05.06.2020 12:44
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Azərbaycan iqtisadi azadlıqları irəli aparmaq üçün ciddi addımlar atır
 
04.06.2020
THE DAILY SIGNAL, ABŞ
 

  Rusiya imperiyasının köçürmə siyasəti
 
03.06.2020
HISTORIA UWAZAM RZE, Polşa
 

  İran-Azərbaycan: dərin və köklü əlaqələr
 
03.06.2020
IRNA, İran
 

  Rusiya və Azərbaycan: nadir hekayə
 
01.06.2020
AgoraVox, Fransa
 

  Müsəlman Şərqində ilk Cümhuriyyət
 
31.05.2020
El Epicentro, Çili
 

 
 
Azərbaycanda koronavirus: çağırışlar və reallıq

 
 



THE JERUSALEM POST, İsrail
02.05.2020


Müəllif: Arye Qut

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) hələ 2019-cu il dekabrın 31-də Çinin Uhan şəhərində aşkar edilmiş yeni koronavirus üzündən bir qrup insanın respirator xəstəliyə tutulduğunu elan etmiş, 2020-ci il yanvarın 12-də isə bu məlumatın həqiqət olduğunu bir daha təsdiqləmişdi.

Bundan sonra müxtəlif ölkələr koronavirus pandemiyasının doğura biləcəyi təhlükənin qarşısının alınması və təcili profilaktik tədbirlərin həyata keçirilməsi üçün tədbirlər görməyə başladı. Azərbaycanda da bu məqsədlə fevralın 27-də Nazirlər Kabineti yanında Opertaiv Qərargah yaradıldı. Ölkənin baş naziri Əli Əsədovun başçılıq etdiyi qərargaha müvafiq dövlət təşkilatlarının rəhbərləri daxildir.

Gözəgörünməz düşmən olan yeni koronavirus dənizə çıxışı olmayan Azərbaycana da hansısa gizli yolla gəlib. Yeri gəlmişkən qeyd edək ki, İsrailin Avrasiyada etibarlı tərəfdaşı və müttəfiqi olan güclü, müstəqil Azərbaycan  Cənubi Qafqazın geosiyasi və geoiqtisadi lideridir.

Geoiqtisadiyyat və nəqliyyat sahəsində əməkdaşlıq üzrə müxtəlif layihələr həyata keçirən bu ölkə regionda və onun hüdudlarından kənarda sülhün, sabitliyin və firavanlığın sərhədlərinin genişlənməsinə yol açır. Başqa sözlə, bu gün Azərbaycan təhlükəsizlik və sabitlik ixracatçısıdır. Bununla yanaşı, o, beynəlxalq ictimaiyyətin müasir təhdidlərin qarşısının alınmasına yönəlmiş səylərini birbaşa dəstəkləyir.

Azərbaycanın yerləşdiyi Cənubi Qafqaz regionuna nəzər salsaq görərik ki, bu ölkə çox mürəkkəb geosiyasi vəziyyətin olduğu məkanda yerləşir. O, Rusiya, Türkiyə və İran kimi qeyri-adi geosiyasi oyunçuların əhatəsindədir.

Azərbaycan koronavirus təhlükəsini ilk gündən kifayət qədər ciddi qəbul edib. Nəticədə pandemiyasının yayılmasını məhdudlaşdırmaq üçün dərhal prezident İlham Əliyevin rəhbərliyilə kompleks tədbirlərin icrasına başlanılıb. Ölkədə ilk yoluxma halı aşkar edilər-edilməz, bütün uşaq bağçaları, məktəblər və universitetlər bağlanıb.

O vaxtdan ölkə vətəndaşları evlərindən yalnız tibbi məhsullar və ərzaq almaq üçün, həyat və ya sağlamlıqlarına təhlükə yarandıqda və ya zibil atmaq üçün çıxa bilər. Nazirlər Kabinetinin qərarına əsasən, ilk anda bazarlar, apteklər və onlayn-mağazalar istisna olmaqla, bütün digər mağazalar və restoranlar, əyləncə mərkəzləri, muzeylər, kinoteatrlar, teatrlar, idman zalları, bərbərxana və gözəllik salonları, dərzi və fotoqraf xidmətləri aprelin 20-dək qapadılıb. Dəfn mərasimləri istisna olmaqla, insanların kütləvi şəkildə toplaşması, o cümlədən, toylar və əyləncə gecələri də qadağan olunub.

Bundan başqa, ilk yoluxma halı aşkar edildikdən bir neçə gün sonra Azərbaycan öz sərhədlərini qismən bağlayıb, hava nəqliyyatının hərəkətini əhəmiyyətli dərəcədə azaldıb. Sonradan bir sıra əlavə məhdudiyyətlər də qəbul edilib, son olaraq isə bütün ölkə boyu karantin rejimi elan olunub.

Bu gün Azərbaycanda vətəndaşlar, həmçinin əcnəbi qonaqlar qida məhsulları, dərman kimi ilkin tələbat malları almaq, tibb müəssisəsinə baş çəkmək və ya zəruri səfər etmək üçün evdən çıxmazdan əvvəl müəyyən nömrəyə pulsuz SMS göndərərək, icazə almalıdırlar. Bununla yanaşı, ölkənin sərhədləri sərnişin daşımalarına tam qapadılıb, yaşı 65-dən çox olan şəxslərin evdən çıxması qadağan olunub, tənha yaşayan ahıl insanlara isə hökumət yardım edir. Tənha ahıl insanların “60+ risk qrupu”nda qeydiyyatı üçün xüsusi platforma da yaradılıb. Belə insanlara xüsusi çağrı mərkəzinə zəng vuraraq tənha olduqları haqda məlumat verir, yaxid onlayn qeydiyyatdan keçir.

Artıq ölkədə köməyə ehtiyac duyan 1408 nəfər sosial cəhətdən həssas və zəif insan aşkar edilib. Bu insanlara bilavasitə dövlət, eyni zamanda, Heydər Əliyev Fondunun dəstəyilə könüllülər hərəkətatının üzvləri tərəfindən kömək göstərilir, onlar yemək və bütün zəruri vasitələrlə təmin edilir. Mağazalardan alınan məhsullar onlara pulsuz – dövlət hesabına çatdırılır.

Azərbaycanda indiyədək 75 mindən çox insan koronavuris testindən keçib. Bu, əhalinin hər milyon nəfərinə təxminən 5300 test deməkdir. Başqa sözlə, Azərbaycan aparılmış testlərin sayına görə, regionda ilk yerdədir. Üstəlik, bu göstəriciyə görə o, bir çox Avropa ölkəsindən də öndədir.

Beləliklə, bu gün ölkə karantin rejimində yaşayır. İnsanlar parklara və kafelərə, hətta ibadət yerlərinə belə, getmir. Ən başlıcası isə, bütün bunlar tam sivil şəkildə baş verir. Ölkədə lüzumsuz təlaş yoxdur, dövlət təsisatlarına etimad yüksək səviyyədədir. Vətəndaşlar əmindir ki, dövlət onları yalnız buraxmayacaq.

Həqiqətən də, Azərbaycan prezidenti İlham Əliyev koronavirus pandemiyasının iqtisadi və sosial təsirini yumşaltmaq, azaltmaq, virusla mübarizəyə real kömək göstərmək məqsədilə ölkə ÜDM-nin 3%-i həcmində (2,5 milyard manat və ya 1,47 milyard dollar) vəsait ayırıb. Bu, postsovet ölkələri arasında ən yüksək nəticədir.

Qəbul olunmuş dövlət proqramından 600 mindən çox insan yardım alacaq, eyni zamanda, hökumət maaşların əhəmiyyətli hissəsini ödəyəcək. Bu kateqoriyaya aid olan insanlar əhalinin aztəminatlı təbəqələrinin nümayəndələri, həmçinin koronavirusa görə işini itirmiş və qeyri-rəsmi işləyən insanlardır.

Yeri gəlmişkən, ölkədə stimullaşdırıcı proqramlar da həyata keçirilir. Postpandemiya dövründə biznesin, iqtisadi fəallığın daha sürətli bərpası məqsədilə sahibkarlara vergi güzəştləri genişləndirilir, güzəştli kreditlər təklif edilir.

Azərbaycan dövləti işsizliklə bağlı problemləri də həll edir. Məsələn, ölkə boyu 70 mindən çox insan ünvanlı sosial yardım alır. Bu addımlar əlbəttə ki, dövlətin öz vətəndaşlarına böyük qayğı və diqqətinin, həmçinin mövcud böhranın fonunda ciddi dəstəyinin göstəricisidir.

Qəbul edilmiş sosial paket yeni koronavirusun yaratdığı problemlərin yüngülləşdirilməsinə yönəlmiş bir sıra tədbirləri nəzərdə tutur. Məsələn, 200 min işsiz vətəndaşa 2 ay ərzində yaşayış minimumu həcmində birdəfəlik ödəmələr təyin edilib, 50 min ödənişli ictimai iş yeri yaradılıb. Bununla yanaşı, sosial baxımdan həssas ailələrdən olan tələbələr üçün təhsilə dəstək proqramının, ipotekaların və kreditlərin təminatı mexanizmi üçün maliyyə dəstəyi proqramının, kommunal ödənişlərə dəstək proqramının, ilk növbədə əhali tərəfindən elektrik enerjisi istehlakı və həyati əhəmiyyətli sərnişin nəqliyyat əməliyyatları üçün maliyyə dəstəyi proqramının həyata keçirilməsi nəzərdə tutulur.

Bütün bunlarla yanaşı, Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatının yaratdığı Koronavirusa qarşı qlobal səylərin dəstəklənməsi Fonduna 5 milyon dollar ianə də ödəyib. Postsovet məkanında və bütünlükdə Avrasiyada bu addımı atmış yeganə dövlət Azərbaycandır.

Göründüyü kimi, Azərbaycan koronavirusun yayılmasının qarşısını almaq, həmçinin pandemiyanın ölkə iqtisadiyyatına və əhaliyə vurduğu zərəri yumşaltmaq üçün mümkün olan bütün tədbirləri görür.

(İngilis dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: THE JERUSALEM POST

 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2020, WorldMedia.az