15.07.2020 03:32
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Ermənistanla Azərbaycan nə üçün toqquşdular?
 
14.07.2020
İzvestiya, Rusiya
 

  Paşinyan müxalifətlə mübarizə aparmaq üçün cəbhəyə “od vurub”
 
14.07.2020
NEWS.ru, Rusiya
 

  Azərbaycan-Ermənistan sərhəddindəki gərginlik nə ilə nəticələnə bilər?
 
14.07.2020
Vzqlyad, Rusiya
 

  Ermənistanla Azərbaycan arasında yeni qarşıdurma: ölənlər var
 
13.07.2020
Le Figaro, Fransa
 

  Azərbaycan COVID-19 ilə mübarizəni gücləndirir
 
13.07.2020
TRT Avaz, Türkiyə
 

 
 
FOTO| Azərbaycan mətbəxinə gözəlləmə

 
 



Hürriyet, Türkiyə
30.06.2020


Müəllif: Sahrap Soysal

Azərbaycan mətbəxinə aid bütün yeməklər əziyyətli, lakin ləzzətlidir. Əslində, bir çox yeməklərimiz oxşardır. Sadəcə, hazırlanma qaydasında və tərkibində kiçik fərqlər var. Azərbaycanda daddığım heyrətamiz yeməklərdən danışacağam.

Ət və xəmir yeməklərinin üstünlük təşkil etdiyi Azərbaycan mətbəxində sac qovurma ilə lülə kababı çox məşhurdur. Lülə kababı soğanla ət maşınından keçirilmiş qiymədən hazırlanır. O, 10-12 santimetrlik küftə şəklində hazırlanır və şişə keçirilərək, közdə bişirilir. Süfrəyə yenə də közdə bişmiş tərəvəz və lavaşla verilir.

Sac qovurmaya gəlincə, onun ən yadda qalan hissəsi od üzərində bişirilərək ətin yanına düzülmüş kartofun dadıdır. Sobada mis sinidə bişmiş yağlı kartofu dadanlar bu ləzzəti mütləq xatırlayacaq.

Toyuq ləvəngəsi isə sanki təndirdə bişmiş toyuq dolmasıdır. Bol soğan və qozdan ət maşınından keçirməklə hazırlanmış zəngin qarışıq bütov toyuğun içərisinə  doldurulur. Toyuq isə əvvəlcədən alça turşusu deyilən turş meyvə püresilə basdırma edilir. Nəticədə ortaya hər kəsə barmaqlarını yaladan ləzzət çıxır.

Sadə, suya salınaraq bişirilən düşbərə mantı şorbasının növü kimi görünsə də, çox incə iş tələb edir. O, bişərkən az qala şəffaflaşan görünüşü ilə xəmir işinin möhtəşəm ustalıqla görüldüyünü ortaya qoyur. Sonda üzərinə səpilən sarıkök adlı ədviyyatla çox zərif, qəşəng şorbaya dönür. Bakı mətbəxinə mənsub bu şorbanı içərkən bir qaşığa 16-18 ədəd düşbərəni yerləşdirmək mümkündür. Süfrəyə nanəli, sarımsaqlı və sirkərli sousla təqdim edilir.

Plovu sonda və rəqs edərək gətirirlər

Qutab. O, çox nazik yayılmış xəmirin içərisinə müxtəlif ərzaqların doldurulması ilə, sac üzərində bişirilir. Bakılılar demiş, “zövqə görə” üzərinə sumaq da səpilə bilər. Yanında süfrəyə göyərti – vəzəri, yaşıl soğan, qırmızı turp, cəfəri və keşniş verilir.

Bütün Qafqaz ərazisində olduğu kimi, Azərbaycan mətbəxində eyni adla tanınan xəngəl – yəni böyük, ətli mantı süfrəyə qatıqla verilir. Ən bəyəndiyim isə bizim tatar aşına bənzəyən, üzərində qovrulmuş qiymə ilə təqdim edilən yarpaq xəngəlidir.

Nəhayət, Azərbaycan mətbəxinin əsas markası, baş tacı, Novruz adətlərinin vazkeçilməzi, toyların, ziyafətlərin əsas, müqəddəs yeməyi olan milli plov. Burada plovu məclisin sonunda rəqs edərək gətimək adəti də var.

Bütün yeməklərin hazırlanması əziyyətlidir

Plovun hazırlanması zamanı ilkin mərhələdə qazanın dibinə qazmaq deyilən xəmir altlıq yerləşdirilir. Onun yaxşıca qızarması, hətta biz az yanması plova möhtəşəm xırçıltı verir. Bu yemək sadəcə düyü adlandırdıqları basmatı düyüsünün suda qaynadılaraq süzülməsindən sonra üzərinə sarıkökün səpilməsi və az odda dəmlənməsilə hazırlanır.

Üçüncü mərhələ plovun üzərinə qoyulan ya da yanında ayrıca təqdim edilən aş qarasının hazırlığıdır. Doğranmış və qovrulmuş bol soğanla qovrulmuş ət eyni qazanda bişirilir. İçərisinə regionun adətinə görə yaşıl otlar və ya şabalıd, badam, ərik qurusu, alça qurusu, kişmiş, qoz kimi inqeridentlər əlavə edilə bilər. Bu yemək ən əziz qonaq üçün hazırlanır.

Gördüyünüz kimi, plovun hazırlanması saatlarla çəkən, çox diqqət tələb edən prosesdir. Yəni, Azərbaycan xanımlarının işi çətindir. Çünki burada bütün yeməklərin hazırlanması çox vaxt aparır və çox əziyyətlidir.

(Türk dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: Hürriyet

 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2020, WorldMedia.az