30.01.2020 00:00
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Paşinyanın Qarabağ açıqlaması və yeni qalmaqal
 
29.01.2020
ANAJ, İran
 

  MÜSAHİBƏ| İlham Əliyev: “OPEC+ çoxtərəfli əməkdaşlığın uğurlu formatıdır”
 
28.01.2020
ROSSİYA 24, Rusiya
 

  Azərbaycanın qədim, yeni və qeyri-adi inciləri
 
24.01.2020
Kamloops This Week, Kanada
 

  20 Yanvar Azərbaycanda ümumxalq hüzn günüdür
 
23.01.2020
Shabestan, İran
 

  Azərbaycan: Bakıda törədilımiş “Qara yanvar” faciəsindən 30 il ötür
 
21.01.2020
Notizie Geopolitiche, İtaliya
 

 
 
Türkiyə-Azərbaycan iqtisadi əlaqələri strateji səviyyəyə yüksəlir

 
 



Anadolu Ajansı, Türkiyə
14.01.2020


Müəllif: Araz Aslanlı

Türkiyə-Azərbaycan əlaqələri çoxşaxəli xüsusiyyətə malikdir. Bu münasibətlərin vacib tərəflərindən biri ikitərəfli və çoxtərəfli iqtisadi əlaqələrdir.

2019-ci ilin son ayları Türkiyə-Azərbaycan əlaqələrinin hər sahədə inkişaf etdiyi, əhəmiyyətli layihələrin reallaşdırılması istiqamətində tarixi addımların atıldığı dövr kimi yadda qalacaq. Bu dövrdə xüsusilə iqtisadi münasibətlər baxımından önəmli olan yüksək səviyyəli qarşılıqlı səfərlər həyata keçirilib, vacib görüşlər olub. Məsələn, Türkiyə prezidentin köməkçisi Fuad Oktayın başçılıq etdiyi nümayəndə heyəti 16 sentyabr 2019-cu ildə (Qafqaz İslam Ordusunun Bakını işğaldan azad etməsinin 101-ci il dönümündə) Azərbaycanla Türkiyə arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclasında iştirak etmək üçün Bakıya yollanmışdı.

Bundan başqa, ilin sonlarında Azərbaycan prezidenti İlham Əliyev Transanadolu qaz kəmərinin (TANAP) Avropa ilə birləşdirilməsi mərasimində iştirak etmək məqsədilə Türkiyədə olub. O, 2019-cu il noyabrın 29-da təşkil edilmiş mərasimdə Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan ilə birlikdə iştirak edib.

2019-ci ilin son günlərində isə Türkiyənin ticarət naziri Ruhsar Pekcan Bakıya səfər edib. Səfər zamanı o, Azərbaycanda prezident İlham Əliyev tərəfindən qəbul olunub. Danışıqlarda iqtisadi əlaqələrin gələcəyi müzakirə edilib.

Qeyd etmək lazımdır ki, bütün bunlara rəğmən, Türkiyə ilə Azərbaycan arasında ticarət dövriyyəsinin həcmi arzulanan səviyyədə deyil. Lakin Azərbaycanın müstəqilliyinin ilk illərilə müqayisədə bu sahədə əhəmiyyətli artım var. Son illərdə təşkilatlanmanın güclənməsi isə gələcəyə daha nikbin baxmağa imkan verir.

Əslində, Türkiyə-Azərbaycan əlaqələri çoxşaxəli xüsusiyyətə malikdir. Bu münasibətlərin vacib tərəflərindən biri də ikitərəfli və çoxtərəfli iqtisadi əlaqələrdir. Türkiyənin Azərbaycanın qeyri-neft sektoruna, Azərbaycanın isə Türkiyənin enerji sektoruna yatırdığı investisiyalar iki ölkə rəsmiləri və mütəxəssislər tərəfindən xüsusi vurğulanır. İki ölkə arasında imzalanmış strateji tərəfdaşlıq və qarşılıqlı yardım müqaviləsilə ikitərəfli münasibətlər bütün sahələrdə olduğu kimi, iqtisadi sahədə də fərqli müstəviyə keçib.

1991-ci ildən sonrakı ilk addımlar

Türkiyə ilə Azərbaycan arasında iqtisadi əlaqələrin qurulması istiqamətində ilk addımlar hələ SSRİ dağılmamış atılmağa başlayıb. Azərbaycanın hələ Sovet İttifaqının tərkibində olduğu 1990-1991-ci illərdə iki ölkənin yüksək səviyyəli rəsmilər qarşılıqlı səfərlər etmiş, hətta tərəflər arasında iqtisadi əməkdaşlığa dair bəzi sənədlər imzalanmışdı.

Azərbaycanın müstəqillik qazanmasından sonra isə müxtəlif sahələri əhatə edən, iqtisadi və ticari əlaqələrin hüquqi bazasını yaradan 200-dən çox müqavilə, protokol və oxşar sənəd imzalanıb. Lakin təəssüf ki, o vaxt həmin sənədlərin bəziləri müxtəlif səbəblərdən reallıqda əksini tapmayıb.

İqtisadi əlaqələr baxımından mühüm təşkilat olan Azərbaycanla Türkiyə arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın ilk iclası 25 fevral 1997-ci ildə keçirilib. Komissiyanın ikinci iclası isə müxtəlif səbəblərdən uzun müddət baş tutmayıb. Üstəlik, nəhayət, 2001-ci il martın 29-da keçirilmiş ikinci iclasda qarşılıqlı ittihamlar səsləndirilib, gərgin atmosfer hökm sürüb.

Birgə İqtisadi Komissiyanın üçüncü iclası 12-14 aprel 2005-ci ildə Türkiyədə, dördüncü iclas 27-28 iyul 2006-cı ildə Bakıda, 5-ci iclas 11 aprel 2008-ci ildə İstanbulda keçirilib. Komissiya 6-cı dəfə təxminən 3 il sonra – 22 yanvar 2011-ci ildə Bakıda, 7-ci dəfə isə 10-11 iyul 2014-cü ildə Ankarada toplanıb. Bütün bu görüşlərdə əməkdaşlığın vacib tərəfləri vurğulanıb, eyni zamanda, problemlərdən danışılıb, yaxın perspektivdə atılmalı olan addımlar müzakirə edilib.

Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının yaradılması

2010-cu ildə iki ölkə arasında strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında müqavilə imzalanıb. Bunun ardından, Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurası qurulub. Bu iki hadisə ilə həm ümumi əlaqələr, həm də iqtisadi münasibətlər güclənməyə başlayıb. 2011-ci il oktyabrın 25-də iki ölkənin liderləri və müdafiə nazirlərinin iştirakı ilə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının ilk iclası keçirilib. Toplantıda bir çox əhəmiyyətli qərar qəbul olunub. Onların arasında “Azərbaycan Respublikasının Hökuməti və Türkiyə Respublikasının Hökuməti arasında təbii qazın Türkiyə Respublikasına satışı və Azərbaycan Respublikasından gələn təbii qazın Türkiyə Respublikasının ərazisi vasitəsi ilə tranziti haqqında və təbii qazın Türkiyə Respublikasının ərazisindən nəql edilməsi üçün müstəqil boru kəmərinin inşasına dair” Saziş (TANAP haqqında ilk razılaşma) də var idi.

Sonrakı dövrdə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurası fasiləsiz şəkildə demək olar ki, hər il toplanıb. Türkiyə prezidenti Ərdoğan hətta onu “iki ölkənin ortaq Nazirlər kabineti” belə, adlandırıb. Şuranın ikinci toplantısı 2012-ci il oktyabrın 11-də Qəbələ şəhərində, üçüncü iclası 13 noyabr 2013, dördüncü iclası 15 yanvar 2015-ci ildə Ankarada keçirilib. Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının Bakıda keçirilməli olan beşinci toplantısı isə iki dəfə təxirə salınıb. Səbəb Ərdoğanın Azərbaycana 18 fevral 2016-cı il və 15 mart 2016-cı ildə nəzərdə tutulmuş səfərlərinin təxirə düşməsi olub. Hər iki halda səfər Ankarada törədilmiş terror aktları üzündən təxirə düşüb.

Lakin Ərdoğanın 2016-cı il 15 mart tarixli səfərinin təxirə salınmasının ardından, Azərbaycan prezidenti İlham Əliyev Ankaraya yollanmaq qərarına gəlib. Nəticədə terrorçuların Türkiyədə “qorxu havası” əsdirilməyə çalışdığı o günlərdə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının növbəti iclası Ankarada keçirilib. Şuranın altıncı iclası 31 oktyabr 2017-ci ildə Bakıda, yeddinci toplantısı isə 24 aprel 2018-ci ildə Ankarada baş tutub.

Bütün bunların fonunda son illərdə Azərbaycanın Türkiyə iqtisadiyyatına yatırdığı investisiyanın həcmi əhəmiyyətli dərəcədə artıb. Bu investisiyaların xüsusilə böyük sərmayə tələb edən sektorlara yatırılması iqtisadi əlaqələrin strateji xüsusiyyətinin göstəricisidir.

İkitərəfli iqtisadi münasibətlərdə enerji sektoru və qarşılıqlı investisiyalar

İki ölkə arasındakı iqtisadi əlaqələrin ən əhəmiyyətli istiqamətlərindən birini enerji sahəsində əməkdaşlıqdır. Bu sahədə əlaqələr Azərbaycanın müstəqilliyə qovuşması ilə qurulmağa başlayıb. Bu haqda ilkin müzakirələr hələ Azərbaycana Ayaz Mütəllibovun rəhbərlik etdiyi dövrdə aparılıb. Əbülfəz Elçibəy dövründə TPAO-nun Azərbaycanda həyata keçiriləcək neft hasilatında əhəmiyyətli paya sahib olması haqda planlar qurulub, nəhayət, Heydər Əliyevin hakimiyyəti dövründə “Azəri-Çıraq-Günəşli” neft yataqlarının işlənilməsinə dair “Əsrin müqaviləsi” imzalanan zaman TPAO bu layihədə 6,75%-lik payla təmsil olunub.

2017-ci ildən TPAO Azərbaycanda 3 kəşfiyyat, inkişaf və istehsal layihəsində, həmçinin 2 boru xətti layihəsində tərəfdaş qismində təmsil olunur.

Azərbaycan neft-qaz hasilatçısı olmaqla yanaşı, Xəzərin şərq sahilindəki ölkələrin karbohidrogen ehtiyatlarının dəniz vasitəsilə Azərbaycana, oradan Türkiyə vasitəsilə üçüncü ölkələrə nəql olunmasına imkan verən əhəmiyyətli coğrafi mövqeyə malikdir. Bu çərçivədə Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum, Cənubi Qafqaz qaz kəmərləri, TANAP, Bakı-Tbilisi-Qars dəmir yolu kimi layihələr çoxtərəfli əməkdaşlığın uğurlu inkişafına yol açıb.

Yeni müstəqillik qazanmış Azərbaycan iqtisadiyyatı üçün Türkiyə sərmayələri strateji əhəmiyyətə malik idi. O zaman Türkiyə Azərbaycanın xüsusilə qeyri-enerji sektorundakı ən böyük investor sayılırdı. Bu, əlbəttə ki, iqtisadiyyatı enerji sektorundan asılı olan Azərbaycan üçün strateji əhəmiyyət daşıyırdı. Müstəqilliyin ilk illərində Türkiyə “Eximbank” vasitəsilə Azərbaycana ciddi kredit dəstəyi də göstərirdi.

Son illərdə isə bu sahədə vəziyyət xeyli dəyişib. Bu gün Azərbaycan özü Türkiyə iqtisadiyyatına investisiya yatırımını əhəmiyyətli dərəcədə artırıb. Azərbaycan prezidenti İlham Əliyev Türkiyənin ticarət naziri Ruhsar Pekcanı 2019-ci ilin dekabrında qəbul edən zaman bildirib ki, ölkəsi 2019-ci ildə Türkiyə iqtisadiyyatına 17 milyard dollardan artıq investisiya yatırıb. Eyni dövrdə Türkiyənin Azərbaycan qitisadiyyatına yatırımı 12 milyard dollardan çox olub. Əliyevin sözlərinə görə, SOCAR-ın yeni investisiya layihələrilə birlikdə, Azərbaycanın Türkiyə iqtisadiyyatına yatırımı 20 milyard dollara çatacaq.

İqtisadi amil ikitərəfli münasibətlərin əsas elementləri arasında

İllər ərzində Azərbaycan mövcud durumu (müstəqilliyinə yeni qovuşması, torpaqlarının Ermənistan işğalı altında olması və s.) və Azərbaycan-Türkiyə əlaqələrinin xarakteri (tarixi, mədəni, milli, dini bağların ön planda olması) əsasında əlaqələrin siyasi, hərbi və mədəni istiqamətlərinin daha ön planda olub. Lakin beynəlxalq münasibətlər sistemində əhəmiyyətini getdikcə artıran iqtisadi amil Azərbaycan-Türkiyə əlaqələrinin də ən əhəmiyyətli istiqamətlərindən birinə çevrilir. Bəzi dövlətlər arasında iqtisadi münasibətlər zaman-zaman qısa müddətə də olsa gərginlik yaradırsa, Azırbaycanla Türkiyənin iqtisadi münasibətləri müsbət xarakterilə diqqət çəkir. Burada da xüsusilə 1990-cı illərin sonu və 2000-ci illərin əvvəllərində iqtisadi sahədəki yüksək gözləntilər bəzən qarşılıqlı tənqidə yol açıb. Lakin 2000-ci illərin ikinci yarısından, iqtisadi münasibətlərdə də müsbət mənzərə ortaya çıxıb. Başqa sözlə, iki ölkə arasında strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında Müqavilənin imzalanması, Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının yaradılması əlaqələrin digər aspektləri kimi, iqtisadi münasibətlərə də öz töhfəsini verir.

(Türk dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: Anadolu Ajansı

 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2020, WorldMedia.az