18.02.2020 13:36
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Paşinyan sübut etdi ki, dövlət başçısı kostyumu əyninə çox böyükdür
 
18.02.2020
Hraparak, Ermənistan
 

  Münxendə söz dueli: qalib hansı tərəf oldu?
 
17.02.2020
The USA Tribune, ABŞ
 

  VİDEO| Azərbaycan prezidenti İlham Əliyevdən Ermənistanın baş nazirinə tarixi şillə!
 
17.02.2020
HABER GLOBAL, Türkiyə
 

  Münxen konfransı Əliyevlə Paşinyanı yaxınlaşdırmadı
 
17.02.2020
NEWS.ru, Rusiya
 

  Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması dünya birliyinə müraciət edib
 
16.02.2020
Seoul City, Cənubi Koreya
 

 
 
Ərazi münaqişələri və beynəlxalq hüquqla bağlı ikili standartlar

 
 



BREAKING ISRAEL NEWS, İsrail
25.12.2019


Müəllif: Mayan Hofman

İsrail fələstinlilərlə yaşadığı ərazi münaqişəsində ikili standartlarla üzləşirmi? Bu, Avropa İttifaqı Ali Məhkəməsinin sonuncu qərarından sonra gündəmdəki əsas suallardan biridir. Xatırladaq ki, məhkəmə İordan çayının qərb sahilində (İudeya və Samariya), Qolan təpələrində və ya Yerusəlimin şərqində istehsal olunan İsrail məhsulların xüsusi markalanması haqda qərar qəbul edib. Marka həmin məhsulların İsrailin həmin ərazilərdə saldığı yaşayış məntəqələrində istehsal olunduğunu göstərəcək.

Belə olan təqdirdə, bu qərarın dünyadakı digər ərazi münaqişələrinə aid edilib-edilmədiyi sualı yaranır. Yeri gəlmişkən, eyni qərarı 2019-cu ilin iyulunda Kanada Federal Məhkəməsi də qəbul edib. Həmin qərara əsasən, İordan çayının qərb sahillərində istehsal olunan şərablar İsrail məhsulu kimi təqdim oluna bilməz.

Hüquqşünas, professor Yudjin Kontoroviç isə hesab edir ki, Kanada məhkəməsinin bu qanunun təfsiri heç də uğurlu alınmayıb. “Çünki Kanada ilə İsrail arasında imzalanmış azad ticarət sazişinə əsasən, İudeya ilə Samariya İsrailin gömrük ərazisi kimi qəbul edilməlidir”, - deyə Corc Meyson Universitetinin beynəlxalq hüquq və konstitusiya ixtisasları üzrə professoru, eyni zamanda, Yerusəlimdə fəaliyyət göstərən “Kohelet Forumu” araşdırmalar mərkəzinin beynəlxalq hüquq üzrə direktoru Yudjin Kontoroviç vurğulayıb.

O, xatırladıb ki, işğal altındakı Dağlıq Qarabağda istehsal olunan şərablar Kanadada “Ermənistan istehsalı” markası ilə satılır: “Odur ki, bu, yalnız yəhudi dövləti üçün qəbul edilmiş növbəti xüsusi qərara daha çox bənzəyir”.

“Kanada Federal Məhkəməsinin qərarında deylir ki, məhsulların üzərindəki “Made in İsrael” yarlığı guya kanadalı istehlakçıları çaşdırır. Amma İudeya və Samariyada istehsal olunan məhsulların mənşəyi haqda maraqlanan istehlakçıların sayı haqda heç bir məlumat yoxdur”, - deyə o, bildirib.

Kanadada qidanın keyfiyyətinə nəzarət edən agentlik hələ 2017-ci ilin iyulunda bəyan etmişdi ki, İordan çayının qərb sahilində istehsal olunan şərabların üzərində “Made in İsrael” yazılması düzgün deyil. Yudjin Kontoroviç isə fərqli düşünür. O, “The Washington Post” nəşrində dərc olunmuş məqaləsində bildirirdi ki, istehlakçılar belə yarlıqları heç də istehsalçı ölkənin mübahisəli ərazilərdəki suverenliyi kimi qəbul etmir: “Məhz buna əsasən, Aİ işğal altındakı Qərbi Saharadan istehsal edilən məhsulları “Mərakeş istehsalı” yarlığı ilə idxal edir. Halbuki, o, Qərbi Saharanı Mərakeşin suveren ərazisi saymır. Digər tərəfdən, Avropa İttifaqı üzərində Fələstin və ya Tayvanda istehsal edildiyi qeyd olunan məhsullar da alır. Halbuki, Aİ onların heç birini müstəqil dövlət kimi tanımır”.

Kontoroviç misal olaraq Dağlıq Qarabağ problemini də göstərib. Onun sözlərinə görə, beynəlxalq birlik tərəfindən Azərbaycan ərazisi kimi tanınan, lakin Ermənistanın işğalı altında olan Dağlıq Qarabağda istehsal edilən şərablar “Ermənistan istehsalı”, hətta “Artsax istehsalı” (ermənilər Qarabağı belə adlandırır – red.) adı altında istər Avropaya, istərsə də Kanadaya ixrac olunur. Üstəlik, o, Dağlıq Qarabağ və İordan çayının qərb sahililə bağlı vəziyyətin fərqli olduğunu da söyləyib.

Yeri gəlmişkən, “Boycott, Divestment and Sanctions” (BDS) hərəkatı fələstinli məcburi köçkünlərin problemlərinə görə İsrailin məsuliyyət daşıdığını deyir. Qarabağda etnik təmizləmə aparmış, Azərbaycanın suveren ərazisini işğal etmiş Ermənistanla bağlı isə fərqli mövqedən çıxış edir. Belə ikili standartalardan çıxış edən tanınmış şəxslərdən biri “Boycott, Divestment and Sanctions” hərəkatını dəstəkləyən demokrat konqresvumen Raşida Tleybdir. O, İsrailin sözügedən ərazilərdə yaşayış məntəqələri yaratmasının beynəlxalq hüquqa zidd olduğunu dəfələrlə dilə gətirib. Amma Konqresdə erməni lobbisinin təşəbbüsü olan və Dağlıq Qarabağın işğalının uzanmasına yol açan qanun layihəsi Tleyb tərəfindən dəstəklənir.

Məlum olduğu kimi, ABŞ-ın dövlət katibi Mayk Pompeo fərqli mövqedən çıxış edir. Onun sözlərinə görə, Vaşinqton İsrailin məskunlaşdırma siyasətini mahiyyət etibarı ilə beynəlxalq hüquqa zidd saymır. Raşida Tleyb isə ona cavab olaraq deyir ki, Tramp administrasiyasının bu yeni mövqeyi məskunlaşdırmanın qeyri-qanuni olduğu faktını dəyişdirmir.

Kontroroviç Raşida Tleybi riyakar sayır və bunu özünün “Twitter” hesabında da yazıb: “Ötən ay siz Azərbaycanın işğal altındakı ərazilərində məskunlaşdırılmanı dəstəkləyən qanun layihəsinin leyhinə səs vermisiniz!”.

Yudjin Kontroroviç BDS hərəkatını dəstəkləyən şəxslərə belə bir sual da ünvanlayıb: “Raşida Tleyb kimi, bu hərəkatı dəstəkləyən insanlar İsraili “işğal”a görə tənqid edirsə, amma dünyanın digər regionlarında beynəlxalq hüququn pozulmasına niyə göz yumurlar?”.

Məsələ ondadır ki, beynəlxalq birlik Dağlıq Qarabağ regionunun Ermənistan tərəfindən işğal edildiyini tanıyıb. BMT Təhlükəsizlik Şurasının bununla bağlı 1993-cü ildə qəbul etdiyi 4 qətnamədə Azərbaycanın ərazi bütövlüyü tanınır, erməni hərbi birləşmələrinin işğal altındakı ərazilərdən çıxarılması tələb olunur. ABŞ Dövlət Departamentinin saytında da qeyd olunub ki, Dağlıq Qarabağın faktiki rəhbərliyi beynəlxalq birlik, o cümlədən Vaşinqton tərəfindən tanınmır. ABŞ 1988-1994-cü illərdə baş vermiş müharibə zamanı Azərbaycan ərazisinin 20%-nin işğal olunduğunu da qəbul edir. Yeri gəlmişkən, bu müharibə nəticəsində 800 mindən çox azərbaycanlı məcburi köçkünə çevrilib və onlar indiyədək doğma torpaqlarına qayıda bilmir. Bu gün isə təxminən 100 min azərbaycanlı qaçqın müxtəlif düşərgələrdə ümidsiz vəziyyətdə yaşayır.

Bundan başqa, Qarabağ müharibəsi zamanı ermənilər azərbaycanlılara qarşı silsilə qətliamlar həyata keçirib. Məsələn, Xocalı qətliamı zamanı 613 nəfər qətlə yetirilib. Onların əksəriyyəti qadınlar, uşaqlar və qocalardır.

Yudjin Kontroroviç deyir ki, Ermənistan Azərbaycan ərazisini işğal edib və orada qondarma qurum yaradıb: “İşğal altındakı ərazilərdən azərbaycanlıların hamısı qovulub”.

İordan çayının qərb sahilində isə fələstinlilərlə yəhudilər çiyin-çiyinə yaşayır, birlikdə işləyir. Buna baxmayaraq, beynəlxalq məhkəmələr İsrail dövlətinin əleyhinə qərarlar çıxarır, beynəlxalq ictimaiyyət onu tənqid edir. Halbuki, İordan vadisində və İordan çayının qərb sahilində yerləşən fabriklərdə, üzüm bağlarında və fermalarda təxminən 20 min fələstinli çalışır. Yeri gəlmişkən, İordan çayının qərb sahilində fəaliyyət göstərən “Yeşa Şurası” təşkilatının icraçı direktoru İqal Dilmoni deyir ki, fələstinlilər İordan çayının qərb sahilində öz kəndlərindəki işlərindən 2,5-3 dəfə çox məvacib alır. BDS hərəkatının təzyiqləri nəticəsində bəzi israilli fermerlər, fabrik sahibləri bizneslərini bağlayır, bu isə fələstinlilərin də iş yerlərini itirməsilə nəticələnir.

Hər halda, BDS hərəkatının fəalları “işğal” amilini gündəmə gətirməyə davam edəcəklər. Amma onlar digər ərazilərdə beynəlxalq hüququn pozulmasına göz yumurlar. İsraili tənqid edən şəxslərin hərəkətləri ən azı, bir-birinə uyğun olmalıdır.

(İngilis dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: BREAKING ISRAEL NEWS

 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2020, WorldMedia.az