05.06.2020 13:05
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Azərbaycan iqtisadi azadlıqları irəli aparmaq üçün ciddi addımlar atır
 
04.06.2020
THE DAILY SIGNAL, ABŞ
 

  Rusiya imperiyasının köçürmə siyasəti
 
03.06.2020
HISTORIA UWAZAM RZE, Polşa
 

  İran-Azərbaycan: dərin və köklü əlaqələr
 
03.06.2020
IRNA, İran
 

  Rusiya və Azərbaycan: nadir hekayə
 
01.06.2020
AgoraVox, Fransa
 

  Müsəlman Şərqində ilk Cümhuriyyət
 
31.05.2020
El Epicentro, Çili
 

 
 
Koronavirus Ermənistan-Azərbaycan qarşıdurmasını sakitləşdirir

 
 



Eurasianet.org, ABŞ
25.04.2020


Müəllif: Coşua Kuçera

Koronavirusun yayılmağa başlamasından sonra Ermənistanla Azərbaycan arasındakı münaqişə bir qədər səngiyib. Halbuki, ilk günlərdə tərəflərdən birinin və ya hər ikisinin bu vəziyyətdən hərbi üstünlük qazanmaq üçün istifadə edə biləcəyinə dair narahatlıq var idi.

Hər halda, ötən ay atəşkəs rejiminin pozulması nəticəsində 3 əsgər və 1 mülki vətəndaş yaralanıb (hamısı erməni), lakin ölüm halı qeyd alınmayıb. Halbuki, keçmişdə tərəflər bu aylarda daha çox itki veriblər. Yəni ötən illərdə yaz aylarında təmas xəttində zorakılıq halları daha güclü olub. Beynəlxalq Böhran Qrupu da ötən illərlərin yaz fəslilə müqayisədə 2020-ci ilin bu dövründə hərbi toqquşmaların sayında azalmanın olduğunu açıqlayıb. Qrup etiraf edir ki, o, vəziyyətin belə sakit olacağını proqnazlaşdıra bilməyib.

Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində atəşkəs rejiminə necə əməl olunduğunun monitorinqini aparan beynəlxalq qrup bu il martın 19-da fəaliyyətini qeyri-müəyyən müddətə dayandırdığını bəyan edib. Səbəb kimi koronavirus pandemiyası göstərilir. Bu qərardan dərhal sonra Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə vasitəçilik edən, Fransa, Rusiya və ABŞ-ın həmsədr olduqları ATƏT-in Minsk qrupu tərəfləri bu dövrdə gərginliyi artıra biləcək addımlardan çəkinməyə çağırmışdı.

“Müəyyən narahatlıq var idi. Guman olunurdu ki, tərəflərdən hansısa monitorinqin dayandırılmasını fürsət saya bilər. Yaxud, tərəflərdən biri digərinin bu vəziyyəti fürsət saya biləcəyindən narahatlıq keçirə bilərdi. Bir sözlə, qeyri-müəyyən vəziyyət yaranmışdı”, - deyə Dağlıq Qarabağ münaqişəsilə yaxından tanış olan, lakin adının çəkilməsini istəməyən qərbli diplomat nəşrimizə bildirib.

Yeri gəlmişkən, BMT-nin baş katibi Antonio Qutyerreş də koronavirus pandemiyası dövründə “qlobal atəşkəs çağırışı” edib. Yerevan bu çağırışı qəbul etdiyini desə də, Bakı məsələyə münasibət bildirməyib.

Qərbli diplomat düşünür ki, bu gün tərəflər üçün Qarabağ uğrunda mübarizədənsə, daxildə koronavirusla mübarizə apamaq daha vacibdir. Bundan başqa, 2018-ci ildə tərəflər arasında yaradılmış yüksək səviyyəli birbaşa rabitədən bu gün də istifadə edilir. Bu isə gərginliyin neytral vasitəçilər olmadan belə, azaldılmasına yardım edir.

“Koronavirus pandemiyası hər iki tərəfi ehtiyatlı davranmağa vadar edir. Hər halda, bu gün hər iki ölkənin rəhbərliyi üçün əsas prioritet əhalinin sağlamlığı, təhlükəsizliyi, bir sözlə, bu böhranla mübarizə olmalıdır. Bununla yanaşı, pandemiya dövründə hər hansı avantürist addım çox təhlükəli ola və təxminedilməz nəticələrə yol aça bilər. Bu iki ölkənin liderləri arasında birbaşa rabitə olmasaydı, tərəflər yaşananları səhv də təhlil edə bilərdi”, - deyə qərbli diplomat əlavə edib.

İstər Ermənistan, istərsə də Azərbaycanın hərbi məsələləri mümkün qədər gizli saxlayır. Odur ki, onların ordusinda koronavirusla mübarizə məqsədilə hansı tədbirlər görüldüyü haqda geniş məlumat yoxdur. Məlum olan odur ki, koronavirusun yayılmasının qarşısının alınması məqsədilə hər iki ölkədə əsgərlərin ailə üzvlərilə görüşünə məhdudiyyət qoyulub. Azərbaycanda ordu sıralarından təxris belə, təxirə salınıb.

Amma hər iki ölkə mətbuatında yer alan xəbər və fotolardan məlum olur ki, hərbçilər arasında sosial məsafənin qorunmasına o qədər də ciddi diqqət göstərilmir. Yalnız əsgərlərin mülki əhalilə ünsiyyət zamanı maska taxdıqları görünür. Tərəflər hərbi təlimləri də davam etdirir.

Yerevan son günlərdə 6 əsgərin koronavirusdan sağalaraq orduya qayıtdığını açıqlayıb. Ölkədə ümumilikdə neçə əsgərin xəstəliyə yoluxduğu isə açıqlanmır.

Azərbaycana gəlincə, orada da əsgərlərin bu virusa yoluxub-yoluxmadığı haqda heç bir məlumat yoxur.

Koronavirus pandemiyasının Dağlıq Qarabağ münaqişəsilə bağlı danışıqlar prosesinə təsiri isə ortadadır. Məlum olduğu kimi, bu gün beynəlxalq səfərlərlə bağlı çətinliklər var və hər şəraitdə sosial məsafənin qorunmasına böyük ehtiyac duyulur. Ermənistan və Azərbaycan xarici işlər nazirləri arasında belə çətin günlərdə, daha dəqiq desək aprelin 21-də ilk dəfə videokonfrans keçirilib. ATƏT-in Minsk qrupu həmsədrlərinin iştirakı ilə keçən konfransda müzakirə mövzularından biri də həbsdə olan şəxslərin ailələrilə görüşünün təşkili, jurnalistlərin qarşılıqlı səfərləri daxil olmaqla, tərəflər arasında etimadın yaradılması tədbirlərin həyata keçirilməsi olub.

“Razılaşdırılmış humanitar tədbirlər təxirə salınıb. Nazirlərin şəxsi görüşləri, həmsədrlərin regiona səfəri də başqa vaxta qalıb. Bununla belə, görüləcək tədbirlərə hazırlıq davam edir”, - deyə xarici işlər nazirlərinin birgə bəyanatında bildirilir.

Bəzi ekspertlər xarici işlər nazirlərinin alternativ görüşünün təşkilini müsbət qiymətləndirir. Məsələn, Yerevanda fəaliyyət göstərən Regional Araşdırmalar Mərkəzinin rəhbəri Riçard Qiraqosyan deyir ki, “videokonfrans formatına keçid “dalana dirənmiş” danışıqlar perosesinə yeni impuls verə bilər”. Onun fikrincə, belə videokonfranslar çox mühüm əhəmiyyət kəsb edir: “Bu, diplomatik təmas üçün yeni imkanlar deməkdir. Əgər belə formatda görüş tez-tez, məsələn, hər ay keçirilərsə, daha məhsuldar ola bilər. Bundan başqa, belə videokonfransda qeyri-formal olaraq münaqişənin bütün tərəfləri iştirak edərsə, konstruktiv xarakterli müzakirə alına bilər”.

(İngilis dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: Eurasianet.org

 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2020, WorldMedia.az