05.06.2020 13:31
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Azərbaycan iqtisadi azadlıqları irəli aparmaq üçün ciddi addımlar atır
 
04.06.2020
THE DAILY SIGNAL, ABŞ
 

  Rusiya imperiyasının köçürmə siyasəti
 
03.06.2020
HISTORIA UWAZAM RZE, Polşa
 

  İran-Azərbaycan: dərin və köklü əlaqələr
 
03.06.2020
IRNA, İran
 

  Rusiya və Azərbaycan: nadir hekayə
 
01.06.2020
AgoraVox, Fransa
 

  Müsəlman Şərqində ilk Cümhuriyyət
 
31.05.2020
El Epicentro, Çili
 

 
 
FOTO| Azərbaycan xalçaçıları əsrlərdən gələn ənənələrini qoruyur

 
 



Forbes, ABŞ
15.04.2020


Müəllif: Stefan Rabimov

Döşəmələr, divarlar və tavanlar: xalçaların fəth etmədiyi yer yoxdur. İnsanlar qədim zamanlardan, əlamətdar hadisələr üçün qırmızı xalçalardan istifadə edir. Məsələn, iki min il əvvəl yunanlar döyüşçülərini belə xalçalarla salamlayıb. İnsan təxəyyülünün ən maraqlı məhsullarından biri də sehirli xalçada uçmaqdır. “Disney”in bu yaxınlarda ərsəyə gətirdiyi, sehirli xalçadan da bəhs edən “Ələddin” filmi şirkətə təxminən 1 milyard dollar gəlir gətirib.

Xalçalar moda dizaynerlərinin də ilham mənbəyidir. Məsələn, Vircil Ablo IKEA şirkətinin ev dekorlarının dizaynında xalçadan istifadə edib.

Qədim zamanlarda məşhur İpək Yolu boyu satılan xalçalar bahalı metallar dəyərində olub. Odur ki, Şərqlə Qərbin kəsişməsində yaşayan xalqın – azərbaycanlıların xalçaçılıq sənətinin yaşının əsrlərə uzanması, onun əslər boyu təkmilləşməsi təəccüblü deyil. Yerli gəlmişkən, Azərbaycanın xalçaçılıq sənəti 2010-cu ildə UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilib. Odur ki, ölkədə bu sənət növünə həm beynəlxalq istehlakçılar, həm də yerli xalçaçılar böyük diqqət göstərir. Nəticədə Azərbaycan və onun paytaxtı Bakı şəhəri XXI əsrdə xalçaçılıq sənətinin mərkəzinə, həmçinin bu sənətin intibah dövrünü yaşadığı məkana çevrilib.

Azərbaycanın bütün bölgələrinin – Xəzər dənizi sahilində yerləşən regionlardan tutmuş, Şirvana, Talış dağlarına qədər bütün bölgələrinin yerli xalçaçılıq ənənələri var. Əslində, ölkəni xalçaçılıq sahəsini “Azərxalça” şirkətinin bütün ölkə boyu yerləşən xalça fabriklərini gəzməklə tədqiq edə bilərsiniz. Bu fabriklərdə yerli sənətkarlar 500 növdən çox xalçaçılıq məhsulu istehsal edir.

Azərbaycan xalçalarında ən çox istifadə edilən bəzək elementlərindən biri od rəmzi sayılan butadır. Digər məşhur bəzək elementinə misal olaraq tovuz quşunu göstərmək olar. Əslində, o da odu ehtiva edir.

Azərbaycan xalçalarındakı klassik bəzək elementlərindən biri “S” formasında, mürəkkəb üfiqi və şaquli xətlərdən istifadə edilərək ərsəyə gətirilən əjdahadır. Bu bəzək elementi də digərləri kimi, od rəmzidir.

Zəngin neft-qaz ehtiyalatlarına malik bu ölkədə od rəmzlərinin əsas bəzək elementi olması başadüşüləndir. Azərbaycan müasir neft sənayesinin vətəni hesab olunur. Bundan başqa, bu gün Bakı şəhərinin yerləşdiyi Abşeron yarımadası bizim eranın 3-cü əsrindən etibarən bütün ərəb dünyasında neft istehsal olunan əsas məkan kimi tanınırdı. 2024-cü ildə Azərbaycanın enerji resursları ixracını daha da artıracağını nəzərə alsaq, odun bu ölkədə əsas rəmz olaraq qalacağını əminliklə söyləyə bilərik!

Bakı çox güclü mədəniyyətlərarası xüsusiyyətə də malikdir. Burada həm “Eurovision” mahnı müsabiqəsi, həm də İslam Həmrəyliyi Oyunları keçirilib. Xalçalara isə burada az qala dindən belə, böyük önəm verilir. Məsələn, hələ Sovet dönəmində, 1967-ci ildə açılmış Azərbaycan Xalça Muzeyi tarixi Cümə məscidində yerləşirdi. Azərbaycanın 1991-ci ildə müstəqillik qazanmasından sonra o, Vladimir Lenin Muzeyinin binasına köçürülmüşdü.

Xalçaların ərsəyə gətirildiyi müxtəlif dönəmlər, dövrlər başa çatsa da, xalçaların özü “yaşamağa” davam edir.

“Azərbaycan xalçaları ona görə məşhurdur ki, onlar mütləq ideyanı estetik şəkildə ərsəyə gətirmiş insanların mənəvi təcrübələrinin təcəssümüdür. Xalçalardakı bəzəklər vizual dildir. Oradakı bütün elementlər mühüm əhəmiyyət kəsb edir”, - deyə Azərbaycan Xalça Muzeyinin direktoru Şirin Məlikova bildirir.

Bu gün Azərbaycan Xalça Muzeyinin avstriyalı memar Frans Yans tərəfindən dizayn edilmiş, bükülmüş xalça formasında olan binası Zaha Hadinin memarı olduğu Heydər Əliyev Mərkəzi ilə birlikdə Bakının müasir memarlıq incisidir. Paytaxtın daha bir rəmzi isə HOK şirkətinin dizaynı ilə ərsəyə gətirilmiş “Alov qüllələri”dir.

Azərbaycan Xalça Muzeyində yaradılmış virtual tur da möhtəşəmdir. Bu virtual tur zamanı həm əylənmək, həm də öyrənmək mümkündür. Odur ki, bu imkandan yararlanın.

Sənət növlərinin yox olmaması, onun ənənələrinin qorunub-saxlanılması üçün yeni tələbələrə ehtiyacı var. Məsələn, dulusçu Qreyson Perrinin müasir incəsənət sahəsilə bağlı verilən nüfuzlu “Törner” mükafatını qazanmasından sonra bu sənət 2000-ci illərin ən məşhur sənət növlərindən birinə çevrilmişdi. Məşhur fleyta ifaçısı Lizzonun sayəsində isə ötən il ABŞ-da nəfəs alətlərinin satışında 30%-lik artım olmuşdu.

Azərbaycanın xalçaçılıq sənətini beynəlxalq səviyyədə Faiq Əhməd tanıdır. O, uşaq vaxtı ailə xalçalarını kəsib-doğrayırmış. Bununla, Faiq xalçadakı rəsmləri dəyişdirmək istəyirmiş. Tələbəlik dövründə memarlığın, kvant mexanikasının və dini təcrübələrin aşiqi olmuş Faiq Əhməd XXI əsrin sufisinə çevrilib.

“Bir-birilə əlaqəsi olmayan bəzi mədəniyyətlərdə eyni anlam kəsb edən oxşar rəmzlər var. Mən həmin mədəniyyətlərin atropologiyasını araşdırmağa başladım. Nəticədə hər gün gördüklərimizi fərqli görmək üçün dəyişməli olduğumu anladım. İnsanlar məndən bu sənətlə nə üçün məşğul olduğumu soruşur. Bu, şamandan nə üçün şamanizmlə məşğul olduğunu soruşmaq kimidir. Bu sənət mənim üçün çox şəxsi məsələdir. Əslində, mənim işlərim araşdırmalarımla bağlı hesabatdır. Son nəticə məni o qədər də maraqlandırmır”, - deyə Faiq Əhməd bildirir.

Faiqin qeyri-adi xalçalarının sayı çox deyil. Odur ki, onlar dünyaya kifayət etmir. Sənətşünasların sözlərinə görə, onun sehirli nondualizm fəlsəfəsilə ərsəyə gətirdiyi işlər son yüz ildə xalçaçılıq sənətindəki ən böyük yenilikdir. Faiqin əl işləri Avstriyadan tutmuş, Avstraliyayadək müxtəlif qalereyalarda nümayiş etdirilib. Bununla yanaşı, onun xalçalarını akademik institutlardan tutmuş, kral ailələrinədək müxtəlif kolleksionerlər əldə edib.

Əslində, Azərbaycan xalçaları son orta əsrlərdən etibarən, Avropa mədəniyyətinin ayrılmaz parçasına çevrilib. Odur ki, bu xalçaları Hans Memlinqin “Madonna və körpə” (1487), Hans Holbeynin “Səfirlər” (1533) və ya Karlo Krivellinin “Müjdə” (1486) adlı rəsmlərində də görə bilərsiniz.

Amma biz orta əsrlərdən 500 il bu tərəfə, yəni müasir dövrə qayıdaq və Azərbaycanın xalçaçılıq ənənələrini yaşadan məşhur CHELEBI şirkətilə tanış olaq. Şirkət ev dekorlarının və mebellərinin istehsalı ilə məşğuldur. CHELEBI ilk öncə otaqların xüsusi qaydada xalça ilə bəzədilməsilə məşğul olub. Onun xalçaları 2013-cü ildə Venesiya Bienalle sərgisində dərin təəssürat yaratmışdı. Bu brendi rəssam Fərid Rəsulov, Aida Mahmudova və Orxan Hüseynov güclərini birləşdirərək ərsəyə gətiriblər. Bu şirkət Azərbaycanın ənənəvi sənət növlərilə bağlı məhdud sayda əl işləri hazırlayır. Buraya xalçalar da daxildir.

İncəsənət çox zaman mübahisəli mövzularla dolu olur. Azərbaycan xalçalarında əks olunan klassik mövzulardan biri Qafqaz folklorudur. Bu xalçalarda qız qaçırtma səhnəsi belə, təsvir edilib.

Azərbaycan paytaxtındakı ekskluziv xalça, həmçinin suvenir dükanlarında çox çeşiddə və müxtəlif qiymətlərdə xalçalar təklif olunur.

Yeri gəlmişkən, Azərbaycan Moda Həftəsində podiumun xalçalarla bəzədilməsi də təsadüfi deyil. Dəbdəbənin bu ölkənin mədəniyyətinin ruhuna hopduğunu söyləyə bilərik.

Azərbaycan Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev nəşrimizə bildirib ki, xalçaçılıq kimi qeyri-maddi mədəni irs Azərbaycanın milli dəyərlərini, etiqadını və irsini əks etdirir: “Bu gün ölkəmizdə qədim adət-ənənələrin şahidi ola bilərsiniz. Bu, ölkəmizə səfər üçün çoxsaylı səbəblərdən biridir”.

Azərbaycan sosial şəbəkələrdə “TakeAnotherLook” (“Başqa bir baxış”) həştəqindən istifadə etməyə başlayıb. Bununla, çoxşaxəli Azərbaycan mədəniyyəti daha çox tanınacaq.

Beləliklə, Azərbaycanın füsünkar gözəlliyini yenidən kəşf etmək üçün bu ölkəyə “xalçada səyahət” etmək mümkündür.

(İngilis dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: Forbes

 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2020, WorldMedia.az