Müəlif: Andrey Lyakin
Azərbaycan Mərkəzi Seçki Komissiyası parlament seçkisinin ilkin nəticələrini açıqlayıb. Artıq bülletenlərin 100%-i hesablanıb və hakim partiya rəqiblərini böyük fərqlə üstələyir.
Bu alqışlar o deməkdir ki, seçki məntəqəsi işini başa vurub. Bülletenlərin atıldığı şəffaf qutuar açılır və səslərin sayılması başlanır. Gün ərzində səsvermənin gedişini izləmiş onlarla yerli və xarici müşahidəçi də qutunun ətrafına toplaşır. Bu, Azərbaycanın tarixində ilk növbədənkənar parlament seçkisi idi.
Leonid Kalaşnikov (Rusiya Dövlət Dumasının deputatı, MDB müşahidə missiyasının üzvü: “Eşitdiyim yeganə şikayət havanın pis olması ilə bağlı idi. Başqa heç bir pozuntu və ağıla gələ biləcək hansısa müdaxilə doğrudan da olmadı”.
Seçicilərin 48%-i məntəqələrə gəlmişdi. İlkin məlumata görə, ötən parlamentdə olduğu kimi, bu dəfə də parlamentdə çoxluğu hakim Yeni Azərbaycan Partiyası qazanıb. Bu, hökumətin son illər gördüyü işə verilən qiymətdir.
Tural Qorçuyev (yerli sakin): “İqtisadi artım 2003-2004-cü illərdən başlayıb. Bu gün ölkədə turizm inkişaf edir, pensiya və maaşlar artırılır, kəndlərə qaz və yol çəkilir. Görünür ki, inkişaf edən təkcə Bakı deyil”.
Hakim partiyanın rəhbərlərindən biri isə rəqəmləri bölüşür.
Əli Əhmədov (YAP sədrinin müavini): “İlham Əliyevin rəhbərliyi illərində ölkədə iqtisadiyyat 3,4 dəfə, əmək haqqı hardasa 16 dəfə artıb. Diqqət edin, 16% yox, 16 dəfə!”.
Lakin ölkə rəhbərliyi hesab edir ki, indiyədək mövcud olmuş idarəetmə strukturu ilə artım potensialı tükənib. Bu səbəbdən Azərbaycana dərin dəyişikliklər lazımdır. Artıq dövlət aparatında və vergi sistemində islahat aparılıb, təhsil və səhiyyədə yeniliklər hazırlanır. Yeni vəzifələrin icrası üçün isə siyasətə yeni simalar gəlməlidir. Məhz bu üzdən parlamentdəki çoxluq noyabrı gözləmədən, növbədənkənar seçki elan etmək qərarına gəldi.
Parlamentdəki 125 yerə 1314 namizəd iddia edirdi. Bu isə bir yerə hardasa 11 nəfərin iddia etməsi deməkdir. Deputat mandatı uğrunda mübarizəyə ölkədə fəaliyyət göstərən 20-dən çox siyasi partiyanın əksəriyyəti qoşulmuşdu.
Asim Mollazadə (Demokratik İslahatlar Partiyasının sədri: “Hesab edirəm ki, biz bu islahatları gecikdirmişik. Hakim partiya islahatlara hazır deyildi. Lakin digər müxalifət partiyalarından olan həmkarlarımla mənim fərqim ondadır ki, mən inqilabların əleyhinəyəm”.
Az qala bütün yerli politoloqlar hesab edir ki, Rusiya ilə ənənəvi mehrban qonşuluq münasibətlərinin əleyhinə olan heç bir siyasi qüvvə Azərbaycan parlamentinə keçə bilməz.
Nigar Arpadarai (deputatlığa bitərəf namizəd): “Gördüyünüz kimi, mən rus dilində danışıram. Bizdə insanlar rus dilini bilir, mərkəzdə əhalinin əksəriyyəti rusdillidir. Bizdə rus məktəbləri, rus sektoru var, insanlar övladlarını rus sektoruna göndərir. Hesab edirəm ki, belə də davam edəcək”.
Müasir Bakı sürətlə inkişaf edir, genişlənir və böyüyür. Bütün Azərbaycanda olduğu kimi, paytaxtı da dəyişikliklər gözləyir. Bu zaman aşağıların istəyi yuxarıların imkanları ilə üst-üstə düşür. Seçkinin ilkin nəticələri də bundan xəbər verir.
(Rus dilindən tərcümə - WorldMedia.Az)