06.04.2020 02:49
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Azərbaycanlı millət vəkili Türkiyədə taksi sürücüsünün qurbanı oldu!
 
05.04.2020
SABAH, Türkiyə
 

  FOTOREPORTAJ| Bakı: Təbrizlə qardaşlaşmış gözəl şəhər
 
04.04.2020
Aznews.TV, İran
 

  FOTOREPORTAJ| Azərbaycan koronavirus təşvişindən necə yayındı – Ukrayna üçün dərs
 
02.04.2020
LB.ua, Ukrayna
 

  Səfir: “İnformasiya-kommunikasiya texnologiyaları Azərbaycanda inkişafın aparıcı qüvvəsidir”
 
02.04.2020
OUTSOURCING JOURNAL, Almaniya
 

  “Çin hökuməti və xalqı epidemiya ilə mübarizədəki köməyimizi unutmayıb”
 
01.04.2020
China.com.cn, Çin
 

 
 
FOTO| Azərbaycanlı müharibə qurbanının əzablı taleyi

 
 



Bernama.com, Malayziya
24.02.2020


Müəllif: R.Raviçandran

Dağlıq Qarabağı işğal edən qüvvələr Dürdanə Ağayevanı girov götürmüşdülər. Bu gün 48 yaşında olan Ağayeva 8 gün girov saxlanılıb. Özü isə deyir ki, girovluqda sabki 8 deyil, 80 gündən də çox qalıb...

Dürdanə Ağayeva Xocalı qətliamından qaçmağa çalışarkən girov götürülüb. Polis məntəqəsində döyülüb, müxtəlif işgəncələrə məruz qalıb. Xocalıda anadan olmuş Dürdanənin faciənin baş verdiyi gün – 1992-ci ilin fevralında cəmi 20 yaşı var idi. O, Xocalı Şəhər Rabitə Qovşağında operator imiş. Bir çox gənc kimi, onun da zəngin arzuları olub. Məsələn, ali təhsil təhsil almaq və s. Lakin müharibənin başlaması ilə bu arzular darmadağın olub. Ailənin böyük övladı olan Dürdanənin 3 qardaşı var. Onun atası 1986-cı ildə, anası isə 2017-ci ildə vəfat edib.

Azərbaycanın Malayziyadakı səfiri Qaley Allahverdiyevin “Bernama.com”a bildirdiyinə görə, Dağlıq Qarabağ regionunda yerləşən kiçik şəhər Xocalıda 1992-ci ilin fevralında baş vermiş faciə nəticəsində 106-sı qadın, 63-ü uşaq və 70-i yaşlı olmaqla, 613 azərbaycanlı dinc sakin qətlə yetirilib. Diplomat deyir ki, həmin qanlı gecədə 1275 nəfər girov götürülüb, 150 nəfər itkin düşüb. Səfirin sözlərinə görə, Azərbaycan hökuməti bu faciənin beynəlxalq birlik tərəfindən soyqırım kimi tanınmasına çalışır. O, Ermənistanın işğalı nəticəsində bir milyondan çox azərbaycanlının qaçqın və məcburi köçkünə çevrildiyini də söyləyib.

Keçmişin acı xatirələri digər müharibə qurbanları kimi, Ağayevanı da daim izləyir... 1992-ci ilin fevralında Dürdanə 70-80 nəfərlə birlikdə (ailəsi daxil olmaqla, gənclər, yaşlılar, uşaqlar, qadınlar) təhlükəsiz yer axtararaq, meşəyə qaçmışdı. Lakin sən demə, onların faciəsi elə orada imiş. Sağ ayağından yaralanan Dürdanəni girov götürüblər.

Dürdanə Ağayeva “Bernama.com”a eksklüziv müsahibəsində bildirib ki, həmin vaxt 19 yaşlı qardaşı da yaralanıb və girov götürülüb. Onlar təhlükəsiz bölgəyə çata bilmiş digər qardaşları, anası və nənəsindən ayrı düşüblərmiş.

“Hər kəs Xocalıdan qaçmağa çalışırdı... Atəş başladı və az sonra digər ailə üzvlərimizi itirdik. Onlardan ayrı düşdük. Hər tərəf yaralı insanla dolu idi”, - deyə Dürdanə Ağayeva vurğulayır: “Həmin gecə çox qaranlıq, uzun və soyuq idi. Polis məntəqəsinə 3 kilometrlik yol var idi. Yolu ağrı içində getməyə məcbur idik. Qarlı və çox sərt qış gecəsi idi... Hər kəs ağlayır, yalvarırdı. Hətta su istəməyə belə, qorxurduq. Hər an işgəncəyə məruz qalacağımızdan narahat idik. Başıma nələrin gələcəyindən xəbərim yox imiş. O anda ağlıma gələn ilk şey ölüm idi. Polis məntəqəsinə səhər tezdən çatdıq”.

Həmsöhbətimiz nələrdən keçdiyini danışarkən, yaşadığı travma və ağrıları yada salarkən göz yaşlarını saxlaya bilmir. Dürdanə ilə qardaşı girovluqda 8 gün qalıblar. Sonda onlar erməni hərbçilərlə dəyişdiriliblər. O zaman Dürdanə erməni əsirlə dəyişdirilməsinə bir şərtlə razılıq veribmiş: qardaşı da dəyişdirilsin!

Dürdanə bu ağır günlərdən sonra depressiyaya düşüb və nəticədə uzun-uzadı müalicələr almalı olub.

1998-ci ildə Bakıda ailə qurmuş Dürdanə gələcək həyat yoldaşı ilə iş yerində tanış olub. 2002-ci ildə onların qızı dünyaya gəlib. 17 yaşlı qız bu gün orta məktəbdə oxuyur. D.Ağayevanın özü isə rabitə sahəsində çalışır. O, Azərbaycan hökumətinin dəstəyi ilə məcburi köçkünlər üçün tikilmiş yaşayış kompleksində məskunlaşıb.

“O hadisələrdən sonra bütün arzularım məhv olmuşdu. Məsələn, ailə qurmaq, ailəyə sahib olmaq kimi arzum qalmamışdı. Bu, gələcək həyat yoldaşımla tanış olduğum anadək davam etdi... Artıq görüşürdük və hər dəfə ona bu hekayəmi danışırdım. O, bu haqda danışdığım ilk insan idi və məni olduğum kimi qəbul etdi, dəstəklədi, mənə mənəvi dayaq oldu. Nəhayət, tunelin sonunda işığı görünürdü...”, - deyə Ağayeva bildirir.

Dürdanənin sözlərinə görə, həyat yoldaşı ona başına gələnləri insanlara danışmasını tövsiye edibmiş: “Deyirdi ki, bu zaman yaralarının sağaldığını hiss edirsənsə, danış. Nəticədə sonra “Erməni zindanında 8 gün” adlı kitab belə, yazdım. Dərdi bölüşmək insanın sağladır”. Dürdanənin həyat yoldaşı 3 il əvvəl vəfat edib.

Bu gün D.Ağayeva müharibəsiz, münaqişəsiz dövr, sülh arzulayır. Hesab edir ki, hər şeyin açarı məhz sülhdür: “Dəhşətli müharibənin hansı bəlalar gətirdiyini görmüşəm. Odur ki, hər an sülh üçün dua edirəm. Heç bir uşağın, qadının mənim taleyimi yaşamasını istəmirəm. Bizim dinimiz olan İslam da sülh dinidir”.

Ağayeva ermənilərlə azərbaycanlıların müharibədən əvvəl sülh şəraitində birgə yaşadığı dövrü də yaxşı xatırlayır: “İşğalın başa çatacağına, məcburi köçkünlərin Xocalıya, işğal altında olan digər ərazilərimizə qayıdacağına ümid edirəm. Həmin torpaqlarda güllərə yenidən toxunmağı, doğma diyarlardakı yaz fəslini yenidən hiss etməyi, gözəl kəndimizi, şəhərimizi görməyi arzulayıram”. Göz yaşanı saxlaya bilməyən Dürdanə belə günlərin həsrətindədir.

Yeri gəlmişkən, həmsöhbətimiz ABŞ, Türkiyə, Rusiya, İtaliya və İranda olub, öz hekayəsini orada da danışıb, bununla da mesajını dünyaya çatdırmağa çalışıb. Onun “Erməni zindanında 8 gün” kitabı 2016-cı ildə 4 dildə nəşr olunub: Azərbaycan, türk, rus və ingilis dillərində. Halbuki, əvvəlcə o, kitab yazmaq istəmirmiş – Dürdanə başına gələnlər yalnız qızına danışmağı düşünürmüş: “Lakin ətrafımda olan insanlar müharibədən sağ çıxmış şəxs kimi, kitab yazmalı olduğumu deyirdilər. Sonda başıma gələnləri bütün dünyaya danışmaq məsuliyyəti hiss etməyə başladım”.

Bu arada, Dürdanə Ağayeva Azərbaycana göstərdiyi dəstəyə görə, Malayziya dövlətinə və xalqına minnətdardır. O, bir gün Malayziyaya səfər edəcəyinə, yaşadıqlarını burada da danışacağına ümidlidir: “Bu, müharibə idi və məni girov götürmüş insanlara düşmən kimi yanaşırdım. Lakib işgəncələrə məruz qalmış şəxs kimi, onların, yaxud ailə üzvlərinin mənim yaşadıqlarımla qarşılaşmasını istəməzdim”.

Ermənistanla Azərbaycan arasında münaqişə 1988-ci ildə, yəni Sovet İttifaqının dağılmasından 3 il əvvəl başlayıb. Ermənistanın Azəbaycan ərazilərinə iddiası 1992-ci ildə iki postsovet ölkəsi arasında müharibəyə səbəb olub. Nəticədə Ermənistan Dağlıq Qarabağ və ona bitişik 7 rayon daxil olmaqla, Azərbaycan ərazisinin 20%-ni işğal edib. Malayziya, həmçinin beynəlxalq qurumlar Dağlıq Qarabağ regionunu və ona bitişik 7 rayonu bu gün də Azərbaycanın suveren ərazisi kimi tanıyır.

(İngilis dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: Bernama.com

 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2020, WorldMedia.az