06.04.2020 03:16
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Azərbaycanlı millət vəkili Türkiyədə taksi sürücüsünün qurbanı oldu!
 
05.04.2020
SABAH, Türkiyə
 

  FOTOREPORTAJ| Bakı: Təbrizlə qardaşlaşmış gözəl şəhər
 
04.04.2020
Aznews.TV, İran
 

  FOTOREPORTAJ| Azərbaycan koronavirus təşvişindən necə yayındı – Ukrayna üçün dərs
 
02.04.2020
LB.ua, Ukrayna
 

  Səfir: “İnformasiya-kommunikasiya texnologiyaları Azərbaycanda inkişafın aparıcı qüvvəsidir”
 
02.04.2020
OUTSOURCING JOURNAL, Almaniya
 

  “Çin hökuməti və xalqı epidemiya ilə mübarizədəki köməyimizi unutmayıb”
 
01.04.2020
China.com.cn, Çin
 

 
 
Prezident Ərdoğan: “Qarabağ Azərbaycanın olduğu qədər bizim də problemimizdir”

 
 



Anadolu Ajansı, Türkiyə
26.02.2020


Prezident Ərdoğan: “Qarabağ Azərbaycanın olduğu qədər bizim də problemimizdir. Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın suverenliyi və ərazi bütövlüyü çərçivəsində həlli ən böyük arzumuzdur”.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Azərbaycanın dövlət başçısı İlham Əliyev Bakıda təkbətək görüşdən, daha sonra Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının sədrlik etdikləri VIII iclasından sonra mətbuata bəyanatla çıxış ediblər.

Bakıda olmaqdan böyük məmnunluq duyduğunu deyən Ərdoğan deyib ki, istər ikitərəfli, istərsə də nümayəndə heyətlərinin iştirakı ilə keçirilmiş görüşlərdə gələcəklə bağlı çox önəmli məsələlər müzakirə olunub. O, Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının VIII toplantısını irəli atılmış addım kimi qiymətləndirib və bundan məmnunluğunu ifadə edib: “Nazirlərimiz öz aralarında görüşlər keçirdilər. Biz isə təkbətək görüşümüzdə ətraflı müzakirələr apardıq. Onsuz da Türkiyə ilə Azərbaycan arasında siyasi, hərbi, iqtisadi, ticari, mədəni – bütün bu sahələrdə həmişə həmrəylik olub. Aramızda bu istiqamətlərdə hər hansı sıxıntı müzakirə mövzusu ola bilməz. Əməkdaşlıq Şurasında sadəcə, məsələləri bir daha müzakirə edir, hansı çatışmazlıqların olduğunu, gələcəkdə necə hərəkət etməli olduğumuzu götür-qoy edirik”.

İki ölkə arasında siyasi həmrəyliyin ən yüksək səviyyədə davam etdiyini vurğulayan Ərdoğan bildirib ki, əslində, nazirlər bu həmrəyliyi hər addımda nümayiş etdirirlər. “Bu həmrəylik beynəlxalq qurumlarda da özünü göstərir”, - deyə o, qeyd edib.

R.T.Ərdoğan bildirib ki, prezident İlham Əliyevin uzaqgörən liderliyi ilə Azərbaycanın regional rifaha, sabitliyə necə töhfələr verdiyini təqdirlə müşahidə edirlər. O, Azərbaycanda fevralın 9-da keçirilmiş parlament seçkisinin qardaş ölkə üçün xeyirli olmasını da diləyib.

Azərbaycanın uğurları ilə fəxr etdiklərini söyləyən prezident Ərdoğan fikrini belə davam etdirib: “Bu uğurlara bunda sonra da yeni nailiyyətlərin əlavə olunacağına heç bir şübhəmiz yoxdur. Düşünürəm ki, 20 il əvvəlki Azərbaycanla bugünkü Azərbaycanı müqayisə etmək mümkün deyil. Bu gün tamamilə başqa bir Azərbaycan göz önündədir. İnfrastrukturu, quruculuğu ilə daim inkişaf edən, dəyişən bir Azərbaycan var”. O, hesab edir ki, bütün bunlar, Azərbaycan iqtisadiyyatının inkişafı ölkədə aparılan islahatlar prosesinin nə qədər doğru olduğunu bur daha sübut edir: “Qeyri-neft sektorunun 3%, bu sektorda ixracın 14% artması təsadüf deyil”. Azərbaycanın sürətli inkişafı davam etdirəcəyinə inandığını vurğulayan prezident Əməkdaşlıq Şuranın iclasında bütün sahələrdə əlaqələrin inkişaf yollarının müzakirə edildiyini söyləyib. Onun sözlərinə görə, tərəflər arasında imzalanmış memorandum və protokollarla bağlı müvafiq nazirliklər lazımi işləri görəcək: “Bunların arasında ən önəmlisi, əlbəttə ki, preferensial ticarət sazişidir ki, bu da işin iqtisadi tərəfini təşkil edir. Amma bundan başqa, siyasi sahədə xüsusilə önəmli addım Naxçıvanla Türkiyə arasındakı dəmir yolu məsələsidir. Bu, Naxçıvanın inkişafı baxımından çox önəmlidir. Digər bir önəmli addım isə Naxçıvanda sərhədə qədər, eyni qaydada, İğdırdan da sərhədə qədər təbii qaz kəmərinin çəkilməsidir. Beləliklə, təxminən 160 kilometrlik kəmərin çəkilməsi ilə Naxçıvan təbii qazla bağlı daha əlverişli imkan əldə edəcək. Yəni, həm İrandan, həm də Türkiyədən dəstək almaqla, daha güclü bir vəziyyətə gələcək. Mən bunu enerji sahəsində həqiqətən çox önəmli hadisə hesab edirəm. Bunun da xeyirli olmasını diləyirik”.

Nazirlərə bu məsələ ilə əlaqədar da tapşırıqların verildiyini, nəticədə dərhal infrastrukturun yaradılması işlərinə başlanacağını söyləyən R.T.Ərdoğan deyib: “İnşallah, işlər sürətlə başa çatdırılacaq və qısa müddətdə təbii qaz nəqlinə başlanacaq. Nəqliyyat sahəsində də eyni şəkildə. Dəmir yolu ilə bağlı infrastruktur işlərinə başlanacaq və təbii ki, qısa müddətdə işlər tamamlanacaq”.

Prezident Ərdoğan çıxışında ötən ilin noyabrında TANAP-ın Avropaya birləşən hissəsinin açılışını etdiklərini də xatırladıb: “2019-cu ildə ticarət dövriyyəmiz təxminən 4,5 milyard dollar olub. Bu rəqəmi 2023-cü ildə, İnşallah, 15 milyard dollara çatdıracağıq. Hədəfimiz budur. Bu gün imzalanan preferensial ticarət sazişi bu sahədə bizim üçün böyük önəm kəsb edir. Gömrükdən kənd təsərrüfatına, enerjidən nəqliyyata, texnologiyadan turizmə qədər hər sahədə əməkdaşlığımızı dərinləşdirəcəyik. Bundan başqa, rəqəmsal dövlət xidmətləri sahəsində, sərmayə bazarında, maliyyə sektorunda da yeni əməkdaşlıq imkanlarını araşdıracağıq”.

“FETÖ ilə mübarizəyə ən çox dəstəyi Azərbaycan verdi”

Azərbaycan ilə Türkiyə arasındakı həmrəyliyinin terrorla mübarizədə də davam etdiyini vurğulayan Ərdoğan deyib: “251 insanımızı şəhid etmiş FETÖ təşkilatı ilə mübarizədə bizə ən çox dəstək verən ölkə Azərbaycan olub. Yanvarın 24-də Elazığda baş vermiş zəlzələdən sonra da Azərbaycanın dəstəyini hiss etdik. Kədərimizi bölüşdükləri və həmrəylik göstərdikləri üçün azərbaycanlı qardaşlarıma ölkəm və millətim adından təşəkkür edirəm. Dörd tərəfimizdə münaqişələr, terror və asayiş problemlərinin yaşandığı vaxtda Türkiyə ilə Azərbaycan bir sabitlik abidəsi kimi yüksəlir. Şübhəsiz ki, buna görə sarsılmaz əlaqələrimiz qədər, güclü ordularımıza da borcluyuq. Bu mənada istər ordularımızın həmrəyliyi, istərsə də müdafiə sənayesi sahəsində atdığımız addımlar da gələcəkdə müstəqilliyimizin ən böyük təminatı olacaq. Müdafiə sənayesi sahəsindəki əməkdaşlığımızı inkişaf etdirməyimiz bu baxımdan böyük önəm daşıyır. “Sülh çeşməsi” əməliyyatında Azərbaycan hökuməti və xalqı ilə bir millət, iki dövlət olduğumuzu bir daha dünyaya göstərmişdik.”

Azərbaycanlı şair Bəxtiyar Vahabzadənin Qarabağa “Anam” dediyini xatırladan Ərdoğan bildirub ki, Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın olduğu qədər, Türkiyənin də problemidir. “Dağlıq Qarabağ probleminin Azərbaycanın suverenliyi və ərazi bütövlüyü çərçivəsində həll edilməsi ən böyük arzumuzdur”, - deyə Türkiyə prezidenti qeyd edib: “Minsk qrupunun bu məsələdə səmimi davranmadığını təəssüflə açıq şəkildə ifadə edirəm. Çünki təxminən 25 il vaxt itirilib. Niyə heç bir nəticə yoxdur? Təbii ki, bunun üzərində də dayanmaq lazımdır”, - deyə Ərdoğan qeyd edib.

Ərdoğan sabah Xocalı qətliamının 28-ci ildönümünü yad edəcəklərini də xatırladıb (yazı fevralın 25-də dərc olunub - WM). O, Xocalıda məsum, yaşlı, qadın, uşaq demədən bəşəriyyətin gözü qarşısında XX əsrin ən böyük vəhşətlərindən birinin törədildiyini söyləyib: “Xocalıda 106-sı qadın, 63-ü uşaq olmaqla, 613 soydaşımız xüsusi amansızlıqla qətlə yetirilib. Tarixə “qara gecə” kimi düşmüş Xocalı qətliamını unutmadıq, unutmayacağıq! Azərbaycanlı qardaşlarımın, qarabağlı köçkünlərin də Xocalını ürəklərində sağalmaz yara kimi daşıdıqlarını bilirəm”.

Xocalı qətliamını 28-ci ildönümündə bir daha lənətləyən Ərdoğan deyib: “Dünən erməni tərəfindən açılan atəş nəticəsində şəhid olmuş İbrahim qardaşımıza Allahdan rəhmət diləyir, Azərbaycan xalqına başsağlığı verirəm. Bu düşüncələrlə Əliyev qardaşıma şəxsən mənə və nümayəndə heyətimə göstərilən qonaqpərvərliyə görə təşəkkürlərimi bildirirəm”.

Ərdoğan toplantının nəticələrinin, imzalanmış sənədlərin xeyirli olmasını arzulayıb. Bundan başqa, o, futbol üzrə Türkiyə millsinin 2020-ci il Avropa Çempionatı çərçivəsində Bakıda keçirəcəyi qarşılaşmaları birlikdə izləmək arzusunu da ifadə edib.

Sənədlərinin imzalanması mərasimi

Prezidentlərin mətbuata birgə bəyanatından əvvəl bəzi sənədlərinin imzalanması mərasimi olub.

İki ölkə prezidentləri “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının səkkizinci iclasının Protokolu”nu imzalayıblar. “Azərbaycanla Türkiyə arasında qarşılıqlı vizadan azadetmə haqqında Saziş”i isə xarici işlər nazirləri Elmar Məmmədyarovla Mövlud Çavuşoğlu imzalayıblar.

İki ölkənin müdafiə nazirləri Hulusi Akarla Zakir Həsənov “Maliyyə yardımının tətbiqi haqqında Protokol” və “Hərbi-maliyyə əməkdaşlığı haqqında Saziş”ə imza atıblar. Türkiyənin energetika və təbii sərvətlər naziri Fatih Dönməz ilə Azərbaycanın energetika naziri Pərviz Şahbazov isə “Energetika və mədənçilik sahələrində əməkdaşlıq haqqında Saziş”i imzalayıblar.

Bu da son deyil. Muharrem Kasapoğlu ilə Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov tərəfindən “Gənclər və idman sahələrində əməkdaşlıq haqqında Saziş”, Türkiyənin ticarət naziri Ruhsar Pekcan ilə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov tərəfindən “Preferensial Ticarət Sazişi”, ““Texniki tənzimləmə, standartlaşdırma, uyğunluğun qiymətləndirilməsi, akkreditasiya və metrologiya sahələrində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nun icrasına dair 2020-2022-ci illər üzrə Fəaliyyət Planı”, nəqliyyat və infrastruktur nazirinin müavini Adil Karaismailoğlu ilə Azərbaycanın nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə tərəfindən isə “Qars-Naxçıvan dəmir yolu xətti layihəsi ilə bağlı Anlaşma Memorandumu” imzalanıb. Türkiyə Daxili İşlər Nazirliyi Təhlükəsizlik Baş İdarəsinin rəisi Mehmet Aktaş ilə Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağıyev isə “Təhlükəsizlik üzrə əməkdaşlıq haqqında Saziş”ə imza atıblar.

İki ölkə arasında bir sıra digər sənədlər də imzalanıb.

(Türk dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: Anadolu Ajansı

 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2020, WorldMedia.az