05.06.2020 14:31
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Azərbaycan iqtisadi azadlıqları irəli aparmaq üçün ciddi addımlar atır
 
04.06.2020
THE DAILY SIGNAL, ABŞ
 

  Rusiya imperiyasının köçürmə siyasəti
 
03.06.2020
HISTORIA UWAZAM RZE, Polşa
 

  İran-Azərbaycan: dərin və köklü əlaqələr
 
03.06.2020
IRNA, İran
 

  Rusiya və Azərbaycan: nadir hekayə
 
01.06.2020
AgoraVox, Fransa
 

  Müsəlman Şərqində ilk Cümhuriyyət
 
31.05.2020
El Epicentro, Çili
 

 
 
MÜSAHİBƏ| “İlham Əliyevin islahatları ictimai inqilabdır”

 
 



Şəbəb əl-Nil, Misir
27.03.2020


Müəllif: Mahmud Sad Diyab

Azərbaycan Respublikası prezident İlham Əliyevin həyata keçirdiyi hərtərəfli islahatlar sayəsində son illərdə bütün sahələrdə, xüsusilə də iqtisadiyyatda böyük inkişafa nail olub. Köklü dəyişikliklərə yol açmış bu sıçrayış ölkəni böyük iqtisadiyyatlarla eyni cərgəyə qoyub. Bütün bunlar neft sənayesində, nəqliyyat sektorunda nəhəng regional layihələrin həyata keçirilməsinə öz töhfəsini verib.

Lakin prezident İlham Əliyev hesab edir ki, gənc dövlətin dinamik inkişafını gücləndirəcək, onu daha güclü edəcək daha dərin siyasi, sosial islahatlar həyata keçirməlidir. Söhbət 25 il əvvəl imzalanmış “Əsrin müqaviləsi” sayəsində əldə edilmiş nailiyyətlərə əasalanan islahatlardan gedir. Azərbaycanın neft strategiyasının əsasını qoymuş bu müqavilə ölkənin inkişafında əsl sıçrayış olub, neft sənayesinin taleyində həlledici rol oynayıb. Həmin sənədin imzalanmasından sonra “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan 500 milyon ton neft çıxarılıb.

Ölkənin qədəm qoyduğu yeni mərhələnin əlamətləri ötən fevralda keçirilmiş parlament seçkisindən sonra daha aydın görünməkdədir. Məhz həmin seçki ortaya xalqın və dövlətin rifahın gücləndirmək istəyi və bacarığı olan yeni gənc similar çıxarıb.

Azərbaycan Respublikası Milli Məclisinin deputatı, siyasi elmlər doktoru, hakim Yeni Azərbaycan Patiyasının Beynəlxalq əlaqələr komitəsinin katibi Elman Nəsirovun “Şəbəb əl-Nil”ə eksklüziv müsahibəsini təqdim edirik:

- Cənab deputat, Azərbaycan prezidenti İlham Əliyevin başlatdığı islahatlar hansı sahələri əhatə edir?

- Azərbaycan yeni, genişmiqyaslı və hərtərəfli islahatlar mərhələsinə qədəm qoyub. Əslində, bu siyasətin əsası Azərbaycan xalqının ümummilli lideri, mərhum Heydər Əliyev tərəfindən qoyulub. Prezident İlham Əliyev isə islahatlar kursunu müasir dünyanın tələblərinə uyğun şəkildə davam etdirir. O, islahatları “təkmilləşmə, yeni dövrə uyğunlaşma, tərəqqi və çiçəklənmə” adlandırır. Bir sözlə, islahatlar siyasəti yeni mərhələyə daxil olub. Prezident İlham Əliyev bu islahatlara 2018-ci il aprelin 11-də keçirilmiş prezident seçkisindəki qələbəsindən az sonra başlayıb. 2019-cu il Azərbaycan Respublikasında dərin islahatlar ili hesab olunur. Proses siyasi, iqtisadi, sosial, məhkəmə sahələrini əhatə edir. O, dövlət strukturlarında da aparılır.

- Fikrinizcə, ictimai dinamiklik Azərbaycanda islahatlar üçün əsasdırmı?

- Prezident İlham Əliyevin yürütdüyü siyasətin mərkəzində Azərbaycan vətəndaşı və onun sosial rifahının təmini durur. Məhz bu məqsədlə olduqca ciddi sosial islahatlar həyata keçirilir. Ötən dövrdə maaşların minimum həddi 2 dəfə, pensiyaların minimum həddi 72%, bəzi müavinətlər 50%, digərləri 2 dəfə artırılıb. Azərbaycan minimum pensiya (118 dollar) əsasında alıcılıq qabiliyyəti və bir nəfərə düşən orta alıcılıq qabiliyyəti üzrə (425 dollar) MDB-də birinci yerdədir. Ölkədə işsizlik və yoxsulluq səviyyəsi müvafiq olaraq 5 və 5,4%-ə düşüb. Təsadüfi deyil ki, 2020-ci il büdcəsində sosial yönümlü xərclər ümumi xərclərin 38,5%-ni təşkil edir. Ötən dövr ərzində prezident İlham Əliyevin sosial islahatlar paketi 4 milyon 200 min vətəndaşın rifahında əhəmiyyətli rol oynayan mühüm addımların atılmasına imkan verib. Bu addımlar büdcə xərclərinin əlavə olaraq 3,7 milyard manat artmasını şərtləndirib.

Dövlətimizin siyasəti sosial yönümlüdür və əhalinin həssas qruplarına xüsusi diqqət göstərilir. Bu baxımdan şəhid ailələrinin, müharibə veteranları və əlillərinin, qaçqın və köçkünlərin sosial problemlərinin həlli dövlətin sosial siyasətinin prioritetlərindəndir. İlham Əliyevin 2018-ci il aprelin 11-də keçirilmiş prezident seçkisindəki qələbəsindən sonra imzaladığı ilk fərman şəhid vərəsələrinə birdəfəlik ödənişin (11 min manat) edilməsilə bağlı olub. Bundan başqa, 2019-cu ildə şəhid ailələri və müharibə veteranlarına 934 mənzil verilib. Beləliklə, bu məqsədlə verilən mənzillərin ümumi sayı 7590-a çatıb. 2019-cu ildə müharibə əlillərinə 600 avtomobil də hədiyyə edilib. Dövlət bu qrupa aid insanlara indiyədək 6750 avtomobil hədiyyə edib. 2020-ci ildə bu rəqəmlərin artacağı gözlənilir.

Prezident İlham Əliyev 2003-cü ildən indiyədək qaçqınların və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması, onların məşğulluğunun təminilə bağlı 70-dən çox fərman və sərəncam imzalayıb, bir çox proqram qəbul edib. Bütövlükdə, prezident İlham Əliyevin rəhbərlyilə bu fəaliyyət iki istiqamətdə aparılır. Birincisi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin siyasi həlli tapılanadək müvəqqəti olaraq, məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, məşğulluğunun təmin edilməsi. Bu istiqamətdə aparılan işlər nəticəsində artıq 300 min qaçqın və məcburi köçkün yeni mənzillərə köçürülüb, 103 yeni yaşayış kompleksi salınıb. Ötən il ərzində Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonu ərazisində 5 yeni yaşayış kompleksi istifadəyə verilib.

Digər istiqamət isə dövlət qurumları və beynəlxalq təşkilatların iştirakı, onların rəy və təklifləri, beynəlxalq təcrübə nəzərə alınmaqla “Böyük qayıdış” proqramının hazırlanmasıdır. Dövlət bu proqramın tam icrasını hədəfləyir. Əminik ki, cənab Ali Baş Komandan İlham Əliyevin rəhbərliyilə bu məsələ də tam həllini tapacaq, məcburi köçkünlər beynəlxalq hüquqda təsbit olunduğu kimi, öz torpaqlarına qayıtmaq hüquqlarından istifadə edəcək.

Bu xeyirxah missiya – məcburi köçkün və qaçqınlara xüsusi həssaslıqla, qayğı ilə yanaşılması siyasəti Azərbaycanın birinci vitse-prezidenti Mehriban xanım Əliyeva tərəfindən də uğurla həyata keçirilir. Onun birinci vitse-prezident təyin edildikdən sonra ilk görüşünü məhz məcburi köçkünlərlə keçirməsi bu qəbildən olan insanlara diqqət və qayğının göstəricisi idi. Hələ 2017-ci il martın 9-da xanım Mehriban Əliyevanın sədrliyilə Bakı və Sumqayıt şəhərlərinin yataqxanalarında müvəqqəti məskunlaşmış qaçqın və məcburi köçkün ailələrinin köçürülməsinə həsr olunmuş müşavirə keçirilib. İlk müşavirənin məcburi köçkünlərin sosial problemlərinə həsr edilməsi doğma yurdlarından didərgin salınmış soydaşlarımızda ata-baba ocaqlarına qayıdacaqlarına böyük inam yaradıb.

Azərbaycan ictimai və sosial xidmət sahələrində nümunəvi innovativ yanaşmaları ilə dünyanın bir çox ölkəsini qabaqlayır. Ölkə başçısı cənab İlham Əliyevin təşəbbüsü isə 2012-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar Agentliyinin təsis edilməsi bu nümunəvi xidmətin ən bariz nümunəsidir. Bu gün “ASAN Xidmət” mərkəzləri Azərbaycan məhsulu, ixtirası, brendi kimi, beynəlxalq ekspertlərin böyük marağına səbəb olur. Artıq belə mərkəzlərə daxil olan müraciətlərin sayı 35 milyona çatır. 2019-cu ilin 9 ayı ərzində keçirilən rəy sorğularına əsasən, vətəndaşların xidmətlərdən məmnunluq əmsalı 99,4% təşkil edib. Bu üzdən, “ASAN Xidmət” BMT-nin 2015-ci il Dövlət Xidmətləri Mükafatına layiq görülüb.

Bundan başqa, prezident İlham Əliyevin 2018-ci il avqustun 9-da imzaladığı sərəncamla Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi (DOST) təsis edilib. DOST agentliyinin təsis edilməsindən məqsəd məşğulluq, əmək, işsizlik, sosial müdafiə sahələrindəki xidmətlərin keyfiyyətlərinin yaxşılaşdırılması, bu sahədə şəffaflığın artırılması, innovativ həllərin tətbiqi, vətəndaş məmnunluğunun təmin edilməsi, vətəndaş rahatlığı, məmnunluğu prinsipləri əsasında və sadə prosedurlarla ümumi sosial xidmətlərin “bir pəncərə” üzərindən təqdim edilməsidir.

- Son addımları ölkənin iqtisadi inkişafı baxımından necə qiymətləndirirsiniz?

- Son illərdə ölkəmiz müstəqilliyini daha da möhkəmləndirib, iqtisadi imkanlarını artırmaq üçün böyük addımlar atıb. Ötən dövrdə ölkə iqtisadiyyatı 3,2, qeyri-neft iqtisadiyyatı 2,8, sənaye 2,6, kənd təsərrüfatı 1,7, qeyri-neft sektorunda ixrac 4,1 dəfə artıb. 2004-cü ildə ölkənin valyuta ehtiyatları 1,8 milyard dollar təşkil edirdisə, hazırda o, 51 milyard dolları ötüb. Bu illər ərzində ölkə iqtisadiyyatına 270 milyard dollardan artıq sərmayə qoyulub, bunun da təxminən yarısını xarici investisiyalar təşkil edir. Azərbaycana təkcə 2003-cü ildən bu yana yatırılan investisiyaların ümumi həcmi müstəqillik illərində yatırılan sərmayələrin 93%-ni təşkil edir.

Azərbaycanda ÜDM 47,6 milyard dollara çatıb. Xarici valyuta ehtiyatlarımız (52 milyard dollar) xarici borclarımızdan (7,9 milyard dollar) 6,4 dəfə çoxdur. Xarici ticarət mübadiləsinin həcmi artaraq, 33,6 milyard dollar çatıb. 19,6 milyard dollarlıq ixrac nəticəsində 6 milyard dollarlıq müsbət saldo formalaşıb.

İslahatlar nəticəsində təkcə Azərbaycanın paytaxtı Bakının siması dəyişməyib, həm də bütün rayonlarda köklü dəyişikliklər baş verib. Regionların inkişafı üzrə 4 dövlət proqramı qəbul edilərək, uğurla həyata keçirilib. Nəticədə Azərbaycan əhalisinin təbii qazla təminatı 96%-ə çatıb. Əhali 100% elektriklə təmin edilib. Eyni zamanda, Azərbaycan elektrik enerjisini ixrac edən ölkəyə çevrilib. Son 16 il ərzində bu istiqamətdə çox böyük uğurlara imza atılıb. Azərbaycanda 15 min kilometr yol çəkilib, 3500-dən çox məktəb, 640 sağlamlıq müəssisəsi tikilib.

Davos Ümumdünya İqtisadi Forumunun son hesabatı göstərir ki, Azərbaycan müasirləşən və sürətlə inkişaf edən ölkədir. Sənəddə deyilir ki, Azərbaycan hökuməti uzunmüddətli strategiyasına görə, dünyada 10-cu yeri tutur. Rəhbərliyin islahatlara meyllilik səviyyəsinə görə isə ölkəmiz dünyada olduqca yüksək pilləyə – 5-ci yerə layiq görülüb. Mülkiyyət hüquqlarının qorunmasına görə 37-ci, nəqliyyat infrastrukturuna görə 31-ci , yol infrastrukturuna görə 27-ci, dəmir yollarının və hava nəqliyyatının səviyyəsinə görə 11-ci, biznesə başlamaq şəraitinə görə 8-ci, elektrik enerjisinin əlçatanlılıq səviyyəsinə görə dünyada 2-ci yerdəyik. Sonuncu göstəricidə ikinci olması Azərbaycanın sürətli və dinamik inkişafını xarakterizə edir.

- Bəs ən mühüm siyasi islahat kimi nəyi göstərə bilərsiniz?

- Azərbaycanda islahatlar bütün sahələri, o cümlədən parlament fəaliyyətini əhatə edir. Prezident Administrasiyası və Nazirlər Kabinetində struktur və idarəetmə islahatlarının aparılması ilə qanunverici hakimiyyətdə də islahatlara zərurət yaranmışdı. Məhz buna istinad edən prezident İlham Əliyev 2020-ci il fevralın 9-na növbədənkənar parlament seçkisi elan etmişdi. Məqsəd ilk növbədə islahatların dərinləşdirilməsi, vaxt itirmədən yeni parlamentin işinin təşkili idi. Başqa sözlə, yeniləşən Azərbaycanın yeni parlamentə ehtiyacı var idi.

Növbədənkənar parlament seçkisi sərbəst, şəffaf və demokratik prinsiplər əsasında keçirilib. Seçkidə 125 deputat yeri uğrundan 1314 namizəd mübarizə aparıb. Bu, o deməkdir ki, hər deputat yeri uğrunda təxminən 10 namizəd yarışıb. Mübarizəyə 19 siyasi partiya da qoşulmuşdu. Radikal müxalifət (Azərbaycan Xalq Cəbhəsi Partiyası) istisna olmaqla, bütün müxalifət prosesdə iştirak edib. Seçki prosesini 58 ölkədən və 59 beynəlxalq təşkilatdan 883 beynəlxalq maşahidəçi izləyib. Onların əksəriyyətinin seçki haqda rəyi müsbət olub. Yalnız ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu və ona tabe olan bəzi qurumlar bəzi mənfi məsələlərə diqqət çəkməklə, onları böyük hadisə kimi təqdim etməyə çalışıb. Halbuki, prezident İlham Əliyevin də dediyi kimi, heç bir yerdə ideal seçki olmur. Əlbəttə, bizdə də mənfi hallara rast gəlinib. Bu üzdən, 4 seçki dairəsinin nəticəsi ləğv edilib.

Ümumilikdə isə bütün siyasi qüvvələrin iştirakı ilə keçirilmiş seçki nəticəsində Azərbaycanda çoxpartiyalı parlament formalaşıb. Bu, demokratiyanın inkişafı baxımından mühüm addımdır. Parlamentdə yerlərin əksəriyyətinə hakim Yeni Azərbaycan Partiyası sahib çıxıb – 70 yer.

Bu arada, bir müddət öncə Prezident Administrasiyasının nümayəndələri ölkənin demək olar ki, bütün siyasi qüvvələrinin rəhbərlərilə görüşlər keçirib. Cənab prezidentin dediyi kimi, siyasi islahatlar partiyalar arasında geniş dialoq olmadan həyata keçirilə bilməz. Bir partiya isə təbii ki, təkbaşına siyasi dialoq apara bilməz. Bunun üçün tərəf müqabillər lazımdır.

- Bəs Azərbaycanın enerji təhlükəsizliyi və nəqliyyat siyasətini necə xarakterizə edərdiniz?

- Enerji təhlükəsizliyi dünyanın aparıcı dövlətlərinin milli təhlükəsizlik strategiyasının həlledici elementidir. Bu baxımdan nüfuzlu ekspertlərin “daha müasir dünyanın siyasi mənzərəsi hərbi bloklara mənsubiyyətlə yox, enerji ehtiyatlarına malik olub-olmama bölgüsü ilə müəyyən ediləcək” fikri təsadüf sayılmamalıdır. Cənab İlham Əliyev müxtəlif obyektiv və subyektiv çətinliklərin öhdəsindən gələrək, 2006-cı ildə Bakı-Tbilisi-Ceyhan, 2007-ci ildə Bakı-Tbilisi-Ərzurum kimi nəhəng neft və qaz marşrutlarının reallaşdırılmasına nail olub. Prezidentin də qeyd etdiyi kimi, neft kəmərlərinin, xüsusilə Bakı-Tbilisi-Ceyhan xəttinin tikintisi tarixi hadisədir. Təkcə ona görə yox ki, o, ilk dəfə olaraq Xəzər dənizi neftini Aralıq dənizi bölgəsinə çıxarıb. Həm də ona görə ki, bu kəmərlə yeni yol, yeni dəhliz açılıb.

Bu gün ilk növbədə “Cənub Qaz Dəhlizi” haqda danışa bilərik. Bu layihənin reallaşdırılması istiqamətində ilk addım olaraq, 2011-ci ildə Avropa Komissiyası ilə Azərbaycan arasında Strateji əməkdaşlıq və enerji sahəsində Anlaşma Memorandumu, növbəti ildə isə Azərbaycanla Türkiyə arasında TANAP-ın tikintisinə dair tarixi saziş imzalanıb. Bu prosesdə əsas həlqələrdən biri sərmayə qoyuluşu ilə bağlı idi. 2013-cü ildə bu məsələ də öz müsbət həllini tapıb, “Şahdəniz-2” layihəsinə investisiya qoyuluşuna dair qərar qəbul edilib.

2016-cı ildə anoloji addım TAP layihəsi ilə bağlı atılıb. Nəhayət, 2018-ci il mayın 29-da “Cənub Qaz Dəhlizi”nin, iyunun 12-də isə TANAP-ın rəsmi açılış mərasimi olub. 2019-cu il noyabrın 30-da isə TANAP-ın Avropa ilə birləşən hissəsinin açılış mərasimi keçirilib.

“Cənub Qaz Dəhlizi” layihəsinin reallaşdırılması üçün 40 milyard dollarlıq investisiyanın cəlbi istiqamətində həlledici addımlar atılıb. Bu, 21-ci əsrin ən nəhəng layihələrindəndir. “Şahdəniz” yatağından çıxarılan qaz bu layihə çərçivəsində ümumi uzunluğu 3500 kilometr olan 3 qaz kəməri vasitəsilə İtaliya limanlarına nəql ediləcək.

Prezident İlham Əliyev “Cənub Qaz Dəhlizi” layihəsinin uğurunu təmin edən səbəblərdən bəhs edərkən xüsusilə aşağıdakı amilləri ön plana çəkir: birincisi, bu layihə özündə enerji təhlükəsizliyi, enerji mənbələrinin şaxələndirilməsi və azad rəqabəti ehtiva edir. İkincisi, bu layihədə istehsalçı, istehlakçı və tranzit dövlətlər arasında balans yaradılıb. Yəni burada uduzan tərəf yoxdur. Üçüncüsü, siyasət və enerji bir-birindən ayrı olmalıdır. Enerjidən siyasi alət kimi istifadə edilməməlidir. Hesab edirəm ki, “Cənub Qaz Dəhlizi”lə bağlı saziş enerji məsələsinin siyasətdən ayrı olduqda uğur əldə etdiyinə nümunədir.

Enerji siyasətindən danışırıqsa, onu da yada salaq ki, 2017-ci il sentyabrın 14-də beynəlxalq ictimaiyyət Azərbaycanın enerji təhlükəsizliyi sahəsində yeni tarixi səhifə yazdığına şahidlik edib. Həmin gün “Azəri”, “Çıraq” və “Günəşli” yataqları üzrə yeni saziş imzalanıb. O zaman prezident İlham Əliyev bağlanmış müqavilənin ölkəmiz üçün əhəmiyyətini vurğulayaraq, bir neçə başlıca meyarlara diqqət çəkmişdi:  “Azəri”, “Çıraq” və “Günəşli” yataqlarının işlənilməsi 2050-ci ilə qədər uzadılır, yeni müqavilə Azərbaycan üçün daha əlverişlidir (xarici investorlar ölkəmizə 3,6 milyard dollar əlavə ödəyəcək), AzACG şirkəti SOCAR tərəfindən müqavilədə üçüncü podratçı kimi iştirak edəcək və beləliklə, SOCAR-ın layihədəki payı 11,6%-dən 25%-ə qalxacaq, Azərbaycanın neft gəlirinin həcmi 75%-ə çatacaq və s.

- Azərbaycanın mədəniyyətlər və dinlərarasında dialoqa töhfələri haqda da eşitmək istərdik?

- Prezident İlham Əliyevin siyasəti sayəsində Azərbaycan son 16 ildə təkcə dünyanın enerji və nəqliyyat xəritəsini yenidən tərtib etməyib, eyni zamanda dünyada ümumbəşəri dəyərlərin qorunması və təbliği istiqamətində yüksək nailiyyətlərə imza atıb. Dünyada sivilizasiyalararası dialoq sahəsində ciddi problemlərin yaşandığı, bunun fonunda konfliktlərin artması tendensiyasının müşayiət olunduğu, xüsusilə də islamafoboya kimi təhlükəli meyllərin bir sira dövlətin siyasətində özünə geniş yer etdiyi şəraitdə Azərbaycanın mədəniyyətlərarası dialoq məkanına çevrilməsi faktı qlobal əhəmiyyət kəsb edir. Bu məsələdə Azərbaycanın təcrübəsi digər ölkələr üçün örnək ola bilər.

Azərbaycanda dini etiqad azadlığı tam təmin olunub. Biz çoxkonfessiyalı və çoxmillətli cəmiyyətik. Əsrlər boyu müxtəlif dinlərin və xalqların nümayəndələri Azərbaycanda ləyaqətlə yaşayıb. Qısaca deyək, multikulturalizm Azərbaycanın xüsusiyyətlərindən biridir. Biz istəyirik ki, bütün millətlərin və dinlərin nümayəndələri həyat tərzindəki müxtəlifliyə baxmayaraq, sülh şəraitində, birgə yaşasın. Dini hisslərə əsaslanan gərginliklər bütün ölkələr, o cümlədən çoxmillətli cəmiyyətlər üçün olduqca təhlükəlidir.

Multikulturalizm bizim adət-ənənəmiz, dövlət siyasətimizdir. O, ictimai sifariş, bizim həyat tərzimizdir. Prezident İlham Əliyevin təşəbbüsü ilə Azərbaycan paytaxtı iki müxtəlif mədəniyyətin daşıyıcılıarının böyük idman bayramlarına ev sahibliyi edib. 2015-ci ildə tarixdə ilk dəfə keçirilən birinci Avropa Oyunları, 2017-cildə isə IV İslam Həmrəyliyi Oyunları Bakıda təşkil edilib. Başqa sözlə, Azərbaycan idman vasitəsilə sivilizasiyalararası barışıq və dialoqa böyük tohfə verib. Eyni məntiqdən çıxış edən prezident İlham Əliyev 2017-ci ili ölkədə “İslam Həmrəyliyi İli” elan etmişdi. Cənab İlham Əliyevin islam həmrəyliyinə xidmət edən bu və digər təşəbbüsləri müsəlman dünyasında geniş rəğbətlə qarşılanıb və böyük siyasi rezonans doğurub.

2019-cu ildə Azərbaycan Dünya dini liderlərinin II Bakı Sammitinə də ev sahibliyi edib. Sammitə 70 dövlətdən nümayəndələr qatılmışdı. Bütün dünya bir daha bu qənaətə gəlib ki, Azərbaycan dünyaya təkcə neft-qaz deyil, həm də harmoniya mədəniyyəti, multikulturalizm və tolerantlıq ixrac edir.

- Onu da bilirik ki, bu gün Azərbaycanın torpaqlarının bir hissəsi işğal altındadır. Ölkənizin bununla bağlı yürütdüyü siyasət haqda nə deyə bilərsiniz?

- Bu, bir həqiqətdir ki, Ermənistanın Azərbaycana təcavüzü, etnik təmizləmə siyasəti olmasaydı, prezident İlham Əliyevin rəhbərliyi altında son 16 ildə həm daxili, həm də xarici siyasətdə qazandığımız uğurların miqyası daha böyük olardı. Münaqişənin hələ də həllini tapmamasına baxmayaraq, Azərbaycan son 16 ildə problemin həlli prosesində siyasi, diplomatik və hərbi üstünlüyünü təmin edib. Ermənistanın çoxsaylı cəhdlərinə baxmayaraq, heç bir beynəlxlaq subyekt, o cümlədən Yerevanın özü separatçı rejimin müstəqilliyini tanimayıb. Bu, Azərbaycanın mühüm siyasi üstünlüyüdür.

İkincisi, Ermənistanın “DQR”də keçirdiyi “referendum”un nəticələri də heç bir beynəlxalq güc və təşkilat tərəfindən qəbul olunmayıb. Bu, əslində beynəlxalq birliyin Dağlıq Qarabağı Azərbaycanın tərkib hissəsi kimi qəbul etdiyinin təsdiqi, eyni zamanda, Azərbaycanın diplomatik üstünlüyü deməkdir.

Nəhayət, 2016-cı ilin “aprel döyüşləri” Ermənistan ordusunun məğlubedilməzliyi haqqında mifin Azərbaycanın ordusunun əks həmləsilə bir neçə gün ərzində darmadağın edilməsilə nəticələnib. Bu qələbə Azərbaycan ordusunun hərbi texniki təchizatı və döyüş ruhunun ən yüksək səviyyədə olduğunu bütün dünyaya nümayiş etdirib. Demək, Azərbaycanın hərbi üstünlüyü də təmin edilib. Bu, bir həqiqətdir ki, Azərbaycan ordusu dünyanın ən güclü 50 ordusu sirasındadır.

Ötən illər ərzində ölkəmizdə 20 hərbi zavod tikilib istifadəyə verilib. Bu zavodlarda 1200 adda hərbi təyinatlı məhsul istehsal edilir. Üstəlik, onlar dünyanın müxtəlif ölkələrinə ixrac edilir, o cümlədən Azərbaycanda keçirilən müdafiə sənayesi sərgilərində təqdim olunur və müsbət reaksiyalar doğurur.

Ali Baş Komandan İlham Əliyevin təcavüzkar Ermənistan dövlətinə qarşı son 16 ildə tətbiq etdiyi iqtisadi və nəqliyyat blokadası siyasəti də öz müsbət nəticələrini verir. Ən mühüm nəticələrdən biri və bəlkə də birincisi Ermənistandakı inqilab olub. Prezident İlham Əliyev bütün beynəlxalq tribunalardan hər zaman bildirirdi ki, Ermənistanda qana susamış korrupsioner diktatura rejimi qurulub, onun rəhbəri Serj Sarqsyanın əli isə Azərbaycan xalqının qanına batıb. Sarqsyan və silahdaşları Xocalıda insanlığa qarşı cinayət törətmiş şəxslərdir. Başqa sözlə, onlar hərbi cinayətkarlardır. Prezident daim vurğulayırdı ki, bu rejimdən ən çox ziyan çəkən erməni xalqının özüdür.

Bununla yanaşı, təəssüf ki, Nikol Paşinyanın münaqişə ilə bağlı davranışları da onun yaxın tarixi keçmişdən nəticə çıxarmadığını göstərir. Paşinyan da öz sələfləri kimi, məsuliyyətsiz, ziddiyyətli bəyanatlar verir. Onun 2019-cu ildə “Valday” Beynəlxalq Diskusiya Klubunun plenar sessiyasında, MDB Dövlət Başçıları Şurasının Aşqabaddakı iclasında və son olaraq, Münxen Təhlükəsizlik Konfransındakı məsulliyyətsiz və ziddiyyətli bəyanatları buna misaldır. O, Dağlıq Qarabağı gah müstəqil qurum kimi təqdim edir, gah da Ermənistan adlandırır.

Təəssüf ki, BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş torpaqlarından dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnaməsinə əməl olunmur. Bu, beynəlxalq siyasətdə ikili standartların olduğuna bariz nümunədir. Nəticədə torpaqlarımızın 20%-i hələ də işğal altındadır, bir milyondan çox qaçqınımız və məcburi köçkünümüz var. Dünya bu zülmə birmənalı yanaşmır.

(Ərəb dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: Şəbəb əl-Nil

 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2020, WorldMedia.az