05.06.2020 14:13
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Azərbaycan iqtisadi azadlıqları irəli aparmaq üçün ciddi addımlar atır
 
04.06.2020
THE DAILY SIGNAL, ABŞ
 

  Rusiya imperiyasının köçürmə siyasəti
 
03.06.2020
HISTORIA UWAZAM RZE, Polşa
 

  İran-Azərbaycan: dərin və köklü əlaqələr
 
03.06.2020
IRNA, İran
 

  Rusiya və Azərbaycan: nadir hekayə
 
01.06.2020
AgoraVox, Fransa
 

  Müsəlman Şərqində ilk Cümhuriyyət
 
31.05.2020
El Epicentro, Çili
 

 
 
David Şahnazaryan: “Paşinyan hökumətinin səriştəsizliyi ümumxalq fəlakətidir”

 
 



NEWS.am, Ermənistan
27.04.2020


Mərhələli həll variantı ətrafında danışıqlar sona yaxınlaşmaqdadır. Bunu “News.am”a müsahibəsində siyasi xadim David Şahnazaryan bəyan edib.

“Mənim üçün gözlənilməz heç nə baş vermir. Mən hər zaman demişəm ki, Paşinyan məhz mərhələli variantı müzakirə edir. Bu isə o deməkdir ki, ilk növbədə, Lavrovun dediyi kimi, “Qarabağ silahlı qüvvələri” (dırnaq işarəsi bizə aiddir - WM) həmin ərazilərdən (beş rayondan – news.am) çıxarılır, bundan sonra bəzi kommunikasiyalar açılır, Dağlıq Qarabağa isə hansısa müvəqqəti status verilir. Bu status isə Qarabağın sonradan Azərbaycanın tərkibinə daxil olmasını istisna etmir. Görünən odur ki, torpaqları azərbaycanlılara qaytaracaqlar”, - deyə D.Şahnazaryan qeyd edib: “Qalan məsələlər, o cümlədən Dağlıq Qarabağın statusunun nə vaxtsa referendum yolu ilə müəyyən edilməsi, bölgəyə sülhməramlıların yerləşdirilməsi, Dağlıq Qarabağ ərazisində ermənilərlə azərbaycanlıların birgəyaşayış zonalarının yaradılması – bunların hamısı sənəddə gələcəkdə müzakirə olunacaq məsələlər kimi göstəriləcək”.

Şahnazaryan hesab edir ki, erməni tərəfi Qarabağ danışıqlarının gedişatını gizlətməkdə davam edir: “Xatırlayırsınızsa, Paşinyan hakimiyyətə gəldiyi ilk günlərdə deyirdi ki, danışıqları köhnə hakimiyyətin qaldığı yerdən davam etdirməyəcək. Guya indi o, danışıqları özünün açdığı yeni bənddən aparırmış. Lavrov isə bu “Paşinyan bəndi”nin nə olduğunu ortaya qoydu. Belə çıxır ki, bəzi ərazilər qaytarılır, qalan məsələlər, o cümlədən Dağlıq Qarabağın statusu gələcəyə saxlanılır. Mövcud Ermənistan hakimiyyətinin apardığı danışıqların məğzi bundan ibarətdir. Lavrov ötən il aprelin 15-də Moskvada baş tutmuş görüşü xatırladır. Həmin vaxt danışıqlar masası üzərində məhz bu sənəd olub və o vaxtdan söhbət məhz bu sənəd ətrafında gedib. Sonradan danışıqlar iyunun 4-də Vaşinqtonda, sentyabrın 24-də Nyu-Yorkda, dekabrın 4-də Bratislavada və nəhayət, 28-30 yanvarda Cenevrədə davam etdirilib. Həmin danışıqlarda bu sənəddə yer alan bəndlərin həyata keçirilməsi yolları müzakirə olunub. Ermənistanın Xarici İşlər Nazirliyi və bütövlükdə erməni tərəfi həqiqəti gizlətməkdə, yalan danışmaqda davam edir. Bir-birinə zidd, absurd bəyanatlar verilir. Nikol Paşinyan deyirdi ki, yekun qərar Ermənistanı, Qarabağı və Azərbaycanı qane etməlidir, Zöhrab Mnasakanyan isə iddia edirdi ki, “hər hansı bir danışıq yoxdur, bu, sadəcə məsləhətləşmələrdir, masa üzərində hansısa sənəd yoxdur” və s.”, - deyə siyasi xadim bildirib.

Şahnazaryanın sözlərinə görə, Ermənistan 1988-ci ildən mərhələli variant üzrə danışıq aparmayıb, 1992-ci ildən bu yana ən yaxşı vəziyyətə isə ölkənin üçüncü prezidenti Serj Sarqsyan nail olubmuş. “2016-cı ilin aprel müharibəsindən sonra da danışıqların gündəliyində münaqişənin həlli və ya ərazilərin verilməsi deyil, bircə məsələ var idi – təmas xətti boyu beynəlxalq elementlərin yerləşdirilməsi. Vyana, Sankt-Peterburq və Cenevrənin də gündəmi bu olub. Bu, bütün danışıqlar prosesində erməni tərəfinin xeyrinə ən böyük nailiyyət idi. Bakı 2016-cı ilin aprelində yeni müharibəyə məhz bu vəziyyətdən çıxmaq üçün cəhd etmiş, lakin sərt cavab alaraq, erməni tərəfinin gündəliyini tam rəhbər tutmağa məcbur olmuşdu”, - deyə D.Şahnazaryan qeyd edib: “İndi, onlar deyirlər ki, “sənəd yoxdur”. Bu, söz oyunudur. Sabah da məcburən deyəcəklər ki, söhbət artıq imzalanmış sənəddən gedir. Xeyr, bu sənədlər əvvəldən danışıqlar masasında olub. Müzakirə edilən variant məhz budur. Mərhələli və ya paket variantlar deyildi ki? Əlbəttə, sənəd idi və danışıqlar da onların imzalanması ətrafında gedirdi”.

Şahnazaryanın fikrincə, Lavrov son açıqlamaları ilə Ermənistan-Rusiya münasibətlərinin ən aşağı səviyyəyə düşdüyünü də hər kəsə göstərib: “Əminəm ki, mərhələli variant ətrafında danışıqlar prosesi yekunlaşmaq üzrədir. Sergey Lavrov da deyir ki, bu sənəd masa üzərindədir, danışıqlar onun ətrafında aparılır və artıq o, imzalanmalıdır. Bu, Ermənistan hakimiyyətinə və ilk növbədə Paşinyana ünvanlanmış çağırışdır. Yəni artıq respublika ictimaiyyətilə səmimi olmağın, reallığı etiraf etməyin zamanıdır. Ermənistanın baş naziri iki ildir bunun əksini edir. Odur ki, bu, müəyyən mənada həm də xəbərdarlıqdır: Ermənistan hakimiyyəti reallığı cəmiyyətdən gizlətməyə davam edərsə, Ermənistan cəmiyyətilə Rusiya özü danışmağa başlayacaq. Üstəlik, Lavrov tək öz adından yox, ATƏT-in Minsk qrupunun adından danışır və həmsədr ölkələrin yekdil fikrini təqdim edir. Bu, Ermənistan hakimiyyəti üçün çox gözlənilməz idi”.

“Lavrov Ermənistan-Rusiya münasibətlərini də təsvir edir. Qaz alqı-satqısından danışarkən deyir ki, strateji tərəfdaşlıq yalnız bu sahədə olmamalıdır. Bir neçə il əvvəl Ermənistan-Rusiya münasibətlərində vəziyyət fərqli idi və o zaman söhbət siyasi məsələlərdən gedirdi. Lakin indi, məhkəmə çəkişmələrinin aparıldığı, Rusiya şirkətlərinə qarşı belə münasibətin olduğu bir vaxtda, iki ölkənin münasibətlərini heç cür strateji münasibət adlandırmaq olmaz. İndi, qazın qiymətilə bağlı danışıqları Rusiyanın siyasi rəhbərliyilə deyil, qazın satıcısı ilə aparmaq lazımdır”, - deyə o, vurğulayıb.

D.Şahnazaryan hesab edir ki, Ermənistan beynəlxalq münasibətlərdə tam məğlub olub: “Münasibətlər bütün istiqamətlərdə iflasa uğrayıb: iqtisadiyyatda, sosial, investisiya sahələrində və ilk növbədə, xarici siyasətdə. Aşağı səviyyədə olan təkcə Ermənistanın strateji tərəfdaşı Rusiya ilə münasibətlər deyil. Birləşmiş Ştatlarla da vəziyyət eynidir, burada ümumiyyətlə ortaq gündəlik yoxdur. ATƏT-in Minsk qrupunun digər həmsədri Fransa isə ötən ildən Azərbaycanla münasibətləri xüsusilə fəallaşdırıb. İndi, onlar hətta hərbi-texniki sahədə yetərincə irimiqyaslı proqramlar həyata keçirirlər. Yəni təkcə Dağlıq Qarabağ probleminin nizamlanmasında deyil, bütövlükdə Ermənistanın xarici siyasətində biabırçı vəziyyət hökm sürür. Paşinyan “inqilab”ı xarici siyasətə və Qarabağ məsələsində edib. Özünün dediyi kimi, “Qarabağ probleminin həllində mikroinqilab” edib. Baş nazirimiz ATƏT-in Minsk qrupunun həmsədrlərinə deyib ki, “mən inqilab eləmişəm və hər şeyə təzədən başlamaq lazımdır”. Azərbaycana da elə bu lazım idi. Bakı belə fürsət qazanacağını xəyalına belə, gətirə bilməzdi”.

Şahnazaryan fikrini belə davam etdirib: “2018-ci ildən bəri hər zaman deyilər ki, bizim üçün əsas status və təhlükəsizlikdir. Bu iki məsələnin bir-birindən ayrı tutulması yanlış yanaşmadır. Buna cavab olaraq Azərbaycan dəfələrlə bəyan edib ki, “lap yaxşı. Onda Qarabağ bizim tərkibimizdə olacaq. Gəlin sizin necə təhlükəsizlik istədiyinizi müzakirə edək”. Əslində, demək olar ki, elə bunu da müzakirə edirlər. Məqsəd Qarabağın beynəlxalq səviyyədə tanınması olmalıdır, Paşinyanın gündəliyində isə bu, yoxdur. Ən yüksək təhlükəsizlik səviyyəsi elə beynəlxalq tanınmaya daxildir. Təhlükəsizlik məsələsinin statusdan ayrı müzakirə olunması sübut edir ki, danışıqlarda söhbət mərhələli həlldən gedir. Danışıqlar aşağıdakı formula üzrə aparılır: vəd qarşılığında ərazi. Lakin bu gün biz heç bir beynəlxalq vədin işlək olmadığı dünyada yaşayırıq. Hətta İkinci Dünya müharibəsindən sonrakı beynəlxalq təhlükəsizlik sisteminin işlək olduğu zamanda belə, Sovet İttifaqı dağılarkən Qərb və ilk növbədə ABŞ Rusiyaya NATO-nun Şərqə doğru genişlənməyəcəyi sözünü vermişdi. Lakin NATO genişləndi. Rusiya, Birləşmiş Ştatlar, Böyük Britaniya və Rusiya 1994-cü ildə Ukraynanın ərazi bütövlüyünə zamanət verdiklərini bildirsələr də, bu da baş vermədi. Demək, hər hansı sənəd sadəcə hansısa vədin qarşılığında imzalanacaqsa, sonradan bu vəd heç kəsin yadına düşməyəcək. Mərhələli variant, yəni ərazilərin status müəyyənləşmədən qaytarılması ətrafında danışıqlar Qarabağın və Ermənistanın təhlükəsizliyinə vurula biləcək ən böyük zərbədir”.

D.Şahnazaryan Rusiyanın XİN başçısı Sergey Lavrovun bəyanatına ayrılıqda da qiymət verib: “Əgər bunu başqa dövlətin başına gətirsəydilər, bunu gülməli adlandırardım. İndiki halda isə bu, faciədir. Beynəlxalq münasibətlərdə bu cür iş üslubu qəbuledilməzdir. Məhz bu üzdən, bu gün dünyanın heç bir yerində Paşinyan hakimiyyətinə ciddi yanaşmırlar. Lavrovun doğru və ya səhv danışdığını kənara qoyaq, axı müttəfiqlərlə bu dildə, belə leksikonla danışılmır. Üstəlik, 1992-ci ildən bəri Ermənistan hər zaman dünya ictimaiyyətində bir tərəfdə olub, Azərbaycan isə digər tərəfdə. Bu gün vəziyyət tam dəyişib və Lavrov bunu hələ bir il əvvəl deyirdi. Azərbaycan beynəlxalq birliyə özünün hücum, yeni müharibəyə başlamaq qərarını əsaslandırmaq imkanı qazanıb”.

Şahnazaryanın fikrincə, bu gün Ermənistanın xarici siyasət komandası çox zəifdir və bu üzdən, hər dəfə hansısa cəfəng vəziyyət yaranır: “Baxın, “Biz başqa ölkənin XİN başçısının bəyanatını şərh etmirik” nə deməkdir? Əgər başqa ölkənin XİN başçısı Qvatemaladan danışarsa, şərh verməyə bilərsiniz. Lakin Qvatemalanın XİN başçısı Ermənistandandan danışırsa, bunu şərh etmək sizin birbaşa vəzifənizdir. Xarici İşlər Nazirliyi həmişə mətnləri təhrif edir. Rəsmi bəyanatların ingilis və erməni dilində olan mətnləri bir-birinə uyğun gəlmir. Sonuncu nümunələrdən biri XİN-in Rusiyanın “Kommersant” nəşrində dərc olunmuş bəyanatıdır. Onun erməni və rus dilindəki mətnləri arasında əhəmiyyətli fərqlər var. Erməni variantında olan bütöv bir abzas rus variantında yoxdur. Erməni mətnində “qarşılıqlı güzəşt”, rus dilində isə sadəcə “güzəşt” yazılıb. Nazir də, nazirlik də birbaşa fırıldaqçılıq edir və bu vəziyyət bütün sahələrdə hökm sürür. Paşinyan hakimiyyətinin səriştəsizliyi və savadsızlığı ümumxalq fəlakətinə çevrilib”.

(Rus dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: NEWS.am

 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2020, WorldMedia.az