15.07.2020 03:40
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Ermənistanla Azərbaycan nə üçün toqquşdular?
 
14.07.2020
İzvestiya, Rusiya
 

  Paşinyan müxalifətlə mübarizə aparmaq üçün cəbhəyə “od vurub”
 
14.07.2020
NEWS.ru, Rusiya
 

  Azərbaycan-Ermənistan sərhəddindəki gərginlik nə ilə nəticələnə bilər?
 
14.07.2020
Vzqlyad, Rusiya
 

  Ermənistanla Azərbaycan arasında yeni qarşıdurma: ölənlər var
 
13.07.2020
Le Figaro, Fransa
 

  Azərbaycan COVID-19 ilə mübarizəni gücləndirir
 
13.07.2020
TRT Avaz, Türkiyə
 

 
 
Rusiya imperiyasının köçürmə siyasəti

 
 



HISTORIA UWAZAM RZE, Polşa
03.06.2020


Müəllif: Fərid Şəfiyev (Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri)

XIX əsrdə Rusiya imperiyasının erməniləri Cənubi Qafqaza köçürməsində əsas məqsəd nə olub? Bəs regiondakı demoqrafik dəyişikliyin XX əsrdə alovlanmış Ermənistan-Azərbaycan münaqişəsinə təsiri nədən ibarətdir?

Rusiya imperiyası Qacarlar dövləti və Osmanlı imperiyası ilə 1804-1829-cu illərdə yaşadığı bir neçə müharibə nəticəsində Cənubi Qafqazı istila etmişdi. Həmin vaxt region əhalisinin əksəriyyəti azərbaycanlılar olsa da, ruslar bu xalqı yanlış olaraq “Qafqaz tatarları” adlandırırdılar. Halbuki, rus istilasından əvvəl bu bölgədə müstəqil və yarı-müstəqil Azərbaycan xanlıqları olub. Bundan başqa, Rusiyanın Cənubi Qafqaz regionunu işğal etməsinədək burada iki etnik qrupunun – azərbaycanlılarla gürcülərin dövlətləri var idi.

Cənubi Qafqaz Osmanlı ilə Qacarlar dövlətinin yaxınlığında yerləşən vacib sərhəd bölgəsi idi. Bu regiona nəzarət Rusiya imperiyası üçün məhz bu üzdən geostrateji əhəmiyyət kəsb edirdi.

Beləliklə, Rusiya Araz çayından şimaldakı əraziləri istila etdikdən sonra bölgədə idarəçiliyi ələ almaq məqsədilə mümkün demoqrafik dəyişiklikləri də nəzərdən keçirməyə başlamışdı. Firuze Mostaşarı qeyd edirdi ki, Rusiya müstəmləkə siyasətini fasiləsiz davam etdirdiyindən, regionu hərbi nəzarətdə saxlamaqdansa, bölgədəki yerli əhalinin tərkibini dəyişməyə qərar vermişdi: “Bu məqsədlə yeni istila edilmiş ərazilər imperiyanın administrativ sisteminə daxil edilmiş, bölgəyə başqa xalqların çoxsaylı nümayəndələri köçürülmüşdü”.

Beləliklə, Rusiyanın ənənəvi idarəçilik prinsipi olan “parçala və hökm sür” şüarı, “məskunlaşdır (köçür) və idarə et”lə əvəz edilmişdi.

Ermənilərin köçürülməsi

Çar Rusiyası regionda köçürmə siyasətinə 1817-ci ildə başlamışdı. Cənubi Qafqazda ilk olaraq almanlar məskunlaşdırılmışdı. Amma 1820-ci illərin ortalarında rəsmi Sankt-Peterburq almanların bu regiona uyğunlaşa bilmədəyini anlamışdı. Belə olan təqdirdə, Qacarlarla Osmalı dövlətində müsəlman əhali ilə əsrlər boyu birgə yaşamış ermənilər var idi. Yəni ermənilərin orada yaşadığı şərait Cənubi Qafqazdakı ilə eyni idi. Odur ki, Rusiya ermənilərin onun imperiya planı baxımından faydalı element ola biləcəyini düşünməyə başlamışdı. Bundan başqa, Osmanlı və Qacarlar dövlətində yaşamış bəzi ermənilər, xüsusilə din xadimləri müharibə dövründə rus ordusuna güclü dəstək vermiş, əvəzində rus liderlərdən yeni istila edilmiş ərazilərdə məskunlaşdırılmalarını xahiş etmişdilər. Bəzi ermənilər isə Rusiyaya hətta Cənubi Qafqaz regionunda xüsusi erməni inzibati-ərazi vahidinin yaradılması ilə bağlı bir neçə gizli məktub ünvanlamışdı. Ermənilərin planına əsasən, bu ərazilər gələcəkdə müstəqil erməni çarlığının təməli olmalı, Qacarlar ilə Osmanlı imperiyasından ermənilərin köçürülməsilə isə burada onların mövqeyi daha da möhkəmlənməli idi.

Bu arada, Rusiya ilə Qacarlar dövləti arasında imzalanmış Gülüstan (1813) və Türkmənçay (1828) müqavilələrinə əsasən, bir neçə Azərbaycan xanlığı artıq Rusiyanın nəzarətinə keçmişdi. Türkmənçay müqaviləsində vacib məqamlardan biri o idi ki, hər iki dövlətin subyektlərinə bir il ərzində yaşadıqları yeri dəyişməyə icazə verilirdi. Müqavilənin 15-ci bəndi isə Qacarlar dövlətində yaşamış ermənilərin ölkəni tərk edərək Rusiyanın himayəsinə keçməsinə yol açırdı.

Ermənilər Qarabağ və İrəvan kimi bır sıra Azərbaycan xanlıqlarında etnik azlıq olub. Rusiya imperiyasının Cənubi Qafqazda köçürmə siyasətinə başladığı 1820-ci illərin ortalarında da Qarabağ əhalisinin əksəriyyəti müsəlman azərbaycanlılar idi. Rusiya imperiyasının Qafqazdakı ali baş komandanı, general Aleksandr Tormasov 1810-cu il avqustun 2-də Sankt-Peterburqa göndərdiyi məktubda qeyd edirdi ki, Qarabağda yaşayan 12 min ailədən yalnız 2500-ü ermənidir. 1823-cü ilin rəsmi statistikası ilə məlum olur ki, Qarabağda həmin vaxt 15 min 729 müsəlman ailə və 4366 erməni ailə yaşayıb.

İkinci Rusiya-Qacarlar müharibəsi dövründə (1826-1828) Rusiyanın istila etdiyi digər iki xanlıq – İrəvan və Naxçıvan xanlıqlarında əhalinin 75%-i müsəlman olsa da, bu iki xanlığın ərazisində də “Erməni vilayəti” yaradılmışdı. Rusiyanın həmin dövrdə Qafqazdakı ali baş komandanı İvan Paskeviç “Erməni vilayəti”nin qubernatoru general Karsovskiyə 1828-ci ildə göndərdiyi məktubda bildirirdi ki, vilayətin əhalisinin dörddə üçünü müsəlmanlar təşkil edir.

Bu arada, general İvan Paskeviç (ona hərbi uğurlarına görə 1828-ci ildə İrəvan qrafı titulu verilmiş, 1831-ci ildə isə o, Polşa Krallığının qubernatoru təyin edilmişdi) erməniləri zəhmətkeş və sadiq insanlar kimi xarakterizə edir, bununla da Rusiya imperiyasının Cənubi Qafqaza köçürmə siyasətinə haqq qazandırmağa çalışırdı. Bununla yanaşı, o, yeni istila edilmiş Qarabağ, Naxçıvan və İrəvan vilayətlərinin əhalisinin sayının artırılması üçün oraya ermənilərin köçürülməsinə ehtiyacın olduğunu da vurğulayırdı. İmperiya tarixçisi Serqey Qlinka isə ermənilərin Qacarlar dövlətindən Rusiya imperiyasına köçürülməsini təsvir edən zaman sərhəd bölgələrdə xristianların məskunlaşdırılmasının faydalı olduğunu bildirirdi. O, ermənilərin Şimalı Qafqaza köçürüldüyünü, üstəlik, onların regionda osmanlılara, qacarlara və dağlı xalqlara qarşı mübarizədə effektli vasitə olduğunu etiraf edirdi.

İrəvan xanlığının ərazisində “Erməni vilayəti”

Çar Rusiyası Azərbaycanın İrəvan xanlığının ərazisində “Erməni vilayəti”ni 1828-ci il fevralın 10-da yaradıb. Rus çarı I Nikolay İrəvan və Naxçıvan xanlıqlarının ərazisində “Erməni vilayəti”nin yaradılması ilə bağlı fərmanı həmin il martın 21-də imzalayıb. Artıq ermənilər gələcəkdə bu ərazilərinin müstəqil Ermənistan dövlətlətinin yaradılması üçün təməl olacağına ümid etməyə başlamışdı.

Beləliklə, Rusiyanın Qafqaza ilk köçürmə dalğası 1828-ci il martın 16-da başlayıb və iyunun 11-dək davam edib. Bu dövr ərzində bölgəyə 8 min erməni ailəsi və ya 40 min nəfər köçürülüb. Yeri gəlmişkən, rus alim, dövlət xadimi İvan Şopenin hesabatına əsasən, o zaman 366 erməni ailəsi (1715 nəfər) İrəvan şəhərində, 265 ailə (1110 nəfər) Naxçıvanda və 36 ailə isə (182 nəfər) Ordubadda məskunlaşdırılmışdı. Ermənilər İrəvan regionunun 119, Naxçıvanın 61, Ordubad rayonunun 11 kəndinə də köçürülmüşdü. Ümumilikdə, İrəvan bölgəsində erməni ailəsinin sayı 4559-a çatmışdı (23 min 568 nəfər). Bu, Naxçıvanda 2137 (10 min 652 nəfər), Ordubadda isə 250 ailə (1340 nəfər) idi. Beləliklə, “Erməni vilayəti”nə ümumilikdə 6949 erməni ailəsi köçürülmüşdü.

Bölgədə çox sayda erməni ailəsinin məskunlaşdırılması müsəlman azərbaycanlılar arasında təbii olaraq narazılığa və nəticə etibarı ilə toqquşmalara səbəb olmuşdu. Hətta Rusiyanın Qacarlar dövlətindəki səfiri, məşhur şair Aleksandr Qriboyedov Çar Rusiyası administrasiyasını məskunlaşdırma siyasətilə bağlı tənqid də etmişdi. O, bildirirdi ki, ermənilər bölgəyə lazımi hazırlıq görülmədən, idarəçilik olmadan tələsik köçürülür.

Bundan başqa, Qafqaza yenicə köçmüş ermənilərin torpaq sənədləri olmadığından məskunlaşdırma zamanı xaos yaranmışdı. Ermənilərin əsasən müsəlmanların yaşadığı bölgələrdə məskunlaşdırılması isə münaqişəyə yol açırdı. “Biz müsəlmanları bu çətinliyin uzun sürməyəcəyinə inandırmalıyıq. Müsəlmanlar ermənilərin onların torpaqlarına həmişəlik yiyələnəcəyindən narahatdırlar. Odur ki, bu qorxunu aradan qaldırmalı, müsəlmanları ermənilərin bu ərazilərdə müvəqqəti qalacağına inandırmalıyıq”, - deyə Qriboyedov bildirirdi.

Yeri gəlmişkən, Qriboyedov Paskeviçə hesabat xarakterli məktubunda Naxçıvan bölgəsində ermənilərlə “tatarlar” (azərbaycanlılar) arasında düşmənçiliyin olduğunu da qeyd edirdi. Rusiyanın Qafqazdakı ali baş komandanına ünvanladığı digər məktubda isə o, bildirirdi ki, Naxçıvanda ermənilərin köçürülməsi ilə bağlı iğtişaş və toqquşmalar İrəvanla müqayisədə daha çoxdur.

Sebastyan Mut isə ermənilərin Qarabağa köçürülməsinin nəticələrilə bağlı bunları deyirdi: “Rusiyanın imperiya idarəçiliyini Qarabağda möhkəmləndirmək üçün atdığı addımlardan biri də köçürmə siyasəti idi. Rəsmi Sankt-Peterburq bu siyasət çərçivəsində İrandan köçürülmüş xristian ermənilərin hesabına Qarabağda demoqrafik vəziyyəti dəyişmişdi. Müsəlman azərbaycanlılarla türklər isə İrana və Osmanlı imperiyasına köçməyə məcbur olmuş, nəticədə Qarabağ regionunda ermənilərin sayı artmışdı”.

Ermənilərin köçürülməsinin ikinci mərhələsi

Rusiya ilə Osmanlı imperiyası arasındakı müharibənin 1829-cu ildə bitməsilə, ermənilərin köçürülməsinin ikinci mərhələsinə start verilib. Məlum olduğu kimi, bu müharibə nəticəsində Ahalsıx və Axalkalaki daxil olmaqla, Qafqazın Qara dəniz sahilində yerləşən bölgəsi Rusiyanın nəzarətinə keçmişdi. Rusiya ilə Osmanlı arasında 1829-cu il sentyabrın 2-də imzalanmış Ədirnə sülh müqaviləsində isə Türkmənçay müqaviləsində olduğu kimi, ermənilərin köçürülməsi ilə bağlı maddə var idi. Yəni sultan Osmanlı imperiyasında yaşayan ermənilərin 18 ay ərzində Rusiyanın nəzarətində olan ərazilərə köçməsinə icazə vermişdi. Yeri gəlmişkən, ermənilər bu müharibə zamanı da rus ordusuna dəstək vermişdilər. Odur ki, onların regiona növbəti köçü rəsmi Sankt-Peterburq üçün xüsusi əhəmiyyətə malik idi. Nəticədə Paskeviç rus çarından ermənilərlə yunanların Gürcüstana və Azərbaycan ərazilərində yaradılmış “Erməni vilayəti”nə köçürülməsini, üstəlik, hər bir ailəyə 25 gümüş rubl ödənməsini xahiş etmişdi. O, bildirirdi ki, 10 min ailənin köçürülməsi üçün ümumilikdə 1 milyon gübüş rubla ehtiyac var. Rusiya çarı I Nikolayın cavab məktubunda isə deyilirdi: “Əminəm ki, sizə etibar edilmiş vilayətdə əhalinin sayının kəskin artırılması imperiyaya faydalı olacaq”.

Rusiya rəsmilərinin hesabatına əsasən, həmin dövrdə Osmanlı imperiyasından Qafqaz regionuna ümumilikdə 84 min yunan və erməni köçürülüb. Lakin çətin şəraitə, xüsusilə 1829-1831-ci illərin sərt qışına öyrəşə bilməyən bəzi ermənilər Rusiya imperiyasını tərk edib. Əlbəttə ki, belə tendesiya Qafqazdakı rus rəsmiləri üçün həyəcan təbili idi. Odur ki, onlar erməni əhalinin miqrasiyasının qarşısını almaq üçün tədbirlər görməyə başlamışdılar. 1831-ci ildə hətta sərhədlər bağlanmışdı. Ermənilərin bir zamanlar yaşaqları ərazilərə qayıtması Rusiya imperiyasının təşviq etdiyi ideyaların məhvi təhlükəsi yaradırdı. Axı rəsmi Sankt-Peterburq xristianlar arasında əlaqələrdən danışır, “despotik” asiyalı hökmdarlardan fərqli olaraq, Rusiyanın idarəçilyinin daha sivil olduğunu iddia edirdi. Həm ruslar, həm də Eçmiadzində yerləşən erməni qriqorian kilsəsi tərəfindən fəal təbliğ edilən məhz bu idi. Amma getdikcə daha çox erməninin regionu tərk etməsi Rusiyanın Qafqazdakı rəhbərliyinin bu xalqa inamını azaltmışdı. Nəticədə rusların ermənilərlə bağlı ritorikası da dəyişmişdi. Artıq rəsmi Sankt-Peterburq ermənilərin müstəqil idarəçiliyə can atmasından da narahat olmağa başlamışdı. Odur ki, ruslar ermənilərlə bağlı siyasətlərini 1830-cu illərdən dəyişməyə başlamışdılar. Nəhayət, “Erməni vilayəti” ləğv edilmiş, 1846-cı ildə İrəvan quberniyası yaradılmışdı.

Yekun

XIX əsrdə həyata keçirilmiş çoxsaylı köçürmə kampaniyası Cənubi Qafqazda, xüsusilə İrəvan quberniyasında radikal dəyişikliklərə səbəb olmuşdu. Bu, Rusiya imperiyasının sərhəd bölgəsində yerləşən əraziləri necə idarə etdiyinin bariz nümunəsidir. Regionun bu siyasətdən ən çox əziyyət çəkən xalqı azərbaycanlılardır. Rusiyanın istilasından sonra onların mülkiyyət hüququ, həmçinin sosial-iqtisadi inkişafı ilə manipulyasiya edilmiş, bu məsələlərdə ermənilər da üstün tutulmuşdu. Əlbəttə ki, ermənilərə imperiyanın məqsədlərinə xidmət etdikləri təqdirdə üstünlük verilirdi.

Bu gün əminliklə demək olar ki, köçürmə siyasəti ilə etnik-ərazi münaqişələri arasındakı əlaqə özünü 3 aspektdə göstərir. Birincisi, müstəmləkə ərazilərdə demoqrafik vəziyyətin radikal dəyişdirilməsi və “loyal” xristian qrupların yaradılması əsasən keçmiş İrəvan xanlığının ərazisində yaşamış yerli əhalini, xüsusilə müsəlmanları, yəni məhz azərbaycanlıları pis vəziyyətə qoymuşdu. İkincisi, qeyri-bərabər imtiyazlarla müşayiət olunan demoqrafik dəyişikliklər Bakı kimi mərkəzi şəhərlərdə qeyri-sabitlik mənbəyi idi. Nəticədə bu şəhərdə 1905-1906-cı illərdə etnik toqquşmalar da baş vermişdi. Üçüncüsü, bu ərazilərə köçmüş insanlar üçün tarixi vətən anlayışı dəyişmişdi. XIX əsrdə millətçiliyin yüksəlişi nəticəsində etnik qruplar təkcə müstəqillik və dövlətçilik konsepsiyasını deyil, həm də milli coğrafiyalarının sərhədlərini müəyyənləşdirmişdilər. Bölgədə demoqrafik şəraitin dəyişməsi (bir etnik qrupun hakim mövqedə olması) ilə, etnik qruplar artıq buranın ata-baba yurdları olduğuna iddia etməyə başlamışdılar. Ümumiyyətlə, Çar Rusiyası dövründə müəyyən etnik qrupun hakim mövqedə olduğu bölgələr yaradılmışdı. Nəticədə bu bölgələrdə meydana gələcək müstəqil dövlətlər onlara loyal olmayan etnik xalqlardan canlarını asanlıqla qurtara bilməyəcəkdilər. İrəvan xanlığı bunun bariz nümunəsidir. Rusiya imperiyası dağıldıqdan sonra, 1918-ci ildə Cənubi Qafqazda 3 respublika – Azərbaycan, Gürcüstan və Ermənistan meydana gəlmişdi. Ermənistan məhz İrəvan xanlığının ərazisində yaradılmışdı.

(Polyak dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: HISTORIA UWAZAM RZE

 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2020, WorldMedia.az