06.04.2020 02:53
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Azərbaycanlı millət vəkili Türkiyədə taksi sürücüsünün qurbanı oldu!
 
05.04.2020
SABAH, Türkiyə
 

  FOTOREPORTAJ| Bakı: Təbrizlə qardaşlaşmış gözəl şəhər
 
04.04.2020
Aznews.TV, İran
 

  FOTOREPORTAJ| Azərbaycan koronavirus təşvişindən necə yayındı – Ukrayna üçün dərs
 
02.04.2020
LB.ua, Ukrayna
 

  Səfir: “İnformasiya-kommunikasiya texnologiyaları Azərbaycanda inkişafın aparıcı qüvvəsidir”
 
02.04.2020
OUTSOURCING JOURNAL, Almaniya
 

  “Çin hökuməti və xalqı epidemiya ilə mübarizədəki köməyimizi unutmayıb”
 
01.04.2020
China.com.cn, Çin
 

 
 
MÜSAHİBƏ| Azərbaycan: dəyişən ölkə

 
 



Revue Conflits, Fransa
31.01.2020


Müəllif: Jil Mihaeli

Asiya ilə Avropanın arasında yerləşən Azərbaycan özünü sayılıb-seçilən dövlət kimi təsdiqləmək istəyir. O, istər daxili siyasətdə, istərsə də beynəlxalq arenada fəaliyyət baxımından müəyyən olunmuş çərçivələri aşmaq niyyətindədir.

Həmsöhbətimiz Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevdir.

- Azərbaycanın 2015-ci ildə seçilmiş parlamentinin 2019-cu ilin sonunda buraxılması haqda qərar qəbul olundu. Növbədənkənar seçki bu il fevralın 9-a təyin olunub. Halbuki, normalda növbəti parlament seçkisi 2020-ci ilin sonlarında keçirilməli idi. Növbədənkənar seçki zərurəti haradan yarandı və bu, nə qədər vacib idi?

- Azərbaycanda 2018-ci ildən yenidən ölkə rəhbəri seçilmiş prezident İlham Əliyev tərəfindən başladılmış hərtərəfli islahatlar prosesi davam edir. İslahat icra hakimiyyətini də əhatə edir və çoxsaylı yeni təyinatlarla müşayiət olunur. Dövlət və ictimai xidmətlər sahəsində olduğu kimi, ədliyyə sistemində də islahatlar aparılır. Növbədənkənar seçki təşəbbüsü ilə isə parlamentdə çoxluq təşkil edən Yeni Azərbaycan Partiyası (bu partiya parlamentdəki 125 yerdən 69-na sahib idi) çıxış edib. Məqsəd Azərbaycan vətəndaşlarının prosesə müdaxilə etməsinə imkan yaratmaq, gedən prosesləri bəyənib-bəyənmədiyini müəyyənləşdirməkdir.

- Azərbaycan haqnda məlumatlı olmayanlar üçün siyasi sisteminizi necə təsvir edərdiniz?

- Azərbaycan birpalatalı parlamentə malik, prezident üsul-idarəsinin olduğu demokratik respublikadır. Prezident ümumxalq səsverməsi yolu ilə 7 il müddətinə (son prezident seçkisi 2018-ci ilin aprelində keçirilib) keçirilir. 125 deputatdan ibarət parlament isə 5 il müddətinə seçilir.

Prezident tərəfindən təyin olunan nazirlər birbaşa parlamentə hesabat vermir. Bununla yanaşı, onlar hər ilin sonunda fəaliyyətlərinə dair hesabatla deputatlar qarşısında çıxış edirlər. Onların fəaliyyətinə birbaşa nəzarət qanunvericiliklə həyata keçirilir: nazirlərin fəaliyyətini təmin etmək məqsədilə irəli sürülən təkliflərin qəbulu, əlbəttə ki, büdcənin formalaşması üçün parlamentdə səs çoxluğuna ehtiyac var.

- Məgər prezidentin və onun hökumətinin islahatları artıq buraxılmış parlament tərəfindən dəstəklənmirdi? Bu sahədə hansəsa problem var idimi?

- Xeyr, məsələ bunda deyil. Əksinə, burada söhbət ölkədə həyata keçirilən dərin və genişmiqyaslı islahatların qanuniləşdirilməsindən, habelə bu dəyişikliklərə öz töhfəsini vermək istəyən şəxslərin milli əhəmiyyətli vəzifələrə yiyələnə bilməsindən gedir. Namizədlərin siyahısına baxsaq – onlar təxminən 2 min nəfərdir – bir sıra yeni simaların olduğunu görərik. Onların sırasında gənclər çoxluq təşkil edir. İndi, əvvəlki elitanın, hətta sovet dövründən qalmış nümayəndələrin sayı daha azdır. Başqa sözlə, bu, əsl “təhvil-təslim”dir. Yeni namizədlər Azərbaycanın ictimai həyatında yeni nəsli təmsil edirlər.

- Vətəndaşların səs verməzdən əvvəl özlərinə ünvanlamalı olduqları əsas 2-3 sualı siz müəyyənləşdirsəydiniz, bu, hansı suallar olardı?

- Bir sual hər bir Azərbaycan vətəndaşını daim narahat edir. Bu, təxminən 30 ildir Ermənistanın işğalı altında olan Dağlıq Qarabağın və Azərbaycanın digər ərazilərinin gələcəyilə bağlıdır. Bu, milli təhlükəsizlik baxımından əsas və ən vacib məsələdir. Çünki Ermənistanla cəbhə xətti açıqdır. Avropa KİV-i bunu başlığa çıxarmasa da, orada mütəmadi olaraq azərbaycanlılar ölür.

Bundan başqa, 1991-1994-cü illər müharibəsinin qurbanı olan təxminən 1 milyon azərbaycanlı, yaxud əhalimizin 10%-dən çoxu hələ də qaçqın və məcburi köçkün vəziyyətindədir. Bu, vətəndaşlarımız üçün əsas problem, çox vaxt isə fərdi məsələdir. Odur ki, bu insanlar namizədlərinin bu haqda nə düşündüyünü bilmək istəyirlər.

- Yeri gəlmişkən, Qarabağ münaqişəsilə bağlı müzakirələr nə yerdədir? Bu məsələyə yanaşmada ikili strategiya, qarşı-qarşıya olan düşərgələr varmı? Başqa sözlə, Azərbaycanda müharibənin və ya kompromisin tərəfdarı olan partiyalar mövcuddurmu?

- Əsas məsələdə, yəni, Qarabağın Azərbaycanın suverenliyinə qaytarılmalı, qaçqın və məcburi köçkün probleminin həll edilməli olduğuna dair vahid fikir var. Müzakirələr yalnız buna nail olunmasının yolları ilə bağlıdır. Bəli, bizdə sadə bir sualı tez-tez təkrarlayan istənilən qədər vətəndaş var: 25 ildir davam edən danışıqlar nəticəsində nəyə nail olmuşuq? Bu şərtlər daxilində danışıqları davam etdirməyə dəyərmi? Kəskin mövqeli bu insanlar deyirlər ki, diplomatiya artıq vaxt itkisindən başqa bir şey deyil, odur ki, münaqişənin həlli üçün başqa yollar axtarılmalıdır. Lakin bu, bizim hökumətin mövqeyi deyil. Biz münaqişənin diplomatik yolla həllinə sadiqik. Bəzi həmvətənlərimizin səbrisə artıq qeyd etdiyim kimi, tükənib. Düşünürəm ki, onları da başa düşmək olar.

- Cəmiyyətdə, ictimai rəydə, deputatlar arasında münaqişənin hərbi yolla həllini tələb edənlər çoxluq təşkil edirmi?

- Məlum olduğu kimi, beynəlxalq ictimaiyyət, o cümlədən beynəlxalq sənədlərdə Azərbaycan ərazilərinin Ermənistan tərəfindən qanunsuz işğal edildiyini tanıyır və təsdiqləyir. Ölkədə əlbəttə ki, ərazilərin azad edilməsi istiqamətində tükənməz və nəticəsiz diplomatik səylərdən bezmiş insanlar var. Başqa sözlə, insanlarda bir məyuxluq var. Cəbhə bölgəsində bu gün də əsgərlərimiz ölür, qaçqınlarımız isə sadəcə, öz doğma yurdlarına qayıtmaq istəyirlər. Belə vəziyyətdə bəziləri hesab edir ki, biz öz gücümüzü göstərməli, ondan istifadə etməliyik. Belə düşünən insanların sayını dəqiq söyləmək çətindir. Amma onlar heç də az deyil.

Bununla belə, bird aha təkrar etmək istəyirəm ki, hökumət və prezident münaqişənin diplomatic yolla, sülh yolu ilə həllinə üstünlük verir. Təəssüf ki, erməni tərəfi bu istiqamətdə irəliləyişə nail olunmasını əngəlləyir. Təəssüf ki, bu mənada 2019-cu il də itirilmiş il oldu. Ötən il ərzində biz münaqişənin danışıqlar və sülh yolu ilə həlli istiqamətində bir santimetr belə, irəliləmədik.

- Niyə? Erməni tərəfinin mövqeyini təhlil edə bilərsiniz?

- Ermənistan cəmiyyəti monolit deyil. Ermənistanda, xüsusən də sosial mediada davamlı danışan müəyyən qara qüvvələrin olduğunu yaxşı bilirik. Bununla yanaşı, orada hər iki ölkənin rifahı naminə irəliləyiş istəyən müəyyən iradəyə də şahidlik edirik. Azərbaycanda olduğu kimi, Ermənistanda da insanlar özlərinə 25 ildir davam edən münaqişədən, Azərbaycan ərazilərinin işğalından nə əldə etdikləri haqda sual verirlər. Bu sualların bir çoxunun cavabı yoxdur. Bu gün Ermənistan küncə sıxılmış vəziyyətdədir. Münaqişə ölkənin inkişafını zəiflədir, onu getdikcə daha ciddi təcrid vəziyyətinə salır. Məhz bu münaqişə Ermənistanda iqtisadi çətinliklərə, yoxsulluq səviyyəsinin artmasına və böyük demoqrafik problemə yol açıb. Qarabağ münaqişəsi çözülmədən, bu problemlərin heç biri həll olunmayacaq. Ermənilərinin əksəriyyəti bunu başa düşür. Lakin bu prosesdə onlar tək deyil. Erməni diasporu Yerevanın siyasətinə ciddi təsir göstərir. Ümumi götürsək (xoşbəxtlikdən burada da istisnalar var), diaspor Ermənistanda kəskin mövqenin tərəfdarlarını dəstəkləyir. Üstəlik, o, yerli hakimiyyətə də təzyiq edərək, gərginliyin azaldılmasına yol açacaq addımların atılmasına imkan vermir (məsələn, Fransada olduğu kimi).

Bu arada, qeyd etmək lazımdır ki, erməni diasporunun bir çox üzvü əslində, bu tarixlə bağlı yalan məlumatların qurbanıdır. Biz erməni diasporuna hörmətlə yanaşırıq və hesab edirik ki, o, münaqişənin danışıqlar yolu ilə həll edilməsində daha faydalı rol oynaya bilər və oynamalıdır.

- İctimai rəydən və diaspordan danışdınız. Bəs Ermənistanda ötən il seçilmiş yeni hakimiyyət haqda nə deyə bilərsiniz?

- Açığı, 2018-ci ilin mayında Nikol Paşinyanın baş nazir seçilməsi Ermənistanda olduğu kimi, Azərbaycanda da böyük gözləntilərə yol açmışdı. Təəssüf ki, bu gözləntilər özünü doğrultmadı. Danışıqlar prosesi bu gün də “dalana dirənmiş” vəziyyətdədir.

Münaqişələrin həlli üçün tamamilə fərqli yanaşma tələb olunarkən, Ermənistanda gördüklərimiz, təəssüf ki, demaqogiyadan başqa bir şey deyil. Paşinyanın verdiyi bəyanatların əksəriyyəti bir-birilə ziddiyyət təşkil edir. Gaj deyir “Qarabağ Ermənistandır”, gah deyir “biz Qarabağın adından danışa bilmərik” və s. Bir sözlə, Ermənistanın nə istədiyini, münaqişənin həllini necə gördüyünü anlaya bilmirik. Əksinə, görünən odur ki, Ermənistan indiyədək əldə olunmuş cüzi nəticələri də sual altına salmağa çalışır.

- Rusiya Ermənistanın əsas müttəfiqi kimi, bu məsələdə hansı rolu oynayır?

- Rusiya ilə Azərbaycan strateji münasibətlərə malikdir. Doğrudur, Moskvanın Ermənistanla sıx əlaqələri var. Lakin vaxtilə Sovet İttifaqının tərkibində birlikdə olduğumuzdan, bizim əlaqələrimiz də son dərəcə sıxdır. İnanıram ki, Rusiya ATƏT-in Minsk qrupu çərçivəsində münaqişənin həllinə nail olunması üçün fəal səylər göstərir. Biz Rusiyanın bu fəallığını yüksək qiymətləndiririk.

- Sonuncu sual: Fransadan gözləntiləriniz nədir?

- Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra biz Fransa ilə anlaşmaya, dostluğa əsaslanan çox yaxşı əlaqələr qurmuşuq. İndiki vəziyyətdə isə düşünürük ki, bəzi məsələlərdə daha irəli gedə, əməkdaşlığımızı daha da dərinləşdirə, daha yaxşı tərəfdaş ola bilərik. Unutmayaq ki, islam mədəniyyətinə malik dünyəvi ölkə olan Azərbaycan ekstremizmə, radikalizmə və qeyri-qanuni miqrasiyaya qarşı fəal mübarizə aparır. Biz dinin müasir dövlətdə yeri, müsəlman cəmiyyətlərində heç də geniş yayılmayan dünyəvilik prinsipilə bağlı baxışlarımızı dünya ilə bölüşürük.

- Prezident Makron frankofon ölkələrinin konfransında iştirak etmək üçün Yerevana getmişdi. Bakıda isə hələ olmayıb. Bununla bağlı nəsə planlaşdırılırmı?

- Bu sual fransalı tərəfdaşlarımıza verilməlidir. Amma prezident Makronun Azərbaycana açıq dəvəti var və biz onu ölkəmizdə qəbul etməkdən məmnun olardıq.

(Fransız dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: Revue Conflits

 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2020, WorldMedia.az