05.06.2020 12:41
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Azərbaycan iqtisadi azadlıqları irəli aparmaq üçün ciddi addımlar atır
 
04.06.2020
THE DAILY SIGNAL, ABŞ
 

  Rusiya imperiyasının köçürmə siyasəti
 
03.06.2020
HISTORIA UWAZAM RZE, Polşa
 

  İran-Azərbaycan: dərin və köklü əlaqələr
 
03.06.2020
IRNA, İran
 

  Rusiya və Azərbaycan: nadir hekayə
 
01.06.2020
AgoraVox, Fransa
 

  Müsəlman Şərqində ilk Cümhuriyyət
 
31.05.2020
El Epicentro, Çili
 

 
 
Azərbaycan: Heydər Əliyev Mərkəzinə virtual tur

 
 



OK!, Rusiya
27.04.2020


Görkəmli memar Zaha Hadidin layihələndirdiyi Heydər Əliyev Mərkəzi həm Bakıda, həm onun hüdudlarından kənarda bir innovasiya nümunəsinə çevrilib. Mərkəz açıldığı gündən, Azərbaycan paytaxtının ən görməli yerlərindən biri kimi şöhrət tapıb. Odur ki, bütün dünyadan gələn müasir incəsənət həvəskarları buranı görməyə can atır.

Lakin hazırda insanların belə imkanı yoxdur. Odur ki, Azərbaycan Turizm Bürosu insanları evdən çıxmadan kiçik səyahətə yollanmağa çağırır və indi bu postmodernizm incisinə virtual tura dəvət edir.

Parlaq ideya necə gerçəkliyə çevrildi?

Mərkəzin layihələndirilməsilə bağlı müsabiqəni “Zaha Hadid Architects” memarlıq bürosu 2007-ci ildə qazanmışdı. İdeya ondan ibarət idi ki, bu bina təkcə mədəni tədbirlərin keçiriləcəyi yer deyil, həm də əsl mədəniyyət ocağı olmalıdır. Yaradıcılar burada Azərbaycan mədəniyyətinin həssas tərəflərini və yerli insanların ölkənin parlaq gələcəyinə bəslədiyi nikbinliyi əks etdirməyə çalışıblar. Bu məqam Mərkəzin açılış tarixində də əksini tapıb – Mərkəz 10 may 2012-ci ildə, ümummilli lider Heydər Əliyevin 89-cu doğum gününün şərəfinə açılıb.

Zaha Hadid sənətinin irsi

2014-cü ildə London Dizayn Muzeyinin mükafatlandırma mərasimindəki nitqində Zaha Hadid etiraf edib ki, Heydər Əliyev Mərkəzi onun üçün misilsiz iddialı layihə, eyni zamanda, onun əsas nailiyyətlərindən biridir. Zaha Hadid həmçinin bu layihənin onun karyerasında xüsusi yer tutduğunu qeyd edib. Üstəlik, yalnız “İlin dizaynı” mükafatına layiq görüldüyü üçün yox, həm də özündə struktur və simvolların heyrətamiz ahəngini əks etdirdiyi üçün. Parametrik dizayn və müasir tikinti materialları Zaha Hadidə Mərkəzlə şəhərin özü arasında xətləri yox etməyə imkan verib – məhz bunun üçün layihə bir birlik rəmzi kimi düşünülüb.   

Detallarda gizlənən gözəllik

İslam memarlığı formaların hamarlığı ilə fərqlənir. Fasiləsiz naxış və ornamentlər xalçalardan divarlara, divarlardan tavana, tavandan günbəzlərə keçir, orada isə ətraf əlamə qovuşur. Memarlığın təbiətlə gözəgörünməz vəhdəti də məhz belə yaranır. Mərkəzi layihələndirərkən Zaha Hadid bu xüsusiyyəti unutmamaqla yanaşı, Antonio Qaudinin prinsipini də həyata keçirib. Antonio Qaudi təbiətdə düz xətlərin olmadığını iddia edirdi. Bina ilə ətraf mühitin vəhdəti landşaftda da əksini tapıb: Mərkəz sərt enişdə inşa edilib və lap əvvəldən qərara alınıb ki, ərazi düzlənməsin, əksinə bu təbii teraslardan qeyri-standart həllərin yaradılması üçün istifadə olunsun.

Layihənin ən vacib və mürəkkəb elementlərindən biri binanın fasadıdır. Xəzərin dalğalarını xatırladan damın sahəsi 40 000 kvadrat metrdir və müxtəlif həndəsi formalı 2027 paneldən ibarətdir. Onun göz qamaşdıran ağ rəngi isə təkcə işıqlı gələcəyi deyil, həm də Bakı günəşinin şüaların əks etdirir – bu, ətraf landşafta maraqlı kölgələr salan binanın qeyri-adi quruluşunu daha çox vurğulamağa imkan verir.  

Qaranlıqda Heydər Əliyev Mərkəzi içəridən işıqlandırılır, parlaq şüalar ətraf ərazilərə yayılır – bu vəhdət yaratmağın daha bir üsulu, həmçinin Azərbaycan memarlığının yeni intibahının rəmzidir.

Azərbaycan mədəniyyətinin ayrılmaz hissəsi

Bu gün Heydər Əliyev Mərkəzi təkcə turistlər üçün görməli yer deyil, həmçinin yerli əhadli üçün şəhərin ən əhəmiyyətli obyektlərindən biridir. Layihənin aparıcı memarı Saffet Kaya Bekiroğlu müsahibələrinin birində qeyd edib ki, bina azərbaycanlılar üçün sanki bir sosial katalizator olub və onlar onun həm estetikası, həm simvolizmi, həm də praktiki əhəmiyyətindən zövq alırlar.

Heydər Əliyev Mərkəzinin layihəsi özündə Azərbaycanın yumşaq, yaradıcı və nikbin tərəfini cəmləşdirir. Bura Bakıda özünəməxsus bir təhsil və mədəniyyət qovşağına çevrilib. Muzey kompleksində Azərbaycanın mədəni irsinə həsr olunmuş geniş ekspozisiya toplanıb. Bundan başqa, burada həmişə müxtəlif sərgilər keçirilir, yerli və xarici incəsənət xadimlərinin əsərləri nümayiş etdirilir, yerli və xarici musiqiçi və ifaçıların konsertləri təşkil edilir.

(Rus dilindən tərcünə - WorldMedia.Az)

Mənbə: OK!

 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2020, WorldMedia.az