24.09.2020 11:59
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Ermənistan PKK-dan terrorçu idxal edir
 
23.09.2020
SABAH, Türkiyə
 

  “DQR” “parlament”i köçürməyə hazırlaşır
 
23.09.2020
Eurasianet.org, ABŞ
 

  Ermənistan-Azərbaycan münaqişəsi: növbəti müharibə?
 
23.09.2020
EURACTIV, Aİ
 

  Azərbaycan: milli-mənəvi dəyərlərin qorunduğu, dini tolerantlığın təmin edildiyi ölkə
 
22.09.2020
PARHLO, Pakistan
 

  Anna Akopyan: sülh haqda danışan, lakin müharibəyə üstünlük verən birinci xanım
 
22.09.2020
DAILY SABAH, Türkiyə
 

 
 
Azərbaycanın geostrateji nailiyyətləri və TANAP layihəsi

 
 



THE JERUSALEM POST, İsrail
26.12.2019


Müəllif: Bayram Əliyev

XX əsrin son 20 ilində beynəlxalq ictimaiyyət enerji sahəsinə o qədər də böyük diqqət göstərmirdi. Əlbəttə ki, Körfəz müharibəsi dövrünü çıxmaq şərtilə. Çünki ötən əsrin son 20 ilində karbohidrogen resurslarının qiyməti çox aşağı idi. 1999-cu ildən etibarən isə neft və qazın qiyməti artmağa başladı. Nəticədə XXI əsrin əvvəllərində enerji resurslarına maraq artdı. 2003-2006-cı illərdə neftin qiyməti az qala ikiqat yüksəlmişdi.

Beləliklə, dövlətlərin neft siyasətinə maraq yenidən artıb. Çünki bu, artıq geosiyasətlə geoiqtisadiyyatın kəsişdiyi nöqtədə, yəni geostrateji hədəflərə aparan yolun üzərində yerləşir.

Cənubi Qafqaz regionundakı postsovet ölkələrinin – Azərbaycan, Gürcüstan və Ermənistanın yerləşdiyi məkanda kök salmış münaqişələr onların Rusiya, İran, ABŞ və Türkiyə daxil olmaqla, beynəlxalq subyektlərlə münasibətlərinə təsir göstərir. Öz növbəsində, Xəzər hövzəsi beynəlxalq oyunçular üçün mühüm əhəmiyyət kəsb edir. Məsələ ondadır ki, dünyanın neft ehtiyatının 3-4, qaz ehtiyatının isə 4-6%-i Cənubi Qafqaz və Mərkəzi Asiyada yerləşir.

Konkret olaraq, neft-qaz ehtiyatlarına malik Azərbaycan bu gün Qərb bazarlarına enerji resurslarının tədarükündə mühüm rol oynayır. Cənubi Qafqaz bölgəsi isə Mərkəzi Asiyanın karbohidrogen resurslarının Şərqdən Qərbə nəqli anlamında həyati əhəmiyyət kəsb edir. Odur ki, TANAP layihəsi Bakının istər regionda, istərsə də ondan kənarda nüfuzunu daha da artırmasında böyük rol oynayacaq.

TANAP layihəsinin reallaşdırılmasına dair müqavilə Azərbaycanla Türkiyə arasında 2012-ci il iyunun 26-da imzalanıb. Azərbaycan üçün bu, son onilliklərin ən vacib hadisələrindən biri idi. Amma yalnız Azərbaycan üçün yox. Bakının təşəbbüsü ilə həyata keçirilən TANAP layihəsinə qoşulacaq ölkələr də öz geosiyasi əhəmiyyətlərini artıracaqdılar.  

Azərbaycan prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2012-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında TANAP-ı müstəqil Azərbaycan tarixinin ikinci ən uğurlu və ən vacib layihəsi kimi qiymətləndirmişdi.

Bu kəmərlə Azərbaycandan Türkiyəyə  ildə 16 milyard kubmetr qaz nəql olunacaq. Oradan “mavi yanacağ”ın bir hissəsi Avropa İttifaqı ölkələrinə nəql ediləcək.

TANAP-ın açılış mərasimi 2018-ci ilin iyununda keçirilib. 2019-cı ilin noyabrında isə o, Avropa ilə birləşdirilib.

Bu gün TANAP-ın regionda geosiyasi tarazlığı Azərbaycanın, o cümlədən layihədə iştirak edən digər ölkələrin xeyrinə dəyişəcəyinə şübhə yoxdur. Layihənin istismara verilməsindən sonra Azərbaycan Qərb üçün həqiqətən də daha mühüm ölkəyə çevrilib.

Bütün bunların fonunda Bakı Ankara və Tbilisi ilə əməkdaşlığı daha da genişləndirmək niyyətindədir. Yerevanın bu əməkdaşlıqdan kənarda qalacağı aydındır. Ermənistanın enerji sahəsində icra olunan layihələrdən kənarda qalması onun iqtisadi baxımdan Azərbaycandan daha da geri qalacağı deməkdir. Yaranacaq vəziyyət əlbəttə ki, Bakının Dağlıq Qarabağ münaqişəsini həll etməsinə, 1990-cı illərin əvvəllərindən Ermənistanın işğalı altında olan ərazilərini geri qaytarmasına yardım göstərəcək. Yəni Azərbaycan bu işdə güclü iqtisadiyyatından yararlanacaq. Bununla yanaşı, iqtisadi-siyasi gücünü getdikcə artıran Azərbaycan hələ uzun illər Cənubi Qafqazın ən güclü oyunçusu olaraq qalacaq.

Bakı bu layihələr sayəsində sosial durumunu da yaxşılaşdırır. TANAP-ın ölkə iqtisadiyyatının daha da güclənməsinə, əhalinin rifahının daha da artmasına yol açacağına şübhə yoxdur. Daxili məsələlərin həllisə öz növbəsində, Azərbaycanı daha da gücləndirəcək, onun beynəlxalq aləmdə nüfuzunu daha da artırmasına imkan verəcək.

Avrasiyada enerji məsələləri çox mühüm rol oynayır. Burada enerji siyasətilə regional siyasi proseslərə asanlıqla təsir göstərmək münkündür. Demək, layihənin işə düşməsilə, Azərbaycan ətrafdakı siyasi proseslərə daha güclü təsir imkanı qazanacaq, regional siyasətdə fəal iştirakını daha da artıracaq. Bununla, Bakının qlobal enerji təhlükəsizliyinin təminindəki rolu daha ciddi önəm daşımağa başlayacaq. Nəticədə beynəlxalq arenada Bakının mövqeyi daha çox dəstəklənəcək, onun tərəfdaşları artacaq.

Yeri gəlmişkən, TANAP-a Xəzər hövzəsinin digər ölkələrinin də qoşulacağı gözlənilir. Lakin Mərkəzi Asiya ölkələrinin layihəyə qoşulub-qoşulmayacağından asılı olmayaraq, TANAP Azərbaycanın geosiyasi əhəmiyyətini artıracaq, siyasi-iqtisadi müstəqilliyini gücləndirəcək. Bu layihə beynəlxalq təşkilatlarda Bakının mövqeyini daha da möhkəmləndirəcək. Beləliklə, Dağlıq Qarabağ münaqişəsi daxil olmaqla, bir sıra problemlərin həllində Azərbaycanın tərəfdaşı qismində çıxış edən ölkələrin sayı daha da artacaq.

Bakı Ermənistandan qoşunlarını Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarmasını tələb edir. Bu layihənin reallaşmasından sonra Azərbaycanın bu mövqeyinə dəstək verən ölkələrin sayı daha da artacaq.

(İngilis dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: THE JERUSALEM POST

 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2020, WorldMedia.az