05.06.2020 14:47
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Azərbaycan iqtisadi azadlıqları irəli aparmaq üçün ciddi addımlar atır
 
04.06.2020
THE DAILY SIGNAL, ABŞ
 

  Rusiya imperiyasının köçürmə siyasəti
 
03.06.2020
HISTORIA UWAZAM RZE, Polşa
 

  İran-Azərbaycan: dərin və köklü əlaqələr
 
03.06.2020
IRNA, İran
 

  Rusiya və Azərbaycan: nadir hekayə
 
01.06.2020
AgoraVox, Fransa
 

  Müsəlman Şərqində ilk Cümhuriyyət
 
31.05.2020
El Epicentro, Çili
 

 
 
Koronavirus böhranı Dağlıq Qarabağ münaqişəsinin həllinə təsir edə bilərmi?

 
 



EurActiv, Aİ
24.04.2020


Müəllif: Gülşən Paşayeva (Azərbaycan Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin üzvü)

İki il əvvəl “Euractiv” nəşrində “Dağlıq Qarabağ münaqişəsinin həllində irəliləyiş yoxdur: bu, kimin xeyrinədir?” başlıqlı məqaləm dərc olunmuşdu. O vaxtdan indiyə istər Azərbaycanda, istərsə də Ermənistanda ciddi hadisələr baş verib. Məsələn, Serj Sarqsyan artıq Ermənistan prezidenti deyil. 2018-ci ilin aprelində yenidən baş nazir olmaq iddiasına düşən eks-prezident kütləvi etiraz aksiyaları nəticəsində istefa verməyə məcbur olub, əvəzində, bu postu Nikol Paşinyan tutub.

Azərbaycanda isə bir sıra struktur, iqtisadi və kadr islahatları həyata keçirilib. Məqsəd idarəçilik mexanizminin təkmilləşdirilməsi, enerji resursları ixracından asılılığın azaldılması və sairdir. Özəl investisiya qoyuluşunun təşviqi, mühüm postlara peşəkar gənclərin gətirilməsi də məqsədlər sırasındadır. Nəticədə ölkədə yeni baş nazir Əli Əsədov daxil olmaqla, mühüm vəzifələrə iqtisadi bilikləri yüksək səviyyədə olan texnokratlar gətirilib.

Yeri gəlmişkən, Ermənistanda 2018-ci il dekabrın 8-də, Azərbaycanda isə bu il fevralın 9-da növbədənkənar parlament seçkisi keçirilib. Başqa sözlə, dəyişikliklər arasında bu da var. Lakin bütun bunlara rəğmən, həlli məqsədilə uzun müddətdir danışıqların aparıldığı Dağlıq Qarabağ münaqişəsinin nizama salınması prosesində hələ də nəticə yoxdur.

Ermənistanla Azərbaycan arasında Dağlıq Qarabağ uğrunda baş vermiş silahlı münaqişə nəticəsində bu gün Azərbaycan hökuməti beynəlxalq birlik tərəfindən tanınmış ərazisinin təxminən beşdə birinə nəzarət edə bilmir. Bölgədə elan olunmuş qondarma “Dağlıq Qarabağ Respublikası” adlı separatçı qurum Sovet İttifaqı dövründə mövcud olmuş Dağlıq Qarabağ Muxtar Vilayətinin böyük hissəsini və Azərbaycanın daha 7 rayonunu özündə birləşdirir. Bu ərazilər 1990-cı illərin əvvəllərində erməni hərbi birləşmələri tərəfindən işğal olunub. Bu gün ora monoetnik əraziyə çevrilib – işğal zamanı yerli azərbaycanlı əhali etnik təmizləməyə məruz qalıb.

Bu qondarma qurumu heç bir dövlət tanımır. Ona yalnız Ermənistan və erməni lobbisi maliyyə yardımı göstərir. Odur ki, bu qondarma qurum təxminən 30 ildir ki, sanki “havadan asılı” vəziyyətdə qalıb.

Bu gün Ermənistan və erməni lobbisi bölgədəki status-kvodan istifadə edərək, qondarma qurumla bağlı vəziyyəti fakt kimi qəbul etdirməyə, bununla da Dağlıq Qarabağ münaqişəsinin yekun həllinə təsir göstərməyə çalışır. Amma bu səylər nəticə vermir və beynəlxalq ictimaiyyət qondarma qurumun müstəqilliyini tanımır.

Bu arada, bütün dünyanın koronavirus pandemiyası ilə mübarizə apardığı dövrdə Dağlıq Qarabağ Yerevan üçün əlavə yükdür və onu daşımaq çətin olacaq. Bu gün əksər ölkənin iqtisadiyyatı və sosial təminat sistemi onsuz da ağır vəziyyətdədir. Artıq bir müddətdir ki, hökumətlər koronavirus pandemiyasının yayılmasının qarşısını almaq, əhalinin sağlamlığını qorumaq və iqtisadi böhranın nəticələrini yumşaltmaq uğrunda çalışır, bütün imkanlarını bu məqsəd üçün səfərbər edir. Ölkələr karantin elan edir, sərhədlər bağlanır, səfərlər qadağan olunur, stimullaşdırıcı sosial-iqtisadi paketlər qəbul edilir və s. Pandemiyasının mənfi nəticələrinin aradan qaldırılması üçün bütün ölkələr demək olar ki, eyni addımları atır.

Bundan başqa, artıq saysız-hesabsız idman yarışı, həmçini siyasi, dini, mədəni və iqtisadi tədbirlər təxirə salınıb. Məsələn, 36-cı ASEAN sammiti, Boloviyada seçkilər, Demokratlar Partiyasının qurultayı, İtaliyada Konstitusiya referendumu, Yay Olimpiadası, futbol üzrə Avropa Çempionatı, Formula 1 yarışları və s.

Bütün bunların fonunda Ermənistan pandemiyaya qarşı öz “üsullar”ından istifadə etməyə çalışır. Yerevanın bu səylərinə baxmayaraq, koronavirus ölkə iqtisadiyyatına böyük zərbə vurub və ümumdaxili məhsulun azalması ilə nəticələnib. Ölkənin keçmiş iqtisadiyyat naziri Vaqram Avanesyan deyir ki, pandemiya nəticəsində Ermənistan ÜDM-i 15% azala bilər.

Hər halda, bu gün Ermənistan iqtisadiyyatının üzləşdiyi problemlər ortadadır: turizm sektorunda tənəzzül, misin ucuzlaşması, Rusiyadan pul köçürmələrinin azalması, Rusiya bazarına ixracın xeyli kiçilməsi (bu, Ermənistan üçün xüsusi əhəmiyyət kəsb edir) və s. Bütün bunlar Yerevanın üzləşdiyi çoxsaylı problemlərin bir qismidir.

Yeri gəlmişkən, bu gün Ermənistanın yalnız İran və Gürcüstanla quru yolu əlaqəsi var. Odur ki, bu istiqamətlərdə sərnişin axınının dayanması, gələcəkdə isə yük daşımalarında mümkün problem Ermənistana daha ciddi zərbə ola bilər. Beləliklə, Yerevan üçün iqtisadiyyatın zəifləməsi qaçılmazdır.

Ermənistanda koronavirusa ilk yoluxma halı bu il martın 1-də aşkar olunub. Bundan sonra ölkədə tədris müəssisələrinin fəaliyyəti dayandırılsa da, martın 9-da bərpa olunmuşdu. Hökumət bu qərarı martın 9-dək yeni yoluxma halı aşkarlanmadığından vermişdi. Lakin sonra vəziyyət yenidən dəyişib və nəticədə martın 16-da ölkədə fövqəladə vəziyyət elan olunub. Sonradan fövqəladə vəziyyət aprelin 13-nə, daha sonra mayın 14-dək uzadılıb. Pandemiya səbəilə bu il martın 16-da keçirilməsi planlaşdırılan Konstitusiya referendumu da təxirə salınıb. Ölkədə aprelin 20-dək 1339 nəfər koronavirusa yoluxmuş, 22 nəfər həyatını itirmiş, 580 nəfər sağalmışdı.

Bütün bunlara baxmayaraq, Ermənistan hökuməti qondarma “Dağlıq Qarabağ Respublikası”nda saxta “prezident və parlament seçkiləri”ni təxirə salmayıb. “Seçkilər” martın 31-də keçirilib. Yerevanın qondarma quruma yeni rəhbər gətirmək, onu legitimləşdirmək, həmçinin guya “DQR”də “demokratik seçkilər” keçirildiyini nümayiş etdirmək niyyətdi o qədər güclü olub ki, hökumət bütün bunlara pandemiya dövründə getmək kimi ağılslzlığa belə, imza atıb. Təsəvvür edin, ölkədə karantin rejimi elan olunub, lakin Ermənistan “seçkilər”i izləməyə 1000 müşahidəçi və jurnalist göndərib...

Azərbaycan prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bu saxta “seçkilər”lə bağlı kifayət qədər obyektiv mövqedən çıxış edib: “Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistan tərəfindən yaradılmış qondarma rejimin xisləti budur – bütün dünyanın koronavirusdan əziyyət çəkdiyi bir vaxtda, onlar öz çirkin siyasi oyunlarını davam etdirirlər”.

Saxta seçki beynəlxalq birlik də tanımayıb və demək, onun təşkilatçılarının səyləri boşa çıxıb. Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, Avropa İttifaqı, NATO, Türk Şurası, GUAM, TÜRKPA və bir çox dövlət bununla bağlı xüsusi bəyanat verib. Bəyanatda bu “seçkilər”in keçirildiyi konstitusional və hüquqi çərçivənin tanınmadığı bildirilir. Həmin sənədlərdə deyilir ki, qondarma qurumda keçirilmiş “seçkilər” BMT Nizamnaməsində və Helsinki Yekun Aktında təsbit edilmiş beynəlxalq hüquq normalarına, onun fundamental prinsiplərinə ziddir və legitim deyil. Bundan başqa, bəyanat müəllifləri saxta seçkiləri Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin kobud şəkildə pozulması kimi qiymətləndirib. Onlar bildirir ki, bu, Dağlıq Qarabağ münaqişəsinin həllinə vasitəçilik edən və bu işdə yeganə hüquqi format olan ATƏT-in Minsk qrupunun səyləri daxil olmaqla, bütün beynəlxalq cəhdlərə zərbədir.

Dağlıq Qarabağı müstəqil və suveren dövlət kimi tanımayan ATƏT-in Minsk qrupu həmsədrlərinin də bununla bağlı birgə bəyanatında deyilir ki, “bu “seçkilər”in nəticəsi Dağlıq Qarabağın hüquqi statusuna hər hansı təsir göstərə bilməz. Həmsədrlər bunun Dağlıq Qarabağın son statusuna və ya davam edən danışıqların nəticəsinə, münaqişənin davamlı və dinc yolla həllinə heç bir halda təsir göstərməyəcəyini bəyan edir”.

Avropa İttifaqı isə öz növbəsində, ATƏT-in Minsk qrupunun, xüsusilə qurumun həmsədrlərinin münaqişənin həlli istiqamətində göstərdiyi səyləri dəstəklədiyini bəyan edib: “Aİ Dağlıq Qarabağ münaqişəsinin tezliklə və sülh yolu ilə həllinə yönəlmiş cəhdləri dəstəkləyir”.

Beləliklə, beynəlxalq ictimaiyyət Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini, sərhədlərinin toxunulmazlığını dəstəkləyir, Azərbaycanın işğal altındakı ərazilərində keçirilmiş “seçkilər”i birmənalı olaraq qınayır.

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov isə hesab edir ki, bu, kifayət deyil. O, “The London Post” nəşrinə müsahibəsində deyib: “Əlbəttə, bu qanunsuz hərəkətləri qınamaq kifayət deyil, bəyanatlara uyğun hərəkət etmək lazımdır. Başqa sözlə, beynəlxalq təşkilatların Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsilə bağlı qəbul etdiyi qətnamələrin icrası vacibdir. Azərbaycan buna çalışır. Bu, regionda davamlı sülhü, təhlükəsizliyi və sabitliyi təmin etmək üçün vacibdir”.

Bir sözlə, davam etməkdə olan koronavirus pandemiyası şübhəsiz ki, Dağlıq Qarabağ münaqişəsinin həllinə də müəyyən təsir göstərir. Birincisi, ölkələrin pandemiyanın qarşısını almaq məqsədilə gördüyü preventiv tədbirlər Azərbaycan və Ermənistan rəsmiləri arasında ATƏT-in Minsk qrupunun vasitəçiliyilə müxtəlif ölkələrdə təşkil edilən görüşlərə mane ola bilər. Bunun gələcəkdə danışıqlar prosesində fasilə yaradacağı belə, istisna deyil.

İkincisi, ATƏT-in Minsk qrupunun Ermənistan və Azərbaycan Silahlı qüvvələrinin yerləşdiyi təmas xətti boyu həyata keçirdiyi monitorinqlər dayandırılıb. Odur ki, bu gün atəşkəs rejiminin qorunmasına görə yalnız münaqişə tərəfləri məsuliyyət daşıyır. Bu mənada, BMT-nin baş katibi Antonio Qutyerreşin “qlobal atəşkəs çağırışı” xüsusi əhəmiyyət kəsb edir. Koronavirusun milliyyətə və ya etnik mənsubiyyətə, qruplara və inanca “əhəmiyyət vermədiyini” vurğulayan baş katib hər kəsi silahlı qarşıdurmalara son qoymağa, diplomatiyaya yol açmağa çağırıb.

Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması isə bildirir ki, BMT baş katibinin atəşkəs çağırışına baxmayaraq, Ermənistan silahlı qüvvələri 2020-ci ilin aprelindən başlayaraq, Azərbaycanın Qazax rayonunun mülki sakinlərinə yüksək kalibrli pulemyotlardan atəş açır. Bu bəyanat BMT Baş Assambleyası və Təhlükəsizlik Şurasının rəsmi sənədi kimi yayılıb.

Təəssüf ki, Yerevanın addımları həm atəşkəs rejiminin qorunmasına, həm də koronavirus pandemiyası ilə mübarizəyə təhdiddir.

Hər halda, koronavirus pandemiyası nəticəsində daxili və xarici amillərin dəyişməsi tərəflərin mövqelərini yenidən qiymətləndirməsinə, münaqişəni götür-qoy etməsinə və pat vəziyyətindən çıxış yolu axtarmasına imkan ola bilər. Amma bu gün vəziyyətin məhz buna doğru getdiyini demək mümkün deyil.

(İngilis dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: EurActiv

 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2020, WorldMedia.az