05.04.2020 11:46
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  FOTOREPORTAJ| Bakı: Təbrizlə qardaşlaşmış gözəl şəhər
 
04.04.2020
Aznews.TV, İran
 

  FOTOREPORTAJ| Azərbaycan koronavirus təşvişindən necə yayındı – Ukrayna üçün dərs
 
02.04.2020
LB.ua, Ukrayna
 

  Səfir: “İnformasiya-kommunikasiya texnologiyaları Azərbaycanda inkişafın aparıcı qüvvəsidir”
 
02.04.2020
OUTSOURCING JOURNAL, Almaniya
 

  “Çin hökuməti və xalqı epidemiya ilə mübarizədəki köməyimizi unutmayıb”
 
01.04.2020
China.com.cn, Çin
 

  Dağlıq Qarabağda keçiriləcək qeyri-qanuni seçkilər ləğv edilməlidir!
 
31.03.2020
Eurasia Review, ABŞ
 

 
 
MÜSAHİBƏ| İlham Əliyev: “OPEC+ çoxtərəfli əməkdaşlığın uğurlu formatıdır”

 
 



ROSSİYA 24, Rusiya
28.01.2020


Bu gün OPEC+ neftin ədalətli qiymətini müəyyənləşdirməyə kömək edən çoxtərəfli əməkdaşlığın uğurlu formatıdır. Neft bazarının iştirakçıları arasındakı sövdələşmə öz səmərəsini göstərir. Onu uzatmaq gərəkdir. Bu fikirləri Davos Forumunun kuluarlarında kanalımıza müsahibə verən Azərbaycan prezidenti İlham Əliyev söyləyib.

- Yaxın Şərqdə müşahidə olunan gərginlik nəzərə alınmaqla bu il neftin qiymətinin hansı dinamikasını gözləmək olar?

- Proqnoz vermək çətindir. Düşünürəm ki, qiymətlərin bugünkü səviyyəsi həm istehsalçıları, həm də istehlakçıları qane edir. Azərbaycana gəldikdə, bu il bizim büdcəmizdə neftin bir barrelinin qiyməti 55 dollar nəzərdə tutulub. Lakin indi qiymət xeyli yüksəkdir. Buna görə də düşünürəm ki, əgər hər hansı forsmajor vəziyyət yaranmasa, qiymət 55-65 dollar diapazonunda qalacaq. Üstəlik, OPEC+ formatı çox səmərəlidir və Azərbaycan bu formatın işində fəal iştirak edir. Biz öz üzərimizə götürdüyümüz öhdəliklərlə əlaqədar hasilatı azaldırıq və mahiyyət etibarilə bu gün OPEC-ə daxil olmayan ölkələr də özlərini OPEC üzvləri kimi aparırlar. Buna görə də OPEC+ çoxtərəfli əməkdaşlığın olduqca uğurlu formatıdır və bizim fikrimizcə, mahiyyət etibarilə, bu gün neftin qiymətinin ədalətli olduğunu müəyyənləşdirib.

- Fikrinizcə, OPEC+ sazişinin müddətini uzatmaq lazımdırmı?

- Əlbəttə, bu məsələ ən yaxın vaxtlarda müzakirə ediləcək. Lakin hesab edirəm ki, konkret nəticələr gördüyümüzü nəzərə alaraq bunun müddətinin uzadılması, əlbəttə, məqsədəuyğundur. Çünki müddət uzadılmasa, bazarın necə reaksiya verəcəyini bilmirik, yenidən müxtəlif spekulyativ meyillər yarana bilər. Buna görə hesab edirəm ki, müddətin uzadılmasının əhəmiyyəti var.

- Sizcə, bu gün dünyada çoxqütblülük əlamətləri varmı?

- Şübhəsiz, bu gün dünya məhz çoxqütblü dünya kimi inkişaf edir. Bir neçə güc mərkəzi var. Əlbəttə, bizi narahat edən məsələlər var – regionumuzda gərginliyin artması. Lakin biz müsbət dinamikanı da görürük, əvvəllər bu cür sıx qarşılıqlı fəaliyyəti olmayan ölkələr bu gün demək olar ki, müttəfiqlər kimi hərəkət edir və regional sabitliyə böyük töhfə verirlər. Buna görə də çoxqütblü dünya artıq reallıqdır. Düşünürəm ki, bu meyillər getdikcə daha da möhkəmlənəcək. Bu, müsbət haldır, çünki bu, dünyada sabitliyə zəmanətdir.

- Hər halda, dünyada ölkələrdən birinin daha çox birqütblü dünyaya meyil etməsi əlaməti yoxdurmu?

- Bilirsiniz, iri ölkələrin həmişə öz hüdudlarından kənarda maraqları olur və hər ölkə özü üçün daha yaxşı şəraitə nail olmaq, öz təsir dairəsini genişləndirmək istəyir. Burada təzə heç nə yoxdur. Biz bunu əsrlərboyu müşahidə edirik, sadəcə, müxtəlif intensivlik dərəcəsi ilə. Buna görə məsələ bunda deyil, bugünkü dünya nizamının konstruksiyası, o cümlədən beynəlxalq münasibətlərin konstruksiyası çoxqütblülüyü nəzərdə tutur. BMT Təhlükəsizlik Şurasının daimi üzvlərinin tərkibinə baxsaq, bu, artıq dünyanın çoxqütblülüyünün əksidir. Daimi üzvlərdən birinin razılığı olmadan heç bir qərar qəbul edilə bilməz. Buna görə də düşünürəm ki, ölkələr özləri üçün birqütblülüyü təmin etməyə çalışmamalı, əksinə, hamı üçün sərfəli olan əməkdaşlıq elementləri tapmalıdırlar.

- Azərbaycan Belarus Respublikasını neftlə təchiz edəcəkmi?

- Bilmirəm. Bu sual mənə deyil, yəqin ki, Neft Şirkətinə aiddir. Bir neçə il bundan əvvəl biz Belarusu neftlə təchiz edirdik və sonradan Belarus tərəfinin təşəbbüsü ilə bu proses dayandırıldı. Əgər yenidən belə ehtiyac yaransa, Azərbaycan Dövlət Neft Şirkəti bu məsələni nəzərdən keçirəcək. Bu gün “SOCAR Traiding” şirkəti ən iri treydinq şirkətlərindən biridir və onun satdığı neftin çox hissəsi Azərbaycanda hasil edilməyən neftdir. Buna görə, sırf texniki baxımdan Azərbaycan şirkəti nefti istənilən yerə tədarük edə bilər. Lakin qiymət məsələsi, logistika məsələsi, kontrakt öhdəlikləri ilə bağlı məsələ - bütün bunlar müvafiq şirkətlər arasında müzakirə edilməlidir.

- Çox sağ olun.

- Sağ olun.

(Rus dilindən tərcümə - AZƏRTAC)

Mənbə: ROSSİYA 24

 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2020, WorldMedia.az