05.06.2020 12:27
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Azərbaycan iqtisadi azadlıqları irəli aparmaq üçün ciddi addımlar atır
 
04.06.2020
THE DAILY SIGNAL, ABŞ
 

  Rusiya imperiyasının köçürmə siyasəti
 
03.06.2020
HISTORIA UWAZAM RZE, Polşa
 

  İran-Azərbaycan: dərin və köklü əlaqələr
 
03.06.2020
IRNA, İran
 

  Rusiya və Azərbaycan: nadir hekayə
 
01.06.2020
AgoraVox, Fransa
 

  Müsəlman Şərqində ilk Cümhuriyyət
 
31.05.2020
El Epicentro, Çili
 

 
 
MÜSAHİBƏ| “Beynəlxalq ictimaiyyət Ermənistanın Qarabağda keçirdiyi “seçkilər”i rədd etdi”

 
 



The London Post, Böyük Britaniya
21.04.2020


Müəllif: Şahid Qüreyşi

Ermənistanın Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ regionunda “seçkilər” keçirdiyi bir vaxtda, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov nəşrimizə ekskluziv müsahibə verib. Məmmədyarov 1960-cı il iyulun 2-də anadan olub. 2004-cü ildən Azərbaycanın xarici işlər naziridir. O, Azərbaycan, ingilis, rus və türk dillərində danışır.

- Ermənistan hökuməti bu günlərdə işğal altındakı Dağlıq Qarabağ regionunda “seçkilər” keçirib. Buna münasibətinizi bilmək istərdik.

- Aydındır ki, Ermənistan tərəfindən davam edən hərbi işğal, Azərbaycan ərazilərində aparılmış etnik təmizləmə fonunda, Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində “seçkilər”in keçirilməsi Azərbaycan Respublikası Konstitusiyasının, o cümlədən BMT Nizamnaməsi, ATƏM-in 1975-ci il Helsinki Yekun Aktı və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin açıq şəkildə pozulmasıdır. Bu üzdən də onun heç bir hüquqi qüvvəsi olmayacaq. Azərbaycan Xarici İşlər Nazirliyi bu “seçkilər”lə bağlı bəyanatında da bildirib ki, Azərbaycanın Dağlıq Qarabağ bölgəsində seçki yalnız Azərbaycan Respublikası Konstitusiyası çərçivəsində, bölgənin bütün əhalisinin tam iştirakı ilə keçirilə bilər. Belə seçkilər isə yalnız erməni işğalçı qüvvələrinin geri çəkilməsindən, oradan qovulmuş azərbaycanlı əhalinin öz doğma torpaqlarına qayıtmasından, bölgənin erməni və azərbaycanlı icmaları arasında dialoq və əməkdaşlığın bərpasından sonra mümkün olacaq.

- Beynəlxalq ictimaiyyətdən həmin “seçkilər”in qınanması, tanımamasından başqa hansısa reaksiya gözləyirsiniz?

- Beynəlxalq ictimaiyyət Azərbaycana qarşı hərbi güc tətbiq edilməsi və nəticədə ölkə ərazilərinin işğalı ilə bağlı təəssüfünü ardıcıl olaraq ən güclü formalarda ifadə edib. BMT Təhlükəsizlik Şurası hələ 1993-cü ildə 4 qətnamə qəbul etməklə (822, 853, 874 və 884), Azərbaycan ərazilərinin işğalını pisləyib, Azərbaycan Respublikasının suverenliyinə, ərazi bütövlüyünə və beynəlxalq səviyyədə tanınan sərhədlərinin toxunulmazlığına hörmətini bir daha təsdiqləyib. Bundan başqa, həmin qətnamələrdə Təhlükəsizlik Şurası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanın ayrılmaz hissəsi olduğunu bir daha vurğulayıb, erməni işğalçı qüvvələrinin Azərbaycanın bütün işğal olunmuş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılması tələb edib.

Əvvəlki dövrlərdə olduğu kimi, bu dəfə də beynəlxalq ictimaiyyət Azərbaycanın işğal olunmuş ərazilərində qondarma “seçkilər”i qətiyyətlə rədd edib və onun qanunsuz olduğunu bildirib. Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, Avropa İttifaqı, NATO, Türk Şurası, GUAM, TÜRKPA və digər beynəlxalq təşkilatların, həmçinin ATƏT-in Minsk qrupu həmsədrlərinin və çoxsaylı dövlətlərin verdiyi ayrı-ayrı bəyanatlara diqqət yetirə bilərik.

Əlbəttə, bu qanunsuz hərəkətləri qınamaq kifayət deyil, bəyanatlara uyğun hərəkət etmək lazımdır. Başqa sözlə, beynəlxalq təşkilatların Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsilə bağlı qəbul etdiyi qətnamələrin icrası vacibdir. Azərbaycan buna çalışır. Bu, regionda davamlı sülhü, təhlükəsizliyi və sabitliyi təmin etmək üçün vacibdir.

- Bu məsələni BMT Təhlükəsiz Şurası, Avropa Parlamenti kimi beynəlxalq təşkilatlarda, yaxid Beynəlxalq məhkəmədə müzakirəyə çıxaracaqsınızmı?

- Artıq qeyd etdiyim kimi, beynəlxalq ictimaiyyət, ilk növbədə BMT Təhlükəsizlik Şurası müvafiq qətnamələrində Azərbaycan ərazilərinin işğalını pisləyib və işğalçı qüvvələrin ölkəmizin bütün işğal olunmuş ərazilərindən dərhal çıxarılmasını tələb edib. Avropa Parlamenti müvafiq qətnamələrində “Şərq Tərəfdaşlığı” proqramının bir ölkəsinin başqasının ərazisini işğal etməsinin proqramın təməl prinsiplərinə və məqsədlərinə tam zidd olduğunu bildirib. Bundan başqa, Avropa Parlamenti hələ 2013-cü il oktyabrın 23-də qəbul etdiyi qətnamədə Dağlıq Qarabağ münaqişəsinin BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul olunmuş 822, 853, 874 və 884 saylı qətnamələrinə, ATƏT-in Minsk qrupunun əsas prinsiplərinə uyğun həll olunmasının vacibliyini bəyan edib. Digər beynəlxalq təşkilatlar da oxşar mövqedədir. Beləliklə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinin hüquqi əsası kifayət qədər möhkəmdir.

Azərbaycan beynəlxalq hüququn norma və prinsiplərinə, həmçinin beynəlxalq ictimaiyyətin birmənalı mövqeyinə əsaslanaraq, 20 ildən çoxdur ki, sülh danışıqlarında iştirak edir. Biz regionumuzda əmin-amanlıq və firavanlığın bərqərar olmasını istəyirik. Çoxdan gözlənilən sülhü təmin etmək isə yalnız münaqişənin nəticələrinin aradan qaldırılmasından, erməni işğalçı qüvvələrinin Azərbaycanın bütün işğal olunmuş ərazilərindən çıxarılmasından və azərbaycanlı məcburi köçkünlərin öz evlərinə qayıtmasıdan sonra mümkündür.

- Azərbaycan Respublikası Ali Məhkəməsi bu “seçkilər”i qeyri-qanuni elan edə bilərmi? Çünki o, işğal altındakı ərazilər üzərində qanunu yurisdiksiyaya malikdir.

- Azərbaycan Respublikası Konstitusiyasına və ölkənin müvafiq qanunvericiliyinə əsasən, seçkilərin nəticələrini Konstitusiya Məhkəməsi təsdiq edir. Azərbaycanın Dağlıq Qarabağ bölgəsində qondarma “seçkilər”in keçirilməsi ölkə Konstitusiyasının və qanunlarının o qədər aşkar pozulmasıdır ki, Konstitusiya Məhkəməsi bu “seçkin”i nəzərə belə, almayıb.

- Bəs konkret olaraq Böyük Britaniya, Avropa İttifaqı, Rusiya və ABŞ-dan hansı addımları gözləyirsiniz?

- Qeyd etdiyiniz ölkələrdən ikisi – Rusiya ilə ABŞ Fransa ilə birgə ATƏT-in Minsk qrupunun həmsədrləridir. Onlar Ermənistanla Azərbaycan arasında sülh danışıqlarına vasitəçilik edir. Böyük Britaniya ilə Avropa İttifaqı da münaqişənin ən tez zamanda sülh yolu ilə həllində maraqlıdır. Odur ki, Bakının beynəlxalq münasibətlərin əsas oyunçularından və vacib iştirakçılarından gözləntisi təbii ki, BMT Təhlükəsizlik Şurasının tələblərinin yerinə yetirilməsidir.

Bu gün Azərbaycanın işğal olunmuş ərazilərinin demoqrafik, mədəni və fiziki xüsusiyyətlərini dəyişdirmək məqsədilə planlı işlər görülür. Bu da qondarma “seçkilər” kimi, beynəlxalq hüquq normalarının və müvafiq beynəlxalq konvensiyaların açıq şəkildə pozulmasıdır. Aydın məsələdir ki, belə faktlar heç bir halda münaqişənin sülh yolu ilə həllinə nail olmaq məqsədilə uzlaşmır. Odur ki, qeyd etdiyimiz dövlətlər daxil olmaqla, beynəlxalq ictimaiyyət BMT Nizamnaməsində təsbit edilmiş, dövlətlərarası münasibətlərin əsaslandığı norma və prinsiplərin, həmçinin dəyərlərin müdafiəsi üçün təxirəsalınmaz tədbirlər görməlidir.

Yeri gəlmişkən, Dağlıq Qarabağdakı qondarma “seçkilər”i Böyük Britaniya Xarici İşlər Nazirliyi də rəsmən rədd edib. Bu ölkənin Azərbaycandakı səfirliyi qondarma “seçkilər”ə açıq münasibət bildirib: “Böyük Britaniya Dağlıq Qarabağda təşkil olunmuş qondarma “prezident seçkisi”ni tanımır. London bir daha ATƏT-in Minsk qrupu və onun həmsədrlərinin sülh prosesindəki rolunu dəstəklədiyini vurğulayır. Biz beynəlxalq hüququn bütün dünyada tanınan prinsip və normalarının əhəmiyyətini vurğulamaqla bərabər, Azərbaycanın suverenliyini, ərazi bütövlüyünü və müstəqilliyini dəstəkləyirik. Biz Azərbaycanla Ermənistanı münaqişənin sülh yolu ilə həll olunması, qarşılıqlı etimadın yaradılması üçün səyləri artırmağa çağırırıq”.

- Müsahibəyə vaxt ayırdığınız üçün təşəkkür edirəm.

(İngilis dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: The London Post

 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2020, WorldMedia.az