06.04.2020 03:08
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Azərbaycanlı millət vəkili Türkiyədə taksi sürücüsünün qurbanı oldu!
 
05.04.2020
SABAH, Türkiyə
 

  FOTOREPORTAJ| Bakı: Təbrizlə qardaşlaşmış gözəl şəhər
 
04.04.2020
Aznews.TV, İran
 

  FOTOREPORTAJ| Azərbaycan koronavirus təşvişindən necə yayındı – Ukrayna üçün dərs
 
02.04.2020
LB.ua, Ukrayna
 

  Səfir: “İnformasiya-kommunikasiya texnologiyaları Azərbaycanda inkişafın aparıcı qüvvəsidir”
 
02.04.2020
OUTSOURCING JOURNAL, Almaniya
 

  “Çin hökuməti və xalqı epidemiya ilə mübarizədəki köməyimizi unutmayıb”
 
01.04.2020
China.com.cn, Çin
 

 
 
Azərbaycanın qədim, yeni və qeyri-adi inciləri

 
 



Kamloops This Week, Kanada
24.01.2020


Müəllif: İren Batler

Etiraf edirəm ki, bir müddət əvvələdək Azərbaycan adlı ölkənin harada yerləşdiyini belə, bilmirdim. Səfər istiqamətlərimi nəzərdən keçirərkən bir anda bu ölkəni də ziyarət etməyə qərar verdim.

Azərbaycan Ermənistan və Gürcüstanla bərabər, Cənubi Qafqaz regionunda yerləşir. Xəzər dənizinin sahilindəki paytaxt Bakı səs-küylü şəhərdir. Burada insana zövq verən işlərdən biri sahil boyu gəzintidir.

Neftlə zəngin bu ölkənin paytaxtında, daha dəqiq desək, paytaxt Bakının ətrafında, çimərlik sahillərində çoxsaylı kurortlara, malikanələrə rast gəlmək mümkündür. Bununla yanaşı, az qala hər yanda neft buruqları da gözə dəyir. Məşhur Ceyms Bondun filmlərindən olan “Dünya kifayət deyil” filminin bir səhnəsi bu neft buruqlarından birində çəkilib.

Gəzinti üçün ideal məkanlardan biri də paytaxtın divarlarla əhatə olunmuş, İçərişəhər adlanan hissəsidir. Buranın daş döşənmiş küçələri labirinti xatırladır. İçərişəhərdə çox sayda qədim tikili var ki, onların bir hissəsi bu gün kiçik otel kimi fəaliyyət göstərir. Buradakı restoranların çoxu karvansara üslubunda dizayn edilib. Hər addımda qarşınıza çıxan suvenir dükanlarında xalçalar, mis məmulatlar və s. satılır.

İçərişəhərdə yerləşən və UNESCO-nun Ümumdünya İrsi siyahısına salınmış abidələr hər kəsin diqqətini cəlb edir. Misal kimi, 12-ci əsrdə daşdan tikilmiş Qız qalasını göstərmək olar. Ekspertlər hesab edir ki, bu tikili uzun müddət həm müdafiə qalası, həm rəsədxana, həm də dini ayinlərin icra olunduğu məkan kimi istifadə edilib.

Şirvanşahlar sarayı isə orta əsrlərdə hakimiyyətdə olmuş sülalənin əsas iqamətgahı imiş. Yaxın keçmişdə bərpa olunmuş Şirvanşahlar sarayının tarixi 15-ci əsrə gedib çıxır.

İçərişəhərin qədim məhəllələrini, məqbərələri, həyətləri gəzdik. Bura Azərbaycanın qədim tarixini əks etdirir.

İçərişəhərdən kənarda isə qarşınıza bir-birindən möhtəşəm müasir tikili çıxır. İçərişəhərdən fərqli olaraq, ondan kənarda daşdan deyil, şüşə strukturlarla ərsəyə gətirilmiş tikililər aparıcı mövqedədir. Məsələn, paytaxtın az qala hər yanından görünən “Alov qüllələri”. Bu göydələnlər axşam saatlarında insanın diqqətini rəngarəng işıqlara bürünməsilə cəlb edir.

Bələdçimiz Əhməd bizə ilk öncə gözəl muzeylər, həmçinin şəhərin sənaye tarixi haqda danışır. O, bizə 1880-ci illərdən Sovet İttifaqının dağılmasınadək olan tarix haqda məlumat verir.

Dünyanın aparıcı neft şirkətləri Xəzər dənizindəki neft yataqlarının istismarına 1994-cü ildən investisiya yatırmağa başlayıb. Dünyanın ikinci böyük neft kəməri olan, Azərbaycandan Türkiyəyə qədər uzanan Bakı-Tbilisi-Ceyhan xətti də məhz bundan sonra tikilib. Nəticədə Azərbaycan neftinin İran və Rusiyadan yan keçərək, Qərb bazarlarına çatdırılması mümkün olub. Bakı şəhəri 2005-ci ildən, yəni məhz neft kəmərinin işə düşməsindən sonra çiçəklənməyə başlayıb.

İndi isə sizə Azərbaycanın qeyri-adi inciləri haqda danışacağam. Ölkənin qeyri-adi, nadir və möcüzəvi inciləri dedikdə Bakı ətrafı bölgədə yerləşən, səhranın və çox sayda qayanın olduğu məkanı nəzərdə tuturam. Qobustan dövlət tarixi-bədii qoruğu bizi 12 min il əvvələ aparır. Həmin dövrdə Xəzər dənizinin sahili bitki örtüyü ilə zəngin imiş. Bundan başqa, o vaxt dənizin səviyyəsi daha yuxarı olub.

Burada daş dövründə yaşamış ovçular mağaralarda məskunlaşıblarmış. Yeri gəlmişkən, Qobustandakı qaya və mağaralarda 6 min petroqlif aşkar edilib. Qaya parçalarının üzərinə qalxdıqda belə petroqliflərin şahidi olmaq mümkündür.

İndisə ən qəribə geotermal istilik fenomeni haqda. Bu, bəlkə də sizin şahidi olduğunuz geotermal istilik fenomenləri arasında ən qəribəsidir. Qobustandan təxminən 10 kilometr cənubda palçıq vulkanlarının yerləşdiyi yarımsəhra landşaftı var. Buraya kiçik avtomobillə getmək mümkün deyil – o, qumu yara bilməyəcək. Qum təpəsinin üzərində yerləşən, boz rəngli soyuq palçıq vulkanı aramla köpüklənir və ətrafa yayılır. Palçıq vulkanına baxmaq üçün buradakı təpənin üzərinə çıxmaq lazımdır. Vulkan sanki ifritənin qaynayan qazanıdır.

Dünyadakı palçıq vulkanlarının yarıdan çoxu, yəni təxminən 400-ü Azərbaycanda yerləşir. Bu əlçatan məkanda isə 50 palçıq vulkanı var. Burada siz yalnız palçıq vulkanlarının və küləyin səsini eşidəcəksiniz...

Azərbaycanın daha bir coğrafi incisi Yanardağdır. Bura sözün əsl mənasında qaynar nöqtədir. Yanardağ ətrafında elə bir maraqlı mənzərənin olmadığı 10 metrlik təpədir. O, 1950-ci illərdən davamlı olaraq alovlanır. Hesab edilir ki, yerin altındakı qaz təpədəki yarıqlar vasitəsilə səthə sızır və bu qaz illər əvvəl bir çobanın siqaret yandırdığı zaman təsadüfən alışıb.

Azərbaycanın hansı hissəsinə yollansanız, onun müasir, dünyəvi, demokratik müsəlman ölkəsi olduğunu hiss edəcəksiniz. Ölkədə dini azadlıq Konstitusiya ilə təmin olunur. Azərbaycan vətəndaşları bununla qürur duyur. 

Bu arada, ölkədə liberal incəsənət müxtəlif teatrlarda, operalar və rəqs məkanlarında çiçəklənməkdədir. Heyranedici coğrafi fenomenlərin olduğu bu möhtəşəm ölkə qədimliklə müasirliyin vəhdətidir. Şəxsən mən bunları, həmçinin yerli əhalilə kifayət qədər maraqlı keçən görüşlərimizi unuda bilmərəm.

(İngilis dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: Kamloops This Week

 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2020, WorldMedia.az