15.07.2020 03:18
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Ermənistanla Azərbaycan nə üçün toqquşdular?
 
14.07.2020
İzvestiya, Rusiya
 

  Paşinyan müxalifətlə mübarizə aparmaq üçün cəbhəyə “od vurub”
 
14.07.2020
NEWS.ru, Rusiya
 

  Azərbaycan-Ermənistan sərhəddindəki gərginlik nə ilə nəticələnə bilər?
 
14.07.2020
Vzqlyad, Rusiya
 

  Ermənistanla Azərbaycan arasında yeni qarşıdurma: ölənlər var
 
13.07.2020
Le Figaro, Fransa
 

  Azərbaycan COVID-19 ilə mübarizəni gücləndirir
 
13.07.2020
TRT Avaz, Türkiyə
 

 
 
Azərbaycan: parlament seçkisinin əsl qalibi qadınlardırmı?

 
 



PLANETES360, Fransa
04.03.2020


Azərbaycanda bu il fevralın 9-da keçirilmiş parlament seçkisinə qatılanların 299-u qadın idi. Başqa sözlə, deputat seçilmək uğrunda mübarizə aparan hər 4 namizəddən 1-i qadın olub. Bununla yanaşı, bu kiçik respublikada vətəndaşların bərabərliyini nümayiş etdirən tək sahə seçki deyil. Bu yazıda 100 ildən çoxdur dünyəviliyi, mədəni müxtəlifliyi tərənnüm edən, əhalisinin 95%-ni müsəlmanların təşkil etdiyi Azərbaycanda qadınların durumuna nəzər salacağıq.

“Azərbaycana ilk dəfə düz 10 il əvvəl gəlmişdim. O zaman mən eyni mədəniyyətə, hətta eyni adətlərə malik ölkələrlə Azərbaycan arasındakı təzada heyran qalmışdım”. Bunu yazıçı Jan-Lui Quro hələ ötən il qeyd edirdi. O, deyirdi ki, bu təzad özünü yalnız qadınların istədikləri kimi geyinməsində, sərbəstliyində göstərmir. Bu, özünü həm də onların bütün fəaliyyət sahələrindəki yerilə də təsdiqləyir. Hələ qədimdə burada görkəmli qadın sənətkarlar, şairlər, siyasətçilər olub. Bu gün isə respublikanın birinci vitse-prezidenti Mehriban Əliyevadır.

UNICEF-in məlumatına görə, azərbaycanlılar təhsildə, əqildə əcdadlarının irsilə də fərqlənir. Burada qadınlar şairə, yazıçı və müəllim kimi, tarixən önəmli rola malik olub.

Ərazisi 86,6 min kvadrat kilometr olan ölkənin paytaxtı Bakı hələ 1920-ci ildə keçirilmiş Şərq Xalqlarının I Qurultayının da sübut etdiyi kimi, hər zaman müsəlman dünyasında qadın məsələsinin müzakirə olunduğu əsas mərkəz sayılıb. Ötən il Azərbaycan bir əlamətdar hadisənin 100 illiyini qeyd edib. Söhbət vətəndaşlara, o cümlədən... qadınlara səsvermə hüququnun verilməsindən gedir. Burada qadınların səsvermə hüququ Fransadan belə, 25 il əvvəl tanınıb. Beləliklə, Azərbaycan qadınların ictimai həyatda fəal rolunu təmin etmiş ilk müsəlman ölkəsidir (Türkiyədən də əvvəl).

Bu mütərəqqi ənənə bir də 90-cı illərin əvvəllərində “sovet buzlaqları”nın əriməsilə canlanıb. Konkret misal kimi, hətta Orduda belə, qadınların iştirakının artdığını göstərmək olar. 2009-cu ildə hərbçi Natavan Mürvətovanın general-mayor rütbəsinə yüksəlməsi təsadüf deyildi.

Siyasətdə qadınlar çoxalmaqdadır

Bu ilin əvvəlində Azərbaycanda növbədənkənar parlament seçkisi keçirilib. Seçkiyə qatılmış 1324 namizədin 299-u, yaxud 22,58%-i qadın olub. Səslərin sayılmasından sonra onlardan 21-nin (əvvəlki parlamentdə olduğundan 1 nəfər çox) parlamentə seçildiyi müəyyənləşib. Bu, deputatların 16,8%-i deməkdir (2010-cu ildə keçirilmiş seçkidən sonra bu rəqəm 11% idi). Azərbaycanı bu göstəriciyə görə, qonşu İran (5,9%) və Gürcüstanla (14,9%) müqayisə etmək olmaz. Cənubi Koreya kimi ölkədə bu nisbət 17,1, məsələn, Yunanıstanda isə 18,7%-dir.

Azərbaycan parlamentinə son seçki istər daxili, istərsə də xarici müşahidəçilərin böyük diqqəti altında keçirilib. İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı bu seçkini “demokratik proses” kimi dəyərləndirib. “Düşünürəm ki, seçki prosesində saxtalaşdırmanın qarşısının alınması məqsədilə tətbiq olunmuş sistem yeni innovasiyadır”, - deyə Fransa Senatının xarici əlaqələr və müdafiə komitəsinin vitse-prezidenti bildirib: “Azərbaycanda seçkinin gedişini 20 seçki məntəqəsində izlədim. Xüsusilə səslərin sayılması prosesinin müsbət məcrada keçdiyini söyləyə bilərəm”.

Seçkini müşahidə edən London Diplomatiya Akademiyasının direktoru, müşahidə qrupunun rəhbəri Nabil Ayad: “Hər şey yaxşı təşkil olunmuşdu. Bu seçki Azərbaycanda demokratiya quruculuğu prosesinin tərkib hissəsi sayıla bilər”.

Azərbaycanda xüsusilə yerli səviyyədə, məsələn, inzibati orqanlarda və məhkəmə ssistemində qadınların təsiri daha çoxdur. Ölkənin Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova 2019-cu ildə Fransa Milli Assambleyasında Azərbaycanda qadın hüquqlarına həsr olunmuş kollokviumda demişdi: “Son illərdə bələdiyyələrdə təmsil olunan qadınların sayı 4%-dən 35%-ə yüksəlib. Bu gün hər rayonda icra başçısının bir müavini qadındır. Qadın nazir müavinlərinin sayı isə 3-dən 5-ə, qadın hakimlərimiz 13%-dən 15%-ə yüksəlib. Bununla yanaşı, son illər dövlət qulluğunda, Konstitusiya Məhkəməsində, Mərkəzi Seçki Komissiyasında, sosial yönümlü bir sıra nazirlik və komitədə müxtəlif yüksək vəzifələr qadınlara həvalə olunub”.

Bununla yanaşı, dövlət idarələrində qadınların təmsilçiliyinin artırılması 2006-ci ildən qanunvericilikdə də əksini tapıb. Azərbaycanlı deputat, Avropa Şurası Parlament Assambleyasının bərabərlik və qeyri-diskriminasiya komitəsinin üzvü Sahibə Qafarovanın dediyi kimi, “bu sənədin əsas məqsədi siyasi, iqtisadi, sosial, mədəni və ictimai həyatın bütün sahələrində kişilərlə qadınlara eyni imkanların təmin edilməsi, həmçinin gender ayrı-seçkiliyinin bütün təzahürlərinin aradan qaldırılmasıdır”.

Bildiyiniz kimi, istər Qərbdə, istərsə də Şərqdə bərabər imkanlar məktəb partalarından başlayır.

Təhsil – sürətlə inkişaf edən istiqamət

Son 20 ildə Azərbaycan gənc qızların təhsilli olması işində də irəli böyük addım atıb. UNESCO-nun statistikasına əsasən, Azərbaycanda gənclərin 94,54%-i orta təhsil alır. Ali təhsilə çıxışda hələ də müəyyən məhdudiyyətlər var (29,69%), amma son 10 ildə bu sahədə də böyük irəliləyişə nail olunub. Bu, ilk növbədə ölkənin sosial strukturu ilə bağlıdır. Azərbaycanda əmək qabiliyyətli qadınların 70%-i kənd yerlərində işləyir. “Azərbaycanda kənd təsərrüfatı sektoru iqtisadiyyatın əsas sahələrindən biridir və əhalinin 40%-ni əhatə edir”, - deyə Aqrar Kredit və İnkişaf Agentliyinin Proqramlar və layihələr departamentinin rəhbəri Leyli Ağayeva bildirir.

Bakıda 2014-cü ildə açılmış Azərbaycan- Fransız Universiteti (UFAZ) də gənc azərbaycanlıların ali təhsilə yiyələnməsinə köməkdir. Bu tərəfdaşlıq 3 universiteti əhatə edir – Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Renn 1 Universiteti və Strasburq Universiteti.

UFAZ-ın baş katibi Şarlot Payen deyir ki, bu universitetdə təhsil alan 411 tələbənin 29,7%-ni qızlar təşkil edir. Bundan başqa, inzibati heyətin 48, azərbaycanlı müəllim korpusunun isə 50%-i qadınlardır.

“Fransa universitetlərində eyni istiqamətlər üzrə təhsil alan qızların sayı ilə müqayisədə bizdə qız tələbələr çoxdur. Biz bununla qürur duyuruq”, - deyə o, bildirib. Maraqlıdır ki, UFAZ-ın 15 ən yaxşı tələbəsindən 7-si qızdır. Onların da 2-si ən öncül tələbədir. Burada təhsil alan qızların sayı oğlanların sayından az olsa da, nəticələrin nisbətində qızlar daha öndədir.

Bu universitet həm də Azərbaycanın ali təhsildə keyfiyyət meyarlarına cavab verir. Ölkənin nüfuzlu ali məktəblərindən olan ADA Universitetinin prorektoru Fariz İsmayılzadə deyir: “Ölkə iqtisadiyyatı sürətlə inkişaf edir. Odur ki, bizim fəal, yaxşı təlim keçmiş gənclərə ehtiyacımız var”. Onun fikrincə, siyasi yeniləşmə həm də xaricdə təhsil almış insanların öz ölkələrinin ictimai həyatında fəallıq göstərməsi üçün imkandır. Və ilk növbədə, gənc qızlar üçün.

Nəticə: araşdırmalar, elm, texnologiya, mühəndislik və riyaziyyat sektorunda Azərbaycan özünü “yaxşı tələbə” kimi göstərir. UNESCO-nun məlumatına əsasən, Azərbaycanda tədqiqatçıların 57,1%-ni qadınlar təşkil edir. Bu, dünyadakı orta göstəricidən (28,8%) çoxdur. Bu göstəriciyə görə, Azərbaycan Avropada 41 ölkə arasında 39-cu olan Fransadan da qabaqdadır. Yeri gəlmişkən, BMT-nin İnkişaf Proqramının yerli bürosu ötən ilin fevralında 3 azərbaycanlı qızı – mühəndis Elnarə Məmmədbəyova, simplektik həndəsə üzrə təhsil alan tələbə Leyli Məmmədova və geologiya üzrə tədqiqatçı Tubuxanım Qazımzadəni xüsusi mükafata layiq görmüşdü.

Sahibkarlıq, gələcək fəaliyyət

İş dünyasına gəldikdə, Azərbaycanda sahibkar qadınlar üçün də meydan genişdir. Bu gün ölkədə şirkət rəhbərlərinin 20,9%-i qadınlardır (məktəb müəllimlərinin 78,1, universitet müəllimlərinin 51,9, tibbi personalın 64,9%-ni qadınlar təşkil edir). Azərbaycanda qadınlar tərəfindən idarə edilən şirkətlərin inkişafı üçün milli və regional miqyasda çoxsaylı təşəbbüslər irəli sürülüb. Məsələn, Füzuli, Qəbələ və Oğuz rayonlarında Azərbaycanda Kiçik və Orta Sahibkarlığının İnkişafı Agentliyinin BMT-nin İnkişaf Proqramı ilə tərəfdaşlığı çərçivəsində qadın əməyilə bağlı (çörək sexləri, gözəllik salonları, geyim emalatxanaları, heyvandarlıq və s.) layihə maliyyələşdirilir.

“Biz fəaliyyətə başladıqda qadın hüquqları sahəsində cəmi 4 assosiasiya fəaliyyət göstərirdi. Bu gün onların sayı 2 yüzə çatıb”, - deyə Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova bildirir: “Xüsusilə Komitəmizlə kənd yerlərində yaşayan qadınlar arasında əlaqələrin qurulmasında onların zəhməti çox böyükdür. Məqsədimiz qadınların potensialını artırmaq, onların iqtisadi müstəqilliyini təmin etməkdir. Biz geniş təlim proqramı da həyata keçiririk. Nəticədə qadın sahibkarların sayı nəzərəçarpacaq dərəcədə artıb. 2012-ci ildə onlar 17% təşkil edirdisə, 2019-cu ildə söhbət 30%-dən gedirdi. Bununla yanaşı, iş quran hər bir qadın əlavə olaraq, orta hesabla 5-10 qadın üçün iş yeri açır. Bu, böyük rəqəmdir”.

BMT-nin İnkişaf Proqramının 2018-ci ildə dərc etdiyi statistikada göstərilir ki, Azərbaycanda yoxsulluğun kökü demək olar ki, kəsilib. Bu göstərici cəmi 10 ildə 48%-dən 5%-ə düşüb. Eyni zamanda, kişilərlə qadınlar arasında uçurum da kəskin azalıb, gender bərabərliyi və qadın azadlığı paytaxt Bakıda olduğu kimi, kəndlərdə də özünü göstərir.

Yeni icmal üçün 10 il sonra görüşərik.

(Fransız dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: PLANETES360

 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2020, WorldMedia.az