06.04.2020 04:18
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Azərbaycanlı millət vəkili Türkiyədə taksi sürücüsünün qurbanı oldu!
 
05.04.2020
SABAH, Türkiyə
 

  FOTOREPORTAJ| Bakı: Təbrizlə qardaşlaşmış gözəl şəhər
 
04.04.2020
Aznews.TV, İran
 

  FOTOREPORTAJ| Azərbaycan koronavirus təşvişindən necə yayındı – Ukrayna üçün dərs
 
02.04.2020
LB.ua, Ukrayna
 

  Səfir: “İnformasiya-kommunikasiya texnologiyaları Azərbaycanda inkişafın aparıcı qüvvəsidir”
 
02.04.2020
OUTSOURCING JOURNAL, Almaniya
 

  “Çin hökuməti və xalqı epidemiya ilə mübarizədəki köməyimizi unutmayıb”
 
01.04.2020
China.com.cn, Çin
 

 
 
Bakı, Azərbaycan: müasirlik və ənənə

 
 



El Español, İspaniya
12.03.2020


Bakı Azərbaycanın elmi, texniki və sənaye mərkəzi olmaqla yanaşı, tarixi abidələrin musiqi və kinomatoqrafiyanın ən müasir cərəyanları ilə vəhdət təşkil etdiyi, mədəni zənginliklərlə dolu şəhərdir.

Çoxsaylı maraqlı abidələrə malik Bakı Azərbaycanın paytaxtı olmaqla yanaşı, ölkənin elmi, texniki, sənaye və mədəniyyət mərkəzidir. Sovet İttifaqı dövründə ən böyük neft mərkəzlərindən olmuş, Abşeron yarımadasının cənub sahilində yerləşən şəhər səyahət etmək, bölgənin mədəniyyətini, tarixini öyrənmək üçün gözəl yerdir. Son illərədək bura yalnız cəsur səyyahların tanıdığı qeyri-adi şəhər idisə, gün keçdikcə, daha çox turistin üz tutduğu istiqamətə çevrilib. Bu gün müasirliklə ənənənin qəribə vəhdəti olan Bakıya çox adam səfər edir.

Bakı əsasən iki böyük hissədən ibarətdir. Bir hissə şəhərin ən görməli tarixi yerlərini özündə cəmləşdirmiş, paytaxtın döyünən ürəyi sayılan İçərişəhərdir. Qala divarları ilə əhatələnmiş İçərişəhər UNESCO-nun Ümumdünya İrsi siyahısına daxildir. İnsan buranın dar labirinti xatırladan küçələri arasında sanki nağıllar aləminə düşür. Xüsusi gözəlləyilə seçilən əhəmiyyətli abidələrin bir çoxu buradadır. Məsələn, Bakı şəhərinin rəmzlərindən hesab edilən Qız qalası. XII əsrə aid bu qalanın əslində, daha qədim olduğunu iddia edənlər də var. Abidənin nə qədər əhəmiyyətli olduğunu onun şəklinin Azərbaycanın milli valyutasının üzərinə həkk edilməsi də təsdiqləyir. Qız qalası bu günədək mükəmməl qorunub saxlanıb. Qalanın zirvəsinə qalxaraq, İçərişəhərin gözəlliyini asanlıqla müşahidə etmək mümkündür.

Bakının daha bir böyük memarlıq nümunəsi olan Şirvanşahlar sarayı da buradadır. O, Azərbaycan memarlığının əsas nümunələrindən sayılır. Şirvanşahlar sarayı kompleksində Şah məscidi, saray binası, qədim məzarların olduğu hissə, Murad qapısı, Seyid Yəhya Bakuvinin məqbərəsi, Saray hamamı daxil olmaqla, bir çox tikili və tikili qalığı var. Bu memarlıq nümunələri ətrafında gəzinti sizi XV əsrə – Şirvanşahlar sülaləsinin ölkənin paytaxtını Şamaxıdan Bakıya köçürdüyü dövrə aparacaq, həmin dövrə aid şəhər həyatı ilə tanış olmanıza imkan yaradacaq.

İçərişəhərdən kənarda yerləşən abidələrə gəlincə, sırf dini məbəd kimi tanınan “Atəşgah”ı qeyd etmək olar. O, inşa olunduğu andan tərk edildiyi 1883-cü ilədək rahiblərin yaşayış yeri olub. Beşbucaqlı dizayna malik məbəd otaqları və geniş mərkəzilə günümüzə qədər yaxşı vəziyyətdə qorunub saxlanıb.

Şəhərin müasir hissəsi də turistlərin böyük marağına səbəb olur. İçərişəhərdən kənarda yerləşən görməli yerlərə misal kimi, “Alov qüllələri”ni, Bakı Kristal Zalı, Heydər Əliyev Mərkəzini və s. göstərmək olar. İnşasına 2007-ci ildə başlanılmış “Alov qüllələri” bu gün 190 metr hündürlüyü ilə Bakıda ən uca göydələnidir. Kompleks özündə mənzilləri, ofisləri və bir oteli birləşdirir. O, əsl müasir memarlıq nümunəsidir. Fasadı təxminən 10 min led işıqla bəzədilmiş qüllələr gecə saatlarında ətrafa işıq saçır.

Avropanın ən böyük qapalı əyləncə mərkəzlərindən sayılan Megafun Əyləncə Mərkəzi də Bakıdadır. Paytaxtın Nizami Kino Mərkəzində isə film həvəskarlarını eni 18 metrə çatan nəhəng ekran gözləyir.

Bir sözlə, Bakı istər musiqi, mədəniyyət, moda həvəskarları, istərsə də alış-veriş sevənlər üçün ideal şəhərdir. Kristal Zal və Heydər Əliyev Sarayında il boyu müxtəlif dünya ulduzlarının konsertləri təşkil olunur. Ehtirasın rəmzi sayılan musiqi cazdırsa, ən yaxşı caz şouları Bakı Caz Mərkəzində baş tutur.

Şəhərin muzeylərini də unutmaq olmaz. Onların arasında Azərbaycan Milli İncəsənət Muzeyi ilə Milli Azərbaycan Tarix Muzeyi daha önəmlidir.

(İspan dilindən tərcümə – WorldMedia.Az)

Mənbə: El Español

 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2020, WorldMedia.az