15.07.2020 03:30
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Ermənistanla Azərbaycan nə üçün toqquşdular?
 
14.07.2020
İzvestiya, Rusiya
 

  Paşinyan müxalifətlə mübarizə aparmaq üçün cəbhəyə “od vurub”
 
14.07.2020
NEWS.ru, Rusiya
 

  Azərbaycan-Ermənistan sərhəddindəki gərginlik nə ilə nəticələnə bilər?
 
14.07.2020
Vzqlyad, Rusiya
 

  Ermənistanla Azərbaycan arasında yeni qarşıdurma: ölənlər var
 
13.07.2020
Le Figaro, Fransa
 

  Azərbaycan COVID-19 ilə mübarizəni gücləndirir
 
13.07.2020
TRT Avaz, Türkiyə
 

 
 
Koronavirus pandemiyası fonunda Azərbaycan qazı Albaniyaya çatdı

 
 



Foreign Policy News, ABŞ
08.06.2020


Müəllif: Esmira Cəfərova

Azərbaycan qazı bu il mayın sonunda Transadriatik kəməri vasitəsilə ilk dəfə Albaniyaya çatıb. Beləliklə, Azərbaycanın Xəzər dənizində yerləşən “Şahdəniz” yatağının işlənməsinin 2-ci fazası çərçivəsində hasil edilən qaz milyonlarla dollara başa gəlmiş meqalayihə – “Cənub Qaz Dəhlizi” vasitəsilə, nəhayət, Avropaya çatdırılıb.

Koronavirus pandemiyasına, bununla əlaqədar yaşanmaqda olan qlobal təcridə rəğmən, enerji sahəsində mühüm nailiyyətlər əldə edilir. “Cənub Qaz Dəhlizi” layihəsinin TAP kəməri daxil olmaqla, bütün 4 seqmentində işlər uğurla həyata keçirilir. Layihənin 2020-ci ildə tam həcmdə işə salınması planlaşdırılır. Görünən odur ki, bu layihə çərçivəsində İtaliya da öz qaz payını yaxın vaxtlarda əldə edəcək.

Azərbaycan beynəlxalq tərəfdaşları ilə birlikdə Xəzər dənizinin karbohidrogen resurslarının istismarına 1994-cü ildə imzalanmış “Əsrin müqaviləsi”ndən sonra başlayıb. Bununla da o, enerji tədarükçüsünə çevrilib. Bütün bunlar Azərbaycan xalqının ümumilli lideri, mərhum prezident Heydər Əliyevin düşünülmüş enerji strategiyasının nəticəsidir. O vaxtdan enerji infrastrukturu sahəsində Bakı-Tbilisi-Ceyhan neft (2005) və Bakı-Tbilisi-Ərzurum (2006) qaz kəmərləri kimi miqyaslı regional layihələr həyata keçirən Azərbaycanın enerji hasilatçısı və tədarükçüsü rolunu daha da artıb. Bu gün Azərbaycan özünün 2,6 trilyon kubmetrlik qaz ehtiyatı ilə öyünə bilər. Mövcud Bakı-Tbilisi-Ərzurum boru xətti bu həcmdə qazın nəqlinə imkan vermədiyindən, 2013-cü ildə “Cənub Qaz Dəhlizi”nin reallaşdırılması haqda qərar qəbul olunub. Yeri gəlmişkən, həmin il daha bir mühüm hadisə baş vermişdi. Bakı “Cənub Qaz Dəhlizi”nin yekun seqmenti kimi “Nabucco-West” layihəsini deyil, TAP kəmərini seçmişdi. Məsələ ondadır ki, Xəzər dənizindən hasil edilən qazın Avropa çatdırılması üçün TAP ilə “Nabucco-West” arasında rəqabət gedirdi.

3500 kilometr uzunluğa malik “Cənub Qaz Dəhlizi”nin 4 seqmenti var: “Şahdəniz” yatağının işlənməsinin 2-ci fazası, Cənubi Qafqaz Boru Kəməri, TANAP və TAP. Dəhliz Azərbaycanı Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan, Albaniyadan keçməklə, İtaliya ilə birləşdirir. Xəzər dənizindən hasil olunan qazının nəql ediləcəyi son nöqtə məhz İtaliyadır.

“Cənub Qaz Dəhlizi”nin rəsmi açılış mərasimi 2018-ci il mayın 29-da keçirilib. Bundan başqa, TANAP-ın Faza-0 və Faza-1 hissələrinin açılış mərasimi müvafiq olaraq, 2018-ci il iyunun 12-də Eskişəhərdə və 2019-cu il noyabrın 30-da Türkiyənin İpsala qəsəbəsində baş tutub. Yeri gəlmişkən, Türkiyəyə artıq TANAP vasitəsilə qaz nəql edilir. 2020-ci ilin iyununda bu ölkəyə 6 milyard kubmetr qaz nəqli planlaşdırılır. Avropaya isə illik 10 milyard kubmetr Azərbaycan qazı tədarük ediləcək. Artıq “ilk müjdəçi” Albaniya ərazisinə çatıb.

“Cənub Qaz Dəhlizi” layihəsinin 2020-ci ilin payızında tam olaraq işə düşəcəyi gözlənilir. Artıq TAP-ın inşasının 95%-i tamamlanıb. Doğrudur, əvvəllər İtaliyanın cənubunda dəhlizinin son seqmentinin inşası ilə bağlı bəzi problemlər (ekoloji) yaranmışdı. Amma İtaliya hökuməti, nəhayət, 2018-ci ilin sonunda problemləri aradan qaldırıb. Həmin dövrdən layihənin inşası istiqamətində işlər tam həcmdə həyata keçirilir. “Cənub Qaz Dəhlizi” layihəsinin uğurla icrasına koronavirus pandemiyası belə, mane ola bilməyib.

Yeri gəlmişkən, koronavirus pandemiyasının bütün dünyaya zərbə vurduğu, nəticədə bir çox ölkənin özünütəcrid siyasəti yürütdüyü sirr deyil. Bütün bunlar qeyri-müəyyən vəziyyətin yaranmasına səbəb olub. Belə bir şəraitdə təbii ki, qlobal iqtisadi fəallıq da azalıb. Görünən isə odur ki, pandemiyanın nəticələrinin aradan qaldırılması üçün xeyli zamana ehtiyac var. O, qlobal düzəndə və iqtisadiyyatda şok effekti yaradıb. Nəticədə bu gün çox sayda layihə və iqtisadi təşəbbüs müvəqqəti olaraq təxirə salınıb. Bütün bunların fonunda “Cənub Qaz Dəhlizi” layihəsilə bağlı son tamamlama işlərinin davam etdirilməsi həqiqətən qürurvericidir.

Bu dəhlizlə ilkin mərhələdə 16 milyard kubmetr qazın nəqli nəzərdə tutulub. Bunun 6 milyard kubmetri Türkiyənin, 10 milyard kubmetri isə Avropanın payına düşür. Amma dəhlizin daşıma qabiliyyətini genişləndirmək mümkündür. Cənubu Qafqaz Boru Kəmərinin və TANAP-ın daşıma potensialı 31 milyard kubmetrdir. TAP vasitəsilə isə 20 milyard kubmetr qaz nəqli mümkündür. Demək, “Cənub Qaz Dəhlizi”lə nəqli iki dəfə artırmaq olar. Bu, o deməkdir ki, Azərbaycanın Xəzər dənizindəki yataqlarından rahatlıqla əlavə qaz hasil edə bilər. Başqa sözlə, Azərbaycanın gələcəkdə Avropa ölkələrinə qaz tədarükünü artırması mümkündür.

Hər halda, “Cənub Qaz Dəhlizi”nin inşasında son işlər tamamlanmaq üzrədir. Yəqin ki, yaxın vaxtlarda TAP-la və ümumiyyətlə, dəhlizlə bağlı bütün işlər uğurla yekunlaşacaq. Qeyd etdiyimiz kimi, Azərbaycan qazı artıq Albaniyaya çatıb. “Cənub Qaz Dəhlizi”nin tikintisinin tam başa çatması ilə, 2020-ci ilin sonundan Azərbaycan İtaliyanın, o cümlədən Cənub-Şərqi Avropa ölkələrinin enerji təhlükəsizliyinə böyük töhfə verəcək. Bu dəhliz Avropanın enerji mənbələrinin və marşrutlarının şaxələndirilməsini təmin edəcək. Azərbaycan bununla Avropada atmosferə zəhərli qaz tullantılarının azalmasına da yardım göstərəcək.

“Cənub Qaz Dəhlizi” seqmentləri arasında məhz TAP kəməri daha vacib birləşdirici xüsusiyyətə malikdir. Onun Avropanın BRUA layihəsi, “Yunanıstan-Bolqarıstan interkonnektoru” (IGB) və “İon-Adriaktik” kimi qaz kəmərlərilə birləşmək potensialı var. Bu, yeni enerji mənbələrindən faydalanmaq nöqteyi-nəzərdən, digər ölkələr üçün yeni perspektivlər açacaq. 

Yeri gəlmişkən, “Cənub Qaz Dəhlizi” layihədə iştirak edən ölkələr üçün sosial sahədə də faydalıdır. Layihənin icrası iləəlaqədar yeni iş yerlərinin yaradılması sözsüz ki, həmin ölkələrin iqtisadiyyatına müsbət təsir göstərir. Bu, “Cənub Qaz Dəhlizi”nin dayanıqlı inkişaf nöqteyi-nəzərdən inşa edildiyini, təkcə Azərbaycanın deyil, digər iştirakçı ölkələrin də maraqlarına cavab verdiyini bir daha sübut edir. Yeri gəlmişkən, Avropa İttifaqı bu dəhlizin mühüm əhəmiyyətə malik olduğunu bir daha vurğulmaq məqsədilə “Cənub Qaz Dəhlizi”ni Avropa Komissiyasının “Ümumi maraqları təmsil edən layihələr” siyahısına salıb. Lakin onun “Yaşıl saziş” çərçivəsində müvafiq qanunlar qəbul edəcəyi təqdirdə, qurumun enerji sahəsilə bağlı uzunmüddətli planları dəyişə bilər. Məsələ ondadır ki, “Yaşıl saziş” 2050-ci ilə qədər tullantıların neytrallaşdırılması planının təməli olmalıdır. Bu üzdən, Aİ-nin “Cənub Qaz Dəhlizi” layihəsinə tam dəstəyinə rəğmən, prioritetlərin dəyişə biləcəyilə bağlı narahatlıqlar var idi. Amma Avropa Komissiyasının Enerji Direktorluğunun baş direktor müavini Klaus-Dieter Borxardt “Cənub Qaz Dəhlizi” Məşvərət Şurasının 2020-ci il fevralın 28-də keçirilmiş 6-cı iclasında açıq-aydın bildirib ki, deyilənlər “Cənub Qaz Dəhlizi” daxil olmaqla, hazırda həyata keçirilən layihələrə aid deyil. Onun sözlərinə görə, atmosferə zəhərli qazların buraxılmasının azaldılması Avropa İttifaqının təbii qaza ehtiyacının olmayacağı anlamına gəlmir. Əlbəttə ki, bu, doğru yanaşmadır. Qurum yeganə tədarükçüdən asılılığı azaltmağa və enerji mənbələri ilə marşrutlarını şaxələndirməyə çalışır.

“Cənub Qaz Dəhlizi” birbaşa strateji məqsədlə həyata keçirilir. Bundan başqa, o, “Dəhliz” adını qazanmış, milyonlarla dollara başa gəlmiş böyük infrastruktur layihəsidir. O, ümumi məqsədlər üçün reallaşdırılır. Demək, bu əməkdaşlıqdan mövcud infrastrukturdan istifadə etmək istəyən digər ölkələr də faydalana bilər. Beləliklə, bir daha əminliklə söyləyə bilərik ki, “Cənub Qaz Dəhlizi” Avropanın enerji təhlükəsizliyinə töhfə baxımından böyük potensiala malikdir. Amma unutmayaq ki, bu, sanki “iki hərəkət zolağı olan yol” kimidir. Yəni həm Avropa İttifaqının layihəyə dəstəyi, həm də “Cənub Qaz Dəhlizi”nin perspektivi eyni dərəcədə əhəmiyyətlidir.

Artıq qeyd etdiyimiz kimi, bu yaxınlarda “Cənub Qaz Dəhlizi”lə bağlı növbəti nailiyyətin şahidi olmuşuq. Azərbaycan təbii qazının TAP-ın Albaniyadakı 4 kilometrlik hissəsinə – Yunanıstan-Albaniya sərhədindəki ölçmə stansiyasına nəqlinə başlanılıb. Bu mərhələ mühüm əhəmiyyətə malikdir, çünki Yunanıstan-Albaniya sərhədindəki ölçmə stansiyasına qaz nəqli koronavirus pandemiyasının geniş yayıldığı dövrdə baş tutub. Halbuki, pandemiya layihənin icrasına mənfi təsir də göstərə bilərdi. Demək, “Cənub Qaz Dəhlizi”lə bağlı işlər vaxtında tamamlanacaq. Tikinti işlərinin qrafikə uyğun davam etdirilməsi bundan xəbər verir.

İstənilən halda bu layihə Azərbaycana, qonşularına, nəticə etibarı ilə isə Avropanın enerji təhlükəsizliyinə böyük fayda verəcək. Bir sözlə, “Cənub Qaz Dəhlizi”nin beynəlxalq tərəfdaşlar üçün mühüm əhəmiyyəti ortadadır.

(İngilis dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: Foreign Policy News

 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2020, WorldMedia.az