07.07.2020 03:01
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  FOTO| Yazarın qeydləri: Fəridə Zeynalova yenidən Bakıya qayıdıb
 
02.07.2020
NATIONAL GEOGRAPHIC, Böyük Britaniya
 

  Dağlıq Qarabağ: gərginlik artır
 
01.07.2020
TasnimNews, İran
 

  Azərbaycanda COVID-19-la mübarizə aparan həkimlər haqda serial çəkəcəklər
 
01.07.2020
Sputnik, Gürcüstan
 

  Hücum! Türkiyə ilə Azərbaycanı dronlar birləşdirir
 
30.06.2020
The National Interest, ABŞ
 

  FOTO| Azərbaycan mətbəxinə gözəlləmə
 
30.06.2020
Hürriyet, Türkiyə
 

 
 
Dağlıq Qarabağ: Bakının mövqeyi

 
 



Il Caffè Geopolitico, İtaliya
03.02.2020


Müəllif: Davide Tentori

Azərbaycanın İtaliyadakı səfiri cənab Məmməd Əhmədzadə saytımızda dekabrın 31-də dərc olunmuş “Dağlıq-Qarabağın aqibəti necə olacaq?” məqaləsinə cavab yazıb. Səfirin cavab məktubunu böyük məmnuniyyətlə sizə təqdim edirik.

Bununla yanaşı, bildirmək istəyirik ki, həmin məqalənin dərcində məqsəd qətiyyən regionun suverenliyilə bağlı müzakirə və mübahisələrə yol açmaq deyildi. Əksinə, məqsədimiz Ermənistan tərəfindən işğal olunmuş ərazilərdə nəzərə çarpan siyasi canlanmanı işıqlandırmaq olub.

Hörmətli redaksiya heyəti, sizə saytınızda 31 dekabr 2019-cu il tarixində Kiara Soliqo imzası ilə dərc olunmuş “Dağlıq Qarabağın aqibəti necə olacaq?” başlıqlı məqaləyə cavab məqsədilə yazıram.

Bəzi məsələlərə aydınlıq gətirmək istərdim.

Dağlıq Qarabağ tarixi Azərbaycan ərazisidir və beynəlxalq aləmdə ölkəmizin bir parçası olaraq tanınmaqdadır. Ermənilərin Dağlıq Qarabağ ərazisinə köçürülməsinə 1826-1828-ci illərin Rus-İran müharibəsindən sonra başlanılıb. Köçürmə prosesi Birinci Dünya müharibəsi zamanı daha geniş vüsət alıb. 1978-ci ildə Qarabağda ermənilərin bu torpaqlara gəlişinin 150-ci ildönümü qeyd edilib və  bunun şərəfinə abidə belə, ucaldılıb. Lakin Dağlıq Qarabağ münaqişəsinin ardından həmin abidə elə ermənilərin özləri tərəfindən dağıdılıb.

5 iyul 1921-ci ildə Bolşeviklər Partiyası Mərkəzi Komitəsinin Qafqaz Bürosu Dağlıq Qarabağın erməni mənbələrin iddia etdiyi kimi, Azərbaycana verilməsi deyil, Azərbaycan SSR-in tərkibində qalması haqda qərar çıxarıb. 7 iyul 1923-cü ildə isə Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsi Azərbaycanın tərkibində “Dağlıq Qarabağ Muxtar Vilayətinin (DQMV) yaradılması haqqında” qərar qəbul edib. O zaman vilayətin inzibati sərhədləri elə müəyyənləşdirilib ki, ermənilər orada çoxluq təşkil edib. Münaqişənin baş verdiyi dövrdə Dağlıq Qarabağda erməni və azərbaycanlı əhalinin nisbəti müvafiq olaraq, 70%-30% olub.

Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində Dağlıq Qarabağ bölgəsilə yanaşı, Azərbaycanın əhalisinin 100%-i azərbaycanlılardan ibarət 7 rayonu da işğal edilib. Beləliklə, artıq 30 ildir ki, Azərbaycan ərazisinin 20%i ermənilərin işğalı altındadır. Üstəlik, işğal olunmuş ərazilərdə etnik təmizləmə siyasəti də həyata keçirilib. Nəticədə 1 milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilib. İşğal olunmuş ərazilərdə Azərbaycanın tarixi abidələri də məhv edilib.

Ümumiyyətlə, münaqişənin gedişində Ermənistan insan haqlarına dair beynəlxalq sənədlərin tələblərini kobud şəkildə pozub, bir çox hərbi cinayətə imza atıb. Bunun bariz nümunəsi kimi 1992-ci il fevralın 26-na keçən gecə törədilmiş Xocalı sıyqırımını göstərmək olar. Həmin gecə Ermənistan ordusu tərəfindən 613 mülki azərbaycanlı amansızlıqla qətlə yetirilib. Bu, münaqişənin ən faciəvi hadisəsidir.

Məqalədə “Artsax respublikası” ifadəsi işlənib. Halbuki, bu adda yer və ya qurum mövcud deyil. Qeyd etdiyiniz bu “respublika” Ermənistanın özü daxil olmaqla, dünyanın heç bir dövləti tərəfindən tanınmır. Bu, sadəcə olaraq, Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi hərbi təcavüzün maskalanması məqsədilə Yerevan tərəfindən uydurulmuş qondarma rejimdir. Nəzərinizə çatdırıram ki, işğal olunmuş bu ərazidə keçirilmiş bütün “seçkilər” beynəlxalq ictimaiyyət, o cümlədən müvafiq beynəlxalq təşkilatlar tərəfindən qeyri-qanuni elan edilib, sərt tənqid olunub. Odur ki, müəllifin haqqında bəhs etdiyi “seçkilər”, “referendumlar” və ya hansısa “siyasi partiyalar” oxucularda çaşqınlıq yaradır.

İllərdir bitmək bilməyən bu münaqişəyə baxmayaraq, Azərbaycan xüsusilə son illərdə sosial-iqtisadi inkişaf baxımından olduqca əhəmiyyətli nəticələr əldə edib, eyni zamanda, bütünlükdə bölgənin inkişafına, inteqrasiyasına və rifahına töhfə olan strateji nəqliyyat və enerji layihələri həyata keçirib. Ermənistan isə əksinə, qonşu dövlətlərə qarşı apardığı düşmənçilik siyasəti və Azərbaycana qarşı həyata keçirdiyi hərbi təcavüz üzündən bütün bu strateji layihələrdən kənarda qalıb. Məhz bunun nəticəsi olaraq bu gün o, yoxsulluq içərisindədir. Daha yaxşı həyat axtarışında olan Ermənistan vətəndaşlarının ölkəni kütləvi şəkildə tərk etməsi nəticəsində orada əhalinin sayı kəskin şəkildə azalmaqdadır.

Bu arada, Ermənistanda ciddi sosial-iqtisadi vəziyyət üzündən baş qaldırmış etiraz dalğası nəticəsində hakimiyyətə gəlmiş yeni siyasi rəhbərlik də Qarabağ problemilə bağlı beynəlxalq ictimaiyyəti təəccübləndirəcək ziddiyyətli bəyanatlar verir. Halbuki, beynəlxalq birlik ondan sülh prosesinə ciddi təhlükə olan əvvəlki hakimiyyətdən fərqli olaraq, bu istiqamətdə müsbət addımlar gözləyirdi.

Amma Ermənistan hakimiyyətinin ölkədəki ciddi sosial-iqtisadi problemləri həll etməsinin yolu ilk növbədə, Azərbaycanla razılığa gəlinməsindən keçir. Bunun üçün isə Ermənistan ordusu işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmalıdır. Çünki sülhün əldə olunmasına əsas maneə məhz işğalçı qoşunlardır. Bu qoşunlar geri çəkilmədən, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində suverenliyi, ərazi bütövlüyü təmin olunmadan, eyni zamanda, bölgədə münaqişədən əvvəlki demoqrafik vəziyyət bərpa olunmadan (yəni, azərbaycanlı qaçqın və məcburi köçkünlər öz dədə-baba yurdlarına qayıtmadan) problem çözülə bilməz.

Sadalanan bu tələblərin hər biri beynəlxalq təşkilatların çoxsaylı sənədlərinə, o cümlədən BMT Təhlükəsizlik Şurasının qətnamələrinə, beynəlxalq hüquqa və Helsinki Yekun Aktına tam uyğundur.

Ümid edirik ki, artıq oxucularınıza hər şey aydındır. Əlavə məlumata ehtiyac olarsa, biz buna da hər zaman hazırıq.

Hörmətlə,

Məmməd Əhmədzadə

Səfir

(İtalyan dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: Il Caffè Geopolitico

 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2020, WorldMedia.az