15.07.2020 02:22
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Ermənistanla Azərbaycan nə üçün toqquşdular?
 
14.07.2020
İzvestiya, Rusiya
 

  Paşinyan müxalifətlə mübarizə aparmaq üçün cəbhəyə “od vurub”
 
14.07.2020
NEWS.ru, Rusiya
 

  Azərbaycan-Ermənistan sərhəddindəki gərginlik nə ilə nəticələnə bilər?
 
14.07.2020
Vzqlyad, Rusiya
 

  Ermənistanla Azərbaycan arasında yeni qarşıdurma: ölənlər var
 
13.07.2020
Le Figaro, Fransa
 

  Azərbaycan COVID-19 ilə mübarizəni gücləndirir
 
13.07.2020
TRT Avaz, Türkiyə
 

 
 
FOTO| Bakının ən qədim hissəsi olan İçərişəhərlə tanışlıq

 
 



JAHANNEWS, İran
31.05.2020


Bakıdakı Qədim şəhər və ya İçərişəhər adlanan ərazi Azərbaycanın mərkəzində bir tarix incisidir. Tarixi minilliklərə uzanan, hələ də qala divarlarının əhatəsində olan bu ərazi son dərəcə qiymətli irs, Azərbaycanın qədim tarixindən qalma mirasdır.

Bu qədim, möhtəşəm ərazi Azərbaycanın paytaxtı Bakıda yerləşir. İşərişəhər ərazisindəki Qız qalası və Şirvanşahlar sarayı kimi tarixi rəmzlərilə dünyada məşhurdur. Paytaxtın bu hissəsi XIX əsrin iqtisadi inkişaf dövründə fərqlənməyə başlayıb. O zaman sənayenin inkişaf fonunda Bakıda sanki iki şəhər yaranıb – xarici və daxili. Bu gün Bakının böyük tərəqqi yaşamasına baxmayaraq, İçərişəhər olduğu kimi, orijinal vəziyyətdə qalıb. Hazırda bu məhəllədə 1300-dən çox ailə yaşayır.

İçərişəhərin görməli yerləri

Bakı turu zamanı mütləq ziyarət etməli olduğunuz qədim turizm məkanlarından biri İçərişəhərdir. Burada ta qədimdən bir məşhur abidə ucalır. Adı Qız qalasıdır. O, daşdan silindr formasında inşa edilib. Qala düz dənizin sahilində, məşhur Bakı bulvarının yaxınlığında yerləşir. Hündürlüyü 31 metrdir.

Qız qalasının tarixi, həmçinin nə üçün məhz belə adlandığı haqda bir çox əfsanə var. Arxeoloqlar isə hesab edir ki, o, iki fərqli dövrdə inşa edilib. Deyilənə görə, qalanın aşağı hissəsi eramızdan əvvəl VII-VIII əsrlərdə, yuxarı hissəsi və daş fasadı isə Sasanilər dövründə tikilib.

Qız qalası Şirvanşahlar hakimiyyəti dövründə gözətçi qülləsi olub. Deyilənə görə, o vaxtın insanları buradan ərazidəki digər qüllələrə tüstü vasitəsilə təhlükə siqnalı göndərirmiş.

Qaladan müəyyən müddət atəşpərəstlərin məbədi kimi istifadə edildiyi də deyilir. Ola bilsin ki, o, əslində zərdüştilər üçün məbəd kimi tikilib, yalnız orta əsrlərdə baş vermiş dəyişikliklərdən sonra onun təyinatı da dəyişib.

İçərişəhərin maraqlı abidələrindən biri də Şirvanşahlar sarayıdır. O, orta əsrlərdə Azərbaycanda ən güclü səltənətlərdən olmuş Şirvanşahlar hakimiyyətinin son iqamətgahıdır. Şirvanşahlar dövlətinin ilk paytaxtı Şamaxı olub. 1397-ci ildə baş vermiş zəlzələdən sonra paytaxt Bakıya köçürülüb. Şirvanşahlar sarayı İçərişəhərin ən hündür hissələrindən birində inşa edilib. Binanın ayrı-ayrılıqda 3 həyəti var.

Üçüncü həyətdə birinci padşah öz həyat yoldaşı və oğlu üçün məqbərələr tikdirib. Kompleksin məscidi və hamamı da burada yerləşir. Sarayın daxilindəki ən cazibədar yerlərdən biri Şirvanşah Fərrux Yaşarın əmri ilə inşa edilmiş məqbərədir. Məqbərənin üzərində “Yeganə Tanrı Allahdır, Məhəmməd isə Tanrının elçisidir” yazılıb. Bundan başqa, sarayın ayrı-ayrı hissələrində Quranda ayələrə də rast gəlinir. Şirvanşahlar sarayı kompleksindəki məscid də ayrılıqda, bu gözəl sarayın turistik məkanlarından hesab olunur. Məscidin xüsusi memarlığı və bənzərsiz minarəsi turistlərin diqqətini cəlb edir.

İçərişəhərdəki binalar da çox cəlbedicidir. Burada xüsusi memarlıq üslubunda tikilmiş mehmanxanalara da rast gələ bilərsiniz. Onlardan biri və ən məşhuru “Şah Palace” otelidir. Bakının görməli yerlərini piyada gəzmək üçün oteli məhz İçərişəhərdə tutmaq məsləhətdir.

Karvansaralara marağı olanlar İçərişəhərdə belə ümunələrlə də tanış ola bilər. Məsələn, Multanı və Buxara karvansaraları bu gün turistlərin ən çox ziyarət etdikləri abidələrdəndir. Əksər karvansara kimi, Multanı da kvadrat formadadır. Onun həyətdə quyu da olub. Vaxtilə burada tövlələr və yan tikililər də mövcud olub. Alimlər onun köhnə tikilinin xarabalıqları üzərində qurulduğunu müəyyən edib. Ümumiyyətlə, bu, qədim Bakıdan qalma bir çox binanın xüsusiyyətidir.

Bu gün bu karvansaranın həyətində Azərbaycan milli yeməklərinin təklif olunduğu restoran fəaliyyət göstərir.

Buxara düz Multanının qarşısında yerləşir. O da qədim Bakının tarixi abidələrindən biri sayılır. Bu karvansara XV əsrin sonlarında inşa edilib. Vaxtilə o, Orta Asiyadan, xüsusən Buxaradan səyahət edən tacirlər və alıcılar üçün əsl cənnət sayılıb. Elə bu səbəbdən də Buxara adlandırılıb. Onun bənzərini Özbəkistanda da görmək mümkündür.

İçərişəhəri ziyarət təxminən 1 gün çəkir.

(Fars dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: JAHANNEWS

 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2020, WorldMedia.az