05.06.2020 13:45
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Azərbaycan iqtisadi azadlıqları irəli aparmaq üçün ciddi addımlar atır
 
04.06.2020
THE DAILY SIGNAL, ABŞ
 

  Rusiya imperiyasının köçürmə siyasəti
 
03.06.2020
HISTORIA UWAZAM RZE, Polşa
 

  İran-Azərbaycan: dərin və köklü əlaqələr
 
03.06.2020
IRNA, İran
 

  Rusiya və Azərbaycan: nadir hekayə
 
01.06.2020
AgoraVox, Fransa
 

  Müsəlman Şərqində ilk Cümhuriyyət
 
31.05.2020
El Epicentro, Çili
 

 
 
4 min ildir yanan “Odlar yurdu”

 
 



LE TERRITORIO, Meksika
05.05.2020


“Bu alov 4 min ildir sönmür” deyir Əliyeva Rahilə: “Onu yağan yağış, qar, güclü külək də heç zaman söndürə bilməyib”. Qarşımızda 10 metr yüksəklikdə alovlar sanki rəqs edir. O, onsuz da isti havanı bir az da isidir. Bu, Azərbaycanın Abşeron yarımadasında yerləşən Yanardağdır. Rahilə burada turist bələdçisi kimi çalışır.

Azərbaycan təbii qaz ehtiyatı ilə zəngin ölkədir. Odur ki, onun bəzi bölgələrində qaz təbii şəkildə yer səthinə sızır. Yanardağ da belə yaranıb. O, minilliklər boyu səyyahları valeh edib, bəzən isə hətta qorxudub. Venesiyalı səyyah Marko Polo hələ 13-cü əsrdə bu yerlərdən keçərkən bu əsrarəngiz təbiət hadisəsini görüb və bu haqda yazıb. Yanardağ haqda xəbərlər əsrlər əvvəl İpək Yolu ilə səyahət etmiş bir çox tacir vasitəsilə müxtəlif diyarlara yayılıb. Məhz bu üzdən Azərbaycana “Odlar yurdu” da deyirlər.

Qədim din

Bu tip alovlar Azərbaycanda ta qədimdən çox yayılıb. Ölkədə qaz hasilatı genişləndikcə yerin altında təzyiq azalıb və bu üzdən onların bəziləri zamanla, sönüb. Yanardağ belə nümunədən biri və bəlkə də, ən təsirlisidir.

Bu təbiət hadisələri bir zamanlar İranda yaranmış, eramızdan əvvəl birinci minillikdə isə Azərbaycanda çiçəklənmiş qədim Zərdüştlük dinində önəmli rol oynayıb. Zərdüştlilər üçün atəş insanla fövqəltəbii dünya arasında əlaqə, mənəvi bağ vasitəsi sayılır. Alov onların ibadətin vacib hissəsidir. Lakin bu gün Yanardağa üz tutanların əksəriyyəti oraya dini ayin icra etmək üçün yox, bu mənzərəni canlı görməkçün gedir. Bu kompleksə gecə saatlarında, xüsusilə qışda gəlmək daha maraqlıdır. “Burada lopa-lopa yağan qar yerə çatadan, havadaca əriyir”, - deyə Rahilə bildirir.

Bakının mərkəzindən yarım saatlıq məsafədə yerləşən Yanardağın ehtimal olunan yaşına baxmayaraq, onun yalnız 1950-ci illərdə yarandığını iddia edənlər də var.

Bu gün burada yaradılmış mərkəzdə kiçik yeməkxana da fəaliyyət göstərir. Ərazidə başqa heç nə yoxdur.

Alov məbədi “Atəşgah”

Azərbaycanda atəşpərəstliyin tarixilə daha yaxından tanış olmaq istəyənlər Bakının şərqində yerləşən “Atəşgah” məbədinə gedə bilər. Bu beş güşəli kompleksə daxil oluruq və bələdçimiz deyir ki, qədim dövrlərdə atəşpərəstlər Tanrının məhz burada olduğunu düşünürmüş.

Məbəd 17-18-ci əsrlərdə buraya gəlmiş hindlilər tərəfindən tikilib. Deyilənə görə, burada ilk ayinlər X əsrdə və ya daha əvvəl həyata keçirilib. Atəşgah fars dilində “yanğın evi” anlamı verir. Kompleksin mərkəzində, təbii qazın alovlandığı yerdə günbəz ucaldılıb.

Burada 1969-cu ilə qədər təbii qaz yanıb. Bu gün isə abidə Bakının qaz təchizatı xəttindən götürülən “mavi yanacaq”la alovlanır.

“Atəşgah” məbədi Zərdüştiliklə əlaqələndirilsə də, yaxın keçmişə aid olan və daha yaxşı qorunub saxlanılmış tarixi mənbələrdə onun hindlilərin ibadət yeri olduğu göstərilir. Burada qonaqlar üçün karvansara üslubunda tikilmiş kompleks 24 hücrə və otaqdan ibarətdir. Kompleksin həyəti isə daş hasara alınıb. Bir vaxtlar buralardan keçən karvanlar da bu məbəddə dayanırmış.

Məlumata görə, məbəd ətrafında XIX əsrin sonlarından neft yataqlarının işlənməsinə başlanıb, az sonra buralar yararsız hala düşüb və bununla da daha ibadət yeri kimi istifadə olunmayıb.

Kompleks 1975-ci ildə muzeyə çevrilib. 1998-ci ildə isə o, UNESCO-nun Ümumdünya İrsi siyahısına daxil edilib. Kompleks hər il 15 minədək turisti qəbul edir.

(İspan dilindən tərcümə – WorldMedia.Az)

Mənbə: LE TERRITORIO

 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2020, WorldMedia.az