05.06.2020 12:12
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Azərbaycan iqtisadi azadlıqları irəli aparmaq üçün ciddi addımlar atır
 
04.06.2020
THE DAILY SIGNAL, ABŞ
 

  Rusiya imperiyasının köçürmə siyasəti
 
03.06.2020
HISTORIA UWAZAM RZE, Polşa
 

  İran-Azərbaycan: dərin və köklü əlaqələr
 
03.06.2020
IRNA, İran
 

  Rusiya və Azərbaycan: nadir hekayə
 
01.06.2020
AgoraVox, Fransa
 

  Müsəlman Şərqində ilk Cümhuriyyət
 
31.05.2020
El Epicentro, Çili
 

 
 
Koronavirus Azərbaycanın gələcəyə nikbinliklə baxmasına mane olmur

 
 



EurActiv, Aİ
20.04.2020


Müəllif: Esmira Cəfərova

Son 25 ildə güclü dövlətə çevrilmiş Azərbaycan təkcə enerji tədarükçüsü deyil, həm də enerji təhlükəsizliyinin qarantıdır. O, tərəfdaşları ilə birgə Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum kimi neft-qaz kəmərlərinin tikintisini reallaşdırıb, bununla da uğurlu əməkdaşlıq modeli yaradıb. Bu gün Xəzər dənizinin karbohidrogen ehtiyatları beynəlxalq bazara bu kəmərlər vasitəsilə çıxarılır.

Azərbaycan Dağlıq Qarabağ regionunun işğalına, Ermənistan-Azərbaycan münaqişəsinin qurbanına çevrilmiş qaçqın və məcburi köçkünlərin sosial-iqtisadi yükünə rəğmən, tam müstəqil dövlətə çevrilə bilib. Enerji resurslarından əldə olunmuş gəlirlər sayəsində isə o, müxtəlif problemlərini həll edib.

Son illərdə isə Bakı ölkənin qaz resusrlarının kəşfiyyatı sahəsində beynəlxalq əməkdaşlıq modeli yaratmaq üzərində çalışır. Yeri gəlmişkən, Azərbaycanın qaz ehtiyatının 2,6 trilyon kubmetr olduğu guman edilir. Mövcud Bakı-Tbilisi-Ərzurum boru xətti isə bu həcmdə qazın nəqlinə imkan vermir. Odur ki, ölkə strateji layihə olan “Cənub Qaz Dəhlizi”nin reallaşdırılmasına qərar verib. Bu xəttin tikintisinə 2013-cü ildə başlamıb, artıq 2018-ci ilin mayında onun bəzi seqmentlərinin açılış mərasimi keçirilib. Bununla da “Cənub Qaz Dəhlizi” enerji təhlükəsizliyi, iqtisadi inkişaf və qlobal əməkdaşlıqda əsas layihəyə çevrilib. Layihə 4 ayrılmaz hissədən ibarətdir: “Şahdəniz” yatağının işlənməsinin 2-ci fazası, Cənubi Qafqaz Boru Kəməri, TANAP və TAP. Onların hər birində işlər uğurla davam etdirilir. Bu, Avropada enerji təhlükəsizliyinin bütün komponentlərini birləşdirən ilk meqalayihədir. “Cənub Qaz Dəhlizi” sayəsində 7 ölkə – Azərbaycan, Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan, Albaniya və İtaliya arasında sıx əməkdaşlıq qurulacaq. Bundan başqa, bu layihənin həyata keçirilməsində beynəlxalq neft-qaz şirkətləri də iştirak edir. Eyni zamanda, Avropa Yenidənqurma və İnkişaf Bankı, Avropa İnvestisiya Bankı və Asiya İnkişaf Bankı kimi beynəlxalq maliyyə institutları “Cənub Qaz Dəhlizi”ni dəstəkləyir.

Layihənin rəsmi açılışının keçirilməsindən sonra Türkiyə artıq Azərbaycan qazı əldə etməyə başlayıb. Bu ilin sonunda layihənin tikintisi tam başa çatacaq, bununla da Avropaya illik 10 milyard kubmetr qaz nəql ediləcək. 2020-ci ilin iyunundan yalnız Türkiyəyə ildə 6 milyard kubmetr “mavi yanacaq” qazli planlaşdırılır.

Layihənin seqmentlərindən olan TAP kəmərinin tikintisi demək olar ki, başa çatıb. Bu haqda “Cənub Qaz Dəhlizi” Məşvərət Şurasının 2020-ci il fevralın 28-də keçirilmiş 6-cı iclasında məlumat verilib. Artıq martda onun inşasının 93,5%-nin tamamlandığı açıqlanıb. Bu kəmərin tikintisi ildə 8,8 milyard kubmetr Azərbaycan qazının İtaliyaya nəqlinə imkan verəcək. Beləliklə, Bakı İtaliyanın, həmçinin Cənub-Şərqi Avropa ölkələrinin enerji təhlükəsizliyinə töhfə verəcək, enerji mənbələrinin və marşrutlarının şaxələndirilməsini təmin edəcək, Avropanın atmosferə atılan karbon qazının azaldılması səylərinə yardım göstərəcək.

“Cənub Qaz Dəhlizi”nin Balkanlara, Mərkəzi və Qərbi Avropaya genişlənmək potensialı var. Bundan əlavə, yeni enerji tədarükçüləri, tranzit ölkələr və istehlakçılar bu layihəyə qoşula bilər. BRUA layihəsi, “Yunanıstan-Bolqarıstan interkonnektoru” (IGB) və “İon-Adriaktik” qaz kəmərinin “Cənub Qaz Dəhlizi” ilə birləşmək potensialı var. Nəticədə qeyd olunan kəmərlər vasitəsilə “Şahdəniz” yatağının qazı nəql edilə bilər.

Bu arada, Cənubu Qafqaz Boru Kəmərinin və TANAP-ın daşıma potensialı 31 milyard kubmetrdir. TAP vasitəsilə isə 20 milyard kubmetr qaz nəqli mümkündür. Amma bu plan baş tutmaya da bilər. Avropa İttifaqının “Yaşıl saziş” çərçivəsində müvafiq qanunlar qəbul edəcəyi təqdirdə, qurumun enerji sahəsində uzunmüddətli planları dəyişə bilər. Məsələ ondadır ki, “Yaşıl saziş” 2050-ci ilə qədər tullantıların neytrallaşdırılması planının təməlini qoymalıdır.

Bundan əlavə, Avropa Yenidənqurma və İnkişaf Bankının “iqlim bankı”na çevrildiyini və daha çox “yaşıl” investisiyalarla məşğul olduğunu nəzərə alsaq, onun gələcəkdə, daha doğrusu 2022-ci ildən etibarən qaz daxil olmaqla, karbohidrogen sahəsi ilə bağlı layihələrə investisiya qoymayacağını söyləyə bilərik. Avropa Yenidənqurma və İnkişaf Bankının “Cənub Qaz Dəhlizi” kimi icrasına başlanılmış layihələrlə bağlı mövqeyinin necə olacağını isə birmənalı demək mümkün deyil.

Lakin Avropa İttifaqı rəsmilərinin də söylədiyi kimi, atmosferə zəhərli qazların azaldılması ölkələrin təbii qaza ehtiyacının olmayacağı anlamına gəlmir. Odur ki, qaz hələ müəyyən müddət bərpa olunan enerjidən sonra əsas resurs funksiyasını davam etdirəcək.

Məhz bu amillərə əsasən, koronavirus pandemiyasının yayılmasınadək Azərbaycan iqtisadiyyatı ilə bağlı proqnozlar çox müsbət idi. Bununla yanaşı, son dövrlər ölkədə geniş islahatlar da həyata keçirilir. Onların bəziləri dövlət idarəçiliyində artıq hiss edilən dəyişikliklərə səbəb olub.

Yeri gəlmişkən, Azərbaycanın keçmiş iqtisadiyyat naziri Şahin Mustafayev hələ 2019-cu ilin oktyabrında bəyan etmişdi ki, 2020-ci ildə Azərbaycanda ümumdaxili məhsulun artımı 3% olacaq. Eks-nazir qeyri-neft sektorunda 3,8%-lik, neft sektorunda isə 1,6%-lik artım proqnozlaşdırdıqlarını demişdi. O zaman qeyri-neft sənayesinin 8,8%, kənd təssərüfatının isə 4,8% artacağı proqnozlaşdırılırdı.

Daha sonra ölkənin yeni iqtisadiyyat naziri Mikayıl Cabbarov deyilənləri təsdiqləmiş, üstəlik, daha böyük uğura nail olacaqlarını bildirmişdi.

Ölkədə işsizlik səviyyəsi 2018-ci ildə 5,02, 2019-cu ildə isə 4,99%-dək düşmüşdü. Bu rəqəmin gələcəkdə daha da azalacağı pronozlaşdırılır. 

Azərbaycan 2030-cu ilədək ümumi elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrinin payını 30%-dək artırmağı planlaşdırır. Hazırda bu göstərici hidroelektrik stansiyaları daxil olmaqla, 18-19%-dir. Bu məqsədlə Azərbaycan bu ilin yanvarında Səudiyyə Ərəbistanının “ACWA Power” və Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkətlərilə bərpa olunan enerji üzrə pilot layihələrin həyata keçirilməsilə bağlı müqavilələr imzalayıb. Gələcəkdə belə layihələrin daha çox olacağı gözlənilir.

Lakin bu gün bütün dünyada yayılmış koronavirus pandemiyası Azərbaycandan da yan keçməyib. Ölkədə bu virusa ilk yoluxma halı bu il fevralın 28-də qeydə alınıb. Bundan az sonra Azərbaycan hökuməti ölkədə karantin elan edib, sonrakı günlərdə karantin rejimi vəziyyətə uyğun olaraq, daha da sərtləşdirilib.

Azərbaycan prezidenti İlham Əliyev martın 19-da ölkədə Koronavirusla Mübarizəyə Dəstək Fondunun yaradılması barədə sərəncam imzalayıb. Bundan başqa, hökumət iqtisadi sabitliyi təmin edilməsi, sosial müavinətlərin verilməsi üçün 9 proqram hazırlayıb. Bunun üçün 2,5 milyard manat vəsait ayrılıb. Burada əsas məqsəd əlbəttə ki, iqtisadiyyatın tezliklə bərpa edilməsi və koronavirus bəlasından az itkilərlə çıxılmasıdır.

Son dövrlərdə neftə təlabatın azalması bu enerji resursunun qiymətinin kəskin düşməsilə nəticələnib. Bu vəziyyət şühbəsiz ki, Azərbaycan iqtisadiyyatına da mənfi təsir göstərib. Əks təqdirdə ölkə iqtisadiyyatı mütləq yüksəlişdə olacaqdı.

Yeri gəlmişkən, Azərbaycanın 2020-ci il dövlət büdcəsində neftin barelinin qiyməti 55 dollardan hesablanıb. Buna səbəb ilin ilk 2 ayında neftin qiymətinin 60 dollardan yuxarı olması idi. Nəticədə təkcə yanvarda büdcə gəlirləri xərclərdən 400 milyon manat çox olmuşdu. Bu işə vergi və gömrük xidmətlərinin gəlirləri də öz töhfəsini vermişdi.

Bu gün Azərbaycanın valyuta ehtiyatları 50 milyard dollardan çoxdur. Bu, maliyyə təhlükəsizliyini təmin edir, koronavirus pandemiyası nəticəsində yaranmış zərəri kompensasiya etməyə imkan yaradır.

Bu arada, “OPEC+” ölkələri arasında ədlə olunmuş son razılaşma çərçivəsində neft istehsalı bir sutkada 20 milyon barel azaldılacaq. Bu, neft bazarının sabitləşməsinə yardım göstərə bilər. Doğrudur, bu razılaşmanın necə effekt verəcəyi hələ tam bəlli deyil. Amma bazarın ilk reaksiyası müsbət dinamikanın olduğunu göstərir.

Koronavirus pandemiyasının nəticələri, onun dünya iqtisadiyyatına təsiri haqda müzakirələr davam edir. Amma bir məsələ artıq aydındır: bu qlobal fəlakətdən sonra nə qalib, nə də məğlub ölkələr olacaq. Ondan Azərbaycan daxil olmaqla, bütün ölkələrin ziyan görəcəyi bəllidir.

Hər halda, islahatçı ölkə olan Azərbaycanın koronavirus pandemiyasına qarşı güclü mübarizə aparır. Bakı xəstəliyin yayılmasının qarşısını almaq üçün lazımi addımları dərhal atıb, bu işə dövlət dəstəyi mexanizmi dərhal işəsalınıb. Odur ki, ölkənin tezliklə normal həyata dönə biləcəyi, yarıda qalmış işləri daha böyük həvəslə həyata keçirəcəyilə bağlı nikbinlik var. Bunun üçün siyasi iradə də mövcuddur. Odur ki, bütün çətinliklər yaxın zamanlarda aradan qaldırılacaq.   

(İngilis dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: EurActiv

 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2020, WorldMedia.az