05.06.2020 13:23
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Azərbaycan iqtisadi azadlıqları irəli aparmaq üçün ciddi addımlar atır
 
04.06.2020
THE DAILY SIGNAL, ABŞ
 

  Rusiya imperiyasının köçürmə siyasəti
 
03.06.2020
HISTORIA UWAZAM RZE, Polşa
 

  İran-Azərbaycan: dərin və köklü əlaqələr
 
03.06.2020
IRNA, İran
 

  Rusiya və Azərbaycan: nadir hekayə
 
01.06.2020
AgoraVox, Fransa
 

  Müsəlman Şərqində ilk Cümhuriyyət
 
31.05.2020
El Epicentro, Çili
 

 
 
Heydər Əliyev: Azərbaycanın memarı

 
 



TIMETURK, Türkiyə
14.05.2020


Müəllif: Ruslan Rəhimov

Müstəqillik qazanar-qazanmaz, vətəndaş müharibəsi təhlükəsi, Dağlıq Qarabağ müharibəsi və iqtisadi böhranlarla üz-üzə qalmış Azərbaycanın rəhbərliyinə gələrək ölkəsinə sabitlik və iqtisadi inkişaf qapılarını açmış Heydər Əliyev hörmət və minnətdarlıq hissilə xatırlanır.

Azərbaycanın sabiq prezidenti, xalqın ümummilli lideri Heydər Əliyev anadan olmasının 97-ci ildönümü münasibətilə yad edilir.

Uzun illər Sovet Sosialist Respublikaları İttifaqında (SSRİ) rəhbər vəzifələrdə işləmiş Əliyev yenicə müstəqillik qazanmış, bununla bərabər vətəndaş müharibəsi təhlükəsilə, Dağlıq Qarabağ müharibəsilə üz-üzə qalmış, iqtisadi böhranlarla mübarizə aparan ölkəsinin başına keçərək, əsl xilaskar rolu oynayıb. Ömrünü həm SSRİ, həm də müstəqillik dövründə ölkəsinə, xalqına həsr etməklə azərbaycanlıların böyük hissəsinin sevgisini qazanmış Heydər Əliyevin xatirəsi bu gün qəlblərdə məhz xalqın ona verdiyi ümummilli lider statusu ilə yaşayır.

H.Əliyevin xalqına xidmət, Azərbaycan uğrundan mübarizə yolunda keçirdiyi 80 illik ömrü, 10 may 1923-cü ildə Azərbaycana aid Naxçıvan Muxtar Respublikasında başlayıb. 1939-cu ildə o, Naxçıvan Pedaqoji Texnikumunu bitirib, daha sonra Azərbaycan Sənaye İnstitutunun memarlıq fakültəsinə qəbul olunub. Lakin İkinci Dünya müharibəsi onun təhsilini yarımçıq qoyub. 1941-1944-cü illərdə Əliyev Naxçıvan Muxtar Respublikası Daxili İşlər İdarəsinin Gizli Arxiv İdarəsinin direktoru və Naxçıvan Xalq Komissarlığı Sovetinin şöbə müdiri vəzifələrində çalışıb. Uğurlu fəaliyyəti və təhlil qabiliyyətilə rəhbərliyin diqqətini çəkən Heydər Əliyev 1944-cü ildə SSRİ Dövlət Təhlükəsizlik Komitəsində (DTK) işə qəbul olunub. Bundan sonra o, karyerasını DTK-da davam etdirib və 1967-ci ildə Azərbaycan DTK-nin rəhbəri təyin olunub. Eyni vaxtda ona general-mayor rütbəsi verilib.

H.Əliyev 1969-cu ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi seçilib, 1982-ci ilə qədər bu vəzifədə Azərbaycana rəhbərlik edib. Bunun ardından Moskvaya dəvət edilərək SSRİ Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvü seçilən Əliyev SSRİ rəhbərliyində söz sahibi olan 19 nəfərdən birinə çevrilib. Daha sonra o, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini təyin olunub.

Nəhayət, 1987-ci ildə Heydər Əliyev SSRİ Kommunist Partiyası Mərkəzi Komitəsinin, həmçinin ölkə rəhbəri Mixail Qorbaçovun siyasətinə etiraz əlaməti olaraq istefa verib və 1990-cı ildə Azərbaycana qayıdıb.

Sonrakı mərhələdə SSRİ-nin dağılması prosesində ölkəsinin problemlərinə biganə qala bilməyən H.Əliyev yenidən siyasi səhnəyə qayıdıb, 1990-cı ildə həm Azərbaycan Sovet Sosialist Respublikasının, həm də Naxçıvan Muxtar Respublikasının deputatı seçilib. 1991-ci ildə SSRİ rəhbərliyinin ermənilərin Dağlıq Qarabağa iddialarına riyakar münasibətinə etiraz olaraq Kommunist Partiyasından istefa verən Əliyev 1991-ci ildə Naxçıvan Ali Məclisinin sədri seçilib. Bununla o, qanuna uyğun olaraq, həm də Azərbaycan Ali Məclisi sədrinin müavini statusunu qazanıb.

Azərbaycanı sabitliyə necə qovuşdurdu?

Azərbaycanın müstəqilliyini elan etməsindən sonra da Naxçıvandakı vəzifəsində qalan H.Əliyev 21 noyabr 1992-ci ildə bu gün iqtidarda olan Yeni Azərbaycan Partiyasını təsis edib. Bundan az sonra o, vətəndaş müharibəsi təhlükəsini aradan qaldırması üçün xalq tərəfindən Bakıya dəvət olunub. 15 iyun 1993-cü ildə Azərbaycan Ali Məclisinin sədri seçilib.

Heydər Əliyev 3 oktyabr 1993-cü ildə keçirilmiş prezident seçkisində qalib gələrək, müstəqil Azərbaycanın prezidenti olub. Bununla da o, ölkəsinin problemlərini həll etmək üçün var gücü ilə işə başlayıb. 1991-ci ildən Dağlıq Qarabağda müharibə başlamışdı. Ermənilərin Azərbaycan ərazisini işğal etdiyi bu çətin dövrdə prezident Heydər Əliyev əsas gücünü ordunun gücləndirilməsinə yönəltmişdi. Az sonra silah-sursat, lazımi döyüş texnikası ilə təchiz olunmuş Azərbaycan Ordusu əks-hücumlarla Ermənistan ordusunun hücumlarının qarşısını almağa başlamışdı. Nəhayət, 1994-cü il mayın əvvəlində Bişkekdə Ermənistanla Azərbaycan arasında atəşkəs sazişi imzalanıb.

Bütün bunların fonuna ölkədə hakimiyyəti qeyri-qanuni yolla ələ keçirməyə çalışan bəzi qüvvələr ard-arda üsyanlar təşkil edirdi. H.Əliyev bu üsyanları diplomatik yollarla boğaraq, xalqın dəstəyilə daxildəki qarışıqlığı aradan qaldırıb, bununla da ölkə sabitlik mərhələsinə qədəm qoyub.

İqtisadi inkişafın əsası necə qoyuldu?

Azərbaycanın iqtisadi inkişafının əsası da Heydər Əliyev tərəfindən qoyulub. O, həmin qarışıq illərdə 7 ölkədən olan 11 şirkətlə Azərbaycanın ən böyük neft yatağı olan “Azəri-Çıraq-Günəşli” yataqlar blokunun işlənməsinə dair saziş imzalayıb. Buradan hasil olunacaq neftin dünya bazarlarına çıxarılmasını da nəzərdə tutan və “Əsrin müqaviləsi” adlanan bu saziş ölkənin iqtisadi inkişafının əsası sayılır.

H.Əliyevin prezidentliyi dövründə ölkədə referendum yolu ilə ümumbəşəri demokratik dəyərləri özündə əks etdirən Konstitusiya qəbul olunub. Bununla yanaşı, o, ölüm hökmünü də ləğv edib.

Heydər Əliyev Azərbaycana rəhbərliyi dövründə başda Türkiyə olmaqla, türkdili dövlətlər, həmçinin Rusiya, ABŞ və Avropa ölkələrilə yaxşı əlaqələr qurub. Bununla da Azərbaycanın beynəlxalq arenadakı mövqeyi güclənib.

11 oktyabr 1998-ci ildə keçirilmiş prezident seçkisində Heydər Əliyev 76,1% səslə yenidən dövlət başçısı seçilib. 15 oktyabr 2003-cü ildə keçirilmiş seçkidə isə o, səhətindəki problemlər üzündən namizədliyini İlham Əliyevin xeyrinə geri götürüb.

Heydər Əliyev 12 dekabr 2003-cü ildə müalicə aldığı ABŞ-da vəfat edib. O, dekabrın 15-də Bakıdakı Fəxri Xiyabanda dəfn olunub.

(Türk dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: TIMETURK

 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2020, WorldMedia.az