06.04.2020 03:56
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Azərbaycanlı millət vəkili Türkiyədə taksi sürücüsünün qurbanı oldu!
 
05.04.2020
SABAH, Türkiyə
 

  FOTOREPORTAJ| Bakı: Təbrizlə qardaşlaşmış gözəl şəhər
 
04.04.2020
Aznews.TV, İran
 

  FOTOREPORTAJ| Azərbaycan koronavirus təşvişindən necə yayındı – Ukrayna üçün dərs
 
02.04.2020
LB.ua, Ukrayna
 

  Səfir: “İnformasiya-kommunikasiya texnologiyaları Azərbaycanda inkişafın aparıcı qüvvəsidir”
 
02.04.2020
OUTSOURCING JOURNAL, Almaniya
 

  “Çin hökuməti və xalqı epidemiya ilə mübarizədəki köməyimizi unutmayıb”
 
01.04.2020
China.com.cn, Çin
 

 
 
Xocalı – sağalmaz yara

 
 



Arqumentı nedeli, Rusiya
26.02.2020


Müəllif: Sergey Nikitin

Bir çox xalqın yaralı yerləri” var. Bu ağrılar adətən çox sayda insanın zorakılıqla qətlə yetirilməsilə bağlıdır. Yəhudilərdə Babi Yar, belaruslarda Xatın, çinlilərdə Nankin, yaponlarda Hirosima. Azərbaycanlıların da belə “yaralı yeri” var. Onun adı Xocalıdır!

Qonşular arasında münaqişə adi haldır. Bu, həm ayrı-ayrı insanlara, həm də bütöv xalqlara aiddir. Onlar arasında həmişə illərlə yığılmış gərginlik tapmaq mümkündür. Bəzən bu gərginliklər hətta yüz illərlə yığılır. Ya axmaqlıqdan, ya qatı nifrətdən, ya da bəd niyyətdən sovet hakimiyyəti əsrlərlə formalaşmış düzəni kəsib-doğrayırdı. Bütöv xalqlar köçürülür, başqalarının torpaqlarında yerləşdirilirdi. Milli respublikaların sərhədləri əsrlər boyu mövcud olmuş məskunlaşma hüdudları ilə deyil, hansısa cari maraqlara uyğun salınırdı. Bütöv rayonlar, şəhərlər, hətta vilayətlər belə, “qeydiyyat ünvanı”nı dəyişirdi. Nə qədər ki, Sovetlər Birliyi “xalqlar dostluğu”nu möhkəm qoruyurdu, bütün baş verənlər gizli saxlanılırdı. Elə ki, bolşeviklərin gücü zəiflədi, bütün bu yaralar qanamağa başladı. Bir yerdə az, başqa yerdə çox qan axdı…

Ən qanlı yaralardan biri də Ermənistanla Azərbaycan arasında yarandı. Dağlıq Qarabağ xalqların döyüş meydanına çevrildi. Biz bu münaqişənin əsrlərə gedib çıxan tarixinə varayacağıq. Lakin istənilən davada, istənilən müharibədə elə şeylər var ki, onlar yolverilməzdir. Bu hadisələr heç vaxt unudulmamalı və heç vaxt təkrarlanmamalıdır!  

Dediklərimiz 1992-ci ilin fevralında baş verib. Xocalı Dağlıq Qarabağda yerləşən balaca bir qəsəbə idi. 90-cı illərin əvvəlində ona şəhər statusu verilmişdi. Burada 6 mindən bir qədər artıq insan yaşayırdı. Dağlıq Qarabağda Ermənistan-Azərbaycan münaqişəsi başlayana qədər şəhər əhalisinin əksəriyyətini azərbaycanlılar təşkil edirdi.

Ağdam-Şuşa və Əsgəran-Xankəndi kimi strateji vacib yollar buradan keçirdi. Qarabağdakı yeganə böyük aeroport da burada yerləşirdi. Əhalisinin çox hissəsi ermənilərdən ibarət olan qiyamçı Stepanakert (Xankəndi – WM) şəhəri Xocalının on kilometrliyində idi.

Bir sözlə, Xocalı ermənilərin arxa cəbhəsində qalmışdı. Şəhər az qala yarım il idi ki, blokadada saxlanılırdı. Nə elekrik enerjsi, nə su, nə də istilk. Hətta telefon rabitəsi belə, kəsilmişdi. Lakin ermənilər hesab edirdi ki, blokada şəraitində yaşayan Xocalı belə, Stepanakertə təhlükə yaradır. Arxa cəbhələrində belə bir təhlükənin olmasını ermənilər həzm edə bilməzdi. Lakin baş verənlərə hətta hərbi zərurət də bəraət qazandıra bilməz!

Erməni mənbələri yazır ki, Xocalıya hücum olacağı barədə bir ay əvvəl xəbərdarıq edilibmiş. Erməni tərəfi iddia edir ki, mülki şəxslərin şəhəri tərk etməsi üçün nəzarətdə olan humanitar dəhliz də var imiş. Lakin şəhərdən çox az adam çıxmışdı. Belədirsə, nə üçün onların hamısı şəhəri tərk etməmişdi? Öz evlərini tək etmək istəmrdilər, yoxsa bunun nə ilə nəticələnəcəyini təsəvür etmirdilər? Yoxsa dəhlizin özü onlarda etimad doğurmurdu? Bəlkə dəhliz ümumiyyətlə mövcud deyildi? Belə asan yol var idisə, nə üçün azərbaycanlılar Xocalı sakinlərini vertolyotlarla xilas edirdilər? Hava yolu ilə cəmi 300 nəfər çıxarılmışdı, lakin faciədən iki həftə əvvəl vertolyotlar da uçuşları dayandırmışdı, çünki onlara atəş açılırdı. Kim bilir nə baş verirdi… İstənilən halda hücum başlayanda şəhərdə təkcə əsgərlər və özünümüdafiə dəstəsinin üzvləri deyil, həm də bir neçə min mülki əhali – uşaqlar, qadınlar, qocalar var idi.

Fevralın 26-na keçən gecə şəhər intensiv atəşə tutulur, az sonra Xocalıya hücum başlayır. Gecə saat 3-də sağ qalmış Xocalı sakinləri çayqırağı “sərbəst dəhliz”lə xilas olmağa çaşır…

Faciəyə dəqiq nəyin səbəb olduğunu demək çox çətindir – qaranlıqmı, qaçqınların arasında şəhərin müdafiəsinə qalxmış əlisilahlı insanların olmasımı, yaxud başqa nəsə. Hər halda, qaçan insanlar çox şiddətli atəşə məruz qalır. Onlar təşviş içərisində özlərini buzlu suya atır, əyinlərində isti paltar olmadan qarlı dağlara üz tutur. Onların bir çoxu aldıqları yaralardan, donvurmadan dünyasını dəyişir.

Müxtəlif hesablamalara görə, o məşum gecədə 500-600 insan hücumdan qaçarkən qətlə yetirilib, aldıqları yaralardan ölüb və ya dağlarda donub. Onların arasında ən azı 106 qadın, 70 qoca və 63 uşaq var. Daha 500 nəfər yaralanıb, 150 nəfər isə itkin düşüb.

Doğrudan da cavabdan çox sual var. Məsələn, Xocalının Stepanakert üçün yaratdığı potensial təhlükə dinc sakinlərin yaşadığı şəhərin ağır silahlardan şiddətli atəşə tutulmasına əsas verirdimi?

Erməni tərəfi iddia etdiyi kimi, hücum barədə bir ay əvvəl xəbərdarlıq etmişdisə, nə üçün Xocalı sakinlərinin əksəriyyəti şəhəri tərk etməmişdi? Atəş əmrini kim vermişdi?

Suallar, suallar, suallar…

Tarixə “Xocalı qətliamı” kimi düşmüş faciədən dərhal sonra əraziyə xeyli sayda jurnalist baş çəkib. Onların gördüklərini təsəvvür etmək belə, qorxuludur. Lakin lazımdır. Lazıdır ki, unudulmasın!

“Vertolyotun dəyirmi pəncərəsindən baxıram və inana bilməyəcəyimiz dərəcədə dəhşətli mənzərədən diksinirəm. Dağın ətəyindəki sarı otun üstündə, əriməkdə olan qar topalarının arasında meyitlər görünür. Üfüqədək uzanan bütün bu nəhəng meydan boyu qadın, qoca, südəmər körpədən tutmuş, yeniyetməyədək bütün yaşardan olan oğlan və qız meyitləri səpələnib…”.

Yeri Romanov, teleoperator, Rusiya.

“Fevralın 26-da mən Stepanakertdən yaralıları çıxararaq Əsgəran qapısından geri qayıdırdım. Gözüm yerdə olan əlvan ləkələrə sataşdı. Aşağı endim və bu zaman bortmexanikimiz qaşqırdı: “Ora baxın, qadınlar və uşaqlardır!” İki yüzə yaxın öldürülmüş insanın ətəkdə səpələndiyini artıq özüm də görürdüm. Sonra biz həmin meyitləri götürmək üçün oraya uçuşlar etdik. Yanımızda yerli milis kapitanı var idi. O, orada özünün başı əzilmiş dörd yaşlı oğlunu gördü və havalandı. Hər yan eybəcər hala salınmış qadın, uşaq və qocaların meyitləri idi”.

Vertolyot pilotu, mayor Leonid Kravets.

“Çərşənbə axşamı Ağdama gəldikdə qəbristanlıqların birində 75 yeni qazılmış məzar və məsçiddə dörd tanınmaz hala salınmış meyit gördüm. Dəmir yolundakı vaqonlarda yaradılmış səyyar hospitalında isə güllə yaraları almış qadın və uşaqlarla rastlaşdım”.

Helen Uomak, Britaniyanın “The Independent” qəzetinin müxbiri.

Xocalı faciəsi keçmiş SSRİ ərazisindəki münaqişələrin ən qanlı səhifəsi kimi, azərbaycanlıların qəlbində əbədi iz buraxıb. Nə bunadək, nə də sonra heç bir münaqişə zamanı bir gündə bu qədər dinc insan öldürülməyib. Ən dəhşətlisi isə odur ki, Xocalıda baş verənlər kövrək də olsa, sülh yaratmaq cəhdlərinin qarşısına keçilməz maneə kimi duran faciələrdəndir. Nə zamansa siyasətçilər dil tapa bilsə belə, adi insanar bu dəhşəti yaddaşlarından çətin ki silə bilsin. Tarixin belə səhifələri onilliklər deyil, yüzilliklər sonra da qonşunun əlini sıxmağa mane olur.

Xocalı faciəsinin qurbanları unudulmayıb. Bakıda, Lənkəranda, Haaqada, Berlində, Sarayevoda, Ankarada, Mexikoda faciə qurbanlarına abidələr ucaldılıb. Həlak olanlar həl il Azərbaycanda izdihamlı mitinqlərlə yad edilir.

Lakin yad etmək təkcə unutmamaq üçün deyil, həm də belə faciələrin təkrarlanmaması üçün lazımdır.

(Rus dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: Arqumentı nedeli

 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2020, WorldMedia.az