24.09.2020 11:18
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Ermənistan PKK-dan terrorçu idxal edir
 
23.09.2020
SABAH, Türkiyə
 

  “DQR” “parlament”i köçürməyə hazırlaşır
 
23.09.2020
Eurasianet.org, ABŞ
 

  Ermənistan-Azərbaycan münaqişəsi: növbəti müharibə?
 
23.09.2020
EURACTIV, Aİ
 

  Azərbaycan: milli-mənəvi dəyərlərin qorunduğu, dini tolerantlığın təmin edildiyi ölkə
 
22.09.2020
PARHLO, Pakistan
 

  Anna Akopyan: sülh haqda danışan, lakin müharibəyə üstünlük verən birinci xanım
 
22.09.2020
DAILY SABAH, Türkiyə
 

 
 
Azərbaycan: Bakıda törədilımiş “Qara yanvar” faciəsindən 30 il ötür

 
 



Notizie Geopolitiche, İtaliya
21.01.2020


Müəllif: Dariuş Rahiminia

Qara elə rəngdir ki, onu görəndə insanı əzab, iztirab duyğusu bürüyür: qara rəng ağrı, qorxu və ölümlə assosiasiya olunur. Amma elmi nöqteyi-nəzərdən yanaşsaq, əslində, qara heç rəng deyil. O, bütün digər rənglərin mənbəyi olan işığın yoxluğudur.

Odur ki, Azərbaycan xalqının, bu gözəl diyarın başına gətirilmiş faciəvi hadisələri simvolizə etmək üçün qara rəngin seçməsi heç də təəccüblü deyil. 30 il əvvəl yanvarın 20-də baş vermiş hadisələr bu gün – 2020-ci ildə işığı deyil, mərhəmətin olmadığı qaranlığı xatırladır. Həmin gün SSRİ hökuməti paytaxt Bakıda qanuni nümayişə çıxmış insanları qanına bələyib. Elə o vaxtdan həmin hadisə yaddaşlarda “Qara yanvar” adı ilə qalıb.

1988-ci il. Sovet İttifaqı süqut etmək üzrədir. Əzəli Azərbaycan torpaqlarında qurulmuş Sovet respublikası Ermənistan qeyri-sabit geosiyasi vəziyyətdən yararlanaraq, 250 minə yaxın azərbaycanlını öz doğma yurdundan qovmağa çalışır. Bununla kifayətlənməyən Ermənistan beynəlxalq təşkilatlar tərəfindən bu gün də Azərbaycanın bir parçası sayılan Dağlıq Qarabağ regionunu qanunsuz olaraq işğal etmək planı qurur. Halbuki, o vaxtadək həmin ərazidə etnik ermənilər yerli azərbaycanlılarla birgə, dinc şəraitdə yaşayırdılar. Yeri gəlmişkən, bu mübahisə və onun yaratdığı münaqişə indiyədək davam etməkdədir.

1988-1989-cu illərdə yüz minlərlə azərbaycanlı küçələrə Moskvadan – Sovet hökumətindən Ermənistanın qanunsuz hərəkətlərinə son qoyulmasını tələb etmək üçün çıxmışdı. Amma Sovet rəhbərliyi onların bu istəyinə son dərəcə laqeyd yanaşırdı. Nəticədə Bakıda artıq Sovet İttifaqının siyasətinə kütləvi etiraz aksiyaları başlamışdı və bu, sonda suveren Azərbaycan uğrunda müstəqillik hərəkatına çevrilmişdi.

1990-cı il yanvarın 9-u. Azərbaycan qanunvericiliyinə məhəl qoymayan, bölgənin tam ilhaqını hədəfləyən Ermənistanın Ali Soveti Dağlıq Qarabağın sosial-iqtisadi inkişaf planının Ermənistan SSR planına daxil edilməsinin lehinə səs verir. Azərbaycan xalqı bu qərara cavab olaraq, Sovet İttifaqının siyasətinə, o cümlədən onun Dağlıq Qarabağdakı böhrana laqeyd münasibətinə etiraz əlaməti olaraq, yenidən Bakı küçələrinə axışır.

Yanvarın 19-da SSRİ Ali Sovetinin Rəyasət Heyəti Mixail Qorbaçov tərəfindən imzalanmış fərmanı təsdiqləyir, bununla da Bakıda və Azərbaycan SSR-in digər bölgələrində fövqəladə vəziyyət elan olunur. Elə həmin gecə Azərbaycan Televiziyasının enerji bloku Sovet xüsusi təyinatlıları tərəfindən partladılır, ölkədə telefon və radio xətləri kəsilir, Sovet qoşunu tankların da köməyilə dinc əhalinin qurduğu barrikadaları dağıdaraq, Bakıya girir. Bu zaman o, qarşısına çıxan hər şeyi dağıdır, məhv edir. Hər tərəfə terror saçılır, insanların qanı axıdılır. Qətliam nəticəsində 140-dan çox mülki azərbaycanlı həyatını itirir, 800-ə yaxın insan xəsarət alır, xeyli dinc sakin itkin düşür.

“Human Rights Watch” təşkilatının 1994-cü ilin dekabrında qəbul etdiyi “Azərbaycanda “Qara yanvar”” hesabatında deyilir: “Sovet ordusunun yanvarın 20-nə keçən gecə yol verdiyi zorakılıq, həqiqətən də azərbaycanlıların müqavimətinə nisbətdə böyük qəddarlıqla törədilmiş kollektiv cəza tədbiri idi. Sovet rəsmilərinin bu qərarının, Sovet qoşunlarının Azərbaycana müdaxiləsinin məqsədi Azərbaycandakı Kommunist hökumətinin millətçi müxalifət tərəfindən devrilməsinin qarşısının alınması olub. Bunun açıq şəkildə ifadə edildiyini nəzərə alsaq, Sovet əsgərlərinin Bakıda həyata keçirdiyi cəza tədbiri nəinki Azərbaycanda, hətta Sovet İttifaqına daxil olan digər respublikalarda da millətçilərə xəbərdarlıq məqsədi güdüb”.

Azərbaycan Prezidenti Administrasiyasının xarici əlaqələr şöbəsinin müdiri Hikmət Hacıyev ADA Universitetində 20 Yanvar faciəsinin 30-cu ildönümü münasibətilə təşkil olunmuş tədbirdə bildirib ki, əslində, 20 Yanvar hadisəsi sadəcə, 1990-cı il yanvarın 20-ə keçən gecə ilə məhdudlaşmır. O, hesab edir ki, həmin hadisə sonradan Xocalıda davam etdirilmiş proses kimi nəzərdən keçirilməlidir.

Xatırladaq ki, Ermənistan ordusu ilə keçmiş SSRİ-yə məxsus bir alay 1992-ci il fevralın 26-da Dağlıq Qarabağın Xocalı şəhərində mülki azərbaycanlılara qarşı xüsusi amansızlıqla soyqırım törədib. Bu zaman 613 dinc azərbaycanlı qətlə yetirilib.

H.Hacıyev deyir ki, Yerevan həm Ermənistanda, həm də Azərbaycana məxsus Dağlıq Qarabağda azərbaycanlı əhaliyə qarşı etnik təmizləmə siyasəti həyata keçirib. Bütün bunlar Heydər Əliyevin sovet hökumətindəki vəzifəsindən azad edilməsindən sonra başlayıb.

Hacıyev 20 Yanvar hadisəsinə hərbi nöqteyi-nəzərdən də yanaşır: “Bakının sanki yad bir şəhərmiş kimi, işğalı planı hazırlanıb, planın həyata keçirilməsinə tanklar və digər vasitələr cəlb edilib. Təsəvvür edin ki, bu zaman bircə artilleriyadan istifadə olunmayıb. Məqsəd küçələrə axışmış insanların kütləvi şəkildə məhv edilməsi olub”.

Hikmət Hacıyev həmin hadisələrin informasiya blokadası şəraitində baş verdiyinə də diqqət çəkib: “Xarici jurnalistlər Moskvada akkreditə olunmuşdular və onlar Bakıya buraxılmırdılar. Beynəlxalq birliyin baş verənlərə yanaşması yalnız Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gəlmiş az sayda jurnalistin Heydər Əliyevin mətbuat konfransını işıqlandırması ilə dəyişib. Beynəlxalq KİV-də Bakıda törədilmiş faciəvi hadisə ilə bağlı məlumatlar məhz bundan sonra peyda olub. Ən maraqlısı budur ki, bütün baş verənlərdən sonra, oktyabrın 15-də Mixail Qorbaçov Nobel Sülh mükafatına layiq görülüb”. Bununla yanaşı, H.Hacıyev hesab edir ki, Qorbaçovu Nobel mükafatından məhrum etmək üçün heç də gec deyil.

“Sovet hökuməti Azərbaycan xalqının iradəsini qırmaq istədi, amma bunu bacarmadı. Azərbaycan müstəqillik qazandı və bizim borcumuz onu qorumaqdır. Biz Azərbaycanın müstəqilliyi uğrunda canından keçmiş bütün şəhidlərimizlə qürur duyuruq”, - deyə o, qeyd edib.

20 Yanvar Azərbaycanda Şəhidlər Günü kimi qeyd olunur. “Qara yanvar” qurbanlarının yad edilməsi, heç zaman unudulmaması üçün Bakının Yasamal rayonunda 1500 kvadrat metrlik ərazidə nəhəng abidə ucaldılıb. Cavanşir Dadaşov, Azad Ağayev və Ədalət Məmmədov tərəfindən hazırlanmış abidənin açılışını 20 yanvar 2010-cu ildə Azərbaycan prezidenti İlham Əliyev edib.

(İtalyan dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: Notizie Geopolitiche

 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2020, WorldMedia.az