06.04.2020 03:48
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Azərbaycanlı millət vəkili Türkiyədə taksi sürücüsünün qurbanı oldu!
 
05.04.2020
SABAH, Türkiyə
 

  FOTOREPORTAJ| Bakı: Təbrizlə qardaşlaşmış gözəl şəhər
 
04.04.2020
Aznews.TV, İran
 

  FOTOREPORTAJ| Azərbaycan koronavirus təşvişindən necə yayındı – Ukrayna üçün dərs
 
02.04.2020
LB.ua, Ukrayna
 

  Səfir: “İnformasiya-kommunikasiya texnologiyaları Azərbaycanda inkişafın aparıcı qüvvəsidir”
 
02.04.2020
OUTSOURCING JOURNAL, Almaniya
 

  “Çin hökuməti və xalqı epidemiya ilə mübarizədəki köməyimizi unutmayıb”
 
01.04.2020
China.com.cn, Çin
 

 
 
Putinlə Ərdoğanı yenə Əliyev barışdıracaq?

 
 



ROSBALT, Rusiya
29.02.2020


Müəllif: İrina Corbenadze

İdlib ətrafında baş verən son hadisələrdən sonra Moskva-Ankara münasibətləri beş il əvvəlkini xatırladır. Hətta Türkiyənin Rusiya ordusuna birbaşa hücum etmək təhlükəsinin olduğu da deyilir. Belə bir vaxtda Rəcəb Tayyib Ərdoğan Bakıya səfər edib. Rəsmi olaraq Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşıq Şurasının toplantısında iştirak üçün...

Azərbaycan prezidenti İlham Əliyevlə Ərdoğan təkbətək görüş keçirblər və bu, bəlkə də, Şuranın toplantısının nəticələrindən daha maraqlıdır. Çünki birincisi, Türkiyə Suriyada bərk ilişib və eyni vaxtda üç dövlətlə qarşıdurmadadır: Suriya, Rusiya və İran. Digər yandan, Vaşinqton Ərdoğanı fəal şəkildə “Rusiyaya qarşı” qızışdırır və bunu bu günlərdə ABŞ-ın Avropa Komandanlığının başçısı general Tod Uolters də etiraf edib.

Əlbəttə, amerikalılar üçün bu, çox məntiqli ideyadır. “İdlib tələsi”nə düşmüş Türkiyə üçün isə bu, çox təhlükəlidir. Görünən odur ki, indiki mərhələdə Rusiyanın Bəşər Əsədə dəstəyi dayandırmaq və İdlibi “təhvil vermək” fikri yoxdur – bu, onun Yaxın Şərqdə tam uduzması demək olardı.

Artıq şayiələr yayılıb ki, “ekssentrik və nə edəcəyi bəlli olmayan” Ərdoğan Rusiya qüvvələrinə qarşı tammiqyaslı müharibə başlaya bilər. Lakin xaricdən hərbi dəstək almadan bu, uğursuz gediş olardı. Bu məsələdə Türkiyə yalnız NATO-nun köməyinə ümid edə bilər ki, onunla da münasibətləri korlanıb. Üstəlik, alyans öz nizamnaməsinə uyğun dəstəyə də tələsməyəcək. Çünki hərbi əməliyyatlar Türkiyə ərazisində getmir.

Amerikalılar da hələ düşünürlər. NTV-nin məumatına görə, Ərdoğan jurnalistlərə Azərbaycandan qayıdarkən təyyarədə verdiyi açıqlamada hələlik Amerikadan İdliblə bağlı lazımi dəstəyi almadıqlarını, məsələni prezident Trampla bir daha müzakirə etmək niyyətində olduğunu bildirib. Onun sözlərinə görə, hazırda ABŞ-ın Türkiyəyə verə biləcəyi “Patriot” hava hücumundan müdafiə sistemləri də yoxdur.

Bir sözlə, pat vəziyyəti yaranıb. Bir yandan Türkiyə Suriyadan gəlmiş qaçqınlarla dolub, digər yandan Ankaranın ərəb dünyası ilə münasibətləri korlanıb. Savaşkar kürdlər də bir tərəfdən rahatlıq vermir. Rusiya, Suriya və İran isə ümumiyyətlə Ərdoğanı eşitmək istəmir. Türkiyədə tezliklə anti-Rusiya isteriyasının başlayacağı belə, istisna deyil. Bu, sanki dejavyudur. Bəs nə etməli?

Bəzi ekspertlərə inansaq, 2015-ci ildə Rusiya ilə Türkiyənin barışmasında Azərbaycan prezidenti İlham Əliyev çox böyük rol oynayıb. Guman ki, Ərdoğan ondan yenidən vasitəçilik etməsini istəyib. Doğrudan da, bunu ondan başqa kim edə bilər ki?

Bu arada, martın 5-nə Almaniya və Fransanın birinci şəxslərnin də iştirakı ilə Suriya ilə bağlı çoxtərəfli görüş təyin olunub. Bu yerdə dərhal intriqa yaranır: Putinlə Ərdoğanın üz-üzə görüşü də olacaqmı? Kremldə bu suala birmənalı cavab vermirər. Doğrudur, belə görüş vəziyyətdən çıxmağa komək edə bilər. Lakin görünür, Rusiya gözləmə mövqeyi tutub.

Beləliklə Rusiya-Türkyə münasibətlərində böhran 2015-c ildəki duruma doğru gedir və bu nə Moskva, nə də Ankara üçün əlverşlidir. O zaman böhranı aradan qaldıra bilmiş iki ölkə keçən dövr ərzində “Türk axını”nı layihəsini başa çatdırıb, “Akkuyu” Atom Elektrik Stansyasını inşa etməkdədir, hətta ABŞ-ın maraqlarına toxunan hərbi-texniki əməkdaşlıq belə, edir.  

Lakin Türkiyə hansısa mənada həm də Azərbaycanın maraqlarına toxunub. Görünür, Əliyevlə Ərdoğan arasında bu da müzakirə mövzusu olub. Ankara koronavirusun yayılması adı altında Bakıya xəbərdarlıq etmədən Naxçıvanla sərhədi bağlayıb. Halbuki, Naxçıvanda yoluxma halı qeydə alınmayıb. Bununla, Naxçıvan Muxtar Respublikası faktiki olaraq, təcrid durumunda qalıb. İndi, onun açıq olan yeganə sərhədi İranladır ki, orada da məlum olduğu kimi, koronavirus tüğyan edir. “Haqqın.az” yazır ki, “iki ölkə arasında münasibətlərin xüsusi xarakteri nəzərə alınaraq, bu fakt ayrıca narahatlığa səbəb olub”.

Münasibətlər isə doğrudan da xüsusi xarakter daşıyır. Tərəflər hərbi-siyasi müttəfiqdir, Türkiyə Qarabağ məsələsində Azərbaycanı davamlı olaraq dəstəkləyir və bu məsələdə Türkiyə amili çox əhəmiyyətldir. Bundan başqa, Azərbaycan Türkiyədə “qaz qovşağı”nın formalaşmasında iştirak edir və ideoloji baxımdan ümidləri həmişə doğruldub.

Görüşün nəticələrinə dair birgə bəyanatda Əliyev iki ölkənin bütün məsələlərdə fikir, niyyət və amalının bir olduğunu bir daha təsdiqləyib. Azərbaycan prezidenti bildirib ki, türkiyəli həmkarı ilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli yollarını da müzakirə edib. O, Azərbaycanın haqq işini dəstəklədiyi üçün Türkiyəyə təşəkkürünü bildirib, danışıqlar prosesinə zərbə vuran Ermənistan hakimiyyətini tənqid edib. “Hazırda bölgədə gedən bütün proseslərdə birmənalı şəkildə Azərbaycan dövləti və Azərbaycan xalqı Türkiyə dövlətinin və xalqının yanındadır. Bizim birliyimiz əbədidir”, - deyə Əliyev bildirib.

Prezident Ərdoğan isə məqsədin iki ölkə arasında ticarət dövriyyəsinin 15 milyard dollara çatdırılması, yəni 3 dəfə artırılması olduğunu söyləyib. Əliyev də öz növbəsində, hazırda Azərbaycanda 4000 Türkiyə şirkətinin çalışdığını deyib. Qarşılıqlı sərmayə qoyuluşu da yüksək səviyyədədir. “Bu günə qədər Azərbaycan Türkiyə iqtisadiyyatına 18 milyard, Türkiyə isə Azərbaycan iqtisadiyyatına 12,5 milyard dollar sərmayə qoyub. Belə böyük həcmdə sərmayənin qoyuluşu bizim qardaşlığımızı bir daha təsdiqləyir”, - deyə Əliyev bildirib.

Enerji sahəsinə gəlincə, TANAP layihəsi tam başa çatdırılıb və bu ilin sonuna qədər “Cənub Qaz Dəhlizi” də istismara veriləcək.

Tərəflər müdafiə sahəsində əməkdaşlıqla bağlı da fikir mübadiləsi aparıb. Onlar təkcə keçən il 13 birgə hərbi təlim keçirib. Bu il onların sayının daha çox olacağı gözlənilir. Azərbaycan həmçinin Türkiyədən müasir silahlar almaqda davam edəcək – tərəflər birgə silah istehsalına dair də müzakirə aparır.

Əliyev deyib ki, “Türukiyənin gücü bizim də gücümüzü artırır” və Azərbaycanın iştirakı olmadan bölgədə heç bir vacib məsələ həll olunmur. Ərdoğan isə bir daha qeyd edib ki, Azərbaycanla Türkiyə “bir millət, iki dövlətdir”. Ankaranın ən böyük istəyi Qarabağ münaqişəsinin Azərbaycanın suverenliyi və ərazi bütövlüyü çərçivəsində həllinni tapmasıdır.

Nə demək olar? Müasir dünyada nadir rast gəlinən “bir millət, iki dövlət” qardaşlığı tərifə layiqdir. Doğrudur ki, Naxçıvanla sərhədin gözlənilmədən bağlanması bir qədər narahat yaradıb. Amma Əliyevin İdlib ətrafında yaranmış vəziyyətdə “qardaşı” Ərdoğana necə kömək edə biləcəyi miqyasca daha vacib problemdir. Axı yaranmış durumda onunla danışıqları aparan təkcə Putin deyil, həm də onun vasitəsilə İran və Suriya liderləri olacaq. Doğrudan da, Şərq çox incə məsələymiş!

(Rus dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: ROSBALT

 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2020, WorldMedia.az