06.04.2020 02:33
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Azərbaycanlı millət vəkili Türkiyədə taksi sürücüsünün qurbanı oldu!
 
05.04.2020
SABAH, Türkiyə
 

  FOTOREPORTAJ| Bakı: Təbrizlə qardaşlaşmış gözəl şəhər
 
04.04.2020
Aznews.TV, İran
 

  FOTOREPORTAJ| Azərbaycan koronavirus təşvişindən necə yayındı – Ukrayna üçün dərs
 
02.04.2020
LB.ua, Ukrayna
 

  Səfir: “İnformasiya-kommunikasiya texnologiyaları Azərbaycanda inkişafın aparıcı qüvvəsidir”
 
02.04.2020
OUTSOURCING JOURNAL, Almaniya
 

  “Çin hökuməti və xalqı epidemiya ilə mübarizədəki köməyimizi unutmayıb”
 
01.04.2020
China.com.cn, Çin
 

 
 
Azərbaycanda siyasi dəyişikliklər və Bakı-Moskva yaxınlaşması

 
 



TasnimNews, İran
10.03.2020


Müəllif: Məcid İsmayılzadə (Avrasiya məsələləri üzrə ekspert)

2019-cu ilin sonlarından etibarən, Azərbaycanla Rusiya arasında sıx diplomatik fəaliyyət və yaxınlaşma müşahidə olunur.

“TasnimNews” xəbər verir ki, Ermənistanda 2018-ci ilin yazında baş vermis “məxməri inqilab” nəticəsində Nikol Paşinyanın hakimiyyətə gəlişindən sonra Moskva-Yerevan münasibətləri tənəzzülə uğrayıb. Bu gün Rusiya Paşinyan hökumətinə müxalif olan siyasi qüvvələri dəstəkləyir. Bununla yanaşı, indi Rusiya Dağlıq Qarabağ böhranının həlli məsələsində də fərqli mövqe tutur.

Bunun fonunda, Moskva-Bakı əlaqələri müxtəlif sahələrdə getdikcə genişlənir. Ticari əlaqələrin genişləndiyi aşkardır. Bununla yanaşı, iki ölkənin yüksək rütbəli rəsmilərinin getdikcə daha intensiv xarakter alan qarşılıqlı səfərləri onların arasında regional və beynəlxalq əməkdaşlığın daha da genişlənəcəyini göstərir. Görünən odur ki, Moskva müxtəlif addımlarla Azərbaycanda mövqeyini möhkəmləndirməyə çalışır. Rusiya əlbəttə ki, Bakını özünün çoxşaxəli təşəbbüslərinə cəlb etmək istəyir. Buna səbəb isə Azərbaycanın istər Qərb, istərsə də Çin üçün artan geosiyasi əhəmiyyətidir. O, həm “Cənub Qaz Dəhlizi” layihəsinin əsas oyunçusu, həm də Çinin “Bir kəmər, bir yol” təşəbbüsünün fəal iştirakçısıdır.

Bununla yanaşı, Rusiya istəyir ki, Azərbaycan onun Cənubi Qafqazdakı ənənəvi müttəfiqi Ermənistanla daha balanslı münasibət qursun. Halbuki, Bakı Moskvadan Dağlıq Qarabağ münaqişəsinin həllinə kömək etməsini gözləyir.

Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyeva 2019-cu ilin noyabrında Moskvada rəsmi səfərdə olub. Səfər zamanı o, Rusiya prezidenti Vladimir Putin və o vaxtkı baş nazir Dmitri Medvedevlə görüşüb. Səfər çərçivəsində M.Əliyeva Rusiya Federasiyası Şurasının sədri, senator Valentina Matviyenko ilə də bir araya gəlib, Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisindəndə Azərbaycan pavilyonunun açılışında iştirak edib. Xanım Əliyeva Moskvada bir sıra digər mədəni və işgüzar tədbirlərə də qatılıb. Böyük əhəmiyyət kəsb edən bu səfər əslində, Azərbaycanın beynəlxalq məsələlərdə artan nüfuzunun da göstəricisi idi.

Səfər zamanı Mehriban Əliyeva Rusiyanın “Dostluq” ordeni ilə təltif də olunub. Rusiya KİV-i Sovet İttifaqının dağılmasından sonra bir çox postsovet ölkəsinin rus izlərini silməyə çalışdığına diqqət çəkərək, Mehriban Əliyevanın Rusiya-Azərbaycan münasibətlərinin yaxınlaşmasında, ölkəsində rus mədəniyyəti və dilinin qorunmasındakı xidmətlərini yüksək qiymətləndirir.

Həmin səfərdən bir qədər sonra – 2019-cu ilin dekabrında Rusiyanın xarici işlər naziri Sergey Lavrov Dağlıq Qarabağ münaqişəsinin həllilə bağlı məsləhətləşmələr aparmaq üçün Bakıya yollanıb. Lakin onun Bakıda çox da isti qarşılandığını demək olmaz. Məsələ ondadır ki, Lavrovun münaqişə bölgəsindəki etnik erməni əhalini “Dağlıq Qarabağ xalqı” adlandırması Azərbaycanda narazılığa səbəb olmuş, bu, hətta prezident İlham Əliyev tərəfindən tənqid edilmişdi. Bundan başqa, Lavrov daha əvvəl sülh danışıqlarında “Dağlıq Qarabağ Respublikası” nümayəndələrinin də iştirak edə biləcəyini söyləmiş və bu da mübahisələrə səbəb olmuşdu. Bakıda hesab edirlər ki, bu, Dağlıq Qarabağdakı separatçı rejimin legitimləşdirilməsi cəhdidir.

Bu da son deyil. 2019-cu il dekabrın sonunda Azərbaycan prezidenti İlham Əliyev Sankt-Peterburqda Avrasiya İqtisadi İttifaqı (Aİİ) Ali Şurasının iclası ilə eyni vaxtda təşkil olunmuş toplantıya – MDB ölkələri rəhbərlərinin qeyri-rəsmi sammitinə qatılıb. İ.Əliyev və Aİİ üzvü olmayan digər MDB dövlət başçıları bu tədbirə Vladimir Putin tərəfindən MDB Dövlət Başçıları Şurasının 2019-cu ilin oktyabrında Aşqabadda keçirilmiş iclasına dəvət olunmuşdular. Həmin sammitdə Putin MDB üzvlərini birgə maliyyə bazarı yaratmağa, valyuta əməkdaşlığını inkişaf etdirməyə də çağırmışdı. Bu, Kremlin MDB ilə Aİİ-nin bir-birinə daha dərindən inteqrasiya etməsinə çalışdığını göstərir. Bəlkə də Rusiya prezidenti sonra bu iki qurumun birləşməsini belə, istəyir.

Bir sözlə, son illərdə Rusiya-Azərbaycan münasibətləri intensiv siyasi dialoq və ikitərəfli ticarətin artması ilə daha da yaxşılaşıb. İki ölkənin hərbi sahədəki əlaqəsi isə özünü yalnız silah alqı-satqısı ilə göstərmir. Onlar zaman-zaman birgə hərbi təlimlər keçirir, polis, sərhəd quşunları və xüsusi xidmət orqanları arasında əməkdaşlıq inkişaf etdirilir. Üstəlik, bu proses bəzi ciddi fikir ayrılıqlarına (2017-ci ildə Rusiyada Azərbaycanın diaspor təşkilatlarından birinin bağlanması və s. kimi) rəğmən, gedir. Mehriban Əliyevanın artıq qeyd etyimiz Moskva səfəri isə bu müsbət dinamikanı daha da artırıb.

Bu arada, bütün bunlar Azərbaycanda həyata keçirilən ciddi siyasi islahatlar fonunda baş verir. Prezident İlham Əliyev son zamanlar ölkədəki siyasi strukturun köhnə, güclü üzvlərini gənc kadrlarla əvəzləyir. Məsələn, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev 2019-cu ilin sonunda vəzifədən azad olunub. Onun yerini Qərbdə təhsil almış texnokrat Samir Nuriyev tutub. Bu ilin yanvarında isə dövlət başçısı siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovu vəzifədən kənarlaşdırıb. Bu islahatlar bəzi vəzifəli şəxslərin İlham Əliyevin islahatlarına mena olması ilə əsaslandırılır.

Ən maraqlı məqamlardan biri isə Rusiya-Azərbaycan münasibətlərində müsbət tendensiyanın Ermənistanda 2018-ci ildə baş vermis hakimiyyət dəyişikliyindən sonra daha ciddi xarakter almasıdır. Moskva Ermənistana təzyiq məqsədilə də Azərbaycanla münasibətdə bir sıra müsbət addımlar atır. Rusiya Bakının onun rəhbərlik etdiyi bloklar, birliklər, xüsusən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı ilə yaxınlaşmasına da çalışır. Guman ki, o, Azərbaycanın Aİİ-yə qoşulmasını da arzulayır. Hər halda, Azərbaycanın geosiyasi və strateji mövqeyi onu bu mənada arzulanan oyunçuya çevirir. Azərbaycanın özündə də buna tərəfdar olanlar var. Lakin ötən ilin sonlarında baş vermis bir hadisə bu ehtimalın üzərindən xətt çəkib: Azərbaycan 2022-ci ilə qədər Qoşulmama Hərəkatına sədrlik edəcək. Bu, Bakının xarici siyasini dəyişə biləcəyilə bağlı fərziyyələrə cavab da sayıla bilər. Məsələ ondadır ki, Bakının qoşulmama siyasəti ona enerji sahəsində mühüm tərəfdaşı olan Qərblə konstruktiv münasibətləri saxlamaq, eyni zamanda, Rusiyadan yan keçməklə, Çinin regional ticarət layihələrində iştirak imkanı verir. İqtisadi və hərbi baxımdan Rusiyadan asılılıq isə yalnız məhdudiyyət gətirə bilər. Üstəlik, Rusiya iqtisadiyyatı Qərbin sanksiyaları, neft qiymətinin durmadan “oynaması” fonunda getdikcə zəifləyir. Bu isə Çinin vəd etdiyi perspektivlərə, xüsusən də Bakının öz iqtisadiyyatını şaxələndirmək, karbohidrogen ixracından asılılığı aradan qaldırmaq məqsədinə ziddir.

Təhlükəsizlik məsələsinə gəlincə, Azərbaycan elitası Moskvanı bu gün də Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında vacib strateji aktor sayır. Bu gün Rusiyanın Ermənistandan narazılığı münaqişənin həlli prosesində onun Azərbaycanı dəstəkləyəcəyinə, yaxud, ən azı müharibənin bərpa olunacağı təqdirdə qarşı tərəfə dəstək verməyəcəyinə ümid yaradır. Yeri gəlmişkən, Yerevanda hesab edirlər ki, tərəflər arasında 2016-cı ilin aprelində baş vermis döyüşlər zamanı Rusiya Bakının tərəfini tutub…

Son aylarda Azərbaycan mediasında da Rusiyanın Bakıya meylləndiyi haqda fikirlərə çox rast gəlinir. Bəzi məlumatlara görə, Moskva Dağlıq Qarabağ ətrafındakı işğal olunmuş rayonların boşaldılmasına çalışır. Amma Rusiya rəsmiləri bu haqda danışdıqda tərəf tutmaqdıqlarını, iki qonşu arasında vasitəçi olmağa çalışdıqlarını deyirlər.

Yeri gəlmişkən, bəzi dairələr Azərbaycanın KTMT-yə üzvlüyünün belə, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində işə yarayacağına inanmır. Üstəlik, Ermənistan həm KTMT, həm də Aİİ üzvüdür və demək, o, Bakının bu qurumlara mümkün üzvlüyünə veto qoya bilər. Ermənistanın baş naziri Paşinyan BMT Baş Assambleyasında 2019-cu ilin sentyabrındakı çıxışında Moskvanı Yerevanın əsas strateji tərəfdaşı adlandırıbsa, KTMT və Aİİ üzvləri olan Belarus və Qazaxıstanın Azərbaycanla çox sıx münasibətlərinin olduğu məlumdur.

(Fars dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: TasnimNews

 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2020, WorldMedia.az