05.06.2020 12:30
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Azərbaycan iqtisadi azadlıqları irəli aparmaq üçün ciddi addımlar atır
 
04.06.2020
THE DAILY SIGNAL, ABŞ
 

  Rusiya imperiyasının köçürmə siyasəti
 
03.06.2020
HISTORIA UWAZAM RZE, Polşa
 

  İran-Azərbaycan: dərin və köklü əlaqələr
 
03.06.2020
IRNA, İran
 

  Rusiya və Azərbaycan: nadir hekayə
 
01.06.2020
AgoraVox, Fransa
 

  Müsəlman Şərqində ilk Cümhuriyyət
 
31.05.2020
El Epicentro, Çili
 

 
 
FOTOREPORTAJ| Bakının görməli yerləri

 
 



DELTA.ir, İran
27.04.2020


Azərbaycanın məftunedici, möhtəşəm paytaxtı Bakı qədimiliklə müasirliyin uğurlu kompozisiyasının canlı nümunəsidir.

Eyni məkanda həm müasir turistik yerlər, həm də tarixi abidələr görmək istəyirsinizsə, Bakı sizinçün çox maraqlı olacaq. Bu gün Bakıda yeni tikililərin, göydələnlərin sayı durmadan artır. Lakin bu müasir göydələnlərin, binaların arasında şəhərin qədim məhəllələrinin, küçələrinin fərqinə varmamaq sadəcə, mümkün deyil. Bir vaxtlar məhz bu köhnə məhəllələr şəhərin döyünən ürəyi sayılıb.

Yaşıl parklar, izdihamlı ticarət mərkəzləri, səs-küylü bulvar, hər zaman “qaynayan” küçələr – Bakı bütün bunların cəmidir.

Qız qalası

Qız qalasının yaşı min ildən çoxdur. Onun tarixi VII-XII əsrlərə gedib çıxır. Bu gün bu qala Bakının qədim hissəsi olan İçərişəhərin rəmzinə çevrilib. O, çox sadə quruluşa malikdir. Qalanın zirvəsindən şəhərin mənzərəsini izləməyi əsla unutmayın.

Qız qalasının yaxınlığında parklar, eyni zamanda, tarixi məkanlar yerləşir. Bu, ətrafda xoş atmosfer yaradır.

Qalanın adına gəlincə, bununla bağlı bir çox əfsanə var. Əfsanələrdən birinə görə, bir qız atası tərəfindən sevmədiyi oğlanla ailə qurmağa məcbur edilir. Atası toy hədiyyəsi olaraq, qızı üçün bu qalanı tikdirir. Lakin qala hazır olduqda qız məcburi evlilikdən qurtulmaq üçün özünü onun zirvəsindən ataraq intihar edir.

Hər halda, qalanın inşa səbəbindən asılı olmayaraq, bu gün o, Bakının əsas rəmzlərindən biri sayılır. Qız qalası hər zaman Bakının turistik məkanları siyahısının önündə yer alıb.

İçərişəhər

Bakıda turistlərin mütləq baş çəkdikləri əsas məkanlardan biri İçərişəhər, yaxud Qədim şəhərdir. Qız qalası, həmçinin daha bir tarixi abidə olan Şirvanşahlar sarayı da İçərişəhərdə yerləşir. Burada çox sayda qədim hamam, məscid və karvansara da var.

Ağacdan hazırlanmış eyvanlar dar küçələrə kölgə salsa da, bu məhəllənin küçələri həqiqətən çox gözəldir. İçərişəhərdəki qədim binalarda yerləşən ənənvi üslublu restoranlarda ləzzətli təamlar təklif olunur. Əsas küçə boyunca düzülmüş suvenir dükanlarında isə Bakıya xas hər cür suvenir və əl işləri tapa bilərsiniz.

Bir məqama diqqət edin – İçərişəhərin ensiz küçə və dalanlarında istiqaməti itirə bilərsiniz. Amma narahatlığa əsas yoxdur. Bu maraqlı labirintdə tezliklə öz yolunuzu tapacaqsınız. Buradan çox da uzaqda olmayan və hər yandan görünən göydələnlər yolu tapmaq üçün yaxşı bələdçi ola bilər.

“Alov qüllələri”

“Alov qüllələri” Bakının mərkəzində yerləşən 3 qüllədən ibarət kompleksdir. Bu göydələnlərin hər üçü alov formasında layihələndirilib. Məsələ ondadır ki, Azərbaycanın milli kimliyi məhz alovla bağlıdır.

Kompleksdəki ən uca binanın hündürlüyü 182 metrdir. Gün batdıqdan, hava qaraldıqdan sonra bu 3 göydələnin üzərində gözqamaşdırıcı mənzərə yaranır. Onlar narıncı, sarı, mavi, qırmızı və yaşıl rənglərlə işıqlandırılır. “Alov qüllələri” Bakı bulvarından daha gözəl görünür.

Bu gün bu kompleks müasir Bakının rəmzidir. “Alov qüllələri” şəhərin ən hündür yerində yerləşdiyindən, Bakının demək olar ki, hər yanından görünür. Gecələr onların üzərində işıqla alov şölələri və Azərbaycan bayrağı canlandırılır.

Şirvanşahlar sarayı

XV əsrə aid Şirvanşahlar sarayı UNESCO-nun Ümumdünya İrsi siyahısına daxil edilmiş abidələrdəndir. Kompleksin əsas sarayını, oradakı iki məscid, məqbərə, sərdabə və hamamı gəzmək çox maraqlıdır. Bu tarixi kompleksdə bir neçə əsrlik baxımsızlıqdan sonra təmir işləri aparılıb və o, dövlət tərəfindən qorunur. Sarayın təsviri Azərbaycan əskinaslarından birinin üzərinə də həkk olunub.

Bu tarixi kompleksdə müxtəlif tarixi dövrlərə aid sənət əsərləri, qədim əl işləri, milli paltarlar və s. də nümayiş olunur.

“Atəşgah” məbədi

“Atəşgah” məbədi Bakıdan bir qədər kənarda yerləşir. Həmin ərazidə metro xətti olmadığından, məbədə avtobusla gedə bilərsiniz. Bu qədim Zərdüşt məbədi daim alovlandığı üçün tarixən müqəddəs yer sayılıb. Buradakı alova səbəb isə yerin altından səthə sızan qaz olub. Sonradan mənbədə qaz tükəndiyindən, ora süni çəkilmiş qazla alovlandırılır.

Məbəd XVIII əsrə aiddir. Sadəliyinə baxmayaraq, həqiqətən möhtəşəmdir.

Yanardağ

Yanardağ “Atəşgah” məbədindən daha böyük alov mənbəyidir. Burada təxminən 10 metrlik təpə 1950-ci illərdən davamlı yanmaqdadır. O, hələ də yer səthinə sızmaqda olan təbii qaz sayəsində alovlanır. Bu dağın alovunu leysan yağışlar belə, söndürə bilmir.

Qədim hamamlar

Bakı şəhərinin tarixi məhəllələrində bir sıra tarixi hamam hələ də fəaliyyət göstərir. Qədim hamamlarla yanaşı, “Təzə bəy” hamamı kimi müasir hamamlar da fəaliyyətdədir. Yəni seçim imkanı genişdir. Onların bəziləri həftədə bir neçə gün qadınlar, qalan günlər kişilər üçün fəaliyyət göstərir. Bəzi hamamlar isə yalnız kişilər üçündür. Odur ki, Bakıda hamama getməzdən əvvəl mütləq onun iş qrafikilə tanış olun.

(Fars dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: DELTA.ir

 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2020, WorldMedia.az