05.06.2020 14:09
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Azərbaycan iqtisadi azadlıqları irəli aparmaq üçün ciddi addımlar atır
 
04.06.2020
THE DAILY SIGNAL, ABŞ
 

  Rusiya imperiyasının köçürmə siyasəti
 
03.06.2020
HISTORIA UWAZAM RZE, Polşa
 

  İran-Azərbaycan: dərin və köklü əlaqələr
 
03.06.2020
IRNA, İran
 

  Rusiya və Azərbaycan: nadir hekayə
 
01.06.2020
AgoraVox, Fransa
 

  Müsəlman Şərqində ilk Cümhuriyyət
 
31.05.2020
El Epicentro, Çili
 

 
 
MÜSAHİBƏ| “Qarabağda azərbaycanlı və erməni icmaları birgə yaşayacaq”

 
 



DIPLOMAT MAGAZINE, Niderland
06.05.2020


“Diplomat Magazine” jurnalı Azərbaycanda fəaliyyət göstərən Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyevdən müsahibə alıb.

- Bilirik ki, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi yeni yaranıb – 2019-cu ildə. O, əsasən xarici siyasətlə bağlı işləyir. Fikrinizcə bu işə hansı töhfələri verirsiniz?

- Bəli, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi yeni yaradılmış dövlət institutudur. O, 2019-cu il fevralın 6-da təsis edilib. Bir tərəfdən, Mərkəz beynəlxalq münasibətlər, qlobal siyasət və idarəçiliklə bağlı genişmiqyaslı məsələləri dərindən araşdırır və təhlil edir, həmçinin ölkəmizin yerləşdiyi və qonşu regionlarda baş verən hadisələri diqqətlə izləyir. Digər tərəfdən, qeyd olunan məsələləri Azərbaycan hökuməti, akademik dairələr və ölkəmizdə fəaliyyət göstərən digər qurumlar üçün təhlil edir. Biz beynəlxalq və regional hadisələrin unikal təhlilini təklif edir, həmçinin onların Azərbaycana necə təsir edə biləcəyini araşdırırıq.

Əslində, fəaliyyətimiz ikitərəfli hərəkətin olduğu yol kimidir. Yəni Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi həm də Azərbaycanın xarici siyasətlə bağlı qərar və addımlarının qonşu ölkələrə və beynəlxalq aləmə təsirini geniş araşdırır.

Mərkəz təhlillər edir, araşdırmalar aparır, həmçinin Azərbaycan hökumətinə xarici siyasətlə bağlı müxtəlif mövzularda direktiv göstəriş və məsləhətlər verir. Buraya təkcə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, onun tarixi və münaqişənin həlli prosesi daxil deyil. Azərbaycanın qlobal mövqeyi, onun beynəlxalq və regional təşkilatlarla əməkdaşlığı, təhlükəsizlik, iqtisadiyyat, enerji, nəqliyyat, kommunikasiya sahəsi ilə bağlı mövzular və digər məsələlər Mərkəzimizin maraq dairəsindədir.

- Avropa İttifaqı ilə Azərbaycan arasındakı əlaqələri, bu əlaqələrin ölkənizin sabitliyi üçün əhəmiyyətini necə xarakterizə edərdiniz?

- Bizim Aİ ilə əlaqələrimiz uzun təkamül yolu keçib. Bakı ilə Brüssel Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi, Avropa Qonşuluq Siyasəti və Şərq Tərəfdaşlığı kimi proqramlar çərçivəsində əməkdaşlıq edib. Bu gün isə Azərbaycanla Aİ arasında Strateji Tərəfdaşlıq Sazişi üzrə danışıqlar aparılır. Azərbaycan ən böyük ticari tərəfdaşlarından biri olan Avropa İttifaqı ilə qarşılıqlı faydalı əməkdaşlığa və hər iki tərəfin maraqlarına əsaslanan əlaqələri yüksək qiymətləndirir.

- Fikrinizcə Azərbaycan diplomatiyası Bakının Avropa İttifaqı və ya Rusiya ilə münasibətlərində, həmçinin ölkənin təhlükəsizliyinin təmin edilməsində hansı rol oynayır?

- Azərbaycanın Avropa ilə Asiyanın kəsişməsində yerləşməsi, həmçinin geostrateji mövqeyi ona qlobalaşma dövründə vacib nəqliyyat və tranzit mərkəzinə çevrilmək imkanı verib. Bundan başqa, Azərbaycan maraqları nəzərə almağı, coğrafi, dini və ya etnik fərqlərə rəğmən, etibarlı əməkdaşlıq əlaqələri qurmağı bacaran beynəlxalq oyunçuya çevrilib. Yeri gəlmişkən, Bakı çoxşaxəli xarici siyasət yürüdür. Ölkəmiz Rusiya daxil olmaqla, regional ölkələrlə yaxşı qonşuluq əlaqələri qurmağa üstünlük verir. Digər tərəfdən, Bakı Avropa İttifaqı daxil olmaqla, Avroatlantik məkandakı tərəfdaşları ilə qarşılıqlı əlaqələri də inkişaf etdirir, bununla da sanki xarici siyasətini balanslaşdırır.

Azərbaycan bu praqmatik xarici siyasəti davam etdirmək niyyətindədir. Bu, ölkənin təhlükəsizliyinin və rifahının əsas dayaqlarından birinə çevrilib. Təsadüfi deyil ki, Azərbaycanın adı regional təhlükəsizliklə, sabitliklə yanaşı çəkilir. Rusiya ilə Qərb ölkələrinin yüksək rütbəli rəsmilərinin bir neçə görüşü də məhz Bakıda keçirilib.

- Məlumdur ki, Dağlıq Qarabağ münaqişəsi üzündən Azərbaycan-Ermənistanla əlaqələri pisdir. Fikriniczə, münaqişənin hər iki tərəf üçün məqbul olacaq həlli varmı?

- 30 ildən çoxdur ki davam edən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ölkəmiz üçün fəlakət sayıla biləcək nəticələr verib. Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınan ərazisinin 20%-i Ermənistanın işğalı altındadır. Bu işğal zamanı yüz minlərlə azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilib. Nəticədə Bakı həm də qaçqın və məcburi köçkünlərin prolemlərilə üz-üzə qalıb.

Bununla yanaşı, bu işğal Ermənistan əhalisinə də fayda verməyib. Əksinə, bu, onun iqtisadi və insan resurslarının tükənməsinə yol açıb. Son 20 ildə Ermənistan əhalisinin təxminən üçdə biri ölkəni tərk edib. Bir sözlə, bu ölkəni “müharibə lordlar”ı ilə siyasi səhnəni zəbt etmiş millətçilər “əlində oynadır”.

Uzun müddətdir davam edən danışıqlar prosesində də irəliləyiş yoxdur. Nə qədər ki, Ermənistan ordusu Azərbaycanın işğal altındakı ərazilərini tərk etməyib, azərbaycanlı məcburi köçkünlər doğma torpaqlarına qayıtmayıb, Dağlıq Qarabağ münaqişəsinin dayanıqlı həlli mümkün deyil. Bu regionun gələcəyi iki icma ilə bağlıdır. Orada azərbaycanlı və erməni icmaları birgə yaşayacaq. Bu, əsl Avropa təcrübəsidir.

(İngilis dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: DIPLOMAT MAGAZINE

 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2020, WorldMedia.az