05.06.2020 13:03
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Azərbaycan iqtisadi azadlıqları irəli aparmaq üçün ciddi addımlar atır
 
04.06.2020
THE DAILY SIGNAL, ABŞ
 

  Rusiya imperiyasının köçürmə siyasəti
 
03.06.2020
HISTORIA UWAZAM RZE, Polşa
 

  İran-Azərbaycan: dərin və köklü əlaqələr
 
03.06.2020
IRNA, İran
 

  Rusiya və Azərbaycan: nadir hekayə
 
01.06.2020
AgoraVox, Fransa
 

  Müsəlman Şərqində ilk Cümhuriyyət
 
31.05.2020
El Epicentro, Çili
 

 
 
Səfir: “İnformasiya-kommunikasiya texnologiyaları Azərbaycanda inkişafın aparıcı qüvvəsidir”

 
 



OUTSOURCING JOURNAL, Almaniya
02.04.2020


Müəllif: Ramin Həsənov (Azərbaycanın Almaniyadakı səfiri)

Azərbaycanın Almaniyadakı səfiri Ramin Həsənov ölkəsinin informasiya-kommunikasiya texnologiyaları (İKT) sektorunun qısa icmalını təqdim edir.

İnformasiya-kommunikasiya texnologiyaları (İKT) sektoru Azərbaycanın innovasiyaya, texnologiyalara və müasir biliklərə əsaslanan iqtisadiyyata keçidində mühüm rol oynayır. BMT-nin hesabatına əsasən, dənizə çıxışı olmayan Azərbaycanda hasilat xərcləri 11,24% daha çoxdur. Dənizə çıxışın olmaması əlbəttə ki, coğrafi məhdudiyyətlər deməkdir. Bunu, həmçinin enerji sektorunun ölkə iqtisadiyyatının ənənəvi təməl daşı olduğunu nəzərə alsaq, bu gün Azərbaycanda qeyri-əmtəə sektorunun irəliləməsində, iqtisadiyyatın şaxələndirilməsində, regionların bərabər sosial-iqtisadi inkişafında, “Made in Azerbaijan” konsepsiyasının, həmçinin “Made in Azerbaijan” brendinin təşviqində İKT sektoru əsas prioritetlərdəndir. Bu üzdən bu sahə ilə bağlı məsələlər “Azərbaycan 2020: gələcəyə baxış”, həmçinin milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrində əksini tapıb.

Ölkəmizin beynəlxalq nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşməsi, həmçinin onun nəqliyyat və logistika potensialı da Azərbaycanın İKT qovşağı və rəqəmsal körpü qismində inkişafına şərait yaradır.

Yeri gəlmişkən, rəqəmsal iqtisadiyyatın inkişafı, kiçik və orta müəssisələrin rəqabət qabiliyyətliyinin artırılması məqsədilə son illərdə ölkəmizdə sənaye parkları və texnoparklar yaradılıb. Məsələn, Sumqayıt Kimya Sənaye Parkı, Balaxanı Sənaye Parkı, Qaradağ Sənaye Parkı, Mingəçevir Sənaye Parkı, Pirallahı Sənaye Parkı, Mingəçevir Yüksək Texnologiyalar Parkı, Azərbaycan Milli Elmlər Akademiyası Yüksək Texnologiyalar Parkı.

Sənaye parklarının və texnoparkların rezidentləri üçün 7 illik vergi güzəştləri təklif olunur. Bundan başqa, biznes prosedurlar sadələşdirilib, qeydiyyat prosesi elektron şəkildə, yəni “vahid pəncərə” prinsipi əsasında həyata keçirilir.

Bağlantı

Azərbaycan BMT-nin dəstəklədiyi Transavrasiya Super İnformasiya Magistralı (TASİM) layihəsini həyata keçirməklə, transregional İKT bağlantısının inkişafına töhfə verir. Bu layihə Avrasiyada genişzolaqlı internet bağlantısını, İKT infrastrukturunun inkişafını və elektron kommersiyanı gücləndirəcək. BMT-nin hesabatına əsasən, TASİM tranzit qovşağı qismində ölkəmizin regiondakı mövqeyini ön plana çıxaracaq. Bundan başqa, yenə də həmin hesabata əsasən, açıq dənizə çıxışı olmayan ölkələr arasında məhz Azərbaycan güclü transsərhəd bağlantısına malikdir. TASİM Avrasiya ölkələri üçün transmilli fiber-optik magistralın yaradılmasını, Almaniyadan Çinə yeni tranzit marşrutunun inkişafını ehtiva edən regional təşəbbüsdür. Bu layihə TASİM Konsorsiumu çərçivəsində davam etdirilir. Layihə gerçəkləşərsə, bu marşrut Avropanın və Asiyanın ən böyük internet mübadilə nöqtələri olan Frankfurtla Honq-Konq şəhərlərini birləşdirəcək.

Yeri gəlmişkən, regionda yeganə süni peyk operatoru olan “Azərkosmos” beynəlxalq kosmik sənaye sahəsinin aparıcı oyunçularından biri olmağa çalışır. Bu sahə ilə bağlı regionun ən böyük infrastrukturu olan Data Mərkəzi isə ölkənin qlobal informasiya mühitinə inteqrasiyasını intensivləşdirəcək. Elektron kommersiyanın infrastruktur bazasının daha da inkişaf etdirilməsi, həmçinin regional iqtisadi-ticari əməliyyatların asanlaşdırılması məqsədilə bir sıra xidmətlər təklif edən Rəqəmsal Ticarət Qovşağı portalı da yaradılıb. Aparıcı elektron kommersiya portallarına inteqrasiya edilmiş “Azexport.az” saytı “Made in Azerbaijan” brendli məhsullar haqda məlumatları təmin edir, həmçinin onların yerli və xarici bazarlarda satışı üçün platforma qismində fəaliyyət göstərir. Milli Nüvə Tədqiqatları Mərkəzisə dinc məqsədli nüvə texnologiyalarını inkişaf etdirir və elmi tədqiqatlarını genişləndirir. Bundan başqa, Yüksək Texnologiyalar Tədqiqat Mərkəzi müasir texnologiyaların Azərbaycana idxal olunması və rəqəmsal transformasiyanın gücləndirilməsi məqsədilə fəaliyyət göstərir. İKT sektoru ilə bağlı müxtəlif məsələlərin həlli, həmçinin gənc peşəkarları və “startap”çıları cəlb etməklə innovativ fəaliyyətlərin genişləndirilməsi məqsədilə Əşyaların İnterneti Laboratoriyası təsis olunub. Xarici bazarlara innovativ və rəqabət qabiliyyətli məhsulların və xidmətlərin ixracı məqsədilə isə ölkəmizin aparıcı 10 şirkəti tərəfindən Azərbaycan İnnovasiyaların İxracı Konsorsiumu qurulub.

İKT sektoru

Hər il təşkil olunan “Bakutel” – Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar Sərgisi rəqəmsal gələcəyin formalaşdırıması məqsədilə qlobal İKT nailiyyətlərinin nümayiş olunduğu biznes platformasıdır. BMT-nin Dövlət Xidmətləri Mükafatı ilə təltif olunmuş “ASAN xidmət” tərəfindən isə Azərbaycan vətəndaşları və rezidentləri üçün innovativ formada müxtəlif ictimai xidmətlər göstərilir. Bu zaman müasir İKT-dən istifadə edilir.

İKT-dən istifadə və onun tətbiqi ölkədə əqli mülkiyyətin artmasına, innovativ inkişafa imkan yaradır. Əqli mülkiyyətin kommersiyalaşdırılması Azərbaycan iqtisadiyyatı üçün əlavə gəlir mənbəyidir. O, yaradıcı sənayelərin ÜDM-dəki payını təxminən 5%-ə çatdırıb. Bu arada, Ümumdünya Əqli Mülkiyyət Təşkilatının məlumatına görə, 2018-ci ildə Azərbaycanda qüvvədə olan patentlərin sayı 253-ə çatıb.

İqtisadi inkişaf

Azərbaycan regionun ən uğurlu islahatçı ölkələrindəndir. Bir çox beynəlxalq təşkilat (Beynəlxalq Telekommunikasiya İttifaqı, Davamlı İnkişaf üçün Genişzolaqlı Komissiya, Dünya Bankı, BMT-nin İnkişaf Proqramı, Ümumdünya İqtisadi Forumu və s.) ölkəmizin iqtisadi nailiyyətlərini qəbul və təqdir edir. Son beynəlxalq iqtisadi hesabatlara əsasən, Azərbaycan bir sıra iqtisadi göstəricilər, xüsusən də biznesin aparılmasının və kreditin əldə olunmasının asanlığı, internetdən istifadə, bacarıqlı işçi qüvvəsi və savadlılıq üzrə yüksək yerlərə layiq görülüb. Odur ki, ölkəmiz qlobal dəyər “zəncir”lərinə və çoxtərəfli ticarət sisteminə səmərəli inteqrasiya etmək, həmçinin BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün beynəlxalq əməkdaşlığını genişləndirir.

Azərbaycanla Almaniya arasında iqtisadi əlaqələr

Almaniya ilə Azərbaycan arasında iqtisadi əlaqələr ən dinamik inkişaf edən əməkdaşlıq sahələrindəndir. İki ölkə arasında ən yüksək səviyyədə qarşılıqlı səfərlər, biznes tədbirlərinin təşkili, ölkəmizin Almaniyada keçirilən müxtəlif beynəlxalq sərgilərdə iştirakı ikitərəfli iqtisadi-ticari münasibətlərin genişlənməsinə xüsusi töhfə verir.

Yeri gəlmişkən, Azərbaycan Almaniyanın Cənubi Qafqazdakı ən mühüm iqtisadi və ticari tərəfdaşıdır. 2019-cu ilin ilk yarısında Almaniyanın Cənubi Qafqazla ümumi ticarət dövriyyəsində Azərbaycanın payı təxminən 75% olub. 2018-ci ildə isə Almaniya Azərbaycanın 4-cü ən böyük xarici ticarət tərəfdaşı idi. 2019-cu ilin 1-ci yarısında ikitərəfli ticarətin həcmi 1 milyard avrodan artıq olub. 1995-2018-ci illərdə Almaniya tərəfindən Azərbaycan iqtisadiyyatına təxminən 630 milyon dollar sərmayə yatırılıb. Alman şirkətləri əsasən ölkəmizin qeyri-neft sektorunda fəaldır. Almaniya-Azərbaycan Xarici Ticarət Palatası Azərbaycanda uğurla fəaliyyət göstərir və onun təxminən 140 üzvü var. Almaniya-Azərbaycan Ticarət və İnvestisiyalar üzrə Yüksək-Səviyyəli İşçi Qrupunun 9-cu iclasının isə 2020-ci ildə Berlində keçirilməsi planlaşdırılır.

(İngilis dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: OUTSOURCING JOURNAL

 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2020, WorldMedia.az