24.09.2020 11:55
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Ermənistan PKK-dan terrorçu idxal edir
 
23.09.2020
SABAH, Türkiyə
 

  “DQR” “parlament”i köçürməyə hazırlaşır
 
23.09.2020
Eurasianet.org, ABŞ
 

  Ermənistan-Azərbaycan münaqişəsi: növbəti müharibə?
 
23.09.2020
EURACTIV, Aİ
 

  Azərbaycan: milli-mənəvi dəyərlərin qorunduğu, dini tolerantlığın təmin edildiyi ölkə
 
22.09.2020
PARHLO, Pakistan
 

  Anna Akopyan: sülh haqda danışan, lakin müharibəyə üstünlük verən birinci xanım
 
22.09.2020
DAILY SABAH, Türkiyə
 

 
 
Azərbaycanın Ankaradakı səfiri Xəzər İbrahim “Akşam” üçün yazdı: Müstəqillik yolunda qanlı 20 yanvar hadisəsi

 
 



AKŞAM, Türkiyə
20.01.2020


Azərbaycanın Ankaradakı səfiri Xəzər İbrahim Sovet ordusunun 20 yanvar 1990-cı ildə Bakıda və Azərbaycanın əyalətlərində törətdiyi qətliam haqda yazıb.

Bu il Azərbaycan xalqının tarixində “Qanlı yanvar” kimi qalmış 1990-cı ilin 20 yanvar hadisəsinin 30-cu ildönümüdür. Düz 30 il əvvəl yanvarın 20-də keçmiş SSRİ Silahlı Qüvvələrinin günahsız azərbaycanlılara qarşı etdiyi vəhşilik bəşər tarixində qara iz qoyub. Həmin gecə milli müstəqillik və ərazi bütövlüyü uğrunda küçələrə çıxmış dinc əhaliyə qarşı silahlı təcavüz həyata keçirilib. Nəticədə 100-dən artıq azərbaycanlı şəhid olub, yüzlərlə insan əlilə çevrilib.

Dövrün SSRİ prezidenti Qorbaçov 1990-cı il yanvarın 19-da həm SSRİ Konstitusiyasının 119-cu, həm də Azərbaycan SSR Konstitusiyasının 71-ci maddələrini pozaraq, yanvarın 20-dən etibarən Bakıda fövqəladə vəziyyət elan etmişdi. Üstəlik, Azərbaycan xalqının bundan xəbər tutmaması üçün yanvarın 19-u saat 19:30 radələrində Azərbaycan Televiziyasının enerji bloku partladılmış, bununla da ölkə ərazisində televiziya yayımı dayanmışdı.

Məhz bu şəraitdə Bakıya girən Sovet ordusu fövqəladə vəziyyətdən xəbərsiz olan dinc əhaliyə qarşı görünməmiş vəhşiliklər edib. Qorbaçovun təcili qərarı qüvvəyə minənədək belə, Bakıda 9 nəfər öldürülüb. Beləliklə, yanvarın 20-ə keçən gecə Bakıda 117 azərbaycanlı, 6 rus, 3 yəhudi, 3 tatar olmaqla, 131 nəfər qətlə yetirilib, 744 nəfər yaralanıb, yüzlərlə sakin həbs olunub.

Dünya baş verənlərdən hadisənin səhəri xəbər tutmuş, Sovet ordusunun Bakıda və Azərbaycanın əyalətlərində törətdiyi vəhşiliklər bir sıra ölkələrdə ciddi etiraza səbəb olmuşdu. O zaman xüsusilə dost və qardaş Türkiyə yaşananlara biganə qalmamışdı. İstanbul, İzmir, Kayseri, Qars başda olmaqla, az qala ölkənin bütün şəhərlərində Azərbaycana dəstək mitinqləri təşkil edilmişdi.

Bu gün 20 Yanvar hadisəsinin 30-cu ildönümüdür. Müstəqillik uğrunda yüzlərlə, minlərlə şəhid vermiş Azərbaycan gündən-günə inkişaf edir. O, artıq dünyanın aparıcı ölkələri sırasındadır. Bugünkü qüdrətli Azərbaycanın möhkəm təməllərini məhz 30 il əvvəl küçələrə çıxmış insanlar öz qanları və canları ilə atıblar. Onlar küçələrə məhz Azərbaycanın milli varlığını qorumaq, müstəqilliyini bərpa etmək üçün çıxmışdılar.

Tək Azərbaycanın deyil, bütünlüklə türk dünyasının tarixinə qanlı ləkə kimi yazılmış 20 yanvar hadisəsi eyni zamanda, bir millətin şərəf günüdür. Çünki həmin gün baş verənlər xalqımızda müstəqilliyə inamın daha da artmasına səbəb olub və bunun nəticəsində Azərbaycan tezliklə müstəqilliyini elan edib.

Xalqımız şəhidlərinin xatirəsini daim uca tutmaqla bərabər, hər il yanvarın 20-də Bakının ən uca yerində salınmış Şəhidlər Xiyabanına axın edir. Həmin hadisənin üzərindən illər keçsə də, Azərbaycan xalqı Şəhidlər Xiyabaninda uyuyan hər bir şəhidin onun müstəqilliyinin rəmzi olduğunun bilir.

Bütün türk dünyasının şəhidlərinə, o cümlədən 1990-cı il yanvarın 20-də şəhid olmuş qardaş və bacılarımıza Allahdan rəhmət diləyirik. Ruhları şad olsun!!!

(Türk dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: AKŞAM

 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2020, WorldMedia.az