05.06.2020 14:50
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Azərbaycan iqtisadi azadlıqları irəli aparmaq üçün ciddi addımlar atır
 
04.06.2020
THE DAILY SIGNAL, ABŞ
 

  Rusiya imperiyasının köçürmə siyasəti
 
03.06.2020
HISTORIA UWAZAM RZE, Polşa
 

  İran-Azərbaycan: dərin və köklü əlaqələr
 
03.06.2020
IRNA, İran
 

  Rusiya və Azərbaycan: nadir hekayə
 
01.06.2020
AgoraVox, Fransa
 

  Müsəlman Şərqində ilk Cümhuriyyət
 
31.05.2020
El Epicentro, Çili
 

 
 
Azərbaycan: iqtisadi tərəqqi və sərmayə axtarışı

 
 



E&D, Fransa
09.04.2020


Avropa, Asiya və Orta Şərqin kəsişməsində yerləşən Azərbaycan Fransanın Qafqazdakı əsas ticarət tərəfdaşıdır. O, zəngin karbohidrogen ehtiyatları sayəsində son illərdə bölgənin əsas iqtisadi aktoruna çevrilib. Fransanın iqtisadiyyat və maliyyə naziri Brüno Lömerin Bakıya 2019-cu ilin iyulunda etdiyi səfər iki ölkə arasında iqtisadi mübadilənin davamlı inkişafında yeni mərhələnin əsasını qoyub.

“Qara qızıl” ölkəsindən şaxələndirmə siyasətinədək

Bakının parlayan “Alov qüllələri” qarşısında dayanmış xarici investorda bu ölkə ilə bağlı heç bir şübhə qalmır: bu, sürətlə inkişaf edən və liberal iqtisadiyyata malik ölkədədir! Amma o, heç də həmişə belə olmayıb: SSRİ-nin dağılmasınadək onilliklər boyu sosialist idarəçiliyi altında olan ölkədə iqtisadi tənəzzül yaşanırdı. Bugünkü uğuruna görə isə Azərbaycan qaz və neft ehtiyatlarının müdrik şəkildə idarə olunmasına borcludur. BP ilə 1994-cü ildə imzalanmış “Əsrin müqaviləsi” adlı ticarət sazişi iqtisadi artımın həndəsi silsilə ilə getməsinin əsasını qoyub.

Bu prosesdən Fransanın “Total” və “GDF Suez” şirkətləri də kənarda qalmayıb. Onlar Azərbaycan Dövlət Neft Şirkəti – SOCAR ilə müvafiq müqavilələr imzalayıb.

BMT-nin Ticarət və İnkişaf üzrə Konfransının (UNCTAD) 2019-cu il hesabatında bildirilir ki, 2018-ci ildə Azərbaycan iqtisadiyyatına 1,4 milyard dollar birbaşa xarici investisiya qoyulub. Bu gün Azərbaycanın inkişafında demək olar ki, bütün böyük güclər iştirak edir – Çin, Rusiya, Avropa. Azərbaycanda bunu yaxşı alayırlar. Odur ki, ölkənin prioritet elan etdiyi sektorlar üçün nəzərdə tutulmuş malların idxalçılarına sərfəli gömrük tarifi müəyyənləşdirilib, investorlar üçün əlverişli şərait yaradılıb:

• Yeni ticarət yollarında mərkəzi bənd rolunu oynaması üçün Bakıdan 65 kilometr cənubda yerləşən Ələt limanı yaxınlığında azad ticarət zonası yaradılıb (limanın direktoru Taleh Ziyadov buranı “beş ulduzlu xab” adlandırır);

• 2017-ci ildə Azərbaycanın Bakı, Gürcüstanın Tbilisi və Türkiyənin Qars şəhərləri arasında yeni dəmir yolu xəttinin açılışı olub. Xəzər dənizini Avropa ilə birləşdirən bu dəmir yolu ildə təxminən 1 milyon sərnişin və 6,5 milyon ton yük daşımaq gücündədir;

• 2018-ci ildə Azərbaycan qazını Avropaya daşıyacaq və qitənin enerji təhlükəsizliyinin təmin olunmasına töhfə olacaq Transanadolu qaz xətti (TANAP) istifadəyə verilib. Uzunluğu 2000 kilometrdən uzun olan kəmər Xəzər dənizinin Azərbaycanın hissəsində yerləşən “Şahdəniz” yatağından çıxarılan qazı Gürcüstan və Türkiyədən keçməklə, Yunanıstan və Bolqarıstan sərhəddinə çatdırır.

Maraqlı məqamlardan biri ondan ibarətdir ki, Azərbaycana investisiya qoymaq istəyənlər lisenziya və əməliyyat icazəsi verən rəqəmsal platformaya (http://azpromo.az/) birbaşa müraciət edə bilər. Azərbaycan bazarların inkişafını qabaqlayaraq iqtisadiyyatını şaxələndirmək, karbohidrogenlərdən asılılığı tamamilə aradan qaldırmaq istəyir. Bu məqsədlə hökumət 2016-cı ildən yeni strateji plan əsasında işləyir. İndi, yeni investisiya sahələri kimi kənd təsərrüfatı, nəqliyyat, turizm, informasiya-kommunikasiya texnologiyaları da daxil olmaqla, iqtisadiyyatın 11 sektoru müəyyənləşdirilib.

Fransa Qafqazın yeni iqtisadi aktoru kimi

Uzun müddətdir Azərbaycanla siyasi tərəfdaş olan Fransa indi, Qafqazın bu bölgəsində əsas iqtisadi oyunçuya çevrilməyə də can atır. Doğrudur, Azərbaycan Fransanın ticarət tərəfdaşları sırasında 81-ci yerdədir. Fransadan ixrac həcminə görə isə o, MDB ölkələri arasında Rusiya, Ukrayna və Qazaxıstandan sonra 4-cü yeri tutur. Fransa bu ölkəyə əsasən kimyəvi maddələr, ətir və kosmetika məhsulları (20%), həmçinin dəmir yolu nəqliyyatı vasitələri (19%) ixrac edirsə, neft və qaza olan təlabatının az qala hamısını Azərbaycanın hesabına ödəyir.

Bu gün xarici investorları Azərbaycana cəlb edən oradakı sabitlik, dünyəvi demokratik rejim, hökumətin nəqliyyat şəbəkələri və vektorlarını müasirləşdirmək istiqamətində atdığı addımlardır. Burada Fransanın bir üstünlüyü də var: o, azərbaycanlılar tərəfindən sevilən ölkədir. Müstəqilliyini 1991-ci ildə qazanmış Azərbaycanı müstəqil dövlət kimi tanımış ilk ölkələrdən biri Fransadır. Bundan az sonra tərəflər arasında diplomatik münasibətlər qurub. Belə məsələlərə xüsusi həssaslıqla yanaşan prezident Heydər Əliyev 1993-cü ildə xaricə ilk rəsmi səfərini məhz Fransaya etmişdi. O vaxtdan iki ölkə arasında yaxınlaşma davam edib və 1993-cü il dekabrın 20-də tərəflər dostluq və əməkdaşlıq müqaviləsi imzalayıb, 1994-cü ildə isə Parisdə Azərbaycan səfirliyi açılıb. Üstəlik, Bakı Fransanı onun 20 ildən çoxdur Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ bölgəsilə bağlı münaqişənin dinc yolla həllinə çalışan Minsk qrupunun həmsədri kimi də alqışlayır.

Bu siyasi dostluq əsasında 1991-ci ildən bu yana Fransada hökumətin başında kimin dayanmasından asılı olmayaraq, iqtisadi və mədəni əlaqələr də inkişaf edir. Hələ XXI əsrin əvvəllərində tərəflər arasında mühüm müqavilələr imzalanıb: 2009-cu ildə Bakı metrosunun genişləndirilməsi üçün “Systra” (SNCF və RATP-ın törəmə şirkəti) şirkəti ilə; 2013-cü ildə Azərbaycanın ilk telekommunikasiya peykinin “Kuru” kosmodromundan göndərilməsi üçün “Arianespace” ilə və s.

Fransanın iqtisadiyyat və maliyyə naziri Brüno Lömerin Bakıya 2019-cu ilin iyulunda etdiyi səfər isə bu iqtisadi münasibətlərin hansı səviyyədə olduğunu göstərən önəmli amildir. Bakıya “Alstom” şirkəti ilə “Azərbaycan Dəmir Yolları” QSC arasında müqavilə imzalamaq üçün yollanmış nazir bildirib ki, iki ölkə karbohidrogen və bərpa olunan enerji sahələrində, eləcə də müdafiə sənayesində yeni ortaq layihələr reallaşdırır.

Naziri səfər zamanı Fransanın iş adamlarından ibarət nümayəndə heyəti müşayiət edirdi – MEDEF-dən tutmuş, bu yaxınlarda Gürcüstanda fəaliyyətə başlamış AFD-dək. Bütün bunlar fransızların Cənubi Qafqaz regionuna getdikcə daha çox cəlb olunduğunun göstəricisidir.

Mədəniyyət və turizm sahəsində mübadilələr

Aleksandr Düma bununla fəxr edərdi, fransız turist isə təəccüblənə bilər: Azərbaycanda Dümanın adına küçə var. Amma bu da son deyil. 2011-ci ildə Bakıda fransız liseyi belə, açılıb.

Dənizlə dağların arasında yerləşən bu ölkə özünün turizm potensialı ilə 2012-ci ildə “Eurovision” mahnı müsabiqəsinə, ötən illərdə Formula 1 Qran Prisinə, 2019-cu ildə UEFA Avropa Liqasının finalına, o cümlədən bir çox beynəlxalq tədbirə uğurla ev sahibliyi edib və edir. O, dünya vətəndaşlarını, ilk növbədə, qonşu Avropanın insanlarını ilhamlandıracaq bir çox şeyə sahibdir. Elektron vizaların verilməsi ilə bağlı çevik strategiya, Parisdən birbaşa uçuşlar, həmçinin Fransanın şəhərləri və muzeyləri ilə (Luvr muzeyindəki İslam incəsənəti şöbəsi də daxil olmaqla) çöxşaxəli əməkdaşlıq hər iki hökumətin istədiyi kimi, turizmin inkişafına təkan verməlidir.

2017-ci ilin yanvarında dövlət katibi Matias Fekl Assambleya qarşısındakı hesabatında deyib: “Turizm ölkələrimiz üçün yeni əməkdaşlıq sahəsidir”. İpək Yolu, “Bir kəmər, bir yol” kimi istiqamətlərin üzərində yerləşən Azərbaycan Fransa və bütövlükdə Avropa investorlarını cəlb etmək üçün çox üstünlüklərə malikdir.

(Fransız dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: E&D

 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2020, WorldMedia.az