06.04.2020 04:33
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Azərbaycanlı millət vəkili Türkiyədə taksi sürücüsünün qurbanı oldu!
 
05.04.2020
SABAH, Türkiyə
 

  FOTOREPORTAJ| Bakı: Təbrizlə qardaşlaşmış gözəl şəhər
 
04.04.2020
Aznews.TV, İran
 

  FOTOREPORTAJ| Azərbaycan koronavirus təşvişindən necə yayındı – Ukrayna üçün dərs
 
02.04.2020
LB.ua, Ukrayna
 

  Səfir: “İnformasiya-kommunikasiya texnologiyaları Azərbaycanda inkişafın aparıcı qüvvəsidir”
 
02.04.2020
OUTSOURCING JOURNAL, Almaniya
 

  “Çin hökuməti və xalqı epidemiya ilə mübarizədəki köməyimizi unutmayıb”
 
01.04.2020
China.com.cn, Çin
 

 
 
MÜSAHİBƏ| Azərbaycanın İtaliyadakı səfiri: “Bu il italyanlar ölkəmizi yaxından tanımaq üçün daha bir fürsət əldə edəcək”

 
 



EUROPEAN AFFAIRS, İtaliya
15.01.2020


Müəllif: Culiano Bifolçi

Xəzər regionunun qəlbində yerləşən Azərbaycan olduqca önəmli təbii və enerji ehtiyatlarına, o cümlədən aparıcı logistik mövqeyə malikdir. Ölkə hazırda iqtisadiyyatının çoxşaxəliliyi baxımından qabaqcıl yerlərdən birini tutmaqdadır. Bu da onu yalnız enerji nöqteyi nəzərindən deyil, həm də IT və aqrobiznes sahələrində cəlbedici ölkəyə çevirir.

Bu Qafqaz ölkəsinin iqtisadi və sənaye durumu haqda daha çox məlumat əldə etmək, eyni zamanda İtaliya biznesinin Azərbaycan bazarlarında necə yer ala biləcəyini öyrənmək məqsədilə Azərbaycanın İtaliyadakı səfiri cənab Məmməd Əhmədzadə ilə söhbətləşmişik.

- Ölkənizi maraqlı bazar kimi xarakterizə etməyə imkan verən xüsusiyyətlər hansılardır?

- Azərbaycan istər geostrateji mövqeyinə, istər zəngin təbii sərvətlərinə, istər yüksək demoqrafik artım göstəricinə (ölkə əhalisinin sayı 10 milyonu ötüb), istərsə də iqtisadi potensialına görə, Cənubi Qafqaz regionunun ən böyük dövlətidir.

Bu gün enerji sektoru ölkə iqtisadiyyatının inkişafına təkan verən əsas amil olaraq qalmaqdadır. Lakin bununla yanaşı, xüsusilə son illərdə daha da inkişaf etmiş qeyri-neft sektorunun da böyük potensialı nəzərə çarpır. Söhbət qida sənayesi, neft-kimya, ağır sənaye və mexanika mühəndisliyi, turizm, logistika və ticarət, tikinti, maliyyə xidmətləri, informasiya və kommunikasiya texnologiyaları, bərpaolunan enerji mənbələri, elektrik, su və istilik təchizatı, həmçinin tullantıların yenidən emalı kimi sahələrdən gedir.

Bir sözlə, Azərbaycan sabit və dayanıqlı iqtisadi inkişafa nail olmaq üçün qeyri-neft sektorunun inkişafını sürətləndirməyi bacarıb. Bununla yanaşı, bu istiqamətdə genişmiqyaslı islahatlar da aparılır və bütün bunlar beynəlxalq reytinq agentliklərinin hesabatlarında da öz əksini tapır. Məsələn, Dünya Bankının “Doing Business 2019” hesabatında Azərbaycan 25 pillə irəliləyərək, 57-ci yerdən 32-ci sıraya yüksəlib. 2018-ci ildə qeyri-neft sektoru ÜDM-in 58,5%-ni təşkil edib.

Bununla yanaşı, növbəti illərdə də davam edəcək müsbət dəyişikliklər Azərbaycan iqtisadiyyatının daha da inkişafına əhəmiyyətli təsir göstərəcək. Qarşıda istər IT bazarında, istərsə də bütünlükdə sosial-iqtisadi sahədə ciddi islahatların aparılması nəzərdə tutulur. Bu islahatlar miqyaslı layihələrin həyata keçirilməsində olduqca əhəmiyyətli rol oynayacaq. Nəticədə İKT Azərbaycan iqtisadiyyatının şaxələndirilməsinə ciddi təsir göstərəcək. Bununla da iqtisadiyyatın karbohidrogen ehtiyatlarından asılılığı əhəmiyyətli dərəcədə azalacaq. 2022-ci ildə İKT bazarının orta illik artım göstəricisi 12%-ə çatmalıdır (təchizat üzrə 11%, IT xidmətlər üzrə 16%, proqramlama üzrə 16%).

2022-ci ilədək informasiya texnologiyaları bazarının həcmi 2018-ci illə müqayisədə iki dəfə artaraq, 1,6 milyard dollar təşkil edəcək. Bu arada, kosmik sənaye İKT sektorunun ən uğurlu sahələrindən biridir. “Azərkosmos” Cənubi Qafqazda yeganə peyk operatorudur. O, əvvəlki illərlə müqayisədə 2018-ci ildə dünya üzrə 23 ölkəyə peyk xidməti göstərərək, gəlirlərini iki dəfə artırıb.

Azərbaycanın reallaşdırdığı İKT layihələrindən danışarkın Trans-Avrasiya Super İnformasiya Magistralı (TASIM) layihəsini unutmaq olmaz. Onun əsas məqsədi Honq Konqdan Frankfurta, Qərbi Avropadan Şərqi Asiyayadək uzanacaq transmilli fiberoptik şəbəkənin yaradılmasıdır. Bu layihə dənizə çıxışı olmayan bir sıra Avrasiya ölkəsi üçün yeni iqtisadi imkanlar açacaq.

Azərbaycan bazarlarının digər üstünlükləri də var. Məsələn, əlverişli geosiyasi və coğrafi mövqeyi, yüksək ticari əlaqələri, bacarıqlı işçi qüvvəsi, zəngin təbii sərvətləri, potensiallı müştəriləri və sair. Mərkəzi Asiya, Avropa, Yaxın Şərq və MDB ölkələrilə istər coğrafi, istərsə də mədəni yaxınlığı da Azərbaycanı “Made in Italy” markası altında istehsal olunan malların reallaşdırılmasının təşviqi baxımından üstünlüyə malik yerə çevirir. Üstəlik, Azərbaycan bu gün dünyada “stabillik adası” kimi də məşhurdur. Bu isə öz növbəsində, iqtisadi imkanlarımız da nəzərə alınmaqla, xalqımızın rifahının yaxşılaşdırılması istiqamətində islahatlar yolunu uğurla davam etdirmək üçün gözəl fürsətdir.

- Azərbaycan maddi-texniki təminat baxımından Avropa ilə Asiya arasında körpüdür. Azad İqtisadi Zonanın yaradılmasını da nəzərdə tutan Bakı limanı ilə bağlı hansı yeniliklər var?

- Qədim İpək Yolu üzərində yerləşən Azərbaycanın müxtəlif şəhərlərində, o cümlədən Bakı, Şəki, Samaxı kimi qədim şəhərlərdə mövcud olan karvansaralar göstərir ki, bura əsrlər boyu Şərqlə Qərb arasında ticarət mərkəzi rolunu oynayıb. Bu gün isə Bakı Beynəlxalq Dəniz Ticarət Limanının əsas məqsədi xüsusilə “Bir kəmər, bir yol” layihəsi fonunda Çinlə Avropanı bir-birinə bağlamaqdır.

Azərbaycan hökuməti hesab edir ki, Bakı Limanı layihəsi iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafı baxımından olduqca əhəmiyyətlidir. Enerji və turizm sektoru ölkəmizdə artıq öz sözünü demiş sahələrdir. Yeni liman isə ölkənin üstün mövqeyindən yararlanaraq, ticari daşınmaların miqyasını genişləndirməyə imkan verəcək.

Bu yolda başlıca addım azad ticarət zonasının yaradılması olacaq. Bu, beynəlxalq daşınmaların Azərbaycan vasitəsilə həyata keçirilməsində açar rolunu oynayacaq. Liman Xəzər regionunda önəmli maddi-texniki təchizat mərkəzi olaraq, Avropa və Asiya bazarlarına xidmət göstərəcək. O, həmçinin Avropa ilə Asiyanı birləşdirən beynəlxalq yük daşınmaları şəbəkəsinin bir hissəsi olacaq. “Azad zona” yeni limanda 100 hektarlıq ərazidə yaradılacaq. Ərazinin dəmir yoluna çıxışı da olacaq. Bu zona təchizat zəncirində mərkəzi nöqtə olmaqdan çox, Cənubi Qafqaz, Orta Asiya, İran, Rusiya və Türkiyənin çoxşaxəli bazarlarına xidmət göstərəcək bölgənin paylama mərkəzi olmağı hədəfləyir. Nəzərə alsaq ki, indi bir çox istehsalçı öz məhsullarını istehsal zəncirinin son nöqtəsi olaraq, paylama mərkəzlərində saxlamağa üstünlük verir, belə logistik xidmət yaxşı perspektivlər vəd edir. Bu, nəinki Azərbaycanın qeyri-neft sektorunun inkişafına əhəmiyyətli təsir göstərəcək, həm də Azərbaycanı idxal-ixrac, gəmi daşınmaları və logistik xidmətlər üzrə əsas regional liderə çevirəcək.

- İtaliya Azərbaycanın əsas ticari tərəfdaşlarındandır və şirkətlərimiz onu getdikcə daha böyük potensiallı bazar kimi qəbul edir. O qədər də tanınmayan, lakin italiyalı sahibkarları cəlb edəcək istiqamətləri sadalaya bilərsinizmi?

- Bu gün Azərbaycan İtaliyanın əsas xammal tədarükçülərindən biridir. TAP layihəsinin istismara verilməsilə Azırbaycan Appennin yarımadası üçün böyük enerji təchizatçısına da çevriləcək. Bununla yanaşı, ölkəmiz Cənubi Qafqazda İtaliya məhsullarının əsas idxalçılarındandır. İtaliyanın Azərbaycana ixrac etdiyi məhsulların həcmi regionun digər ölkələrilə müqayisədə daha böyükdür.

Hazırda Azərbaycanda “Saipem”, “Maire Teknimont”, “Teknip” və sair kimi çox sayda İtaliya şirkəti fəaliyyət göstərir. 2018-2019-cu illərdə Azərbaycanda İtaliya şirkətlərilə bağlanmış müqavilələrin ümumi dəyəri 1 milyard avrodan artıq olub. Bundan başqa, İtaliya şirkətləri Azərbaycanın müxtəlif xarici ölkələrdə reallaşdırdığı layihəldə də iştirak edir. Məsələn, “Cənub Qaz Dəhlizi” layihəsi.

Bu gün italyan şirkətləri Azərbaycanda enerji, ətraf mühit, infrastruktur, neft-kimya, İKT kimi sahələrdə fəaliyyət göstərir. Onlar üçün qeyri-adi imkanlar təklif edən potensial sahələr isə nəqliyyat, bərpaolunan enerji, kənd təsərrüfatı, əczaçılıq və sair ola bilər.

Azərbaycan-İtaliya iqtisadi əməkdaşlığında enerji sektorundan kənar daha bir neçə sahənin adını çəkə bilərəm. Məsələn, Azərbaycan İtaliyaya fındıq ixrac edən əsas ölkələrdən biridir. İtaliyansayağı “Nou-hau” isə Azərbaycan üçün olduqca maraqlıdır.

Sadalananlara son illərdə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən İtaliya iqtisadiyyatına yatırılmış investisiyaları da əlavə etmək yerinə düşər.

- 2017-ci ildə Bakı ilk dəfə Formula 1 yarışına ev sahibliyi edib. Futbol üzrə onuncu Avropa Liqasının finalı da Azərbaycan paytaxtında keçirilib. Ümumiyyətlə, ölkəniz yaxın keçmişdə Avropa, həmçinin dünya miqyaslı bir sıra tədbirə, o cümlədən “Eurovision” mahnı müsabiqəsinə ev sahibliyi edib. Buradan belə bir nəticəyə gəlmək olarmı ki, Azərbaycan öz daxili bazarını dünyada tanıtmaq üçün Avropa ilə əlaqələri genişləndirməyə çalışır, bunun üçün isə miqyaslı beynəlxalq tədbirlərin təşkilini vacib hesab edir?

- Azərbaycanın beynəlxalq arenadakı rolu, bazarının cəlbediciliyi əslində, belə miqyaslı tədbirlərdən daha öndədir: ölkənin geostrateji mövqeyi, iqtisadiyyatı, enerji strategiyası və sair. Qeyd etdiyiniz tədbirlərə gəlincə, onların Azərbaycanda keçirilməsi ölkəmizə olan böyük inamın göstəricisidir. Diqqət etsəniz görəcəksiniz ki, Azərbaycanın ötən dövrdə ev sahibliyi etdiyi beynəlxalq tədbirlər son dərəcə çoxşaxəlidir və onların hər biri fərqli ab-havada keçib. Azərbaycan hələ 2015-ci ildə Birinci Avropa oyunlarına ev sahibliyi etmək üçün yaratdığı infrastruktur hesabına sonradan bir çox beynəlxalq idman yarışına, qlobal tədbirlərə ev sahibliyi edə bilib. Dünya miqyasında əlaqələrin gücləndirilməsinə yönəlmiş İslam Həmrəyliyi Oyunları da buraya daxildir.

2017-ci ildən isə Bakı Formula 1 yarışına da ev sahibliyi edir. Bu yarış paytaxtın mərkəzi küçələrində salınmış yollarda keçirilir. Nəticədə Bakının istər qədimliyi, istərsə də müasirliyi göz önünə sərilir.

Bundan başqa, Azərbaycan əksər hallarda iştirakçıların özlərinin təşəbbüsü ilə dünya gücləri arasında dialoq platformasına çevrilir.

Əlbəttə, belə tədbirlərin ölkəmizi təkcə siyasi və iqtisadi tərəfdaş kimi deyil, həm də turizm istiqaməti kimi tanıtması bizə xoşdur. Bu tədbirlər zamanı ölkəmizə gələn qonaqlar təkcə paytaxtımızın deyil, regionlarımızın da gözəlliyinə şahid olur, qədim və zəngin mədəni-tarixi irsimizi öyrənirlər.

Bu yaxınlarda Azərbaycana səyahətlə bağlı İtaliyanın “Polaris” nəşriyyatı tərəfindən nəşr olunmuş bələdçi kitabı da ölkəmizə marağın getdikcə artdığına dəlalət edir. Xalqlarımızı incəsənətimizdə, mətbəximizdə və təbiətimizdəki oxşarlıq birləşdirir. İtaliyalı turistlər Azərbaycana səfərləri zamanı bu bənzərliklərdən məmnun qalırlar. Yeri gəlmişkən, bu il italyanlar ölkəmizi yaxından tanımaq üçün daha bir fürsət əldə edəcək – futbol üzrə Avropa Çempionatının bir neçə qarşılaşması Bakıda keçiriləcək. Üstəlik, paytaxtımızda məhz İtaliya millisinin rəqibləri qarşılaşacaq. Bu, futbol və səyahət həvəskarları üçün əsl fürsətdir.

- Yaxın günlərdə İtaliya ilə Azərbaycan arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın növbəti toplantısı keçiriləcək (müsahibə iclasdan əvvəl götürülüb - WM). Məqsəd iki ölkə arasında iqtisadi-ticari əməkdaşlıq istiqamətində atılacaq növbəti addımların müəyyənləşdirilməsidir. Roma ilə Bakının qısa və uzun perspektiv üçün qarşıya qoyduqları əsas hədəflər hansılardır və ya hansılar olacaq?

- Hökumətlərarası Komissiyanın V iclası yanvarın 14-də baş tutacaq. Bu münasibətlə komissiyanın azərbaycanlı həmsədri olan energetika nazirimiz, həmçinin iqtisadi komissiyanın üzvləri, Azərbaycanın iri şirkətlərinin təmsilçiləri İtaliyaya gələcəklər. Komissiya strateji tərəfdaşlığımızın daha da gücləndirilməsi məqsədilə səlahiyyətli orqanların nümayəndələrini bir araya gətirən effektiv platformadır. Onun son toplantısı 2016-cı ildə keçirilib. O vaxtdan indiyə əlaqələrimiz daha da möhkəmlənib. Növbəti toplantı isə əldə olunmuş nəticələrin təhlil edilməsi üçün fürsət olacaq. Hər belə görüşdən sonra münasibətlərdə inkişaf dinamikası müşahidə olunur və növbəti görüş də yeni üfiqləri, nail olunması vacib hədəfləri müəyyənləşdirməmizə kömək edəcək.

(İtalyan dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: EUROPEAN AFFAIRS

 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2020, WorldMedia.az