15.07.2020 01:59
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Ermənistanla Azərbaycan nə üçün toqquşdular?
 
14.07.2020
İzvestiya, Rusiya
 

  Paşinyan müxalifətlə mübarizə aparmaq üçün cəbhəyə “od vurub”
 
14.07.2020
NEWS.ru, Rusiya
 

  Azərbaycan-Ermənistan sərhəddindəki gərginlik nə ilə nəticələnə bilər?
 
14.07.2020
Vzqlyad, Rusiya
 

  Ermənistanla Azərbaycan arasında yeni qarşıdurma: ölənlər var
 
13.07.2020
Le Figaro, Fransa
 

  Azərbaycan COVID-19 ilə mübarizəni gücləndirir
 
13.07.2020
TRT Avaz, Türkiyə
 

 
 
Hücum! Türkiyə ilə Azərbaycanı dronlar birləşdirir

 
 



The National Interest, ABŞ
30.06.2020


Müəllif: Kalep Larson

Azərbaycan parlamenti bu yaxınlarda Türkiyədən pul qəbuluna imkan verəcək qanun layihəsini qəbul edib. Növbəti mərhələdə bu vəsaitdən Türkiyə istehsalı olan dronlar daxil olmaqla, müdafiə avadanlıqlarının tədarükündə istifadə oluna bilər.

Doğrudur, razılaşmanın detalları, həmçinin Azərbaycanın Türkiyədən hansı növ dron alacağı məlum deyil. Söhbət guman ki, orta hündürlükdə uzun müddət uça bilən “Bayraktar TB2” pilotsuz uçuş aparatından gedir.

Son dərəcə güclü dron olan “Bayraktar TB2”nin qiyməti də münasibdir: cəmi 5 milyon dollar. Bu aparatlar ehtiyac olduqda GPS və idarəçi olmadan belə, yerini dəyişə və yerə enə bilir.

Türkiyə “Bayraktar TB2” dronlarının istehsalına 2014-cü ildən başlayıb. Səbəb ABŞ-ın ona müvafiq uçuş aparatlarını satmaqdan imtinası olub. O zaman Vaşinqton Ankarının dronlardan həm daxildə, həm də xaricdəki kürd qruplaşmalarına qarşı istifadə edə biləcəyindən narahat olduğunu bildirirdi və bu narahatlıq əsassız deyildi. Hər halda, bu gün Türkiyə həm daxildə, həm də ölkənin hüdudlarından kənarda – İraq və Suriyada kürd qruplaşmalarına qarşı pilotsuz uçuş aparatlarından istifadə edir.

Yeri gəlmişkən, Türkiyə istehsalı olan dronların konstruksiyası beynəlxalq bazarlarda da maraqla qarşılanıb. Məsələn, Ukrayna 2019-cu ildə “Bayraktar TB2” dronunu istehsal edən “Baykar Makina” şirkəti ilə 69 milyon dollarlıq müqavilə imzalayıb. Müqaviləyə əsasən, Ukraynaya 12 dron, döyüş sursatı və idarə stansiyası tədarük ediləcək. Bununla da Ukrayna tarixində ilk dəfə xarici ölkədən silahlı dron alacaq.

Ukraynanın bundan əvvəl ABŞ-dan aldığı “RQ-11 Raven” pilotsuz uçuş aparatları silahla təchiz olunmayıb. Onlardan yalnız hava kəşfiyyatı və digər kəşfiyyat missiyaları üçün istifadə edilə bilər.

Türkiyədən “Bayraktar TB2” dronlarını alanlar arasında Qətər də var. Lakin Qətərin sifarişi daha az, yəni 6 ədəd olub.

Türkiyə istehsalı olan bu dronlar Liviya səmalarında da görünüb və bəzən Feldmarşal Xəlifə Həftərin komandanlıq etdiyi Liviya Milli Ordusunda xidmət edən müxtəlif üsyançı qruplar tərəfindən vurulub. 

Dostlar və düşmənlər

Azərbaycan isə “Bayraktar TB2” dronlarından çox güman ki, Dağlıq Qarabağ regionu üzündən münaqişə yaşadığı Ermənistana qarşı mövqeyini gücləndirmək üçün istifadə edəcək. Bu münaqişə 1980-ci illərin sonlarında başlayıb. Mübahisəli Dağlıq Qarabağ regionu etnik xüsusiyyətinə görə qarışıq olub. Bu gün münaqişə həll edilməməsə də, tərəflər arasında kövrək atəşkəs rejimi qüvvədədir.

Azərbaycanla Türkiyənin ümumi sərhədi yoxdur. Ankara Ermənistan-Azərbaycan münaqişəsində Bakını dəstəkləyir. Yerevan faktiki olaraq, bu iki ölkənin arasında qalıb. Türkiyə ilə Azərbaycanda əhalinin əksəriyyəti müsəlmandır. Azərbaycan dili ilə türk dili də bir-birinə çox yaxındır.

Potskriptum

Bu gün artıq Türkiyə beynəlxalq dron bazarına çıxa bilər. Onun Yaxın Şərqi ağuşuna almış münaqişələrə coğrafi yaxınlığını nəzərə alsaq, həmin döyüşlərdə Türkiyə istehsalı olan dronların görünməsi təəccüblü olmayacaq.

(İngilis dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: The National Interest

 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2020, WorldMedia.az