05.04.2020 11:36
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  FOTOREPORTAJ| Bakı: Təbrizlə qardaşlaşmış gözəl şəhər
 
04.04.2020
Aznews.TV, İran
 

  FOTOREPORTAJ| Azərbaycan koronavirus təşvişindən necə yayındı – Ukrayna üçün dərs
 
02.04.2020
LB.ua, Ukrayna
 

  Səfir: “İnformasiya-kommunikasiya texnologiyaları Azərbaycanda inkişafın aparıcı qüvvəsidir”
 
02.04.2020
OUTSOURCING JOURNAL, Almaniya
 

  “Çin hökuməti və xalqı epidemiya ilə mübarizədəki köməyimizi unutmayıb”
 
01.04.2020
China.com.cn, Çin
 

  Dağlıq Qarabağda keçiriləcək qeyri-qanuni seçkilər ləğv edilməlidir!
 
31.03.2020
Eurasia Review, ABŞ
 

 
 
“Qafqazın Parisi”ndən – Bakıdan daşınan “ədəbiyyat məşəli”

 
 



THE JERUSALEM POST, İsrail
16.12.2019


Müəllif: Diana Kohen Altman

2020-ci ilə az qalır. Amma bu gün belə, hələ 1920-ci illərdə “ədəbiyyat məşəli”ni daşımış şəxsləri xatırlamalıyıq. Onlardan biri Azərbaycanda anadan olmuş Jak Şifrindir (1892-1950). Dövrümüzün bir çox insanı dünya ədəbiyyatı haqda məhz Jak Şifrinin sayəsində məlumatlanıb. Məhz onun sayəsində dünya ədəbiyyatı bizimçün daha əlçətan olub.

Cənubi Qafqazda yerləşən Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində – həmin dövrdə Rusiya imperiyasının tərkibində olub –  dünyaya gəlmiş Jak Şifrin Avropa düşüncəli insan olub. Amma o, bu düşüncəsini ABŞ üslubunda, sahibkarlıq ruhuna uyğun mədəni-demokratik təşəbbüsə istiqamətləndirə bilib.

1920-ci ildə Bakı şəhəri bolşeviklər tərəfindən işğal olunur. Nəticədə Şifrin və ailəsi rahat evini, çoxdan uyğunlaşdığı cəmiyyəti tərk etmək qərarına gəlir. Beləliklə, onlar yenilikçi ideyaların olduğu, mədəniyyətin çiçəkləndiyi cəmiyyəti tərk etməli olurlar...

Azərbaycan cəmiyyəti ta qədimdən məşhur rəssamlar, müxtəlif sahələri təmsil edən mütəffəkirlər yetişdirib və bu gün də yetişdirir. Onlar dünya ədəbiyyatına böyük töhfə veriblər. Gənc Şifrinə gəlincə, o, Bakıda tələbəlik illərində inkişaf etmişdi. Qədim İpək Yolu üzərində yerləşən Bakı 1920-ci ildə müsəlman türklər, xristian ermənilər, Avropadan qovulmuş yəhudilər, həmçinin dağ yəhudiləri daxil olmaqla, müxtəlif xalqların vətəni idi. Bu gün də əhalisinin əksəriyyəti müsəlman olan Azərbaycan Quba rayonunda və digər bölgələrdə yaşayan dağ yəhudilərilə, dini münaqişələrin yaşandığı dünyada konfessiyalararası tolerantlığın bariz nümunəsidir.

Bakıda bir dönəm neft bumu, daha sonra tikinti bumu yaşanıb. Nəticədə Bakı təkcə kosmopolit şəhərə çevrilməyib, həm də müxtəlif ölkələrdən gəlmiş mühəndislərin, memarların, ən müxtəlif sahələrdə çalışan şəxslərin iş yeri olub. Jak Şifrinin atası Savel Bakıda neft sənayesinə başçılıq edən Nobel qardaşları ilə birgə işlədikdən sonra varlı sahibkara çevrilmişdi. Həmin dövrdə Jak Şifrinin yəhudi həyatı bir neçə siyasi hadisni çıxmaq şərti ilə, normal davam edirdi. O vaxt Bakı həm də sionizm ideologiyasının mərkəzi olub.

Ölkədə yaşamış mütəffəkirlərin əksəriyyəti bu başgicəlləndirən ab-havada azərbaycanlıların milli kimliyini gücləndirməyə çalışırdı. Onlar Azərbaycanla xarici, əsasən Avropanın ədəbi və musiqi ənənələrini sintez edirdilər. Nəticədə Şərqlə Qərbin, qədimliklə müasirliyin harmoniyası yaranırdı. Ölkənin vətəndaş cəmiyyətindəki müzakirələr “Molla Nəsrəddin” kimi satirik jurnallar sayəsində inkişaf edirdi. Azərbaycan Parlamenti isə çox sayda mədəniyyətin olduğu cəmiyyəti çox yaxşı təmsil edirdi. Bu, müasir dövrdə də, belədir.

Yeri gəlmişkən, Azərbaycanda qadınların səsvermə hüququ hələ 1920-ci ildə tanınıb. Bu, müsəlman Şərqində qadının səsvermə hüququnu tanımış ilk dövlətdi.

Azərbaycanda caz musiqisinin də dərin kökləri var. Yerli musiqiçilər Azərbaycanın klassik musiqisi olan muğamla cazı sintez edərək yeni, mürəkkəb kompozisiyalar yaradıb. Bununla yanaşı, müsəlman Şərqində ilk operanın – “Leyli və Məcnun” operasının müəllifi Üzeyir Hacıbəyli olub. O, bu məşhur əsəri 1908-ci ildə ərsəyə gətirib.

Həmin dövrlərdə yerli film istehsalçıları da Bakının nüfuzunu yüksəltməyə başlamışdı.

Bakıda 1918-1920-ci illərdə mövcud olmuş ab-havasından ilhamlanan müəlliflər romanlar da ərsəyə gətirib. Məsələn, 1937-ci ildə yazılmış “Əli və Nino” romanı. Onu “Qurban Səid” təxəllüslü şəxs yazıb. Əsərin “Əsəd bəy” təxəllüsü daşımış Lev Nissembaum tərəfindən yazıldığı da deyilir. Deyilənə görə, o, bu təxəllüsü Azərbaycan mədəniyyətini, azərbaycanlıların psixologiyasını yaxşı bilsiyi üçün seçibmiş.

Əsər Bakıda anadan olmuş müsəlman gənc Əli ilə gürcü xristian şahzadə Ninonun sevgisi haqdadır. Azərbaycanlılar bu epik sevgi romanında özlərini görürdülər.

Ümumiyyətlə, XX əsrin əvvəllərində Bakı çox insanı özünə cəlb edirdi. Buraya köçən insanlar tarixi 12-ci əsrə uzanan Qız qalasının yerləşdiyi səs-küylü liman şəhərini kəşf edirdi. Burada Qız qalası XX əsrdə tikilmiş malikanələrlə vəhdət təşkil edirdi.

Bakıdakı etnik xalqlar isə şəhəri əməlli-başlı dəyişmişdilər. Nəticədə Bakıya “Qafqazın Parisi” deyirdilər. Yeri gəlmişkən, müasir Azərbaycanın təməlini Bakıda məhz keçmişdə yaşanmış dəyişikliklər təşkil edir.

1920-ci ildə Azərbaycan Sovet Sosialist Respulikasının əsası qoyulub. Çoxmillətli Bakıda rus dili ölkənin Sovet İttifaqının tərkibinə daxil edilməsinədək də əsas dillərdən olub. Bununla yanaşı, sovet dövrü Azərbaycanın milli kimliyinə yeni istiqamət vermişdi.

Bakı şəhəri yeni sovet hökumətinə öyrəşməkdə idi. Jak Şifrin isə artıq Parisdə kitab kolleksiyası nəşr edən “Les Éditions de la Pléiade/Bibliothèque de la Pléiade”in əsasını qoymuşdu. Amma 1940-cı ildə Nasist Vişi hökuməti onu bundan məhrim edib. Nəticədə Jak Şifrin Nyu-Yorka köçüb. Onun Amerikaya köçməsinə fransız yazar Andre Jid ilə amerikalı jurnalist Varian Fray yardım göstəriblər.

Artıq Şifrin 1940-cı illərdə çiçəklənən Nyu-Yorkun ədəbi səhnəsinə qoşulmuşdu. O, “Pantheon Books” nəşriyyatında çalışan zaman klassik yazarların, həmçinin yeni müəlliflərin əsərlərini çap edirdi. Şifrin 1950-ci ildə vəfat edib. Bundan sonra onun oğlu Andre atasının bütün irsini nəşriyyata bağışlayıb.

2020-ci ildə biz ədəbi sahəsindəki nailiyyətləri yaşadığımız ölkələrdən kənarda da işıqlandırmaq üçün yeni imkanlar əldə edəcəyik. Odur ki, “ədəbiyyat məşəli”ni müasir dünyaya 100 il əvvəl daşımağa başlamış Jak Şifrini və digərlərini də yad edək. Onlar insan düşüncəsinin ən yaxşı məhsullarının gələcək nəsillərə ötürülməsində böyük rol oynayıblar.

Gəlin mədəniyyət sahəsində böyük nailiyyətlər əldə etmiş, əvvəllər Qərb dövlətlərində yaşamış insanların çoxu tərəfindən az tanınan çoxmədəniyyətli cəmiyyətin uğurlarını da yad edək. Yəhudi liderlər, həmçinin benəlxalq ictimaiyyət Azərbaycandakı multikulturalizmi bu gün də yüksək qiymətləndirir.

Azərbaycanda anadan olmuş yəhudi Jak Şifrini yad etmək insan tarixinin daha dərindən başa düşülməsi yolunda mühüm addımdır.

(İngilis dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: THE JERUSALEM POST

 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2020, WorldMedia.az