05.06.2020 12:49
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Azərbaycan iqtisadi azadlıqları irəli aparmaq üçün ciddi addımlar atır
 
04.06.2020
THE DAILY SIGNAL, ABŞ
 

  Rusiya imperiyasının köçürmə siyasəti
 
03.06.2020
HISTORIA UWAZAM RZE, Polşa
 

  İran-Azərbaycan: dərin və köklü əlaqələr
 
03.06.2020
IRNA, İran
 

  Rusiya və Azərbaycan: nadir hekayə
 
01.06.2020
AgoraVox, Fransa
 

  Müsəlman Şərqində ilk Cümhuriyyət
 
31.05.2020
El Epicentro, Çili
 

 
 
Azərbaycan prezidenti: “Koronavirus bizi əsas yolumuzdan döndərə bilməz”

 
 



TRIBUNA, Moldova
22.04.2020


Müəllif: İqor Volnitski (siyasi icmalçı)

Koronavirus (“COVID-19”) pandemiyası və onun fəsadları bütün dünyaya yönəlmiş bir çağırışdır. Hər ölkə bu təhlükəyə qarşı mübarizə strategiyasını öz milli maraqlarından, iqtisadi imkanlarından, həmçinin başqa obyektiv və subyektiv amillərdən asılı olaraq müəyyən edib.

Bu mənada dost Azərbaycanın təcrübəsi öyrənilməyə layiqdir. Sirr deyil ki, Cənubi Qafqazın bu regional fövqəldövləti prezident İlham Əliyevin iradəsinə sinxron olaraq, dünya birliyinə inteqrasiya etməkdədir. Onun rəhbərliyi altında ölkədə aparılan iqtisadi islahatlar ilk növbədə əhalinin rifahının yaxşılaşmasına, iqtisadi artıma, sosial sahənin güclənməsinə və vətəndaş cəmiyyətinin inkişafına hesablanıb.

Dövlət başçısının pandemiyaya qarşı atdığı qətiyyətli addımlar və gördüyü təsirli tədbirlər də öz səmərəsini verməkdədir. Martın 9-dan 13-dək Azərbaycanda omuş və vəziyyəti yerində dərindən öyrənmiş Ümumdünya Səhiyyə Təşkilatının mütəxəssisləri atılan addımları və onun nəticələrini yüksək qiymətləndirib.

Türk Şurasının onlayn formatda keçirilən fövqəladə Zirvə görüşündə çıxış edən İlham Əliyev bir məqamı xüsusi vurğulayıb: “Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru, doktor Tedros Adhanom Qebreyesus tərəfindən mart ayının 23-də mənə ünvanlanmış məktubda Azərbaycanda görülmüş işlərə yüksək qiymət verilib. Azərbaycan pandemiyaya qarşı görülmüş tədbirlərə görə nümunəvi ölkə kimi dəyərləndirilib”.

İlk növbədə qeyd etmək lazımdır ki, ölkə başçısının sərəncamı ilə ilk günlərdən Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargah yaradılıb. Martın 3-dən başlayaraq isə bütün məktəb, texnikum və universitetlərdə tədris prosesi dayandırılıb, toylar da daxil olmaqla bütün kütləvi tədbirlər təxirə salınıb. Mərhələlərlə karantin müddəti martın 29-dan aprelin 20-dək uzadılıb və əhalinin təhlükəsizliyini qorumaq üçün tədbirlər sərtləşdirilib: ticarət, əyləncə və idman mərkəzlərinin fəaliyyəti dayandırılıb, restoranlar, parklar və digər ictimai istirahət məkanları bağlanıb. Şəhərlərarası nəqliyyatın və Bakı metrosunun hərəkəti tam dayandırılıb. Ölkə vətəndaşları üçün xüsusi karantin rejimi tətbiq edilib, 65 yaşdan yuxarı insanların evdən çıxması qadağan edilib.

Bir sıra dövlət qurumları və özəl strukturların əməkdaşları istisna olmaqla, digər Azərbaycan vətəndaşlarının öz evlərini yalnız xüsusi zərurət yarandıqda, gündə bir dəfə 2 saatlıq tərk etməsinə icazə verilir ki, bu da ancaq SMS vasitəsilə icazə almaqla mümkündür. Aprelin 18-də isə insanların həyat və sağlamlığının daha səmərəli qorunması, həmçinin virusun yayılma sürətinin kəskin azaldılması məqsədilə xüsusi karantin rejiminin mayın 4-dək uzadılması qərara alınıb.

Azərbaycan vətəndaşlarına prezident qayğısı yalnız təhlükəsizlik üçün görülmüş məhdudiyyət tədbirlərilə bitmir. Bundan başqa, əhalinin çətin tapılan fərdi qorunma vasitələrilə təminatı üçün təxirəsalınmaz addımlar atılıb. Dövlət başçısının tapşırığı və birinci xanımın şəxsi nəzarəti altında qısa müddətdə tibbi maska istehsal edən müəssisə açılıb. Tezliklə müəssisənin gündəlik istehsal gücü 120 mindən 250 min ədəd maskaya çatdırılacaq. Həmçinin ölkədə tibbi spirt və başqa dezinfeksiya məhsullarının istehsalı təşkil edilib.

Pandemiya şəraitində daha bir əlamətdar hadisə isə açılışı payızın əvvəlinə planlaşdırılan klinikanın vaxtından əvvəl istismara verilməsi olub. Ölkənin ən böyük xəstəxanalarından 575 çarpayılıq klinika ən müasir tibbi avadanlıqlarla təhciz olunub. Müəssisənin açılışını edən Azərbaycan prezidenti bildirib ki, bu xəstəxana onun təşəbbüsü ilə inşa edilib. Dövlət başçısı deyib ki, bu qərar qəbul olunarkən bəziləri buna ehtiyacın olmadığını düşünürmüş. Çünki son illər ölkədə çox sayda xəstəxana tikilib. “Ancaq həyat göstərdi ki, bu, çox düzgün və vaxtında verilmiş qərar idi. Pandemiya başa çatana qədər bu xəstəxanada yalnız koronavirus xəstələri müalicə alacaqlar”, - deyə İ.Əliyev bildirib.

Dövlət başçısı həmçinin insanların maddi təminatı ilə bağlı da təcili tədbirlər görüb. Azərbaycan prezidentinin fərmanı ilə aprelin 9-dan başlayaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi işsiz və xüsusi karantin rejimilə bağlı işini itirmiş qeydiyyatsız çalışan vətəndaşlara birdəfəlik müavinətlər ödəməyə başlayıb. Artıq 200 000 insana belə ödəniş olub. Koronavirusla mübarizə aparan həkimlərin maddi vəziyyətinin yaxşılaşdırılması, onların zəhmətinin layiqincə qiymətləndirilməsi üçün isə onların əməkhaqqının artırılması qərara alınıb. Artıq lazımi tapşırıqlar verilib və həkimlərin maaşının 3-5 dəfə artırılması üçün vəsait ayrılıb.

Azərbaycan lideri xalqa və hökumətə müraciətlərində haqlı olaraq vurğulayır ki, əgər vaxtında lazımi addımlar atılmasaydı, çox ciddi əlaqələndirmə təşkil edilməsəydi, bu gün ölkə daha böyük problemlərlə rastlaşa bilərdi. “Koronavirus planlarımıza müəyyən təsir etsə də, bizi əsas yolumuzdan döndərə bilməz”, - deyə İlham Əliyev əminliklə bildirir. Xalq da ona inanır. Çünki bu çətin özünütəcrid günlərində Azərbaycanın hər bir vətəndaşı prezidentin qayğısını öz üzərində hiss edir. Vətəndaşlar əmindirlər ki, milli həmrəylik, məsuliyyət və birlik onların koronavirusa qalib gəlməsinə imkan verəcək. Bu gün hər bir azərbaycanlı prezidentin hər kəs tərəfindən bəyənilən çağırışını özünə şüar seçib: “BİZ BİRLİKDƏ GÜCLÜYÜK!”.

(Rus dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: TRIBUNA

 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2020, WorldMedia.az