29.01.2020 23:59
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Paşinyanın Qarabağ açıqlaması və yeni qalmaqal
 
29.01.2020
ANAJ, İran
 

  MÜSAHİBƏ| İlham Əliyev: “OPEC+ çoxtərəfli əməkdaşlığın uğurlu formatıdır”
 
28.01.2020
ROSSİYA 24, Rusiya
 

  Azərbaycanın qədim, yeni və qeyri-adi inciləri
 
24.01.2020
Kamloops This Week, Kanada
 

  20 Yanvar Azərbaycanda ümumxalq hüzn günüdür
 
23.01.2020
Shabestan, İran
 

  Azərbaycan: Bakıda törədilımiş “Qara yanvar” faciəsindən 30 il ötür
 
21.01.2020
Notizie Geopolitiche, İtaliya
 

 
 
“Artıq xalqların öz müqəddəratını təyin etməsi hüququ haqda danışılmır”

 
 



Tert.am, Ermənistan
25.12.2019


Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar prosesində Ermənistan tərəfi özü üçün çox əlverişli olan gündəmi itirib. Söhbət Vyana-Sankt-Peterburq-Cenevrə gündəmindən gedir.

Bunu “Voskanapat” analitik mərkəzinin təşkil etdiyi forumda siyasi xadim, Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoru David Şahnazaryan deyib.

“Qoşunların təmas xəttində atəşkəs rejiminin qorunması məsələsi hələ 2012-ci ildə müzakirə olunurdu. 2016-cı ildə baş vermiş aprel döyüşlərindən sonra isə bu, müzakirə edilən yeganə məsələ idi. Azərbaycan çətin vəziyyətə düşmüşdü. Amma təəssüf ki, bu gündəm Ermənistan hakimiyyətinin “səyləri”lə əldən verilib”, - deyə Şahnazaryan bildirib.

Şahnazaryan Ermənistanın indiki hakimiyyətinin “DQR” (dırnaq işarəsi bizə aiddir - WM) rəhbərliyinin danışıqlar prosesinə qoşulması məsələsini qaldırdığını xatırladaraq bildirib ki, Yerevan bunu peşəkarlıqdan çox uzaq şəkildə etdib: “Nəticədə elə vəziyyət yaranıb ki, Dağlıq Qarabağın azərbaycanlı icması faktiki olaraq, legitimlik qazanıb. İndi, bu haqda ATƏT-in Minsk qrupuna həmsədrlik edən ölkələrin rəsmiləri danışır, beynəlxalq analitik mərkəzlər bu məsələni önə çəkir. Bu, son dərəcə təhlükəli məsələdir”.

D.Şahnazaryan hesab edir ki, bütün bunların fonunda “münaqişənin həllinin əsasında duran xalqların öz müqəddəratını təyin etməsi hüququ ikinci plana keçib”. “Qarabağ münaqişəsinin həllinin təməl prinsiplərindən olan xalqların öz müqəddəratını təyin etməsi hüququ barədə artıq danışılmır. Artıq bu məsələni heç Ermənistan hakimiyyəti də qaldırmır”, - deyə o, qeyd edib.

Şahnazaryanın fikrincə, daha bir problem Ermənistan hakimiyyətinin səsləndirdiyi həll düsturudur. Həmin düstura görə, istənilən nizamlama Ermənistan, Azərbaycan və Qarabağ üçün qəbuledilən olmalıdır. Bu isə “müqəddəratı təyinetmə hüququ” ilə tam ziddiyyət təşkil edir: “Təəssüf ki, Ermənistanın indiki hakimiyyəti davamlı olaraq bu düsturu səsləndirir”.

Şahnazaryanın fikrincə, bu məsələdə Ermənistan hakimiyyəti ümumiyyətlə vacib məsələləri qaldırmır: “Məsələn, hərbi əməliyyatların təhlükəsindən ümumiyyətlə danışılmır. Halbuki, Azərbaycandan belə təhlükə gəlməkdədir. Azərbaycan özünü təcavüz qurbanı kimi təqdim edir, erməni tərəfi buna etiraz etmir. İlk dəfədir ki, beynəlxalq ictimaiyyət Azərbaycanla eyni mövqedən çıxış edir. Ermənistan isə tam əks mövqedədir. Başqa sözlə, bu məsələdə Ermənistan təcrid olunmuş vəziyyətdədir. Odur ki, nikbinlik üçün əsas görmürəm”.

David Şahnazaryan bildirib ki, hazırda danışıqlar masası üzərində olan, münaqişənin mərhələli həll variantıdır. “Bunu təkcə Azərbaycan rəsmiləri yox, həmçinin ABŞ və Rusiya deyir. Bu isə o deməkdir ki, Dağlıq Qarabağın statusu məsələsi ikinci plana keçir. Ön planda olan müəyyən ərazilərin qaytarılmasıdır. Söhbətin bir-iki, yaxud daha çox rayondan getdiyi o qədər də önəmli deyil. Əsas odur ki, ərazilərin qaytarılması müzakirə olunur. Buna dair sənəd var. Belə sənədin mövcudluğunu Ermənistandan başqa hər kəs təsdiqləyir”, - deyə D.Şahnazaryan qeyd edib.

Yerevan-Moskva münasibətlərinə də toxunan Şahnazaryan deyib ki, bu gün Rusiya-Azərbaycan və Rusiya-Ermənistan münasibətlərini müqayisə etsək, ciddi fərqin olduğunu görərik: “Fərq heç də Ermənistanın xeyrinə deyil. Bu gün Ermənistan hakimiyyəti danışıqlarda yalnız özünü təmsil edir. Strateji tərəfdaşımıza göstərməliyik ki, hazırkı hakimiyyətlə əldə edilən və ediləcək razılaşmaların reallaşma şansı yoxdur. Hakimiyyət artıq gizli danışıqlara başlayıb. Onlar bunu təkzib etsələr də, bu, faktdır”.

Şahnazaryan hesab edir ki, indiki mərhələdə hakimiyyətin məqsədi “DQR”də Yerevana tabe olacaq hakimiyyət formalaşdırmaqdır: “İstəyirlər ki, “DQR” rəhbərliyi də münaqişənin mərhələli həllinə razılıq versin. Əminliklə demək olar ki, müharibənin yenidən alovlanması təhlükəsi ciddi şəkildə artıb. Mən demirəm ki, Azərbaycan sabah müharibəyə başlayacaq. Ancaq müharibə istənilən an başlaya bilər. Hesab edirəm ki, müharibə başlayarsa, onu indiki hakimiyyətin idarə etməsi yolverilməzdir”.

(Erməni dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: Tert.am

 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2020, WorldMedia.az