18.02.2020 13:57
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Paşinyan sübut etdi ki, dövlət başçısı kostyumu əyninə çox böyükdür
 
18.02.2020
Hraparak, Ermənistan
 

  Münxendə söz dueli: qalib hansı tərəf oldu?
 
17.02.2020
The USA Tribune, ABŞ
 

  VİDEO| Azərbaycan prezidenti İlham Əliyevdən Ermənistanın baş nazirinə tarixi şillə!
 
17.02.2020
HABER GLOBAL, Türkiyə
 

  Münxen konfransı Əliyevlə Paşinyanı yaxınlaşdırmadı
 
17.02.2020
NEWS.ru, Rusiya
 

  Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması dünya birliyinə müraciət edib
 
16.02.2020
Seoul City, Cənubi Koreya
 

 
 
20 Yanvar Azərbaycanda ümumxalq hüzn günüdür

 
 



Shabestan, İran
23.01.2020


Azərbaycan xalqı nə 20 Yanvar faciəsini, nə də beynəlxalq ictimaiyyətin bu faciəyə ədalətli reaksiyasını unudacaq.

Bu il Azərbaycanda baş vermiş qanlı 20 Yanvar faciəsinin 30-cu ildönümüdür. 30 il əvvəl, 1990-cı il yanvarın 20-nə keçən gecə SSRİ xüsusi təyinatlıları Sovet İttifaqının Azərbaycana qarşı apardığı siyasətə, onun Dağlıq Qarabağa iddia edən Ermənistan SSR-in təcavüzkarlığına açıq dəstəyinə, eyni zamanda, Azərbaycan SSR rəhbərliyinin xain mövqeyinə etiraz məqsədilə küçələrə çıxmış geniş xalq kütləsinə hücum edib. Həmin gecə Azərbaycanda, xüsusilə paytaxt Bakıda misli görünməmiş fəlakət yaşanıb, günahsız insanlar qətlə yetirilib. Rəsmi məlumata görə, “Zərbə” kod adı altında aparılmış bu əməliyyat nəticəsində 147 nəfər şəhid olub, 744 nəfər yaralanıb, 841 nəfər qanunsuz olaraq həbs edilib, çox sayda insan itkin düşüb. Bu zaman həmçinin, ictimai və şəxsi nəqliyyata, dövlət obyektlərinə və vətəndaşların əmlakına böyük ziyan dəyib.

Azərbaycanda törədilmiş bu qətliam mahiyyət etibarı ilə bir ölkə vətəndaşlarının öz hökuməti tərəfindən öldürülməsinin misilsiz nümunəsidir. Eyni zamanda, bu, keçmiş Sovet İttifaqı və Azərbaycan SSR konstitusiyalarının açıq şəkildə pozulması idi. Sovet İttifaqının rəhbərliyi silahsız mülki əhaliyə hücum əmri verməklə, BMT Nizamnaməsini, beynəlxalq hüququ normalarını da kobudcasına pozmuşdu. Bununla o, özünün də tərəf olduğu beynəlxalq mülki və siyasi sazişlərin bir sıra müddəalarını ayaqlar altına atmışdı.

Bu, əslində Kommunist diktaturasının 1956-cı ildə Macarıstanda, 1968-ci ildə Çexoslovakiyada və 1979-cu ildə Əfqanıstanda yol veriyi cinayətlərin təkrarı idi. O da təəssüflə qeyd olunmalıdır ki, həmin dövrdə Azərbaycan SSR-in kommunist rəhbərliyi tərəfindən buraxılan səhvlər, səriştəsiz idarəçilik və yanlış siyasət hökumətlə xalq arasında uçurum yaratmışdı.

Belə çətin şəraitdə Sovet İttifaqının Azərbaycan xalqına qarşı törətdiyi qətliama ilk etiraz səsini ucaldan Azərbaycanın ümummilli lideri Heydər Əliyev olub. Əslində, o dövrdə yaşanan hadisələri təhlil etdikdə, Heydər Əliyevin 1987-ci ildə Sovet rəhbərliyindən kənarlaşdırılmasının, təqaüdə göndərilməsinin əsl səbəbi aydın olur. Hər halda, sonralar bütün bunların dəqiq hazırlanmış hiyləgər planın bir hissəsi olduğu ortaya çıxıb. Məqsəd əlbəttə ki, Azərbaycana qarşı qaldırılacaq ərazi iddiaları qarşısında Bakının yanlız, dəstəksiz buraxılması olub.

Amma Sovet İttifaqının bütün təzyiqlərinə baxmayaraq, Heydər Əliyev yanvarın 21-də ailə üzvlərilə birlikdə Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə yollanaraq, orada böyük kütlə qarşısında çıxış edib, heç yandan köməyi olmayan xalqla həmrəyliyini nümayiş etdirib.

Çıxışında, daha sonra isə müsahibələrində 20 Yanvar faciəsinə siyasi qiymət verən H.Əliyev silahsız mülki şəxslərin qətlinin qanuna, demokratiya və insan haqlarına zidd olduğunu söyləyib. O, bunu SSRİ və Azərbaycan SSR rəhbərliyinin aşkar siyasi səhvi kimi qiymətləndirib. Başqa sözlə, Heydər Əliyev özünə və ailəsinə real təhlükənin olmasına rəğmən, qorxmadan Sovet İttifaqı rəhbərliyinin, onun başında duran Mixail Qorbaçovun əsl simasını ifşa edib. Azərbaycan xalqına başsağlığı diləyən Əliyev çətin gündə xalqı dözümə, həmrəyliyə səsləyib.

Azərbaycan xalqı öz növbəsində, ümummilli liderin tövsiyələrini də nəzərə alaraq, Bakıda elan edilmiş fövqəladə vəziyyət şəraitində küçələrə axışıb, yanvarın 22-də öz şəhidlərini kütləvi şəkildə dəfn edib. 20 Yanvar şəhidləri şəhərin ən yüksək yerində – Dağüstü parkda dəfn olunub. Bu gün Şəhidlər Xiyabanı adlanan bu məkan Azərbaycanda şəhidlik və şəhadət rəmzinə çevrilib.

Sovet Ordusunun Azərbaycanda törətdiyi qətliamdan 30 il keçir. Lakin xalq onun azadlığı, şərəf və ləyaqəti uğrunda həyatını itirmiş bu insanları unutmur. Azərbaycan xalqı 30 ildir bu faciənin ağrısını ürəyində daşıyır. 20 Yanvar hər il Azərbaycanda matəm günü kimi qeyd olunur.

Amma bu tarix həm də Azərbaycanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizəsinin rəmzidir. 20 Yanvar şəhidləri canlarından məhz bu ali dəyərlər uğrunda keçiblər.

Azərbaycanın müstəqilliyi və suverenliyi uğrunda şəhid olmuş bu şəxslərin xatirəsini əbədiləşdirmək məqsədilə, ümummilli lider Heydər Əliyevin 1998-ci ildə imzaladığı sərəncamla həmin gecə həyatını itirmiş şəxslərə “20 Yanvar şəhidləri” statusu verilib. Hər il yanvarın 20-də ölkə prezidenti İlham Əliyev başda olmaqla, bütün hökumət və ictimaiyyət nümayəndələri Şəhidlər Xiyabanını ziyarət edir, şəhidlərin xatirəsi yad olunur. Hımin gün Azərbaycanın bütün bölgələrindəki Şəhidlər xiyabanları ziyarət edilir. Saat 12:00-da isə ölkə ərazisində şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunur. Şəhərlərdə, rayonlarda, kəndlərdə və qəsəbələrdə, həmçinin Azərbaycan Respublikasının xarici ölkələrdəki səfirlik və konsulluqlarında Azərbaycanın dövlət bayrağı yarıyadək endirilir, hadisə ilə bağlı anım tədbirləri keçirilir.

Azərbaycan xalqı nə 20 Yanvar faciəsini, nə də beynəlxalq ictimaiyyətin bu faciəyə ədalətli reaksiyasını unudacaq. 1990-cı il yanvarın 20-də Sovet hakimiyyəti Azərbaycanı informasiya blokadasına salsa da, Bakıda baş verənlərin bütün dünyaya çatdırılması mümkün olmuşdu. Həmin anda Sovet Ordusunun Bakıya hərbi müdaxiləsi bir çox ölkələr, o cümlədən qonşu İran İslam Respublikası tərəfindən sərt etirazla qarşılanmışdı. İran Milli Təhlükəsizlik Şurası bununla bağlı bəyanat yaymış, ölkə parlamentinin 160-dan çox üzvü Azərbaycana Mixail Qorbaçovun göstərişilə edilmiş silahlı təcavüzü pisləmişdi. O zaman İranın ali dini lideri və prezidenti də Mixail Qorbaçovu sərt tənqid etmişdilər. İran KİV-isə Bakıda baş verənləri qətliam kimi qiymətləndirmişdi.

20 Yanvar faciəsinin 30-cu ildönümündə Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda qəhrəmancasına mübarizə aparmış, xalqın azadlığını hər şeydən üstün tutaraq bu yolda canından keçmiş, şəhidlik zirvəsinə ucalmış şəxslərin xatirəsini dərin hörmətlə yad edir, haqq-ədalət uğrunda canından keçmiş bütün şəhidlərə Allahdan rəhmət diləyirik.

(Fars dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: Shabestan

 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2020, WorldMedia.az