15.07.2020 03:27
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Ermənistanla Azərbaycan nə üçün toqquşdular?
 
14.07.2020
İzvestiya, Rusiya
 

  Paşinyan müxalifətlə mübarizə aparmaq üçün cəbhəyə “od vurub”
 
14.07.2020
NEWS.ru, Rusiya
 

  Azərbaycan-Ermənistan sərhəddindəki gərginlik nə ilə nəticələnə bilər?
 
14.07.2020
Vzqlyad, Rusiya
 

  Ermənistanla Azərbaycan arasında yeni qarşıdurma: ölənlər var
 
13.07.2020
Le Figaro, Fransa
 

  Azərbaycan COVID-19 ilə mübarizəni gücləndirir
 
13.07.2020
TRT Avaz, Türkiyə
 

 
 
Məcburi köçkün böhranı: həssas qruplar arasında ən həssası

 
 



Big League POLITICS, ABŞ
29.06.2020


Müəllif: Esmira Cəfərova

BMT-nin iyunun 20-ni Ümumdünya Qaçqınlar Günü kimi qeyd etməsi əslində, məcburi köçkünlərin nə qədər həssas qrup olduğunu nümayiş etdirir. Söhbət silahlı münaqişələrdən əziyyət çəkən, yaşayış yerini tərk etməyə məcbur olmuş insanlardan gedir.

Qaçqınlardan fərqli olaraq, məcburi köçkünlər beynəlxalq sərhədləri keçmir. Onlar öz ölkələrinin beynəlxalq birlik tərəfindən tanınan sərhədləri çərçivəsində köçkün həyatı yaşayırlar. Amma müharibə nəticəsində itkilərlə üzləşirlər: yaxınlarını, evlərini, mülklərini, sağlamlıqlarını və ümidlərini itirirlər. Buna baxmayaraq, qaçqınlarla bağlı beynəlxalq sənədlər məcburi köçkünlərə şamil edilmir. Bu, onların onsuz da çətin və təhlükəli olan vəziyyətini daha da ağırlaşdırır, onları qaçqınlardan daha çətin vəziyyətə salır.

Üstəlik, “BMT-nin Məcburi Köçkünlük üzrə Rəhbər Prinsipləri” icrası məcburi olan sənəd deyil. Bu sənəddə məcburi köçkünlük belə müəyyənləşdirilir: “Məcburi köçkünlük hər hansı şəxsin və ya bir qrupun xüsusilə silahlı münaqişənin nəticələrindən canını qurtarması üçün daimi yaşayış yerlərini və ya evlərini məcburi, yaxud zorakılıq qarşısında tərk etməsidir”.

Hər halda, qaçqınlardan fərqli olaraq, məcburi köçkünlər yalnız öz hökumətlərindən kömək gözləməlidir. Belə problemlə qarşılaşan hökumət üzləşdiyi xüsusi şəraitdən asılı olaraq, məcburi köçkünlərə yardım edə də bilər, etməyə də.

2009-cu ildə qəbul edilmiş Kampala Konvesiyası məcburi köçkünlərə şamil edilən və icrası məcburi olan yeganə beynəlxalq sənəddir. Doğrudur, konvensiya bir qitənin, daha dəqiqi Afrikanın məcburi köçkün probleminin həllilə bağlıdır. Amma bu gün dünyada milyonlarla insan məcburi köçkün həyatı yaşayır. Onları müdafiə edə biləcək universal sənədin olmaması məcburi köçkünləri daha həssas təbəqəyə çevirir.  

Azərbaycan Ermənistanla yaşanan Dağlıq Qarabağ münaqişəsi nəticəsində ən çox məcburi köçkünün olduğu ölkələrdəndir. Üstəlik, illərdir davam edən bu münaqişənin sonu hələ də görünmür. Qarabağ münaqişəsi həm sosial, həm də iqtisadi sahəyə böyük zərbə vurub, insanlar bundan böyük əziyyətlər çəkib və çəkir, onlar ciddi məhrumiyyətlərlə üzləşib və üzləşir. Demək, yuxarıda qeyd olunanların əskəriyyəti azərbaycanlı məcburi köçkünlərə – Qarabağ münaqişəsinin yaşayan qurbanlarına da şamil oluna bilər.

Bir Azərbaycan qadını olaraq, məcburi köçkünlərin ən ağır problemlərindən, xüsusilə təhsil və səhiyyə sahəsindəki problemlərdən danışmaq istərdim.

Bəşəriyyət gender bərabərliyi kimi nailiyyət üçün uzun yol qət edib. Yeri gəlmişkən, cəmi iki il yaşamış Azərbaycan Xalq Cümhuriyyəti (1918-1920) 1919-cu ildə müsəlman Şərqində qadınlara səsvermə hüququ vermiş ilk dövlət kimi tarixə düşüb. Bu, məndə qürur hissi oyadır. Bundan başqa, məşhur azərbaycanlı xeyriyyəçi, milyonçu Hacı Zeynalabdin Tağıyevin maliyyə dəstəyilə 1901-ci ildə ilk dünyəvi qız məktəbi də məhz Bakıda açılmışdı. Bunun ardınca Bakıda qız məktəblərin sayı artmağa başlamışdı. Qızların təhsil alması xalqın təhsil alması deməkdir. Bu həqiqəti anlayan azərbaycanlı ziyalılar azərbaycanlı qızların təhsilinə xüsusi diqqət ayırırdılar.

Bu gün isə azərbaycanlı qızların, qadınların pulsuz, keyfiyyətli təhsilə çıxışı var. Onlar həkim, müəllim, mühəndis, polis, diplomat, siyasətçi, jurnalist, sahibkar kimi çalışan fəal vətəndaşlardır. Şəxsən mən də yeniyetmə qız anası kimi xoşbəxtəm ki, böyük hədəflərə çatmaq arzusunda olan qızım hər iki cinsə eyni imkanların təqdim edildiyi cəmiyyətdə öz gələcəyini qura biləcək.

Bəs bu imkanlardan ölkəmin bütün qadınları istifadə edə bilirmi? Azərbaycanlı qadın məcburi köçkünlərlə bağlı reallıq nədən ibarətdir?

Onlar müharibə dəhşətlərinin şahidi olub, Azərbaycanın işğal olunmuş ərazilərini tərk etmək məcburiyyətində qalıblar. Münaqişə və müharibələr qadınlar daxil olmaqla, əhalinin həssas təbəqəsinə rəhm etmir. Bu, özünü xüsusilə, Ermənistanla Azərbaycan arasında Dağlıq Qarabağda baş vermiş müharibə zamanı (1988-1994) bir daha göstərib. Müharibədən sağ çıxmış azərbaycanlı qadınlar girovların necə zorlandığı, hansı işgəncələrə məruz qaldıqları haqda danışır. Bununla yanaşı, onların təhsil və səhiyyə ilə bağlı da əsas hüquqları pozulub. İşğal altındakı ərazilərdə zorakılıq aktları və müharibə zamanı təkcə evlər deyil, məktəblər və xəstəxanalar da yeklə-yeksan edilib. Nəticədə həmin ərazidə yaşayan insanlar, o cümlədən qadınlar və qızlar həyati əhəmiyyətə malik obyektlərə çıxışdan məhrub olub.

Bu insanların məcburi köçkün kimi yaşamağa başladıqları ilk illərdə necə əzab çəkdiyini, hansı yoxsulluq içərisində yaşadığını təsəvvür etmək çətin deyil. Üstəlik, Azərbaycanın işğal altındakı ərazilərindən olan çox sayda məcburi köçkün keçid dövrünün müxtəlif problemlərilə üzləşmiş gənc dövlət üçün də ağır sosial-iqtisadi yük olub.

Məcburi köçkünlər arasında ən həssas təbəqəni təşkil edən qadınlarla uşaqlar təbii ki, çətin şəraitdən daha çox əziyyət çəkib. Onlar mənzillərdə, evlərdə kollektiv şəkildə yaşayırdılar. Nəticədə həmin insanların əksəriyyəti xroniki xəstəliklərə belə, tutulub.

Keçən dövr ərzində məcburi köçkünlərin Azərbaycanın müxtəlif bölgələrində normal yaşayışının, təhsil hüququnun təmini, əsas tibbi obyektlərin onlar üçün əlçatan olması üçün çox işlər görülüb. Bu işə böyük resusrlar xərclənib. Nəticədə bu gün Azərbaycan cəmiyyətində çoxsaylı qadın məcburi köçkün keçmişin dəhşətlərini dəf edə bilib. Bununla da onlar sanki həyatda ikinci şans qazanıblar. Bu qadınlar bütün çətinliklərə rəğmən, növbəti nəslin nümayəndələri olan övladlarına tərbiyə verə bilib, yeni şəraitdə öz istedadlarından, qabiliyyətlərindən və peşəkar xüsusiyyətlərindən istifadə etməyi öyrəniblər. Bəziləri müvafiq proqram və təşəbbüslər sayəsində sahibkara belə, çevrilib. Hökumətin qəbul etdiyi müxtəlif proqram və təşəbbüslər vasitəsilə məcburi köçkün qadınlara müxtəlif sahələrdə çalışmaq vərdişləri öyrədilib, onların incəsənətlə, müxtəlif peşə növlərilə, həmçinin kənd təsərrüfatı ilə bağlı qabiliyyət təkmilləşdirilib.

Amma bu ağır dönəmdə həyatını itirmiş qadın məcburi köçkün də az olmayıb. Bu gün onlardan sağ qalanlar üzləşdikəri faciələrdən danışır, lakin həyatlarını davam etdirirlər. Bu, Azərbaycanda hər iki cinsin nümayəndəsinə eyni imkanların yaradıldığını, ölkədə hər zaman daha yaxşı gələcəyə ümidin olduğu göstərir.

Biz dünyadakı məcburi köçkünlərin, xüsusilə, həssas qruplar arasında ən həssası olan qadınlarla uşaqların öz vətənlərinə qayıda biləcəyinə əmin olmalıyıq. Biz onların bir zamanlar tərk etməyə məcbur olduqları yurdlarında çiçəklənən həyat sürdüklərinə, layiqli həyat yaşacaqlarına şahid olmalıyıq.

(İngilis dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: Big League POLITICS

 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2020, WorldMedia.az