdə TANAP-ın ötürücülük qabiliyyətinin əvvəlcə 24, sonra 31 milyard kubmetrə çatdırılması nəzərdə tutulur.

Xəzər və Orta Şərq bölgələrilə Avropa arasında təbii qaz nəqli marşrutunun yaradılmasını nəzərdə tutan, Avropa Komissiyasının iddialı təşəbbüsü olan “Cənub Qaz Dəhlizi”lə Avropaya qaz nəqli məhz bu kəmər vasitəsilə həyata keçiriləcək. Buradan isə qaz dəhlizin Avropa hissəsinə – Transadriatik boru kəmərinə (TAP) ötürüləcək.

Azərbaycan prezidenti İlham Əliyev TANAP-ın iki ölkə arasındakı əlaqələrin daha da möhkəmlənməsinə imkan verəcəyini düşünür. “Bu gün tarixi gündür. Əminəm ki, TANAP-ın ömrü uzun olacaq. O, Türkiyə və Azərbaycan xalqlarına, digər qonşu xalqlara fayda və tərəqqi verəcəkdir. TANAP “Cənub Qaz Dəhlizi” üzrə 7 ölkəni birləşdirən beynəlxalq əməkdaşlıq layihəsidir”, - deyə prezident Əliyev qeyd edib: “Bu layihə əməkdaşlıq, sabitlik, uzunmüddətli anlaşma gətirir”. İlham Əliyev hesab edir ki, bu layihəyə sadəcə, enerji layihəsi kimi baxmaq düzgün olmazdı.

Türkiyə-Azərbaycan əlaqələrini yüksək qiymətləndirən Əliyev deyib: “Türkiyənin gücü bizim gücümüzdür!”.

Bu ilin ilk 9 ayı ərzində Türkiyə ilə Azərbaycan arasında ticarət dövriyyəsinin həcmi 40%-dən çox artıb və 3,4 milyard dollara çatıb. İ.Əliyev deyib ki, iki ölkənin birgə reallaşdırdığı meqalayihələr onların əlaqələrini daha da möhkəmləndirir: “İqtisadi güc nəticədə siyasi gücə çevrilir”.

Türkiyənin enerji və təbii sərvətlər naziri Fatih Dönməz çıxışında TANAP-ın Anadoludan keçən 1250 kilometrlik hissəsinin tikintisinin başa çatdığını söyləyib. Bununla, Avropa istiqamətində qazın ötürülməsinə başlanılır. “TANAP dağlar, dənizlər, boğazlar boyunca uzanan və Avropanın içərilərinə gedib çıxan enerji layihəsidir”, - deyə nazir bildirib: “Birinci mərhələdə bu boru kəməri vasitəsilə 16 milyard kubmetr, daha sonra isə 31 milyard kubmetr qazın nəqli nəzərdə tutulur. Xəzər dənizinin dərinliklərindən gələn sərvət Anadolu və Avropanın dörd yanında milyonlarla insanın həyatına müsbət təsir göstərəcək. Biz enerjinin bölgənin və bütün tərəflərin xeyrinə olan birləşdirici rolunu həmişə vurğulamışıq. Enerji diplomatiyamız regional sabitliyin və rifahın inkişafına yönəldilib”.

TANAP layihəsi rəsmi olaraq 2018-ci ilin iyununda istifadəyə verilib. O, Türkiyə-Gürcüstan sərhədindən Türkiyə-Yunanıstan sərhədinədək uzanır. İnşasına təxminən 7 milyard dollar xərclənmiş TANAP vasitəsilə Türkiyəyə ildə 6 milyard kubmetr, Avropaya isə 10 milyard kubmetr Azərbaycan qazının nəqli nəzərdə tutulur.

Qaz kəməri Türkiyənin 20 əyalətindən və 67 rayonundan keçir.

(Fransız dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: Actualite-news.com

 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2020, WorldMedia.az